Ev Publisistika Vaqifdən Nigariyə… – Azər TURAN yazır

Vaqifdən Nigariyə… – Azər TURAN yazır

219

Poeziyanın pərdələr arxasındakı aləmi seyr gücü

Poeziyamızda Qarabağı vəsf edən ilk şair Mir Həmzə Seyid Nigaridir. Məncə, ədəbi təfəkkürdə Qarabağ probleminə bir də bu kontekstdən nəzər yetirmək gərəkdir. Nigari başqaları kimi bir gözəlin zülfü ilə buxovlanmırdı, onu müjgan oxu yaralamırdı. Nigarinin “gülşən içində güllər ilə gülən” sevgili ilə irtibatı yox idi. Nigari Qarabağı ilahiləşdirməklə məşğul idi: “Kövsərü Tuba imiş çayi-çinari-Qarabağ, // Aləmi-cənnət imiş dari-diyari-Qarabağ”. Yəni Qarabağın çayları və çinarları Cənnətdə Tuba ağacının altından axan Kövsər bulağıdır. Qarabağın yeri-yurdu cənnət aləmidir. Təbii ki, sufizmin fəhmi, pərdələr arxasındakı aləmi seyr gücü fərqliydi.

Hələ, üstəlik, Seyid Nigarinin nəqşbəndi şeyxi və müridizmin Azərbaycandakı liderlərindən biri olması da onun Qarabağa baxışının elmi təsnifatının verilməsini zəruri edir. Nigari şeirləri Azərbaycan sufizminin Qarabağ amilinə hansı aspektdən yanaşdığını öyrənmək baxımından çox önəmlidir. Bunun şübhəsiz ki, metafizik bir anlamı da olmamış deyildi. Bu baxımdan, təbii ki, Azərbaycan bədii təfəkküründə Qarabağ nəqşəsini ilk növbədə Qarabağ türklərinin metafizik düşüncə dünyası yaradır. Seyid Nigarinin şeirindəki Qarabağ ağrısı “Məclisi-fəramuşan”ın təsəvvüründə yoxdur. Onların təsəvvüründə yoxdur, amma bunun təsəvvüfündə var… Biz Qarabağı həm də təsəvvüfdə araşdırmalıyıq. Sənətin bir də bu tərəfi, yəni yüksək estetik materiyası vardır.

Bizim vətən cənnətimiz səkkizguşəli cənnətdir. Bayrağımızdakı səkkiz guşəli unikal ulduzun etimolojisi də bu amillə bağlıdır. Əhməd Ağaoğlunun türk şamanizimi motivlərində yazdığı “Tanrı dağında” hekayəsində keçən “səkkiz guşəli ana kainat” frazası bizə Azərbaycan bayrağındakı səkkiz guşəli ulduzun mifoloji mənşəyini dərk etməkdə yardımçı olur.

Qarabağın etnoqrafik-romantikasını biz həm də Ağaoğlunun epistolyar irsinə nəzərən araşdıra bilərik. Əhməd Ağaoğlu Maltada sürgündəykən həyat yoldaşı Sitarə xanıma yazdığı məktubda Qarabağın miniatür avtoportretini yaratmışdı: “Xatirəm ta uzaqlara, gənclik zamanıma, Qarabağa, Qalanın o gözəl dağlarına, Başıucaya, Daşaltına, Heydər düzünə, Şahnəçiyə və Dəlikdaşa, o yerlərdəki gəzmələrə getdi! Bütün keçmişlər, bütün əqrabalar, dostlar, evimiz, sokaklar, baxçalarımız birər-birər önümdən keçdi!”. Belə detallı təsvirlər bir də Yusif Vəzir Çəmənzəminlinin Vaqifdən bəhs edən “Qan içində” romanında var…

Bir halda ki, tarixdən də bəlli olduğu kimi, ilk səma ayinləri, yəni sufi rəqsləri XI yüzildə Anadolu ilə yanaşı, Qarabağ dağlarında da icra edilirmiş. O zaman bədii təfəkkürdə Qarabağ modelini yaradan amillərin sırasında və bəlkə də təməlində şamanizmin də əlamətlərini aramalıyıq. Bunu yuxarıda xatırlatdığım “Tanrı dağlarında” əsərində Əhməd Ağaoğlu etmişdi.

Ordakı Tanrı dağlarını Xəlil Rza Ulutürkün “Tanrılar panteonu” adlandırdığı Qarabağ dağları kimi oxusaq və bura bir də Seyid Nigarinin təsəvvüfünü əlavə etsək görün nə baş verir? Qarabağ dağlarındakı sufizm elementlərindən, yaxud şamanist cizgilərdən Ermitaja, yaxud Ermitajda saxlanılan Qarabağda toxunmuş 2500 yaşlı Pazırıq xalçasındakı oğuz elementlərinə yönəlmək də olar… Bu xalça və ondakı elementlər Qarabağın bir türk Vətəni olaraq daha qədim dövrlərdə, tarixin iskit-saka mərhələsində formalaşdığının əyani dəlilidir.

Xalça doğrudan da, əgər Ermitaj kartotekalarında, yaxud bukletlərində qeyd olunduğu kimi, Qarabağda toxunulubsa, elə bu xalçanın görünən elementləri “Türklər bu torpağın ilk sakinləridir” düşüncəsini isbatlamaq üçün yetərlidir. Bir daha təkrar edirəm, söhbət ən qədim sivilizasiya örnəklərindən olan 2500 yaşlı Pazırıq xalçasından gedir. Onun Qarabağda toxunulması və özündə sak-iskit dövrünün əlamətlərini, eləcə də türk-oğuz yaddaşının bütün tarixi mərhələlərini, naxışlarını bütövlükdə ehtiva etməsi və harmoniya ilə, rəmzlərlə dolu bu sənət abidəsinin Qarabağda yaradılması çox mətləblərə aydınlıq gətirir.

Və nəhayət, bu gün işığına toplaşdığımız Molla Pənah Vaqif. Onun “Görmədim” müxəmməsi tam cəsarətlə demək olar ki, Vaqifdən yüz il sonra Parisdə pərvəriş tapan dekadansın bütün cizgilərini özündə ehtiva edirdi. Milli poeziyamızda estetik qürub Vaqifin “Görmədim” müxəmməsi ilə başlayırdı. Və bu mənada Vaqif Azərbaycan ədəbiyyatının təkcə dil baxımından milliləşməsində deyil, estetikalar baxımından da dünyaviləşməsində ən həlledici rolu oynamış şairdir. Vaqifin, xüsusən, bu şeirindəki missiyası XVIII yüzildə modern ədəbiyyata doğru böyük bir sıçrayış oldu…

“Görmədim” müxəmməsində bir antitezis vardır:

Ey xoş onlar kim Məhəmməd Mustafanı sevdilər,

Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər,

Sidqü ixlas ilə pənc ali-əbanı sevdilər,

Çardəh məsumtək müşkülgüşanı sevdilər,

Dəxi onlardan gözəl yaxşı cəmaət görmədim.

Təəssüf ki, Vaqifin sovet dövrü nəşrlərində bu bənd ixtisar edilib. “Görmədim” müxəmməsi Firudin bəy Köçərlinin də, Salman Mümtazın da məlum kitablarında olduğu kimi verilsə də, bəlli səbəblərə görə Vaqifin nə 1968-ci il, nə də latın qrafikası ilə çap olunmuş son – 2004-cü il nəşrlərinə daxil edilməyib. Ümumiyyətlə, “Görmədim” müxəmməsi Vaqifin kitabxanalarımızda olan heç bir nəşrində bütöv görünmür, xatırlatdığımız bənd dediyim kimi, bütün kitablarda ixtisar edilib və bu günə qədər də bərpa edilmir. Bu mənada Şuşanın işğaldan azad edilməsi, Qarabağda yaranan yeni tarixi situasiya Vaqif külliyyatının yeni nəşrini də labüdləşdirir. Külliyyatın sovet dövrü nəşrlərindən ixtisar edilmiş bu misralar Vaqifin bərpa edilən məqbərəsi kimi, “Görmədim” müxəmməsinin tərkibində yenidən bərpa edilib tarixə və Azərbaycan xalqının yaddaşına təhvil verilməlidir. Vaqifin, ümumiyyətlə, türk ədəbiyyatının ilk dekadans şeiri – “Görmədim”in İkinci Qarabağ savaşından sonra yeni təhlili verilməlidir.

Biz təkcə Qarabağın işğaldan azad edilməsindən sonra deyil, ümumən, müstəqillik dövrümüzdə Şuşada keçirilən ilk elmi simpoziumun iştirakçılarıyıq. Bu simpoziumda iştirak etmək hər birimizin tərcümeyi-halını zənginləşdirir. Tərcümeyi-halımızı, ömür yolumuzu zənginləşdirdiyi üçün Heydər Əliyev Fonduna sonsuz şükranlarımız vardır.

2014-cü ildə Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubiley tədbirində məruzə edərkən demişdim ki, beş ildən sonra Hüseynzadənin ən yaxın dostu, “Yaxın Şərqdə avropalaşma hərəkatının ən səmimi ideoloqu” adlandırılan Əhməd Ağaoğlunun 150 yaşı tamam olacaq. Və onun da 150 illik yubileyini doğulduğu Şuşa şəhərində qeyd etməyi bizə nəsib etməsini Tanrıdan təmənna etmişdim. Bu gün biz tarixi möcüzələrin qoynundayıq… Nigari demişkən, cənnət ağacının kölgəsindəyik. Ağaoğlunun vətənindəyik. Şuşada böyük quruculuq işlərinin getdiyini gördük. Mən həm də bu şəhərdə bir behişt rayihəsi duydum. Əlbəttə, bu, Şuşaya müqəddəslik statusu verən şəhidlərimizin rayihəsidir. Şuşa başdan-başa məbəddir.

28 il əvvəl Azərbaycan Qarabağı itirəndə insanlarımızın yaddaşında Seyid Nigari nəqşəsi, şüurunda Ağaoğlunun “Səkkizguşəli Ana Kainat” fəlsəfəsi yox idi. Bu gün biz “Səkkizguşəli Ana Kainatımızın” bütövlüyünə və Qarabağa həm də qarabağlı Seyid Nigarinin düşüncə dünyası ilə bir yerdə qayıdırıq. “Kövsərü Tuba imiş çayi-çinari-Qarabağ…”

Ali Baş Komandan İlham Əliyev təkcə milli ordunu deyil, bütövlükdə milli təfəkkürü və milli hissiyyatı hərəkətə gətirib Qarabağı işğaldan azad etdi. Bu gün Şuşanı xilas edən dəmir yumruqla yanaşı, Vaqif məqbərəsi də Vətən müharibəmizin zəfər simvollarından birinə çevrilir…

Azərbaycan Respublikasının Prezidenti dünən Vaqif məqbərəsinin açılışında 1982-ci ili xatırladıb dedi ki, “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var”. Prezidentin bu sözləri mənim yadıma 59 yaş simvolikası ilə bağlı başqa bir məqamı saldı. Hüseyn Cavidin qızı Turan Cavid də Cavidin həyatında rəqəmlərin rəmzi və mistik bir yeri olduğuna inanırdı. Bir dəfə ondan bu mistik məqama nə üçün belə ürəkdən inandığını soruşdum. Cavab verdi ki, Cavid 59 yaşında vəfat edib. Sibirdəki qəbrinin nömrəsi də 59 idi. Ölüm aktı da 59 nömrəliydi. Məqbərədə Cavidlər 59 ildən sonra (1937-96) görüşdülər. Məqbərənin inşaya başladığı gün (3 iyun 1996) Cavidin düz 59 il əvvəl (3 iyun 1937) həbs olunduğu gündü. Cavid cib dəftərçəsinə başının ölçüsünü qeyd edib – 59. Maraqlıdır ki, bu yaxınlarda köhnə sənədlərimi araşdıranda tələbə biletimə rast gəldim – o da 59 nömrəliymiş. 1982-ci ildə Cavid vətənə gətiriləndə mən də, bu işin təşəbbüskarı Heydər Əliyev də – hər ikimiz 59 yaşındaydıq”.

Müqəddəs kitabımızda deyildiyi kimi, burda düşünüb ibrət alanlar üçün dəlillər vardır..

“Ədəbiyyat qəzeti”