Azərbaycanlı yazar, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, DGTYB Məsləhət Şurasının üzvləri – “MİMAR” İB başqanı Yılmaz Okuklu, telejurnalist Səlim Yuhay bugünlərdə qardaş Qazaxıstanda səfərdə olub.
Dilimizvarlığımız.az xəbər verir ki, onlar “Qaraqanda Yazı – 2023” Poeziya Festivalında və Astanada keçirilən VI Avrasiya Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib.
DGTYB Məsləhət Şurası təmsilçiləri Poeziya festivalının açılışında və yeni nəsil qazax yazarları ilə görüşdə çıxış edib.
Qazaxıstan Yazıçılar Birliyi, TÜRKSOY Yazarlar Birliyi və Qaraqanda Hakimatının ortaq düzənlədiyi Festivalın iştirakçıları “KarLaq”ı – Sovet repressiya illərinin acı izlərini yaşadan “Qaraqanda İslah-Əmək Düşərgəsi” əsasında taradılmış muzeydə və Akd. Bukenov adına Dövlət Universitetində olublar.
Astanada keçirilən nüfuzlu Kitab Sərg-Yarmarkasında isə Əkbər Qoşalının qazaxcaya çevrilmiş, “Foliant” Nəşriyyatında nəfis tərtibatla gün üzü görmüş şeirlər toplusu – “Turanın bir qom yovşanı” kitabının geniş təqdimatı olub. Qazaxıstan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət xadimi Devletkerey Kapulının aparıcısı olduğu təqdimatda Qazaxıstanın İnformasiya və Sosial işlər naziri Akd. Darxan Kıdırali, Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov, “Foliant” Nəşriyyatının baş direktoru Nurlan İsabekov, tanınmış şair-tərcüməçi Tanagöz Tolkınqızı, Saxa-Yakutiyalı şair-tərcüməçi Arılı Duydax, qazax şair-yazıçıları çıxış edib. Ə.Qoşalıya Qazaxıstanın İnformasiya və Sosial işlər Nazirliyinin, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin “Fəxri Fərmanı” təqdim olunub. İstedadlı qazax məktəblisi Abdulxadi Sərsenbek Azərbaycanlı yazarın ağ-qara rənglə işlədiyi pirtretini ona bağışlayıb.
Ə.Qoşalı Astanada çıxan kitabını qazax oxucuları üçün imzalayıb.
Səfər müddətində Qazaxıstanın İnformasiya və Sosial işlər naziri Akd. Darxan Kıdırali, Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Prezident yanında Kommunikasiyalar Departamentinin direktoru Askar Umarov, “Xəbər” ASC – Dövlət tele-radio kompaniyasının direktoru Beqali Ueli, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, “Foliant” Nəşriyyatının baş direktoru Nurlan İsabekov, Qazaxıstan Yazıçılar Birliyinin başqanı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Uluğbek Esdevlet, Yazıçılar Birliyinin Qaraqanda filialının başqanı Janat Jankaşulı və b. ilə ayrıca görüşlər olub, maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qazaxıstanın çoxtirajlı, ən köklü milli qəzeti “Egemen Qazaqstan” redaksiyasında, habelə Qazaxıstan Yazıçılar Birliyinin Astana filialı – Astana Yazarlar Evində Azərbaycanlı yazarla görüş təşkil olunub, yeni nəsil qazax aydınları, şair-yazıçıları ilə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Onu da vurğulayaq ki, 30-a yaxın qazax yazarına Qazaxıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdikləri töhfələrə görə DGTYB adından “Fəxri Fərman” təqdim edilib.
Ə.Qoşalı, Y.Okulu və S.Yuhay D.Kapulının müşayiəti L.Qumilyov adına Avrasiya Milli Universitetində “Heydər Əliyev Auditoriyası”nı ziyarət edib, orada bir qrup tələbə ilə görüşüb, habelə “Qələmkar Bağı”nda olub, “Xəbər TV”nin canlı efirində çıxış ediblər.
Görüşlərdə Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri, ölkələrimiz arasında günü-gündən güclənən mədəni əlaqələr xüsusi minnətdarlıqla vurğulanıb.