Ev Publisistika “Türk Ədəbiyyatı” dərgisinin qar çiçəkləri qoxulu Fevral sayı…

“Türk Ədəbiyyatı” dərgisinin qar çiçəkləri qoxulu Fevral sayı…

515

“Dergi hür tefekkürün kalesidir” – deyirdi Cemil Meriç. Gerçəkdən də hürr təfəkkürün qalası ola bilmək böyük cəsarət işidir. 50 il boyunca, sözün həqiqi mənasında, türk milli düşüncəsinə söykənərək hürr təfəkkürün binasını qoyan “Türk ədəbiyyatı” dərgisinin bu gün ən yüksək səviyyədə işıq üzü görməsi istiqamətində dəyərli böyüyüm, əziz Ustadım İmdat Avşar yorulmaz xidmətlərdə bulunmaqdadır.

Kabaklı Hocanın başladığı qutlu yolun mənəvi varisləri kimi bu gün İmdat bəy başda olmaqla dərginin bütün yaradıcı heyəti böyük məsuliyyət və vicdanla çalışmaqdadır.

Bu günlərdə “Türk ədəbiyyatı”nın Şubat (fevral) sayı oxucuların görüşünə gəlib. Hər bir sayda olduğu kimi fevral sayında da ədəbi, fəlsəfi, akademik araşdırmaların məzmun orijinallığı, ehtiva etdiyi dərin məna və elmi mündəricəsi, oxucunun hər ovqatda bədii zövqünü oxşayan hekayə və şeirləri, ədəbi proseslə birgə addımlayan, zamanla səsləşən maraqla müsahibələri oxuduqca çağdaş türk ədəbi, mədəni, elmi mühitinin mənzərəsi, eyni zamanda, işinə yüksək peşəkarlıq, həvəslə yanaşan baş redaktorla bərabər yaradıcı heyətin yorulmaz əməyi təsəvvürümüzdə işıqlanır.

“Türk ədəbiyyatı” oxucularını sevgiylə salamlayan İmdat bəy “Həsbi-Hal”da fevral ayında Haqqa qovuşan Kabaklı Hocanın əziz xatirəsini rəhmətlə anır: “8 fevral dərgimizin qurucusu, şeyxülmühərririn Ahmet Kabaklının Haqq dünyasına qovuşmasından 21 il ötür. Əlli illik bir mədəniyyət qalasının təməlini qoyan və bu qutlu ocağın məşəlini yandıran ustadımızı rəhmət və minnətlə yad edirəm!”

2022-ci il dərginin 50 illik yürüdüyü yola, tarixə şahidlik edənlərin xatirələrini, dəyərləndirmələrini yayınlamaq təşəbbüsündə bulunan baş redaktorun Fevral sayının ilk səhifələrində Ahmet Kabaklının yetirməsi M.Mehdi Ergüzelin yazısına yer verilməsi olduqca təqdirəlayiqdir.

“Milli ədəbiyyatımızın qalası Türk ədəbiyyatı 50 yaşında” yazısıyla M.Mehdi Ergüzel bu müqəddəs ocaqdakı xatirələrin işığında milli ədəbiyyatımızın qalası olaraq dəyərləndiyi dərginin şahid olduğu illəri, o illərin hadisələrini vərəqləyir.

“Ahmet Kabaklının ilk şeirləri” adlı məqaləsində Təhsin Yıldırım “Kabaklı Hocanın “Bizim Türkiyə” dərgisində 3 mart – 21 iyun 1948-ci il tarixlər aralığında yayımlanan siyasi həcvlərə bənzəyən ilk qələm təcrübələrini təhlil müstəvisində işıqlandırır.

Bir oxucu olaraq hər sayını böyük sevgiylə gözlədiyim, hər bir yazısını maraqla oxuduğum “Türk ədəbiyyatı”nda təqdir etdiyim özünəməxsus bir cəhəti qeyd etmək istəyirəm.

May ayında Haqqa yürüyən Əminə İşınsunun, oktyabrda İnci Çayırlının, yanvarda Sezai Karakoçun, bu sayda isə Günay Karaağacın gözəl yazılarla anılması, yad edilməsi bir vəfa borcu olmaqla yanaşı həm də ömrünü ləyaqətlə yaşamış insanların ardından kövrək bir xatirə kimi yadda qalır.

Günay Karaağac Türk dünyasının dil bilginlərindəndir. “Azərbaycan bayatıları” kitabını ərsəyə gətirən bu böyük alimin xidmətləri Türkiyə ilə bərabər həm də Azərbaycanı əhatə edir. “Türkcənin dünya dillərinə təsiri”, “Dil, tarix və insan”, “Türkcənin söz düzümü”, “Türkcənin səs bilgisi” kitabları ilə türkoloji elmimizə böyük töhfələr verən Günay Karaağac 8 dekabr 2021-ci il tarixdə 72 yaşında Haqqa qovuşub.

Vahid Türk “Günay Karaağacın Türkcə Verintilər sözlüyü”, Özkan Öztekten “Torpağın tərbiyə etdiyi gözəl insan: Günay Karaağac” məqalələrində mərhumun əziz xatirəsini rəhmətlə anır. Bu məqalələr həm də Prof.dr. Günay Karaağacın elm aləmindəki hizmətlərini işıqlandırır.

Prof.dr. Mustafa İsen və qızı, türk dünyasının gənc elm adamlarından olan prof.dr. Tuba İşınsu Durmuşun imzası bizlərə “Sultanların şeirləri… Şeirlərin sultanları” kitablarından doğmadır. “Türk ədəbiyyatı”nın fevral sayında Bilal Gözəl “Qılıncın və qələmin sultanları” kitabı üzərinə dəyərli Tuba xanım və Mustafa bəylə maraqlı söhbətini oxuculara təqdim edir.

“Nurəddin Topçu: məsuliyyətli bir müəllim, elm və fikir adamı, filosof, yazar” yazısıyla Şaban Kumcu həyatı, yaradıcılığı və əsərlərinin təhlil müstəvisində Nurəddin Topçunun maarifçilik görüşlərini, İslami əxlaq və mənəvi baxış açısını işıqlandırır.

Orxan Arasın ötən saylarda yayımlanan Bozkırın böyük oğlu Çingiz Aytmatov haqqında yazısı çox sayda oxucuların rəğbətinə səbəb olmuşdu. Fevral sayının “Almaniyadan məktublar” bölümündə Orxan Aras “Sürgündə bir məzar: Mustafa Çokay” məqaləsində Türküstanın birliyi uğrunda fədakar mübarizlərdən olan, Qazaxıstanın ictimai-siyasi xadimi Mustafa Çokaydan söhbət açır.

Ötən yazısında Qonçarovun “Oblomov” romanına və qəhrəmanın adı ilə eyni səsləşən “oblomovçuluq” ideologiyasına orijinal baxış sərgiləyən Aqşin Yenisey bu sayda “Kafka ilə Soljenitsində totalitarizm: Şato və Gulag” adlı araşdırmasında hər iki ədibin yaradıcılığında totalizm görüşlərini təhlil edərək bunun ədəbiyyata və bədii əsərlərə təsirindən danışır.

Zəkai Özdəmirin qələmində isə “Dostoyevskinin “Cinayət və cəza” romanının şərhi”ni oxuyuruq.
Professor Cemal Kurnazın “Şair sözü yalandır”, Kazım Yetişin “Şeir və düşüncə”, Sultan Poladın “İtmiş miras” dənəmələri elmi-publisitik yönləri ilə diqqətimizi çəkməkdədir.

Nəsr bölümündə həyat həqiqətlərini bədii sənət materialına çevirərək bənzərsiz detalları ilə orijinal süjetlər yaradan Zübeyde Andıç “Şəkil”, “Yıldırım Türk “Pərdə”, Hüzeyme Yeşim Koçak “Dik durma”, Özşan Koban “Ben Bilal Hadi” əsərləri ilə hekayəsevərlərin görüşünə gəlir.

Azərbaycan ədəbi mühitinin istedadlı gənclərindən Aysel Xanlarqızının “Sən gəldin” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur.

Mahmud Bahar “Qu quşları geri döndü” , Şadi Oğuzxan “Göy üzü qədər”, Ahmettahsin Erdoğan “Son gün”, Səlim Tuncbilək “Mərhəba”, Məhmət Baş “Hörgüç”, Cəlaləddin Kurt “Ezgilər çərçisi”, Rıdvan Yıldız “Karstik tənha” şeirləri ilə poeziya sevərlərin zövqünü oxşayır.

Çağdaş türk ədəbi mühitini, mədəni ortamı və ictimai prosesləri izləmək baxımından “Türk ədəbiyyatı” dərgisinin Şubat (fevral) sayı oxucu qarşısında geniş imkanlar yaradır. Dərginin hər sayının yolunu həvəslə gözləyir, oxuduğumuz bir-birindən dəyərli bu gözəl yazıların işıq üzü görməsində əməyi keçən hər kəsə uğurlar arzulayıram!

“Türk ədəbiyyatı”nın fevral sayını vərəqləyə-vərəqləyə təəssüratlarımı qələmə alarkən, Dərginin yayın kurulunda önəmli xidmətləri olan, Milli düşüncəli yazıları ilə Azərbaycanda da böyük sevgiylə oxunan, Elçibəy, Turan Yazgan, Ahmet Kabaklı… kimi böyük türk aydınlarının yolunu şərəflə yürüyən, “Oğlun oldum ey Anneler Annesi” yazısıyla duyğularımın, “Devler keçdi bu yollardan” kitabıyla düşüncələrimizin tərcümanına çevrilən istedadlı yazar-şair A.Yağmur Tunalının Kabaklı hocanın anım günü ərəfəsində “Türk Dünyasına Üstün Hizmət Ödülü” ilə təltif edilməsi sevincinə şərik olur, Yağmur ağabəyimizi bu münasibətlə ürəkdən təbrik edir, gələcək işlərində və yaradıcılığında başarılar diləyirəm!

Sayğılarla: Xəyalə Zərrabqızı