Ev Bədii Türk oğluyam, Türkəm mən – Yeni Şeirlər

Türk oğluyam, Türkəm mən – Yeni Şeirlər

638

                                      Rafiq Yusifoğlu

XATİRƏ LEYSANI

Həsrət gəmilərim üzür dərinə,
Mürgülü hissləri oyadıram mən.
Baxıb göndərilən şəkillərinə
Xəyalən kəndimə qayıdıram mən.

Nələri anmıram, burda nələri?
Ulu yurd yerinə sevgim dənizdi.
Xırdaca kəndimin xərabələri,
Böyük şəhərlərdən mənə əzizdi…

Dizimi qanadan tikan sevinir.
Hayana baxırsan, kol-kos, ağacdı…
Bizsiz qəribsəyən məkan sevinir,
Burda aldığımız nəfəs qazancdı…

Yamaclar üstündə quş olur ürək,
Dikilib dağların gözləri bizə…
Burda gördüyümüz hər ot, hər çiçək
Tanrı bəxşişidi gözlərimizə…

Sönən ocağımız bəlkə oyana?
Bəlkə kül altnda közüm sevinir?
Gəzirəm, baxıram o yan-bu yana.
Ayağım sevinir, gözüm sevinir…

Divarlar üstümə gəlir elə bil,
Həsrət alovuna qəlbim yanıbdır…
Burda həyət-baca, küçələr deyil
Sanki ürəyim də minalanıbdır…

Yoxdur qonum-qonşu, kənd həmin kənddir,
Dindirsən, evimiz ağlayacaqdır.
Xatirə leysanı bir himə bənndir,
İndi gözlərimdən çağlayacaqdır…

Həsrət gəmilərim üzür dərinə,
Mürgülü hissləri oyadıram mən.
Baxıb göndərilən şəkillərinə
Xəyalən kəndimə qayıdıram mən…
03.01.2021

GƏLƏR

O, çıxıb çox sınaqlardan, seldən, yeldən dağ uçsunmu?
Leysan düşsə, ağac qalar, çör-cöp axıb çaya gələr…
Həyasız yersiz görəndə, həyalı yerli qaçsınmı?
Bəzən haqqı olmayanlar əl uzadıb paya gələr…

Hər meşənin öz ağacı, öz ulası, palıdı var,
Hər çəmənn öz çiçəyi, hər göyün öz buludu var,
Səxavətin öz qədəri, səbrin də öz hüdudu var,
Torpaqdan pay uman kəsin təpəsinə paya gələr!

Qaçırır şirin yuxumu, təhqir eləyir ruhumu,
İstəyir ki, talan edə mənim varımı-yoxumu,
İnsanların arasına səpirsə riya toxumu,
Qada-bala gəlsə əgər, özgəyə yox, haya gələ!

Hönkürüb, şivən qoparıb, zarısa da orda-burda,
Halal mayadan yoğrulub, zaval yoxdu bizim yurda!
Məqam düşsə mırıldayar arxalı köpəklər qurda,
Qancıq kimi zingildəyər, it sürüsü haya gələr…

İşimiz haqq içidirsə, Haqq özü bizə yar olar!
Oğru elə bağırar ki, doğrunun bağrı yarılar,
Yalvarmaqdan, yalmanmaqdan, nə usanar, nə yorular.
Həyasızzın çöhrəsinə çox çətin ki, həya gələ!

Əziz bala, uyma yada, dost-düşməni yaxşı tanı,
Sev öz gözəl diyarını, öz ananı, öz atanı,
Səbrin də öz hüdudu var, zirvələrə daş atanın
Əvvəl-axır yuvarlanıb kəlləsinə qaya gələr….
03.01.2021

ÇOX ŞÜKÜR Kİ, BU DÜNYAYA
İNSAN KİMİ GƏLMİŞİK

Lal oluruq dayandıqca ulduzlarla göz-gözə,
Ay nur saçır,
qızıl günəş – kainatın altunu…
Bu dünyanı dərk eləmək nəsib olmaz hər kəsə, –
Yaradan var ərşi-kürşü,
göyün yeddi qatını!

İnsan oğlu gərək bilə anının qədrini,
Qoxla hər gün ətir saçan çiçəklərin ətrini,
Halalıqla yoğur, şair, şeirinin hər sətrini, –
Adam gərək unutmaya öz əslini, zatını…

Yer yerində dinc durur ki, fırım-fırım fırlanır,
Gah o üzü, gah bu üzü şəfəqlərdən nurlanır,
Sevir deyə köksüm altda ürəyim qürurlanır,
Həyatıma min rəng qatır həyatımın qadını…

Arzulardı soyumayan ocağımız, közümüz,
Sevgi ilə yoğrulubdur söhbətimiz, sözümüz,
Gözəlliyin qarşısında şəfəqlənib gözümüz,
Tanımışıq insanların doğmasını, yadını.

Sirli dünya öz sirrini verərmi heç acizə? –
Bu kainat başdan-başa möcüzədir, möcüzə!
Şımşək çaxır, yağış yağır, çaylar axır dənizə,
Dünya dünya olan gündən zaman çapır atını…

Əriyirik gilə-gilə arzuların odunda,
Biz qalmağa çalışırıq doğmaların yadında,
Həyat eşqi çağlamasa köksümüzün altında,
Kim sağalda bilərdi ki, qəlbimizin çatını?

Bir günəşin işığını milyon yerə bölmüşük,
Dərd çəkmişik, sevinmişik, ağlamışıq, gülmüşük,
Çox şükür ki, bu dünyaya insan kimi gəlmişik,
Çox şükür ki, biz bilirik yaşamağın dadını!
07.01.2021

YARALI XATİRƏLƏR

Dönüb qara xəbər bir qara yelə,
Heç kəs onu yolda ləngidə bilmir…
Bəzən heç qələbə sevinci belə
Ürək ağrısını səngidə bilmir…

Kimi şəhid oldu, kimisi qazi, –
Kimin kimliyini seçdi döyüşlər!
Çətin ki, silinə bu dağın izi,
Sütül cavanları biçdi döyüşlər.

Nəmli kirpiklərdə bərq vurur inci,
Yeddi qabaqdadı, üçündən keçib…
Dərdsizlər nə bilsin zəfər sevinci
Hansı ağrıların içindən keçib?

Yaralı qəlblərə hey köz ələnir,
Kədər neçə evin qonağı olub…
Ağrılar, əzablar hey çözələnir,
Qazilər xatirə yumağı olub…

Onların hər sözü titrədir yeri,
Ümid şəfəqləri bizi isidir…
Döyüşün yarlı xatirələri
Zəfər yürüşünün salnaməsidir…

Gülür bayrağımın ulduzu, ayı,
Hamı öz dərdini çəkir içində…
Yaxşı ki, axmayıb bu qan havayı
El təskinlik tapır şükür içində…

Gün həsrət buzunu çətin əridə,
Ağır xəbərləri dağ uda bilmir.
Zəfər bayrağının şəfəqləri də
Həsrət buludunu dağıda bilmır…

Yaralı çiçəklər boylanır yerdən, –
Gül olub bu yurdda bitən sağ olsun!
Qan axır yaralı xatirələrdən, –
Təki yurd yaşasın, Vətən sağ olsun!

13.01.2021

QAYITDIM

Kəndim, gözün aydın, azadsan daha,
Dayana bilmədim gendə, qayıtdım.
Yaddaşım qoymadı sənə yadlaşım,
Yurd sevgisi varmış gendə, qayıtdım.

Əzablar, ağrılar görəndi ömrüm,
Ən tər çiçəkləri dərəndi ömrüm,
Qocalıq dağına dirəndi ömrüm,
Qalıb uşaqlığım səndə, qayıtdım…

Ayrılığa dözmək çətinmiş, çətin!
Sən varkən ömrümü kimə həsr edim?
Qürbətə gedirdim, sənin həsrətin
Oldu ayağımda kündə, qayıtdım.

Ümüd bağlamışdım nurlu səhərə,
Şirin xəyallarım döndü zəhərə,
Ömrün yaz fəslində gedib şəhərə,
Ömrün qış çağında kəndə qayıtdım.

Ağsaqqal eləyib zaman uşağı,
Qamətim əyilib indi aşağı,
Yoluma nur saçır sevgi işığı,
Bir qatı dumanda, çəndə qayıtdım…

Yerə buludlardan su axıdardım,
Dəryaya çevrilib mən dağ udardım,
Bir zaman sel kimi bənd dağıdardım,
Elə ki, duruldum, bəndə qayıtdım.

Kim dönə bilib ki, ömrün yazına?
İman nuru düşüb qəlbin pasına,
Düşmüşdüm tanrılıq iddəasına,
Mən olub bir mömin bəndə qayıtdım…

Sevgi ölüm kimi bilmir vaxt-vədə,
Mən xilaf çıxmadım verdiyəm vədə!
Yollar əvvəl-axır dönür məbədə, –
Yurdum, gözün aydın, mən də qayıtdım!
13.01.2021

TÜRK OĞLUYAM,
TÜRKƏM MƏN

Doğulmuşam Vətənin
Keşiyini çəkəm mən.
Yurduma göz dikənin
Gözlərini tökəm mən.
Türk oğluyam,
Türkəm mən.

Kəlbəcərə, Laçına,
Şuşaya yol çəkdirib,
Amansız döyüşlərdə
Düşmənə diz çıkdürüb,
Hazıram bayrağımın
Önündə diz çökəm mən.
Türk oğluyam,
Türkəm mən.

Talış, cuhud, ləzgi, tat…
Od qonşum, sirdaşımdır.
Yurdumdakı hər millət
Dostumdur, qardaşımdır.
Arxamda dağ dayanıb,
Sanmayın ki, təkəm mən,
Türk oğluyam,
Türkəm mən.

Hazıram meşə salam,
Ağac, çiçək əkəm mən.
Yaralı torpağıma
Gərək sığal çəkəm mən.
Təzə şəhərlər salam,
Yaradam mən,
tikəm mən.
Türk oğluyam,
Türkəm mən.

Nurlu ayı, ulduzu
Gözlərimlə öpərəm.
Vətənin bükülməyən
Dizlərində təpərəm.
Təpədən dırnağacan
Amalam,
məsləkəm mən.
Türk oğluyam,
Türkəm mən.

Elimə gərəyəm mən,
Yurduma gərəyəm mən.
Vətənin sinəsində
Döyünən ürəyəm mən.
Şüşə kimi kövrəyəm,
Polad kimi bərkəm mən.
Türk oğluyam,
Türkəm mən.

03.01.2021

QƏHRƏMANLAR
DİYARINDA

Əzəl gündən Azərbaycan
Qəhrəmanlar diyarıdır.
Qorxmaz, cəsur, mərd oğullar
Bu millətin vüqarıdır…

Nəsillər dəyişsə belə,
Yeni igidlər doğulur.
Onları seyr eləyəndə
Adamın qəlbi dağ olur.

Elə bil ki, qəhrəmanlıq
Ürəkdən, candan süzülür.
Ləyaqət, kişilik, ismət,
İlikdən, qandan süzülür.

Vətən uğrunda döyüşən
Oğulları yaxşı tanı!
Damarlarda qeyrət olub,
Ana südü, ata qanı…

Bacıların ləyaqəti
Qardaş üçün şərəf-şandır.
Qəhrəmanlar diyarında
Hər insan bir qəhrəmandır…
03.01.2021

QOŞUN

Haqsızlığı görən zaman
Nifrətim qurğuşun olur!
Əsgərlər biri-birinə
Qoşulanda qoşun olur…

Yeniyetmə cavanlarıq,
Bizi də cərgəyə qoşun…
Qoy daha da güclü olsun,
Bizim ordu – bizim qoşun…

ƏSİR TANKLAR

Sərsəmləyib deyirdilər,
Tanklar Bakıya girəcək…
Bu zavallı yazıqların
Yalanları olub gerçək…

Zəncirlənmiş köpək kimi
Qəfəslərdə gəzir tanklar.
Ordumuzun qabağında
Olub yetim-yesir tanklar.

Bir vaxt döşünə döyənlər,
Qapazla başına döyür.
Təpəsini Zəngəzurun,
Şuşanın daşına döyür…

Dronları görən kimi
Qorxusundan əsir tanklar…
Dönüb rişxənd hədəfinə
Əsir toplar, əsir tanklar!
02.01.2021

 

***
Yüz il ömür arzulayan
Dostlarıma salam olsun!
Kaş bu sənət dünyasında
Öz bürcüm, öz qalam olsun!

Əbədi mürgüyə gedən
Çətin ki, bir də oyana!
Tutaq ki, yüz il yaşadım,
Yol varmı yüzdən o yana?
02.01.2021

QƏLƏBƏNİN ÖZÜLÜ

Səbrli bir millətin
Hövsələsi çat verdi.
Polad ölümü ilə
Döyüşə start verdi!

Cavanlar can atdılar,
Qazi, igid olmağa.
Şəhidlər qoymadılar
Yurdu şəhid olmağa…

Hamısı bizim üçün
Oldu doğma, can-ciyər.
Birini tərifləsək,
O birilər inciyər…

Hamısı qulaq asıb
Ürəyinin səsinə,
Ucalıdılar şəhidlik,
Qazilik zirvəsinə…

Onların çəkdiyinə
Azərbaycan şahiddi! –
Ürəkləri yaralı
Analar da qazidi,
Analar da şəhiddi…

Şükür, bulaqlar, çaylar,
Torpaqlar azad oldu…
Şanlı qələbəmizin
Özülü Polad oldu…

03.01.2021

CAVABSIZ SUAL

Ana, deyirlər ki,
şəhidlər ölmür.
Əgər bu doğrudusa,
niyə atam
evimizə gəlmir?
04.01.2021

 

***
Üəyimi göynəti
Hər kəlmə dönüb közə.
Mat-məəttəl qalmışam
Uşaq söyləyən sözə…
-Baba, Şaxta baba da
Şəhid olub deyəsən,
Götürüb Qar qızı da
Bu il gəlmədi bizə…
12.01.2021

 

***
Ürəyimdən
Köhnə yurdumuzu
təzələmək arzusu keçəndə
elə bil qövr eləyən yaram,
dərdim də təzələnir…
Göydə ulduzlar
bərq vuranda
mənə elə gəlir ki,
yorğanıma, döşəyimə,
yastığıma köz ələnir.
Kirpiklərim od götürür,
Gözlərimə getmir çimir…
Ürəyimə axan yaşla
Xatirələr çimir, çimir…

04.01.2021

QƏFƏS BÜLBÜLÜ

Həmişə gələrdi ev dar kişiyə –
O dağdan, bu dağdan gələrdi səsim..
İndi çevrilmişəm evdar kişiyə,
Ürəyim darıxır, çatmır nəfəsim…

Qələm də şairin baxmır sözünə,
Nəğməkar eləyir həvəs bülbülü…
Hamımız həsrətik çəmən üzünə,
Hamımız olmuşuq qəfəs bülbülü…
06.01.2021

 

***
Təmizlik hava, su kimi
Gərəkdir bu yer üzünə.
Natəmizlərin əlindən
Yer də tapmır Yer özünə…

Közü sönüb ocağın da,
Yanırıq dərd qucağında,
Qışın bu oğlan çağında,
Biz həsrətik qar üzünə…

Dərdləri çoxdu dünyanın,
Gözləri toxdu dünyanın,
Etibar yoxdu dünyanın
Hurisinə, pərisinə…

Tükənmək bilmir oyunlar,
Neyləyim nazik boyunla?
Dostluq edir qurd qoyunla,
Girib quzu dərisınə…

Dərd könlümdə yuva qurdu,
Kimə tapşırım bu yurdu?
Tanıda bilmirəm qurdu
Mən bu qoyun sürüsünə…

Qəlbim bir quşdur cələdə,
Köməyim yoxdu hələ də,
Onsuz da yaxşı bələdəm
Bu dünyanın hər üzünə…
11.01.2021

 

***
İtib çörəyimin duzu,
Yox qəhvənin, çayın dadı.
Niyə bizə şirin gəlir
Özgə verən payın dadı?

Baş kəsir insan qərəzi,
Kim sağaltsın bu mərəzi?
Pozulub mizan-tərəzi,
İtib yazın, yayın dadı..

Yenə hiylə işə keçir,
Yağlı tikə şişə keçir,
Əvvəl-axır dişə keçir, –
Günah qurdda, qoyundadı?

Möhtacıq yek verən zərə,
Könül yaxır bu mənzərə…
Qınamıram, indi hərə
Öz başının hayındadı…
11.01.2021

XİFFƏT BURULĞANI

Bir ayağı burda,
bir ayağı görda olan qocaları
gələcək yamanca üşüdür,
yamanca qorxudur…
Ötən günlər isə
onlar üçün əlçatmaz,
ünyetməz,
şirin bir yuxudur…
Yaxamızı vermişik
içimizi güvə kimi yeyən
xiffətin əlinə,
itirdiyimiz doğmaların, əzizlərin
yanına qayıtmaq üçün
arabir özümüzü vurmaq istəyirik
xatirələr selinə…
Zamanın isə
geriyə yolu yoxdu;
qalmışıq həsrət burulğanında
devikə-devikə,
yana-yana,
alışa-alışa…
Keçmişin nə ayağı var
yanımıza gələ,
nə qulağı var bizi eşidə,
nə dili var danışa…
Xəyallar dünyası
qocalar üçün
şipşirindi,
şəkərdi,
baldı…
Ah çəkə-çəkə deyirlər ki,
nə qaldı keçmişdə qaldı…
Keçmişin isə
ayaqları şikəst,
qulaqları kar,
gözləri kor,
dili laldı…
27.12.2020

DƏNİZ MƏNİM DOSTUMDUR

Dəniz mənim ən sadiq dostumdur;
Bircə o, ləyaqətlə çıxıb
zamanın sınağından…
Hər səhər görüşünə gedəndə
Qorxmuram havanın
küləyindən, soyuğundan,
Çəkinmirəm heç kəsin
tənəsindən, qınağından…
Çox şükür
bu dolanbac ömür yollarında
adım hələ də təmiz qalıb. –
Mehribanlıq görəndə kövrəlir
Kobudluq görəndə
sərtləşirəm…
Əlli illik dostlarımdan
bircə dəniz qalb,
Ona görə hər gün yanına gedib,
onunla dərdləşirəm…
28.12.2020