Ev Bədii Vahid Aslan Musa Yaquba şeir yazdı: “Bir şair köç etdi”

Vahid Aslan Musa Yaquba şeir yazdı: “Bir şair köç etdi”

306

Bir şair köç etdi
(Musa Yaquba)

Bir şair köç etdi əbədiyyətə,
Bir yarpaq da düşdü söz budağından;
Ayrıldı,.. dərd verdi o, təbiətə,
Necə ki, ayrılır bağban bağından;

O, nəğmə içirdi bulaq gözündən,
O, yaxşı bilirdi daşın dilini;
Hər dəfə endirib göyün üzündən
Misraya düzürdü quşun dilini;

Doğması bilirdi qayalar onu,
Əlləri min illik mamır kimiydi;
Hərdən dərələrdən salıb yolunu,
Hərdən zirvələrə qalxan çəniydi;

Çaylar tanıyırdı onun səsini,
Hərdən kiriyirdi, hərdən coşurdu;
Hərdən də unudub öz nəğməsini,
Tənha bir ağaca nəğmə qoşurdu;

Yaxşı tanıyırdı qoca dünyanı,
Bilirdi ona da etibar yoxdu;
Gözündə heç idi şöhrəti-şanı,..
Onu sevdiyinin həsrəti yaxdı.

Həqiqət axtaran bir uşaq idi,
Tərəzi kimiydi uşaq gözləri;
Hiylədən, yalandan o, uzaq idi,
Qəlbinin şəkliydi şeiri, sözləri;

O, getdi…
Hıçqırdı sısqa bulaqlar!
Yarpaqlar küləyə çırpdı özünü!
Mamırlı qayalar, dumanlı dağlar,
Hər gün oxuyacaq onun sözünü!
07.05.21

Vahid Aslan