Ev Xəbərlər Vaqif Aslanın “Ruhlarla söhbət” poeması Anadolu türkcəsində çapdan çıxdı

Vaqif Aslanın “Ruhlarla söhbət” poeması Anadolu türkcəsində çapdan çıxdı

1816

Şair Vaqif Aslanın “Ruhlarla söhbət” poeması Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Anadolu türkcəsinə çevrilib nəşr edilmişdir.

Azərbaycan Yazıçılar Birliyi (AYB) Şəki bölməsinin sədri, şair Vaqif Aslan əcdad məzarlarından başlayıb ən qədim insan məskənlərindən Qobustana və Azıx mağarasınadək mənbələr və salnamələr əsasında səyahət edərək bu fəlsəfi əsəri ərsəyə gətirmişdir. Yazılı mənbələrin tükəndiyi məqamlarda Azərbaycan türkcəsində indinin özündə də işlənməkdə olan söz və ifadələrdən canlı və əyani sübut kimi istifadə edən müəllif ümumtürk təfəkkür tərzinin tarixi – genetik mənzərəsini yaratmağa çalışmışdır.

Əsərdə sovet dönəmində türk xalqlarının necə bir amansız repressiyaya məruz qalması, onların rus işğalı altına düşməsi kitabda təsvir edilmişdir. Kitabda xanlıqlara bölünmələr, böyük türk dövlətləri zamanındakı çəkişmələr öz əksini tapmışdır. Bilgə xaqan, Mətə xaqan, Alpər Tonqa zamanlarına baxış türk- Turan birliyinə çağırış kimi səslənir. Şairin tarixi-fəlsəfi priyomları bununla bitmir. Əratta, Şumer dövrünə enməyi qarşısına məqsəd qoyan müəllif “bir ayağı Sakit okeanda, digər ayağı Atlantik okeanda olub, göyləri çiynində saxlayan türkün” dünya mədəniyyətinə və bəşəri inkişafa verdiyi töhfələri sadaladıqca oxucunun qəlbi qürur hissi ilə dolur. Tarixi məğlubiyyətlərimizin səbəbləri açıqlandıqca Turan Birliyinə gedən yolun müqəddəsliyi aydınca görünür.

Poema bədxahlıq və şər daşıyıcısı olan terrorist, vandal, manyak və işğalçı qüvvələrin və bu qüvvələrin əlində olan ermənilər üzərində haqq və ədalət carçılarının – türklərin qələbəsi ilə başa çatır. Yazılış tərzi və üslubuna görə öz orijinallığı ilə seçilən “Ruhlarla söhbət” poemasını Anadolu türkcəsinə ünlü şair Yusif Aslan çevimişdir.

Şair Vaqif Aslanın Anadolu və özbək türkcələrində ayrı-ayrılıqda kitab şəklində nəşr edilən “Ruhlarla söhbət” poeması yaxın zamanda Bişkekdə keçirilməsi nəzərdə tutulan “İssık Kul Türkün İnci Dünyası” adlı bir mahnının festivalı çərçivəsində oxuculara təqdim olunacaqdır.

Kitab, Bişkekdəki “Uluu Toolor” nəşriyyatında 500 nüxsə ilə çap olunmuşdur. Əsər özbək dilinə də tərcümə edilmişdir. Kitabı özbək dilinə tanınmış şair-tərcüməçi Gülzira xanım Şəripova tərcümə etmişdir. Yaxın zamanlarda kitab özbək dilində də nəşr ediləcəkdir. Qeyd edək ki, Fond öz ənənələrinə sadiq qalaraq, kitabları pulsuz yayacaqdır. Xatırladaq ki, bu, Fondun tərcümə etdirib, nəşr edib pulsuz yaydığı 118-ci kitabdır.

/olaylar.az/