Ev İctimai Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib

Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib

142

Polşanın Varşava Universitetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, eləcə də Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının və Türkiyə Respublikasının Polşa Respublikasında Səfirliklərinin birgə təşkilatçılığı ilə “Polşa və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans təşkil olunub.
Konfransı açıq elan edən Varşava Universitetinin Şərqşünaslıq Fakültəsinin dekanı Pyoter Taraça və Türk Elmləri Departamentinin başçısı A.Bareja-Starzynska Polşa və Türk Dünyası arasında tarixi bağlarlardan, tədbirin əhəmiyyətindən və Universitetin Türk mədəniyyətinin araşdırılması sahəsində fəaliyyətindən danışıblar.
Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Qazaxıstan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Alim Kirabayev və Türkiyə Respublikasının Polşa Respublikasında müvəqqəti işlər vəkili Çağdaş Bilgin təmsil etdikləri ölkələr və Polşa arasında əməkdaşlıq əlaqələrindən, Türk xalqları arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərindən, Türk xalqlarının biri birinə gələcəkdə daha da yaxınlaşmasının önəmindən bəhs ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Leyla Həsənova öz çıxışında son illər ərzində Türk dövlətləri və xalqları arasında inteqrasiya proseslərinin sürətləndirilməsi, birgə tarixin, mədəniyyətin və ortaq köklərin Türk Birliyinin əsasını təşkil etməsi, eləcə də Türk dəyərlərinin Polşada müzakirəsinin ənənəvi hala çevrilməsini qeyd edib. L.Həsənova Fondun çox əsirlik Türk mədəniyyətinin və irsinin Türk Dünyası və onun hüdudlarından kənarda qorunaraq təşviq edilməsi, müxtəlif Avropa ölkələrində, xüsusilə Polşa, Rumıniya və Litvada yaşayan türk kökənli xalqların zəngin irsinin qorunması və daha geniş auditoriyalara tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyət və beynəlxalq layihələrdən söz açıb.
Konfrans müxtəlif sessiyalar çərçivəsində keçirilən müzakirələrlə davam edib. Tədbirin sonunda Türk Dünyasının 2023-cü il üzrə Mədəniyyət Paytaxtı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinə həsr olunmuş sənədli film nümayiş olunub.