Ələddin ƏZİMLİ
MÜRGÜ
Sakit gecədir,
mürgüləyirəm masanın arxasında.
Elə burdaca
yatmaq istəyirəm,
qələm-dəftərdən,
evdəkilərdən,
hər bir şeydən xəbərsiz.
Bu həzinlik
sanki layla çalır mənə.
Vədəsiz yuxu
ağuşuna alır məni.
…Narın yağışli hava,
yapışmışam əlindən.
Həmişəki bağçadır,
amma yaz yox, payızdır.
Yer-göy tamam dəyişib,
vaxt, təbiət
aşıb öz sərhədini.
Bir az irəlidə
qaranlığın içindən
kimsə səsləyir məni,
ayılıram mürgüdən…
Nə o narın yağış var,
nə o çiskinli bağça,
nə də ki, əli əlimdəki sən.
Vaxt keçir,
gecə ötür.
Yenə də əvvəlki tək
yapışmışam
ruhuma dayaq olan
daimi həmdəmimdən–
qələmdən…
BU QAPI, BU PƏNCƏRƏ
Açıldı yenə
bu qapı, bu pəncərə,
tamam boş yerə.
Ha bax, boylan içəri,
heç kimi,
heç nəyi görməyəcəksən.
Dönə-dönə gedib qayıdacaqsan.
Çoxdan yuxuya verdiyin hissləri
hədər yerə oyadacaqsan,
boş yerə vaxtın gedəcək.
Ta yorulana,
inamın qirilana tək.
Gediş haqqı
neçəyədir, görəsən, taksiylə
bizdən sizə qədər.
Lap elə şəhərdən Hövsana–
dənızə qədər.
İstəyirsən, gedək.
Ancaq orda
nə açıq qapı,
nə pəncərə görəcəksən,
yarışan dalğalardan,
sarışın qumlardan,
mehdən, küləkdən,
xoş payız günü
sahildə oynayan
uşaqlardan başqa.
Ancaq sonra
qınama məni,
çünki tamam itirəcəksən
olan-qalan ümidini…
HƏSRƏTƏ DOĞRU
Hə vaxtdır
küsüb barmaqların
dodaqlarımdan.
Əlləriin
azıb deyəsən,
ömrümün dolaşıq,
narahat cığırlarında.
Bir qərib axarsan
ürəyimin qan daşıyan
kirəcləşmiş damarlarında.
Çoxdan, lap çoxdan
deyəsən, beləymiş.
Mən bunu indi duyuram və
qəmgin-gəmgin boylarınam
ömrümün qürubuna.
Qürub
sürünür təpəliyə-
tənhalığa, təkliyə.
Keçir sərhəd çayından
o tayda sızlayan
həsrətimə doğru
iməkliyə-iməkliyə…
ZABİT QADIN
Nəvələr üçün
Bu qapı nədən bağlıdır,
bəlkə,
açanı yoxdur?
Ya da ki,
qıfılına düşən
açarı yoxdur?
Ötürəm hər səhər
bu evin yanından.
Həyat əlaməti
gözümə dəymir
nə pəncərəsindən,
nə eyvanından.
Günlər
ötüb keçir beləcə,
mənim də
tərslikdən yolum dəyişmir.
Bu evin qulağı kar olub sanki,
heç nə eşitmir.
Bir səhər
evin qabağında tabut,
yanında bir neçə hərbiçi gördüm.
Sən demə, bu evin sahibi
qoca bir qadın
ikinci cahan savaşında
həkim olubmuş.
Bu kimsəsiz qadın
illərdir bu evdə
tək yaşayırmış.
Hörmətlə baş əydim
onun tabutu önündə.
Gözlərim yaşardı
bu zabit qadının
sinəsini bəzəyən
orden, medalları görəndə.
Qoy bu anlar yazılsın
Azad Qarabağ adına.
Çünki bu olay
cəsur şəhidlərimizi,
zabit qadınlarımızı,
şəhid analarını
təkrar-təkrar
saldı yadıma…
SƏHV
Bağlandı
gecənin qapıları üzümə
metro qapıları tək.
Qaldım bayırda.
Vədəsiz bu yağış
görəsən,
çoxmu çəkəcək?
Bəlkə, sən deyəsən,
soyuqdan titrəyən,
a tənha çiçək?
Səpildi qəlbimə
şübhə toxumu.
Bilmirəm,
bu hisslər
ötəri bir hal,
yoxsa qorxumu ?
Qaranlıq bürüyüb
hər tərəfimi.
Yollarım bağlı.
Bu mənim,
yoxsa,
amansız taleyin
qəfil zərbəsi,
səhvimi?..
UĞURSUZLUQ
Getmə,
bu yolu birbaşa,
həm də təkbaşına.
Uzaqdır,
yorulacaqsan.
Hardasa,
dinclni almaq üçün
dayanacaqsan.
Əlin, ayağın
baxmayasaq sözünə.
Keçdiyin yol
yarıqaranlıq,
tor görünəcək gözünə.
Susacaqsan,
bəlkə də,
ötənləri salıb yadına
kövrələcək,
ağlayacaqsan…
YUXU
Ürəyimin döyüntüsünü
xətt-xətt səpdim varağa,
söz-söz oxudum.
Yuxudaydım elə bil,
sanki yox idim.
Bir əl toxunanda bədənimə
əvvəl duymadım,
o yuxudan geriyə
bilmədim necə qayıdım.
Anlamadım,
payız idi, qış idi
gözümdə bulanıq tor,
bəlkə də, yaş idi,
yuxuda ağlamışdım.
Ürəyim oyuq-oyuq,
bədənim su idi.
Üşüyürdüm,
bu necə yuxu,
əllər
necə də soyuq idi…
HƏR ŞEY ÖLÇÜSÜZ-BİÇİSİZ
Ötəçək
yandırıcı istilər də.
Soyuyacaq
torpaq da, daş da.
Yarpaqlarını tökəcək
bu qoca ağac da.
Günbəgün
qısalacaq ömür, gün.
Bayırda
azalacaq səs-səmir.
Ancaq qəribədir,
çox qəribədir,
gəlməyəcək səndən
təzə bir xəbər.
Bu bir həqiqətdir,
uzaqlaşırsan məndən
anbaan,
zaman-zaman.
Gündə
xeyli xəbər gəlir
yadlardan, doğmalardan,
xəstəxanalardan.
Çoxalır
çarəsiz dərdlər.
Hamı məsləhət verir,
itirir mənasını öyüdlər.
Qəmgin-qəmgin
başını dikir aşağı
adamlar, ağaclar,
Məcnun söyüdlər.
Dövrəmdə isə
hər şey tərsinə,
çarəsiz,
ölçüsüz-biçisiz…
QUŞ YUVASI
Əlini
toxundurma mənə-
bədənimə,
heç əlimə də.
Sonra gedib o yanda
gileylənmə məndən.
Danışma boş-boşuna,
guya olub-keçəndən.
Axı,
nə olub, söylə,
sənlə aramızda?
Nə düşmüsən ortaya
bu çətin vaxtda,
bu hay-harayda.
Bir quş yuvası vardı
köhnə eyvanımızda.
O da uçub dağıldı
kiminsə ucbatından.
Bəlkə elə,
sənin dedi-qodundan.
Fikirli-fikirli
çiynimi söykəmışəm
qoca tutun gövdəsinə.
Əgər,
səs verən olsa səsimə
mütləq çıxacağam
bu cəfəng söhbətlərin
axırına,
sonuna…
KORONA
“Uzun sürən ağır…”
Bu ifadə,
bu cümlə
daha çıxıb yaddan,
silinib yaddaşdan.
İndi
“Korona”dır dəbdə
Yer üzü dediyimiz məmləkətdə.
Elə əvvəlki tək
gələn də var,
gedən də.
Fərq budur ki,
gələn azalıb,
gedən isə artır günbəgün.
Karona-
ən son silah,
ürəklərdə düyün.
Göydən düşür,
yerdən çıxır,
bilən yoxdur.
Ancaq çox ayıq-sayıqdır.
Kimisini yaxalayır yolda,
kimisini evdə.
Qol-qanad açır,
çoxalır hər yerdə.
Bir az səbirli olaq
ömürdür də
bir təhər vuraq başa.
Bir-birimizin
halına yana-yana,
dərd-sərini
soruşa-soruça…
ÇAT
Bu,
odlu-alovlu gündə,
avqustun vurhavurunda
istidən, susuzluqdan
çat-çat olan torpaq kimi
əzabdan, kədərdən
əvvəlcə bağrı,
sonra isə
qəbri çatladı şairin.
Qara mərmərin çatından süzülən
Günəşin bəyaz şüaları
yayıldı məzarın ıçınə.
Az da olsa,
aydınlandı qaranlıq.
Sıxıldı bu mənzərəni
görənlərin ürəyi.
Çoxlarının tükəndı səbri.
Xəbər çatanda
şairin ailəsinə,
doğmalar, yaxınlar
yığışarlar qəbrin dövrəsinə.
Gözlərdən axan yaş da
süzüldü gün işığı tək
məzarın içinə
Söz-söhbət
yayıldı hər yana.
Yaxşı ki, adamlar
tez gəldılər qərara.
Dəyişdılər
qəbrin sinə daşını,
təmizlədilər ətrafını,
silindi baş daşı.
Az da olsa,
ötdü həyəcan, təlaş.
Vaxt keçdikcə,
unutdu
bu qəribə hadisəni
bir çoxları
yavaş-yavaş…
QAPI
Bildiyim nəsə varsa,
əslində,
bilmədiklərimdir.
Gözümün önündən,
ürəyimin həndəvərindən
ötənlər nə qədər çoxsa,
əslində,
görmədiklərimdir.
Bəzən,
görə-görə,
ya da ki,
fəhmın gücüylə
gedirəm bu yolu.
Yazıb-oxuyuram
qəlbimdən keçənləri
əgər lazımlı sözsə.
Hərdən-hərdən eşitdiklərimə
cavab verəm gərək
aydın, aram-aram.
Gec olar sonra,
biryolluq unudularam.
Gedirəm ağır-ağır
tövşüyə-tövşüyə
Haqqın dərgahına,
Ona sarı.
Şəksiz
ucaçarın-ucası,
gəlirəm yanına
vacib sözüm var.
Ümidsiz qaytarma məni
dərgahından,
yəni,
ürəklə üz tutduğum qapından…
GÜNƏŞ VƏ DƏNİZ
Ləpələr
çırpilir sahilə
çırpılir şapalaq tək.
Qorxudan və agrıdan
çəkilir sahil geriyə-
ilbiz qınına çəkilən tək.
Od çilənir dan yerinə
Günəşin alovundan.
Qumlar
alışır atəşin odundan.
Tutub
bu isti qumların
və ilıq dənizin əlindən
üzü payıza
getmək ümidi
baş qaldırır içimdə…
BAĞLI QAPI
Kimsənin döymədiyi
bu qıfıllı qapı
nə vaxta kimi bağlı qalacaq
insan üzünə, nəfəsinə?
Pəncərələrinin şüşələri
haçansa səslənəcəkmi
uşaqların ilıq səsinə?
…Yanından qatarlar keçir
bu köhnə evin.
Görən divarlarını ağrıdırmı
dəmir yollarının dəmir təkərləri?
Bu sirli qapı,
tozlu-torpaqlı, kirli qapı
heç olmasa, sahibinin yuxusuna girirmi,
onu əbədi yuxusundan diksindirirmi?
QÜRUB ÇAĞINA
Bu da
axşam çağı.
Gəl yollanaq
qüruba sarı.
Aparaq özümüzlə
son vaxtlar
ruhumuzu incidən
kövrək ağrıları.
Fikir vermə,
toranlaşan,
çiskinli havaya.
Arxamızca boylanan
yollara,
dünyaya…
BƏŞƏR ÖVLADINA
Bəşər övladı,
dünyaya fani dediyin nə,
ikiəlli yapışdığın nədir?
Bəlkə,
bunlar hamısı-
dilinə alıb söylədiyin də,
əlinlə ucaltdığın da,
sadəcə,
bir addım atdığın da
aldanış, bəhanədir.
Özün
öz əlinlə
bağlama qapını,
cəhənnəmə döndərmə həyatını.
Gedən gedəcək,
gələn gələcək.
Hər kəs
bir cür anlayacaq bu həqiqəti.
Kimi daimi,
kimi müvəqqəti.
Söylə,
hardan gəldiyini,
hara getdiyini bilirsənmi?
Dediyini,
cavabında eşitdiyini anlayırsanmı?
Bunlardan
dərk etdiyin nə-
varsanmı, yoxsanmı?
Qalacaq,
yoxsa qayıdacaqsanmı?
Bəşər övladı,
nə düşünürsən,
fikrin hardadı?!…
SON
Təbəssümün
çəkilir günbəgün
zərif dodaqlarından.
İlahi baxışların
silinir gözlərindən,
Əyilir şux qamətin,
kədər qonur üzünə.
Qıırışlar
yol tapır asta-asta
o parlaq bənizinə.
Yavaş-yavaş quruyan
çaya,
ağaca bənzəyirsən.
Dadına yetmir daha,
sevimli xəyalların.
Əgər
gücün çatırsa,
zamanı sal atından,
yönünü döndər geri.
Həyat
öz axarında
xoş,
naxoş anlarıyla.
Ürək
boşalır, dolur
sevgi ilə,
ağrıyla.
Hələ ki dayanmısan
söykənib ümidinə.
Hətta,
bir ulduz belə
işarmır olacaqların
sonunda, axırında…
YAŞIL XƏYALLARA
Budaqdakı quşların
xoş səsi,
nəğməsidir
yaşadan bu ağacı.
Mənimlə tay-tuş olan
yaşıdım bu ağacı.
Onun
anbaan böyüyən, qanadlanan
günləri yadımdadır.
Bəzən unuduram,
gözümə dəymir,
duymuram yanımdadır.
Qışın astanasında,
payızın sonundayam.
O isə hələ də
ucalıq sevdasında
yaşıl xəyallardadır…
XƏBƏR
Baş açmadım
bu gəlişdən, gedişdən.
Ağrı dolu bu yoldan,
qəm yüklü ismarıcdan.
Arı çəkdi çiçəklərin
şirəsini, şəhdini,
dünya dolu ətrini
cəmlədi yuvasına.
Yeyən yedi,
yemiyənlər
bir-birinə
baxa-baxa kiridi.
Bəd xəbərin
yolu rahat, yaxındır.
Min oyundan çixanlar
yamanca arxayındır.
Amma çoxu unudub
gedəcəyi səmtini.
Elə bilir
adlayıb gədiklərı,
dalda qalıb
yoxuşların çətini.
O qara quş
nədi elə,
uçur bizlərə sarı,
dimdiyində nəsə var.
Bixəbərdir
bu olaydan adamlar.
Hələ ki sevinirlər,
deyirlər ki,
qarşıda çal-çağır var…
BU ŞEİR
o biri şeirlərə bənzəməz
mətni,
ritmi,
ahəngiylə.
Seçilər əvvəlkilərdən,
misra-misra
gələr səmadan-
dərinliklərdən.
Qanad taxar
küləkdən, mehdən.
Bu qələm
həmişə
ilahi söz sorağında.
Yazar gələnləri,
qulağıma
pıçıltıyla deyilənləri.
Hərdən,
gözləniımədən
sözlərin
kəsilər ardı.
Susar
hiss olunmadan
haqqa
daim can atan qələm.
Anmı ötər,
günmü?
Yenidən
calanar söz-sözə.
Zaman
boylanar yuxulardan,
əriyər gecə,
sökülər dan.
Şəfəqlər
qələmlə durar göz-gözə.
Doğular
təzə bir sətir.
Bu şeir
beləcə,
hay-küysüz,
sakitcə bitər…
O SƏSƏ
Susdum,
budaqda
sıx yarpaqların arasında
gözlə seçilməyən
quşun səsi
qəfildən kəsilən kimi.
Haldan-hala düşdüm
o səsin yanğısına
susayan kimi.
Gözüm, qulağım
o budağın,
budaqdakı
o səsin sorağında,
hayındaykən,
elə bil
qıfıllandı dilim,
susdum…
Susdum
şehli alatoranda
duyğularımın
sirli bir qatında.
Susdum
məni uçuran,
o səsə doğru aparan
ruhumun qanadlarında.
Belə bir an-
susqun bir hal
yaşamamışdım
bu uzun həyatımda…
YAY ŞEİRİ
Qəlbində
ilıq bir dəniz havası
bu bürküdə, istidə.
Başında
bir yuxu qovğası
çəkir səni süstlüyə.
Bu cığırdan
ötən çapar,
bu yoldan
şütüyən maşın
çilik-çilik edəcək
buz bağlamış sükutu.
Ha əl-qol at,
ha çırpın,
döndərə bilməyəcəksən
yolundan bu həyatı.
Bu bürkü, bu isti,
bu cığır, bu yol,
bu sükut, bu həyat
dönə-dönə fırlanacaq
dünyanın başına.
Sənsə
öz aləmində,
hər şeydən xəbərsiz.
Gör nə vaxtdır
döyülür qapın,
bir gör kimdir,
heç olmasa,
qarşıla…
CAVAB
Üzüldü
səndən əllərim.
Elə bil,
yüz ildi
yalqızam, təkəm.
Səndən, özümdən
xeyli uzağam.
Kim bilir
bu uzaq səfərdən
mən nə vaxt qayıdacağam?
Ürəyim açıqdır
dərdə, əzaba
torpaq
yağışlara əl açan kimi.
Körpələr
ana kəlməsilə dil açan kimi.
Ancaq
bu qəriblikdə
hər axşam
əvvəlcə qapım,
sonra da
qəlbim döyülür.
Bu, sənin əlindir,
yoxsa,
yalqız Tanrının?
Gör,
nə vaxtdır gəzirəm
ruhuma hakim kəsilən
bu ağır sualın
sirli cavabını…
YARPAQLAR, SEVGİ VƏ AĞACLAR
Danışır
yarpaq dilində
torpaqdan,
sudan,
havadan
güc alan ağaclar.
Sevişir
bahar dilində
qol-budaqları
sevincdən
səmaya
ucalan ağaclar.
Yarpaqlar,
budaqlar,
sevgi
və ağaclar
solğun payızda,
qarda, sazaqda
sönüksələr də,
unutmayaq ki
hərarətli baharda
təzədən ayılacaqlar.
Bir-birini,
mavi səmanı
yenidən
və qəlbən
oxşayacaqlar…
SON MƏNZİLƏ GEDƏN YOL
Bu yol
üzü qüruba,
elə yolçuları da.
Çiyinlərdəki tabut,
ürəklərdəki ağrı,
niskil, kədər
qoşulub bu axına.
Uzaq deyil son mənzil,
yaxındır, çox yaxındır.
Bu yol
çoxlarını beləcə
aram-aram aparıb.
Elindən, obasından,
əzizlərindən, doğmasından,
ayrı salıb, qoparıb.
Bu yol
haqqa bağlıdır
Günəş kimi,
qürub kimi.
Sevgi,
ayrılıq kimi.
Hər vaxt
yerində, məkanında
hökmrandır.
Gedib-gələnlərçün
ruhən çətin,
ağır olsa da,
ölçülü-biçili vaxt,
sonsuz zamandır…