Əhməd OĞUZ – 60
***
Baxdıqca fağır üzümə
Bu dünya doğur üzümə.
Gücüm yetmir öz-özümə,
Məndən nə umursan, sözüm?
Hər köhnə dərddən ötürü
Boynuna kəfən keçirib.
Uzaq bir kənddə oturub
Qabından yemirsən, sözüm.
Hamı öz varına toxdu,
Dünyanın üzü soyuqdu.
Qəlbimdən isti yer yoxdu –
Qəlbimdəcə dursan, sözüm.
Hörümçəktək tor bağlayıb,
İçim neçə dərd saxlayıb.
Çox vaxt yerinə çatmayıb
İçimdə sınırsan, sözüm.
Necə sınırsan, bilməzlər,
Üzünə də tüpürməzlər.
Mən ölsəm, yiyə durmazlar –
Sən cibdən çıxmırsan, sözüm.
Ana torpaq
Ana torpaq,
sən mənim saçlarımdasan,
əkinin əkilməyib hələ.
Gözlərimdəsən – nəmin çəkilməyib.
Qəlbimdəsən, ana torpaq,
qızılgülün açılmayıb hələ.
Hara getsəm, harda qalsam,
sənin səsin gəlir qulaqlarıma-
qırılan budağın, solan güllərin,
qarıyan otların ağrıdır məni.
Saçlarım qarası, gözüm qonuru,
baxtım, ana torpaq,
heç nə, heç nə ayırammaz bizi.
Bir payız günündə yoruldum, bəlkə,
bəlkə, qucağında yatmağım gəldi.
Yenə dar günündə
başından yığıb,
torpağından-daşından cücərəsiyəm.
Ya da, ya da
bir ipək ananın, bir gözəl qızın
ovcunda səmənitək göyərəsiyəm.
Ana torpaq, ana torpaq,
sənin çiçəyinəm, sənin otunam,
sənin ağacınam, sənin suyunam.
Atam, anam da aldadammaz məni-
sənin qismətinəm, sənin payınam.
***
Suyumuz başdan bulandı;
Kor olsun ayrılıqları.
Göz yaşıyla durularsa,
Durulsun ayrılıqları.
Nә çәkdim bu yaşa kimi,
İndi sevmәk peşә kimi.
Sal әlindәn şüşә kimi,
Qırılsın ayrılıqları.
Mәni yerimdәn oynatdı,
Oydu, içimi göynәtdi.
Yenidәn sevmәk öyrәtdi –
Var olsun ayrılıqları..
***
Şahlar şahı, qəbul eylə,
Mən divanə gəlmişəm.
Bu fanidən dərsim alıb
Qana-qana gəlmişəm.
Yeddi yerdə, doqquz göydə
Bir ilaha qul oldum-
Qızıl qurannan don geyib
Bu divana gəlmişəm.
Zəvvar olub zikr eylədim
Dünyanın cəfasını.
Kölgəsi məndən gen düşdü-
Sürmədim səfasını
Ömrümü yellərə verdim-
Bulmadım bahasını
Yeddi dindən dışqarıyam,
Bir imana gəlmişəm.
Əhməd Oğuz, əskik olmaz
Sən tək qulun xatası.
Dost əlindən şərbət deyin
İçdim əcəl badəsi
Urfum bacalar dolanır,
Cismimdə haqq nidası
Bir ölmüşdüm, bir dirildim
Bir də cana gəlmişəm.
İşığa uçan sözlər
M.Ə Sabirə
Kəndə axşam enir…
Dünya
Bir qərib nənniyə dönür:
Şanapipik səslərindən
Asıla qalıb yellənir.
Bir saz kimi köklənirəm
Alınıb bu səsə mən də,
Tanrı kimi təklənirəm
Hər belə axşam düşəndə.
…Bir budaq yaz verin mənə,
Qalan halal xoşlarıdı.
Şairlər də bu dünyanın
Şanapipik quşlarıdı.
Şanapipik quşlarıdı –
Özü özünü axtaran,
Ömrü uzunu axtaran…
Ölümün, ayrılıqların
O biri üzün axtaran.
…Oxuyur şanapipiklər
Bənövşə çağında göyün.
Uyuyun, dağlar.
Sürüb gedən şumlar,
Gümüşü damlar, uyuyun.
Üstünüzə bir Karvan gecəsi gəlir…
Məndən sonrakı günlərin
Qulağıma səsi gəlir:
Oxuyur şanapipiklər.
Hara gedirsiniz, dağlar?
Hara gedirsiniz, dağlar,
bu dəvə yerişi ilən?
Bu dəvə duruşu ilən
Hara gedirsiniz, dağlar?
Hardan gəlirsiniz, dağlar?
Hər axşam göyüzü “yetişəndə”,
əyilib, əyilib çiyninizə bitişəndə,
qoyun-quzu seçilən vaxtda,
Maral inək sağılan vaxtda
bir ulduz doğar baş ucunuzda…
Qoyun-quzu seçilər, yatar,
inəklər sağılar, yatar,
o evlər, barılar yatar,
anam da yorular yatar…
O ulduz yatmaq istəməz,
o ulduz batmaq istəməz,
o ulduz getmək istəməz…
Hər gün, hər gün
bax beləcə ulduz olub,
bapbalaca ulduz olub
yerinə, göyünə gələrəm,
anam iyinə gələrəm,
atam evinə gələrəm…
Qorxuram qərib ölərəm –
bu dəvə yerişi ilən,
bu dəvə duruşu ilən
hara gedirsiniz, dağlar?
Qürbət də çəkilməz dərd deyil
Axşamüstləri
dağların ardından buludlar qalxar,
buludlar qalxar, qərib könlüm toxdağı.
Heç kəsin, heç kimin ağlına gəlməz,
o qalxan buludlar
anamın əlindən sıyrılıb çıxar,
atamın üzündən burulub çıxar.
Heç kimsə bilməz,
axşamüstləri
bizim ocağın tüstüləri
uzaq dağlaracan ardınca gələr,
darıxma, ana,
evimizdən tüstü çıxsın,
ocağımız isti olsun –
qürbət də çəkilməz dərd deyil.
Erkən sevgi
Sevgi mənim ömrümə
On beşimdə gəlmişdi.
Qarğı kimi oynamışdı,
Yaz gücündə gəlmişdi.
Aylardan bal ayı idi,
Kəndimizin qonağıydı.
Belə qarabuğdayıydı…
…Görəndə qürub çağıydı.
Dünya qızıl boyanmışdı:
Gözümə günmü düşmüşdü?
İşıq, ağrı, güc… Nə işdi?! –
İçim dolmuşdu.
Ağaclar puçurlayırdı…
Məni əcəl hərləyirdi –
Yer göyə pıçıldayırdı,
Göy Yerə pıçıldayırdı:
Axşam bir xəbər bilmişdi.
Ot deyildim cücərəydim,
İçimi üzə çıxaraydım…
Çarəm yoxdu, qurtulaydım…
… Olan olmuşdu.
***
Səndən qalan son xatirəydi
yollarımızdakı ayaq tozların.
Bir getmək havası varmı
arxasında
gələn payızların.
Yer qalxar, süpürgə çəkər,
qatıb qabağına qovar,
sovurar ayağının tozunu.
Üzümə vurar tozun,
dolar gözlərimə, gözüm acışar.
Örtərəm əllərimlə üz-gözümü.
Qulağım cingildəyər –
hardasa bir danışan var sözümü…
“Ulduz”. 2021/Noyabr
Tural Adışirinin təqdimatında