Ev Bədii Yeni nəfəs: Cəmil Cəmilbəyli (Şeirlər)

Yeni nəfəs: Cəmil Cəmilbəyli (Şeirlər)

409

***
Nə dünya biz deyəndi,
Nə dünya deyən olduq.
Allah deyən olmadıq,
Özümüz deyən olduq.

Bu təhərdə ki, olduq,
Olmağımız suç oldu.
Bu təhərdə, bu gündə
Qalmağımız suç oldu.

Belə olmaq dərddi, dərd,
Nətər olaq, nətər biz?!
Dünya bizdən betərmi,
Bizik ondan betər, biz.

Daha çəkmirəm də mən
çox, olmağın dərdini.
Həvəs də yoxdu, çəkəm,
Yox olmağın dərdini.

Dünya biz deyən olmur,
Xətrinə söz dəyəndi.
Allah deyən olacaq,
Hələ ki, biz deyəndi.

 

***
Heç bilmirəm, necəsən,
Heç bilmirəm, nəyini
Sevib bağlanmışam mən.
Heç oturub bir qismət
Çörək də kəsməmişik.
Limonlu çaydan içib,
Üç – dörd dənə söhbətin
Belin də qırmamışıq.

Heç bilmirəm, sən hansı
Mahnı üçün ölürsən?!
Bəlkə də mən sevməyən
Mahnıları sevirsən.

Bəlkə də sənin üçün
Yaşıl daha gözəldir,
Təbiəti anladır.
Mən qarışıq sevirəm,
Sən geyən paltarların
Rəngini xatırladır.

Heç bilmirəm, səhərlər
Sən nə yeyib – içirsən.
Bəlkə də hər gün səhər
Qorxulu yol keçirsən,
Keçib dərsə gedirsən?!

Bəlkə də arzuların
Sevgimdən də böyükdür.
Bəlkə sən çəkdiklərin
Çəkdiyimdən böyükdür?!

Bax görürsən, qalmışam
Düşüncələr içində.
Əgər adı eşqdirsə,
Eşq olmaz bu biçimdə.

Beləcə, heç bilmirəm
Səni niyə sevmişəm,
Bəlkə də heç sevmirəm,
Rəngini bəyənmişəm
Paltarının, telinin.
Bəlkə də əllərinin
Həsrətiylə yumulur
Barmaqları əlimin?!

 

***
Qəribəsən, həm də çox,
Xətrinə də dəyməsin,
Qəlbini rahat burax,
Göynədikcə göynəsin.

Bilirəm ki, xəyalın,
Havadadı bu saat.
Ağlınla ürəyin də,
Davadadı bu saat.

Bilirəm ki, bu axşam,
Yenə qəlbin qəm çəkir.
Gözlərindən yaş düşür,
Yastığın da nəm çəkir.

Bilirəm, nə gündəsən,
Həm dəlisən, həm axmaq.
Belə olur, bilirəm,
Belə olur darıxmaq.

 

***
Məndən keçib sənə dəyməz,
Qaçma bu daşdan, qadası.
Hələ çox daş görəcəksən,
Qorxma bu başdan, qadası.

Yıxılırsan, dizin dəyir,
Yaralayır qollarını.
Bir gün üst – üstə yığılıb,
Kəsə bilər yollarını.

Özü dəymir sənə hələ,
Keçir balacalığına.
Bir gün böyüyür hər uşaq,
Keçəmmir qocalığına.

Dara düşsən, çağır məni,
Gorda da olsam, gələrəm.
Cənnətdə, ya cəhənnəmdə,
Harda da olsam, gələrəm.

Bir gün bağlasa yolunu,
Məni gözlə yaşa, balam.
Kəllə vurub dağıdaram,
Öyrəşmişəm daşa, balam

 

***
Nə bədbəxt, nə yazıq ağacsan belə,
Ay bu boz şəhərin sarı ağacı.
Bu mavi səhərin, siyah gecənin,
Yarı dərd yığını, yarı ağacı.

Əvvəlin yüz sığal, yüz öpüş görüb,
Sonun bir qırışmış əlin əsası.
Kölgən gedənlərin son görüş yeri,
Gövdən qalanların yazı masası.

Bilirəm, bu soyuq üşüdür səni,
Bilirəm, çiçəkli bahara acsan.
Bir ovuc solası yarpaqdan ötrü,
Daha bu payızı söymə, ağacsan.

Varsan, varlığına min dəfə şükür,
Çox da ki, başına döyür yağış, qar.
Bu payız günündə üşüyən ağac,
Bir qış sobasında kül olmaq da var.

 

***
Hamınız yaxşısınız, yaxşısınız, adamlar,
Qızlarınız çiçəkdir, oğlunuzsa qəhrəman.
Sizə xoşbəxtlik gərək, sevgiyə layiqsiniz,
Təki gülüş boy atsın üzünüzdə hər zaman.

Dünyanın tərs vaxtında düz olmağı bacarmaq,
Hər kişinin işi yox, ər kişinin işidir.
Ada layiq kişilər, sana layiq kişilər,
Yəqin köhnə kişilər səsinizi eşidir.

Gül açan üzlər görüm, işıq saçan bənizlər,
Solmasın heç simanız qəm əlindən, qadınlar.
Gözlərinizdən almış öz rəngini dənizlər,
İstəmərəm yorula nəm əlindən, qadınlar.

Xoşbəxtliyin rəssamı, bəstəkarı, şairi,
Bir ailənin sevinci sizsiz, əziz körpələr.
Ömür şorsuz qoğaldı, yaşamaq duzsuz çörək,
Məhəbbət bir nağıldır sizsiz, əziz körpələr.

Hamınız yaxşısınız, yaxşısınız dünyada,
Hamınız gül – çiçəksiz, arzumdur solmayasız.
Dərdi başına vuran xəstə ürəklər kimi,
Qəmli buludlar kimi boşalıb – dolmayasız.

Özümü bilmirəm heç, bilmirəm ki, necəyəm,
Ya kövrəyəm, ya da ki, büsbütünlü hirs, atam.
Kimsə mənə dedi ki, bir gözəl ürəyim var,
Kimsə mənə dedi ki, pis adamam, pis adam.

Xoşbəxt ailə tablosu…

Nəfəsini qulağıma pıçıldar bu küləklər,
Bir salam deyər mənə keçdiyin yol adından.
Bütün kədərlər keçər, bütün qəhərlər keçər,
Dünya dağılsa belə keçmədiyim qadından.

Ölər bir payız günü, məni ayaqda tutan,
O kövrəlmiş ümidlər, o tükənmiş ümidlər.
Unudular xatirə, yaddan çıxar ötən gün,
Belədir də sevgilim, unudanlar siləllər.

Sənə gələn yolların sonunda bir qız durar,
Sevgilisin gözləyər bizim görüş yerində.
Soyumuş dodağında təzə közərti gördüm,
Başqa ləkələr gəzir köhnə öpüş yerində.

Dəyişsən, nə qoyardın ayrılığın adını,
Mənə çox uzun gəlir, dərd deyək, qısa olsun.
Gəl köçək bu şəhərdən ayrı diyarlara biz,
Sənə çətin gəlməsin, mənə də asan olsun.

Bu şəhər tez unudar ölən sevgilərini,
Bir gün şeirlərim də oxunmağa nazlanar.
Mənə anam qız tapar, səni atan köçürdər,
Xoşbəxt ailə taplosu divarlarda tozlanar.

Tural Adışirinin təqdimatında