Ev İctimai Ustad şairin sağlıq durumu ağırlaşıb – təcili müdaxilə olunmalıdır

Ustad şairin sağlıq durumu ağırlaşıb – təcili müdaxilə olunmalıdır

242

Neçə müddətdir ki, Elman Tovuz ağrılarla üz-üzə qalıb. Onillərlə canını saran iztirablar dözülməz həddə çatıb artıq. Sağlıq durumunun kritikliyi səsinə də hopub.

1997-ci ildən taleyin qəzavü-qədəriylə yatağa düşən Elman Tovuz, öz böyük iradəsi və dözümüylə zaman-zaman çoxlu xəstəliklərin dizini yerə qoymağı bacarıb.

Amma indi daha bir neçə xəstəlik bu dəyanətli insanı əldən salmaqdadı.

Ömrünün böyük bir hissəsi müalicəylə ötüşüb. Heç vaxt indiki ağrı-acılar qədər müsibətli duruma düşməyən ustad şairin çox ciddi müalicəyə ehtiyacı yaranıb.

Təcrübəli həkimlərin nəzarəti altında ciddi bir xəstəxanada sağlıq durumunu nisbətən düzəltməlidi Elman Tovuz.

Yoxsa…

Ölkəmizin səhiyyə qurumlarına, xüsusilə də TƏBİB-ə üz tutaraq acizanə surətdə rica edirəm: Azərbaycanın gözəl şairi, dəyərli ziyalısı, mərd və böyük iradə sahibi olan Elman Tovuza yardım göstərsinlər.

Ehtiram İLHAM