Ev Bədii Yadıma düşmə hər axşam – Şeirlər

Yadıma düşmə hər axşam – Şeirlər

127

Zərdüşt Şəfi – 35

***
Ruhuna salam ver
ruhuna salam –
başından ucadı,
saçından ağdı…
Bəlkə, meyvə verər çinar ağacı,
bəlkə, Afrikaya bir də qar yağdı…

Ruhuna salam ver,
Ruhuna salam –
sözümdən ağırdı,
gözümdən uzaq.
Tək qalıb yenə də bu Ayın altda
meşədə ulayır
tənha yalquzaq…

Ruhuna salam ver,
gözünü yum ver,
gözün gözlərinə sataşa bilər!
Farağat dayan ver –
ayağın əyri –
torpaq ayağına dolaşa bilər…

Ruhuna salam ver,
Ruhuna salam –
varsa da, yoxsa da, səndən qocadı!
Sən ey ucalıqdan yıxılan adam –
ruhundan düşmüsən,
Ruhun Ucadı…
04.09.2009

***
Bulud enibdi aşağı
adın duman qoyubdular…
Düzlər əyriylə kəsişib –
adın yaman qoyubdular…

Addım-addım biz gedirik,
qorxa-qorxa az gedirik…
Biri bizi gəlib keçir –
adın zaman qoyubdular…

Günah dolu içimizdə,
batdım artıq bu dənizdə.
Xilas çöpü önümüzdə –
Tanrı enibdi aşağı.
xilas olaq özümüzdən –
adın saman qoyubdular…
16.02. 2009

***
Bir məktub yazacam sənə
sənə heç vaxt çatmayacaq.
Yollayacam dönə-dönə:
yenə heç vaxt çatmayacaq.

İllərə gərib sinəni,
gözünü yola dikərsən:
əqrəblər elə dönəcək,
günə heç vaxt çatmayacaq…

Elə sevəcəksən məni,
dilində dua bitəcək.
Sevgin ibadət olacaq,
dinə heç vaxt çatmayacaq.
16.02.2010

***
Bir qonaq var qapınızda
açın, içəri keçəcək.
Evinizdə sevgi varsa –
bir müddət sizə köçəcək.

Bir sabah gözünü açıb
görərsən ki, qonaq yoxdu,
evinizdə sevgi yoxdu,
evinizdə ocaq yoxdu.

Sevgi adına bildiyin
nə varsa, dönüb zəhərə.
Deyirlər ki, bir yad gəlib,
ayrılıq salıb şəhərə.
30.12.2010

***
Hər küçənin tinində
bir evin divarı var.
Hər divarın dibində
bir adam məzarı var.

Hər məzarın içində
sümüklər varaq-varaq.
Həyatını saçında
saxlayıb daraq-daraq.

Daraq-daraq darayıb
küləklər sünbülləri.
Qəbrin üstə sünbüllər –
açıb ölüm gülləri.

Ot basır, yağış yuyur
evə söykənmiş qəbri.
Çölündə xarabalıq,
içində ölü səbri.

Məhbusdu bu qəbirdə,
açarıdı başdaşı.
Kilidinə düşməyib,
naşı düzəldib, naşı.

Dişlərini qıcayıb,
ölü gülmək istəyir.
Açın həyat qapısın –
o da girmək istəyir.

Yoxsa ki, bir ölüdü
bir divarın dibində.
Adamların önündə,
Allahının cibində.

***
Sən bir yaz günəşi başımın üstdə
mənsə dağ başına sığınmış qaram –
nə qədər isinsəm məhəbbətinə,
o qədər əriyib yoxa çıxaram.

Sonra dağ selisən, mənsə körpüyəm-
hücum çəkəcəksən dayaqlarıma…
Sən ki bu körpüdən keçməyəcəksən,
özüm yıxılacam ayaqlarına…

Belə qucaqlaşdıq biz iki düşmən:
nifrət və məhəbbət, barış və savaş…
Sən Günəşə döndün buxarlanaraq,
mən torpaq oluram, bax, yavaş-yavaş.

***
Bu axşamın gözü kordu,
Dili laldı- məni yordu…
Mən bir gecə yatmamışam…
Yadıma düşmə hər axşam…
Yadıma düşmə bu axşam-

Hər gecənin günahı var,
Hər gecənin sabahı var,
Mən çox günah qazanmışam…
Yadıma düşmə hər axşam…

Xatırlamaq asan deyil…
Bütün bildiklərim bitib,
İçimdə bir adam itib-
Hələ onu tapmamışam…

Yadıma düşmə bu axşam…
Yadıma düşmə hər axşam…

***
Sən ömrümün son günüsən-
Mən hər günə son demişəm…
Sənin məktubların rəsmi-
Mən həmişə sən demişəm…

Nə gecə-gündüzün lazım,
Mənə sənin üzün lazım-
Göndərdiyin mələkləri
sərçələrə dən demişəm..

Sənə gələnlər qayıtmır,
Bu son heç kimi oyatmır…
Hamı sənə yol alıbdı-
Mənsə sənə dön demişəm…

Tural Adışirinin təqdimatında