Ev Bədii Xəlil Rza Ulutürk: Yurdum, sənin sağlığına

Xəlil Rza Ulutürk: Yurdum, sənin sağlığına

336

Xəlil Rza Ulutürk
Xalq şairi

Yurdum, sənin sağlığına

Bir məclisdə unuduldum,
Mey içdilər hər gələnin sağlığına
Hər gedənin sağlığına.
Yaxasına qonduğumuz mavi gölün sağlığına,
Mey gətirən şux gözəlin sağlığına.
Güldandakı qızıl gülün sağlığına,
Xoş qədəmli ayın, ilin sağlığına

Unuduldum. Nə tutuldum, nə pərt oldum
Pıçıldadım öz-özümə – Xəlil sənin sağlığına!
Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!
Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
Qibtə etsin qoy dan yeri saçlarının təkəm-seyrək ağlığına,
Ey dost sənin sağlığına!

Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,
Basılmadın. Sarsılmadın.
Heç bir zaman qoltuqlara qısılmadın.
Şax yeridin öz yolunla, düz yolunla!
Mən heyranam sənin qaya dözümünə, dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni, könlüm sənin sağlığına!

Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,
Heç bir zaman xəstələnməz,
Ruhu enməz, əhdə sadiq, beyni yanar, qəlbi qaynar
Bir oğul var—Xəlil sənin sağlığına!

Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.
Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.
Sən elə bir yolçusan ki , məsləkindən dönməyin yox,
Tərif, çələng paylananda susmağın var, dinməyin yox.

Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
Cahanda beş oğul varsa, sənsən biri, Xəlil Rza!
Şeirimizin xoş taleyi, ağ baxtısan,
Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!

Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.
Elim-günüm, səsim-ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir, yurdum sənin sağlığına.

Oğlum Təbrizə

Qoy sənə doğulan günəş deyim ki,
Nurunla açılan al səhərəm mən.
Yeddi il yol gələn, a mənim ilkim,
Gəldiyin yollara gül düzərəm mən.

Özüm də bilmirəm nə işdir bu iş,
Yerdənmi, göydənmi tapmışam səni.
Bəlkə də səni heç tale verməmiş,
Taleyin əlindən qapmışam səni.

Sən – bu gün sevincim, qanadım-qolum,
Dünən ürəyimə dağ olmusan sən.
Heç ana bətninə düşməmiş, oğlum.
Bu ata könlümdə doğulmusan sən.

Özün də bilmirsən öz qiymətini,
Döyüş səngərimsən, qalamsan mənim.
Bir evin qeyb olmuş səadətini
Min evə qaytaran balamsan mənim.

Ən böyük sevincsən, ən müqəddəs qəm,
Məni od içinə atan Təbrizim.
Üzünə baxanda balam deyirəm,
Adını çəkəndə – atam Təbrizim.

Mən səni görəndə çırpınır qəlbim,
Deyirlər naşıyam, görməmişəm mən.
Alıram boynuma niyə gizlədim,
Sənin tək səadət görməmişəm mən.

Anan süd veribdir fəqət mən sənə.
Köksümdə közərən odu vermişəm.
Seçib milyon-milyon adlar içindən,
Dünyada ən gözəl adı vermişəm.

Sən – oğul, sən – igid, sən – ər oğlu ər!
İftixarla daşı sən öz adını.
Məğribə, məşriqə, aləmə göstər
Alnında gizlənmiş istedadını.

Bir səhər, bir günəş var mənzilimdə,
Qoy dünyalar bilsin nəçisən, kimsən.
Kiçik mənzilimdə, dar mənzilimdə
Sən ucsuz-bucaqsız məmləkətimsən.

Ey bala Təbrizim, gün o gün olsun
Ana Təbrizimə mən azad deyim,
Ustad Şəhriyarla görüşün olsun.
Təbrizi Təbrizə qol-qanad deyim.

Arzular könlümdə çeşmə-çeşmədir,
Arzular qoynunda boy atmış könül.
Səni arzum üçün, amalım üçün,
Səni döyüş üçün yaratmış könül.

Atanın ömrünə oğul yaraşıq,
Qoy bir nəfəs alım daha dərindən.
Mən öz Təbrizimlə bu gün yanaşı
Keçirəm Bakımın küçələrindən.

Bu gün yağış yağır… qorxma yağışdan!
Tufanda, şimşəkdə bərkisin canın.
Sən mənim balamsan, mən sənin atan
Biz bir cüt oğluyuq Azərbaycanın…

Eşitsəm gəlirsən

Eşitsəm gəlirsən, dönərəm yelə,
Öpərəm mübarək qədəmlərini.
İçərəm bənövşə kirpiklərindən
Asılan mirvari şəbnəmlərini,
Öpərəm mübarək qədəmlərini.

Eşitsəm gəlirsən, uçaram, inan,
Pənbə buludlarla qucaqlaşaram.
Açaram köksümü yeddi iqlimə.
Dəli çaylar kimi aşıb-daşaram.
Pənbə buludlarla qucaqlaşaram.

Elə bir gülsən ki, ömür bağımda
Səni nəfəsimlə bəsləmişəm mən,
Qönçə bağlaçısan göz qabağımda,
Səni dan yerindən səsləmişəm mən.
Səni nəfəsimlə bəsləmişəm mən.

Eşitsəm gəlirsən, çıxaram yola,
Bütün yollar boyu güllər əkərəm,
İkimiz bir qəlbdə yaşayaq deyə,
Sənə qəlbim boyda bir ev tikərəm,
Bütün yollar boyu güllər əkərəm.

Mən – evəm, sən mənim od-ocağımsan,
Bağbanam, sən mənim barlı bağımsan
Mən dağ bulağıyam, sən bulaqlı dağ,
Dünyadan ən böyük umacağımsan.

Ürəyim o qədər yanıqdır ki,
Az qala qanadlı bir quşa dönəm,
Sənin tellərinə düzülmək üçün,
Yağışa, zümrüdə, daş-qaşa dönəm.
Az qala qanadlı bir quşa dönəm.

Gurşadla, baharla, ya qatarla gəl!
Hər bir qədəmini könlüm izləyir.
Yüz-yüz, milyon-milyon dalğalarla gəl,
Səni sahildə bir qaya gözləyir,
Hər bir qədəmini könlüm izləyir…

Əyilmə

Qalsan belə susuz, ac,
Yavan çörəyə möhtac,
Boğazına ilan tək
Sarılsa da ehtiyac.

Ehtiyac ürəyini
Köksündən qoparsa da,
Odu, suyu, havanı,
Evindən aparsa da,

Ağız açma namərdə!
Ürəyində dərd, yaşa.
Sən insansan! Əyilmə!
Yoxsul yaşa.
Mərd Yaşa!!

Tural Adışirinin təqdimatında