Ev Bədii Yaddaşlarda yaxşı adın qalsa, bəs – Şeirlər

Yaddaşlarda yaxşı adın qalsa, bəs – Şeirlər

842

HƏSƏNBƏY QAYIB –

1968-ci ilin yanvar ayının 1-də Tacikistan Respublikasının Tursunzoda (Reqar) şəhərində anadan olub. Özbək, rus, alman və tacik dillərində bir çox şeir və nəsr kitabları nəşr edilmişdir. Tacik, rus və türk poeziyasının nümunələrini özbək dilinə tərcümə edərək kitab şəklində nəşr etdirmişdir. Özünü də şeirləri türk, rus, ingilis, alman, tacik, Azərbaycan, uyğur və qazax dillərinə tərcümə edilmişdir.

Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya və Qırğızıstanda keçirilən ədəbi festivallarda iştirak edib, diplom və sertifikatlara layiq görülmüşdür. Tacikistan Respublikası Mədəniyyət və Mətbuat nişanı və Tacikistan Respublikası Jurnalistlər Birliyinin “Tacik mətbuatının 100 illiyi” medalı ilə təltif edilmişdir.

Rus poeziyasındakı tərcümələrinə görə Rusiya Yazıçılar Birliyinin İvan Bunin mükafatına layiq görülüb. Orta Asiya mədəniyyəti və ədəbiyyatının dünyada tanıdılmasına və bölgədəki xalqların dostluğunun möhkəmlənməsinə verdiyi töhfələrə görə Orta Asiya Yazıçılar və Tarixçilər Birliyinin “Turan Birliyi” fəxri medalı ilə təltif edilmişdir. Rusiya Yazıçılar Akademiyasının, Çukurova Ədəbi Cəmiyyətinin və Tacikistan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Orta Asiya Yazıçılar və Tarixçilər Assosiasiyasının qurucularından biri həmdə Yazıçılar birliyi icraçı katibidir.

Vətən abad, xalq əbədi olsa, bəs

Babalardan eşitdiyim bir dua:
“Başın sakit, imanın tam olsa bəs”.
İnsanlara yaxşılığı gör rəva,
Allah! – söylə, sənə uğur gülsə, bəs.

Gör kimləri görüb gəlib bu dünya?
Qayğılara dolub gəlib bu dünya.
Gültək açıb, solub gəlib bu dünya,
Səndən ötrü şadlıqlarla dolsa, bəs.

Ömür nədir, ötəri bir nemətdir,
Amma onun dəyəri çox – qiymətdir.
Qədrini bil, ömür cansız dövlətdir,
Yaddaşlarda yaxşı adın qalsa, bəs.

Unutma sən öz dilini, elini,
Dayaq dur ki, Tanrı versin yolunu!
Duasın al, duaya aç əlini:
Vətən abad, xalq əbədi olsa, bəs.

Vətən

Vətən, mənim qəlbimdəki zarım özün,
Bu dünyada dövlətim, həm varım özün.
Hara getsəm, xətrin məni tərk eyləməz,
Yeganəsən, mənə həmdərd, yarım özün.

Hər zərrəni təvaf etdim üzüm üçün,
Hər nəyin var tütiyədr gözüm üçün.
Şükr edirəm çörəyinə, duzuna mən,
Vətən mənim ilham verən tarım özün.

Sən anamsan, layla deyib, ağ süd verən,
Sən atamsan, doğru yola təklif edən.
Sən dostumsan, ciyərimsən, birgə gedən,
Vətən, mənin sıradakı narım özün.

Sən ki varsan, mənə özgə bəxt nə gərək,
Sədaqətdən özgə mənə əhd nə gərək.
Bircə ovuc torpağın var, taxt nə gərək,
Vətən, mənim yüksəkdəki darım özün.

***
Adını qəlbimə nəqş eləmişəm,
Mən sənə özümü bəxş eləmişəm.
Səninçün gündüzlər mahnı oxuyub,
Gecələr gözümdən yaşlar tökmüşəm.

Yolunda müştaq həm, intizar idim,
Ən parlaq hisslərə həmdəm, yar idim.
Səmada olsa da tək Pərvərdigar,
Yerdə bir dən idin, bir də mən idim.

İndi sən uzaqda, gözəlcəmal qız,
Əzər ürəyimi ağrılı bir iz.
Ruhum səmalarda titrəməkdə məst,
Canım yer üzündə, gəzməkdə yalqız.

Haqq yolunu anlayan insanlara eşq olsun!

Birləşməyən el daim xar olar, təlaş olar,
Bu cür elin bağrı dağ, gözlərində yaş olar.
Belə elin balasının on beşi də baş olar,
El dərdini dinləyən oğlanlara eşq olsun!
Haqq yolunu anlayan insanlara eşq olsun!

Yüz ildə bir dünyaya gələr imiş dahi ad,
Ədalət olan yerdə könüllər də olar şad.
Ərlər rəhbərlik etsə vətən də olar abad,
El dərdini dinləyən oğlanlara eşq olsun!
Haqq yolunu anlayan insanlara eşq olsun!

Siz gəzən bu torpaqda böyüklərin izi var,
Arxanızca millətin min-min baxan gözü var.
Həsənbəyin ürəkdə sizə çatan sözü var:
El dərdini dinləyən oğlanlara eşq olsun!
Haqq yolunu anlayan insanlara eşq olsun!

Axşam həsrəti

Gündüz şama bələndi,
Səmada Ay göründü.
Belə gözəl axşamda
Tənhalığım bilindi.

Üz göstərdi ulduzlar –
Sevimli, gözəl qızlar.
Haradasan, ulduzum,
Qəlbim yolunu gözlər.

Axşam küləyi əsər,
Qovaq yarpağı gülər.
Həsrətdən yanan sinəm
Yarpaq olub tökülər.

***
Dincəlmədən ötər ömür,
Karvan içrə karvantək.
Anlar keçmədə bir-bir,
Ürəkdəki gümantək.

Gəzməkdəyik sərgərdan,
Xəyallar girdabında.
Gah qəmginik, gah xəndan,
Böyük günün yasında.

Heç kim olmadı üstün,
Yer özü yar şairə.
Sınıb gedərik bir gün,
Əbədi olan yerə.

***
Dincəlirəm, şeirə çevirib
Ürəyimin lərzələrini.
Tutub sətirlərə verirəm
Öz ömrümün ləhzələrini.

Ömür Tanrı verən əmanət,
Bir gün gələr onun da sonu.
Lakin əbədi yaşar ömrümün
Sətirlərdə əks olunan anı

Saxlamışam sənin ismini

Ümidlərimin gülləri soldu,
Uzun hicran gecələrində.
Dərdlərim ağactək bitdi,
Bağbanqışlaq küçələrində.

Gəlin olub aytək işıqlı
Özgə evin bürüdün nura.
Mən dərdimi dedim hər axşam
Sadiq dostum, köhnə çinara.

Gül ömrümün şən anlarına
Öz hökmünü göstərdi bəxti.
Babaqışlağın gur çaylarında
Almalarım su kimi axdı.

Cananların sevgi yolunda,
Ovutdum mən dəli cismimi
Lakin indi qəlbim duracaq
Saxlayacağam sənin ismini.

Azərbaycan dilinə uyğunlaşdıran:
Şahməmməd Dağlaroğlu