Ötən həftənin əlamətdar, yaddaqalan hadisələrindən biri də qardaş Şimali Kipr Türk Cumhuriyyətinin Cumhurbaşkanı cənab Ersin Tatarın böyük heyətlə ölkəmizə etdiyi səfər oldu.
Səfər zamanı cənab Ersin Tatarın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü, ŞKTC-nin tanıtım və mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlər bütün Türk dünyasının diqqət mərkəzində oldu.
ŞKTC-nin Bakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turqanerin dəvətilə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin təmsilçiləri də bu tədbirlərə qatılmışdılar.Onlar tədbirlər çərçivəsində baş tutan görüşlərdən birində “Turan yolu” adlı əsəri ŞKTC -nin Cumhurbaşkanı Ersin Tatara təqdim etdilər.
İB-nin sədri Lalə Sərdarlı qardaş ölkə başçısına və nümayəndə heyətinə Azərbaycanın da dekorativ tətbiqi sənət nümunələrindən biri olan mücrünün üzərindəki naxışların, simvolların, dəmğələrin düzülüşünün məzmun və mahiyyətindən, burdakı obrazlar vasitəsilə insanlığa ötürülən mesajlardan, kodlardan danışdı.
Əsər haqda verilən bilgilərə maraq və diqqətlə yanaşan cənab Ersin Tatar “Turan Yolu”-nun müəllifləri olan Sərdarlılar ailəsinə hədiyyəyə görə təşəkkür etdi. O ölkələrimiz arasında həm də mövcud mədəni əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini vurguladı.
Elə həmin tədbir çərçivəsində TSNQTYİB-nin təmsilçiləri qardaş ölkənin nümayəndə heyətinin ğüzvləri ilə də görüşlər keçirdilər. ŞKTC Başbakan Yardımçılığı Turizm, Kültür, Gənclik və Çevrə Bakanlığının Kültür Dairəsi Müdürü xanım Şirin Zaferyıldızı ilə aparılan fikir mübadiləsi zamanı yaxın gələcəkdə xalqlarımızın zəngin ortaq mədəni irsinin öyrənilməsi, təbliği və yeni əsərlərin yaradılması ilə baglı birgə layihələrin həyata keçirilməsinin mümkünlüyündən danışıldı.
Qeyd edək ki, TSNQTY İctimai Birliyi fəaliyyət göstərdiyi ötən dövrdə milli mədəni irsimizin öyrənilməsi, təbliği, unudulmuş tətbiqi sənət növlərinin bərpası, günümüzə yeni məzmunda qayıdışı və aktuallığı ilə seçilən əsərlərin yaradılması yolunda bir sıra tədbirlər görmüş, layihələr gerçəkləşdirmişdir.
Bu barədə daha ətraflı, həm də hesabat xarakterli məlumatlar yaxın zamanlarda mətbuata, ictimaiyyətə açıqlanacaqdır. Hazırda təşkilat tərəfindən böyük qələbəmizi tərənnüm edən “Zəfər birliyi”, Azərbaycanın, bütün Türk coğrafiyasının qürur duyduğu, müqəddəs saydığı ailə institutuna həsr edilən “Mənim ailəm” əsəri, Qərbi Azərbaycanın azərbaycanlılara məxsus torpaqlarında mövcud olmuş tarixi memarlıq abidələri, mədəni irsin nümunələrini şərtləndirən “Sərdarım”,” İrəvanım”,” Zəngəzurum”,” Turan yolu” əsərlərinin ölkəmizdən kənarda da təbliğ edilməsini təmin etmək üçün işlər görülməkdədir.
Qeyd edək ki, adıçəkilən əsərlər Azərbaycan mədəniyyət tarixində ölkəmizin müvafiq qurumları tərəfindən ilk və yeganə dekorativ tətbiqi sənət nümunələri olan sandıq, sandıqça, mücrü və zinət əşyaları olaraq sənət əsərləri kimi dəyərləndirilərək sertifikatlaşdırılmışdır. Adıçəkilən əsərlər geniş ictimaiyyətə TSNQTY İctimai birliyinin də təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100illiyinə həsr edilmiş, Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Xalqın sənəti, elin hikməti ” adlı sərgidə nümayiş etdirilmişdir.
İsgəndər SƏRDARLI
Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Kommunikasiyalar departamentinin rəhbəri