Ev İctimai Türk dövlətləri üçün ortaq əlifba: tarixi arzudan reallığa

Türk dövlətləri üçün ortaq əlifba: tarixi arzudan reallığa

20

(Xəzər Universitetində ortaq əlifbanın problemləri və perspektivləri müzakirə edildi)

 

Türk xalqları arasında ortaq əlifba ideyası hələ XIX əsrdən başlayaraq uzaqgörən ziyalılarımızın və alimlərimizin ən böyük xəyallarından biri olub.

Bu ideya, dil və mədəniyyət birliyini gücləndirmək, türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq məqsədi güdürdü. Ancaq bu məqsəd, xüsusilə XX əsrin ilk yarısında baş verən siyasi hadisələrin təsiri altında ciddi maneələrlə üzləşdi.

XX əsrin əvvəllərində latın qrafikalı əlifba vasitəsilə ortaq dil birliyi qurmaq istiqamətində mühüm addımlar atıldı.

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay bu prosesin zirvəsi oldu. Qurultayda Türk xalqları üçün ortaq latın qrafikalı əlifba yaradılması qərara alındı. O dövrdə, hətta SSRİ tərkibində olan türkdilli xalqlar belə bu yeniliyi mənimsəməyə başladı. Ancaq 1940-cı illərdə SSRİ rəhbərliyi, türk xalqlarının dil və mədəni birlik istiqamətindəki inkişafını dayandırmaq məqsədilə, bütün türkdilli xalqları məcburi şəkildə kiril qrafikasına keçirdi.

Kiril qrafikasının tətbiqi yalnız türk xalqlarını ortaq əlifbadan uzaqlaşdırmadı, hətta onların bir-birini başa düşməsini də çətinləşdirdi.

Maraqlıdır ki, Kiril əlifbası belə, müxtəlif türk xalqlarında fərqli şəkildə tətbiq olundu. Hətta eyni hərflərin fərqli xalqlarda fərqli səsləri ifadə etməsi nəticəsində, türk xalqları bir-birinin yazılarını oxumaqda, dillərini başa düşməkdə çətinlik çəkməyə başladı. Bu isə tədricən mədəni və dil ayrılıqlarının dərinləşməsinə səbəb oldu.

Əlifba fərqlilikləri türk xalqları arasında yalnız ünsiyyət probleminə deyil, eyni zamanda mədəni inteqrasiyanın zəifləməsinə də gətirib çıxardı. Eyni dil ailəsinə mənsub xalqlar arasında belə ünsiyyət qırıqlığı yaranırdı. Məsələn:

•Qazax və qırğız türkləri müəyyən hərfləri fərqli şəkildə tələffüz etdiyi üçün bir-birini başa düşməkdə çətinlik çəkirdi.

•Azərbaycan, Türkmənistan və Türkiyədə latın əlifbasının tətbiqi ilə Kiril əlifbası istifadə edən türk xalqları arasında yazılı mədəniyyət körpüsü zəifləyirdi.

Beləliklə, əlifba fərqlilikləri türk xalqlarının mədəniyyətlərarası təmaslarını zəiflətməklə yanaşı, ümumi türk kimliyi hissini də sarsıdırdı.

Sovet İttifaqının dağılmasından sonra, müstəqil Türk dövlətləri arasında dil və mədəniyyət birliyinin yenidən qurulması məqsədilə müxtəlif təşəbbüslər irəli sürüldü. Azərbaycan, Türkiyə, Türkmənistan və Özbəkistan kimi dövlətlər latın qrafikasını qəbul etməklə bu yolda ilk addımlarını atdılar. Sonrakı illərdə, Qazaxıstan da latın əlifbasına keçid qərarı verdi.

Türk Dövlətləri Təşkilatının yaradılması isə bu istiqamətdə yeni mərhələnin başlanğıcı oldu. Bu təşkilat çərçivəsində ortaq əlifba məsələsi yenidən aktuallaşaraq, praktik həllər müzakirə olunmağa başladı. Artıq Türk xalqları arasında ortaq latın qrafikalı əlifbanın tətbiqi ilə bağlı konkret addımlar atılır. Bu əlifba, türk dillərinin fonetik xüsusiyyətlərini nəzərə alaraq hər bir xalqın tələblərinə uyğunlaşdırılmaqla tərtib olunur.

Belə bir tarixi dövrdə, Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşkilatçılığı ilə 2024-cü il dekabrın 13-də ortaq əlifba mövzusuna həsr olunmuş “Ortaq Türk Keçmişindən Gələcəyinə Doğru: Ümumtürk Əlaqələrin Güclənməsində Ortaq Əlifbanın Rolu” adlı beynəlxalq elmi-praktik konfrans keçirildi.

Məqsəd Türk dövlətləri arasında dil, mədəniyyət və elmi əlaqələri gücləndirmək idi.

Çıxış edənlərdən dosent Aynur Qəzənfərqızı Türk dünyasının ortaq keçmişindən danışaraq inteqrasiyanın vacibliyini vurğuladı. Professor Hamlet İsaxanlı ortaq əlifbanın həm mədəni, həm də yazılı ünsiyyəti möhkəmləndirəcəyini qeyd etdi. Akademik Nizami Cəfərov ortaq əlifbanın strateji əhəmiyyətindən danışaraq, bunun həm mədəni, həm də siyasi faydalar gətirəcəyini bildirdi. Professor Haluk Şükrü Akalın isə rəqəmsal platformalarda ortaq əlifbanın vacibliyinə diqqət çəkdi.

Əlifbanın qoruma və yayılma baxımından kiçik dillər üçün önəmli olduğu vurğulandı. Plenar iclasda süni zəka və texnologiyanın əlifbanın tətbiqindəki rolundan, təhsil sahəsindəki üstünlüklərindən bəhs edildi.

Konfransın sonunda işçi qruplarının yaradılması və gələcək elmi layihələrin təşkili qərara alındı. Tədbirin bədii hissəsində milli rəqslər və musiqi ilə mədəniyyət vurğulandı.

Xəzər Universitetinin belə bir təşəbbüsə ev sahibliyi etməsi həm də onun xalqın, millətin gələcəyinə və mədəni birliyinə verdiyi töhfənin göstəricisidir. Universitet, bu tədbirlə, yalnız bir elmi müzakirə platforması yaratmadı, eyni zamanda türk dünyasının gələcəyinə yönəlmiş siyasi və mədəni proseslərdə aktiv iştirakını nümayiş etdirdi.

Bir Türk gənci kimi tədbir mənə onu başa saldı ki:

•Ortaq əlifba yalnız dil və mədəniyyət üçün deyil, siyasi və iqtisadi əməkdaşlıq üçün də geniş imkanlar yaradır.

•Süni zəka Türk dillərinin fonetik xüsusiyyətlərini təhlil edərək ortaq həllər tapa bilər.

•Rəqəmsal dünyada ortaq əlifba mədəni dəyərlərin nəsildən-nəslə ötürülməsini asanlaşdıracaq.

•Belə tədbirlər Türk dövlətlərinin həmrəyliyini gücləndirir və gələcək inkişaf üçün əsas yaradır.

Ortaq əlifbanın tətbiqi, yalnız mədəni birliyi gücləndirmək deyil, həm də türk dövlətləri arasında daha güclü iqtisadi, siyasi və strateji əlaqələrin qurulmasına təkan verəcəkdir. Bu əlifba:

1.Dil Birliyini Gücləndirəcək: Türk xalqları arasında bir-birini başa düşmək daha da asanlaşacaq. Yazılı ünsiyyət vahidləşəcək, mədəniyyətlərarası təmaslar artacaq.

2.Mədəniyyətlərarası Körpülər Quracaq: ədəbi və elmi əsərlərin mübadiləsi sadələşəcək, ortaq dərsliklərin hazırlanması mümkün olacaq.

3.Türk Dünyasını Gücləndirəcək: Ortaq əlifba, türk xalqları arasında birlik hissini daha da gücləndirəcək və onların qlobal səhnədə vahid güc kimi çıxış etməsinə imkan yaradacaq.

4.Təhsil və elm üzrə əməkdaşlığı genişləndirəcək: elm-təhsil sahəsində əməkdaşlıq güclənəcək, ortaq layihələrin həyata keçirilməsi mümkün olacaq.

13 dekabr Xəzər Universitetinin Mərmər salonunda “Ortaq Türk Keçmişindən Gələcəyinə Doğru: Ümumtürk Əlaqələrin Güclənməsində Ortaq Əlifbanın Rolu” adlı beynəlxalq elmi-praktiki konfrans bəlkə də alimlər üçün ortaq əlifbanın müzakirəsindən ibarət idi, mənim üçün isə bir gəncin gələcəyi, ümidləri, xəyallarından ibarət idi. Dosent Aynur Qəzənfərqızı konfransı təşkil edərək, sadəcə, əlifbanın alimlər tərəfindən müzakirəsini deyil, həm də tələbələrin öhdəliklərini onlara xatırlatmağı hədəfləmişdi. İndi ürəklə və qətiyyətlə deyə bilərəm ki, hocam öz məqsədinə çatdı.

İnci Məmmədova,

Xəzər Universiteti, Filologiya (İngilis dili və ədəbiyyatı) fakültəsi, 2-ci kurs tələbəsi