Ev Araşdırma Ədəbiyyatşünas, dosent Xatirə Yusifova ilə “Füzulinin “Türk Divan”ının nəşri problemləri” mövzusunda söhbət

Ədəbiyyatşünas, dosent Xatirə Yusifova ilə “Füzulinin “Türk Divan”ının nəşri problemləri” mövzusunda söhbət

141

– Füzuli “Divan”ının elmi-tənqidi nəşrinin hazırlanması hansı zərurətdən irəli gəlib?

– Orta əsrlər klassik ədəbi irsin öyrənilməsində, tanınmasında bir-birini tamamlayan iki tərəf vardır: bunlardan birincisi ədəbi əsərlərin mətninin nəşri, ikincisi isə onların elmi təhlilidir. Yazılı abidələrin elmi-tənqidi mətnlərinin hazırlanmasından öncə, tədqiqatçılar klassik əsərlərin müxtəlif mötəbər və əski çapları üzərində işləyirdilər. Ancaq eyni əsərin çoxsaylı nüsxələri tutuşdurularkən burada ciddi nüsxə fərqləri, ixtisarlar, artırmalar, qüsurlar, təhriflər ortaya çıxdı. Ona görə orijinala uyğun daha mükəmməl və düzgün mətnin hazırlanması zərurəti yarandı. Maraqlı haldır ki, məşhur əsərlərin mətninin bərpası daha mürəkkəbdir, belə ki, onların müxtəlif dövrlərdə köçürülmüş əlyazma nüsxələri daha çoxdur. Məhəmməd Füzulinin əsərləri və xüsusilə türkcə “Divan”ı məşhur olduğundan onun əlyazma nüsxələri geniş yayılmışdır. Füzuli əsərlərinin, xüsusilə şairin türkcə “Divan”ının elmi-tənqidi mətninin tərtibi filoloqların qarşısında mühüm vəzifə kimi durmuşdur. Qeyd etmək olar ki, füzulişünaslar bu sahədə uğurlu addımlar atmış və müxtəlif ölkələrdə həmin əsərin elmi-tənqidi mətnlərini nəşr etdirmişlər. Onu da qeyd edək ki, Füzulinin türkcə “Divan”ının ilk elmi-tənqidi mətni 1944-cü ildə, mərhum akademik Həmid Araslı tərəfindən nəşr olunmuşdur. Həmin nəşrdən sonra günümüzə qədər Füzuli divanının elmi-tənqidi mətni müxtəlif alimlər tərəfindən, bir neçə dəfə çap edilmişdir. Təbiidir ki, bunlar füzulişünaslıqda mühüm xidmət kimi dəyərləndirilir. Ancaq həmin nəşrlər Füzuli “Divan”ının mətni üzərində son nöqtə demək deyildir. Bu mənada, çap olunmuş elmi-tənqidi mətnlərin birinin müqayisəsi sözügedən mövzu üzrə müəyyən problemlərin olduğunu nəzərə çatdırır. Eyni zamanda, bunların arxasında hansının Füzulinin mətninə daha yaxın olduğunu müəyyən etmək olduqca mühüm məsələdir. O da məlumdur ki, tənqidi mətnləri hazırlayarkən hər bir müəllif öz filoloji savadı və söykəndiyi nüsxələrə, əsaslanaraq müəyyən tərtib prinsipləri irəli sürmüş və Füzuli “Divan”ının müxtəlif elmi-tənqidi mətnlərini ərsəyə gətirmişlər. Fərqli nüsxələr, fərqli tərtib prinsipləri və fərqli yanaşmalar nəticə etibarilə Füzuli divanının müxtəlif elmi-tənqidi mətnlərinin ortaya çıxmasına səbəb olmuşdur. Sözsüz ki, bütün bu məsələlər Füzulinin türkcə “Divan”ının elmi-tənqidi nəşrlərinin öyrənilməsi zərurətini bir daha ortaya qoyur.

– Tədqiqatda Füzuli “Divan”ının nəşr olunmuş digər elmi-tənqidi mətnlərinin müqayisəsi aparılıb desək, nə dərəcədə doğrudur və hansı tədqiqatçıların yazıları ilə müqayisələriniz var?

– Tədqiqatda Füzuli “Divan”ının nəşr olunmuş elmi-tənqidi mətnlərinin fərqli və oxşar cəhətləri araşdırılır və burada əsas diqqət ilk növbədə Bakıda çap olunmuş 1958-ci il Həmid Araslı və 1996-cı il Hacı Mail nəşrlərinə yönəldilir. İndiyə qədər isə Füzuli “Divan”ının bir sıra nəşrləri diqqəti cəlb edir. Bunlara Füzulinin əsərləri, I cild (Bakı 1944, redaktoru: Həmid Araslı), Füzulinin “Divan”ının 1948 – ci il İstanbul nəşri (hazırlayan: Əbdülbaqi Gölpınarlı), Füzulinin “Divan”ının 1958 – ci il İstanbul nəşri (hazırlayan: Əli Nihad Tərlan), Məhəmməd Füzulinin əsərləri, I cild (Bakı 1958, tərtib edəni və redaktoru: professor Həmid Araslı), Füzulinin türkcə “Divan”ı (Ankara 1958, tərtib edənlər: prof. Kənan Akyüz, dr.Sədin Yüksəl, dr. Müjgan Cumbur, Süheyl Beken), Füzulinin “Divan”ı (Ankara, 1990, Akçağ nəşri), Məhəmməd Füzulinin “Divan”ı (Bakı, 1996, elmi-tənqidi mətnin tərtibi və müqəddimə: Hacı Mail Əliyev) və Füzulinin türkcə “Divan”ı (Tehran, 1996, tərtib edən: Əmin Sədiqi) nəşrlərini aid edə bilərik.

Azərbaycanda Həmid Araslı Füzuli divanını iki dəfə nəşr etmişdir. Mail Əliyev isə ilk dəfə olaraq mətni orijinalda, yəni ərəb əlifbası ilə hazırlamışdır. İranda isə Əmin Sədiqinin hazırladığı mətn həm ərəb, həm rus, həm də latın qrafikası ilə çap olunmuşdur. Füzuli “Divan”ının tənqidi mətni ən çox, yəni 4 dəfə Türkiyədə nəşr edilmişdir. Məlumdur ki, bu nəşrlərin hər birinin öz məziyyətləri vardır. Bununla belə zaman-zaman oxucular və elmi ictimaiyyət onları heç də bir mənalı qarşılamamışdır. Yəni bu nəşrlərə tənqidi münasibətin olması təbii bir haldır. Klassik mətnlərin dəfələrlə nəşri, onlar üzərində düzəlişlər müasir filologiyada davamlı bir proses kimi qəbul edilir.

– Niyə Füzuli “Divan”ının elmi-tənqidi mətnlərini hazırlayan xarici ölkələrin tərtibçiləri Həmid Araslının hazırladığı elmi-tənqidi mətndən istifadə edib? Onu digər elmi-tənqidi mətnlərdən fərqləndirən məqamlar nədən ibarətdir?

– Bu qarşılıqlıdır. Azərbaycanlı alimlər Füzuli “Divan”ının İran və Türkiyədə nəşr olunmuş elmi-tənqidi mətnlərinə də münasibət bildirmişlər və bu münasibət mətnlərin çap olunduğu zamandan başlanmışdır. Demək olar ki, bu elmi münasibətin əsasını ilk dəfə görkəmli ədəbiyyatşünas-mətnşünas alim Həmid Araslı qoymuşdur. Həmid Araslı hələ 1958-ci ildə çap etdirdiyi Füzuli “Divan”ının ən qədim əlyazması olan Bakı nüsxəsinin foto-surətinin çapına yazdığı ön sözdə və 1958-ci ildə çap olunmuş Füzuli əsərlərinin I cildinə yazdığı ön sözdə Əbdülbaqı Gölpınarlı və Əli Nihad Tərlanın çaplarına münasibət bildirmişdir. Bu yazılarda Əbdülbaqı Gölpınarlı və Əli Nihad Tərlan çaplarının mənbələri təhlil edilmiş, elmi-tənqidi mətnlər tekstoloji və filoloji yöndən araşdırılmaya cəlb edilmişdir. Azərbaycan alimləri tərəfindən İran və Türkiyədə çap olunmuş Füzulinin türkcə “Divan”ının elmi-tənqidi mətnlərinə münasibət son onilliklərdə də davam etmişdir. Vaqif Aslanov və Samət Əlizadə qonşu ölkələrdə Füzuli elmi-tənqidi mətnlərinin çaplarını izləyərək maraqlı elmi mülahizələr irəli sürmüşlər. Məsələn, professor Vaqif Aslanov 1990-cı ildə Ankarada 1958-ci il Füzuli “Divan”ının Kənan Akyüz tərəfindən çap edilmiş mətninə böyük bir məqalə həsr etmiş, həmin çapı dəyərləndirməklə bərabər, eyni zamanda, Akçağın də bir naşir kimi fəaliyyətini yüksək qiymətləndirmişdir. Professor Samət Əlizadə isə Füzuli “Divan”ının Tehranda 1996-cı ildə Əmin Sədiqi tərəfindən çap olunmuş yeni elmi-tənqidi mətninə münasibət bildirmiş, müsbət və nöqsanlı tərəflərini dəyərləndirmişdir . Həmin nəşr barədə başqa azərbaycanlı mütəxəssislər də fikir söyləmişlər. Qeyd edək ki, xarici ölkələrdə, istər Türkiyə və istərsə də İranda Füzuli “Divan”ının elmi-tənqidi mətnlərini hazırlayan zaman bu alimlər Azərbaycan alimlərinin hazırladıqları elmi-tənqidi mətnlər və elmi mənbələrdən, əsasən akademik Həmid Araslının hazırladığı elmi-tənqidi mətndən və söykəndiyi əlyazma nüsxələrindən, həmçinin Füzuli divanının ən qədim Bakı nüsxəsindən geniş şəkildə istifadə etmişlər. Təqdirəlayiq haldır ki, istər azərbaycanlı alimlər və istərsə də qonşu ölkələrdə, ömrünün müəyyən hissəsini füzulişünaslığa həsr edən müəlliflər tərtib edilən tənqidi mətnlərdə mövcud olan qüsurları göstərməklə bərabər, bir-birlərinin xidmətlərini qədirdanlıqla qeyd etmiş, hər bir mətnə hörmətlə yanaşmışlar.

– Azərbaycanda divan ədəbiyyatının yaranıb, inkişaf etdiyi dövrdə digər “Divan” yazanlardan Füzulinin “Divan” yaradıcılığı xüsusilə türk “Divan”ının hansı xüsusiyyətləri ilə fərqləndirə bilərik?

– Orta əsrlər Şərq poyeziyasının mühüm bir qismini divan ədəbiyyatı təşkil edir. Sovetlər zamanı ədəbiyyatşünaslıq elmində bu məfhum demək olar ki, işlənməmiş, daha çox rus-Avropa termini olan lirika sözündən istifadə edilmişdir. Zənnimizcə divan ədəbiyyatı məfhumu daha uyğun olmaqla yanaşı onun əhatə dairəsi də lirikadan çox genişdir. Divan adı ilə tanınan şeirlər toplusuna bir sıra məşhur şeir növləri daxildir: qəzəllər, qəsidələr, rübailər, tərcibənd, tərkibbənd, mürəbbe, müxəmməs, müstəzad, qitə və s. Füzulinin türkcə “Divan”ı şairin qəzəlləri tərcibənd, tərkibbənd, mürəbbe, qitə, rübailər və s-ni ehtiva edir. Maraqlıdır ki, şairin türkcə “Divan”ının əksər əlyazma nüsxələrində şairin qəsidələri yer almır. Lakin buna baxmayaraq, Füzuli “Divan”ının bəzi müasir çaplarına şairin qəsidələri də daxil edilmişdir. Bu mənada, şairin ayrı-ayrı janrlarda yazılmış əsərlərinin öyrənilməsi diqqətdən kənarda qalmamalıdır. Bu baxımdan V.Feyzullayevanın “Füzulinin qəsidələri” , R. Cümşüdlünün “Füzulinin ərəbcə divanı” , E.Babayevanın “Füzulinin rübailəri” adlı əsərləri diqqəti cəlb edir. Ancaq şairin divanı bütöv bir tam kimi götürülməlidir. Füzuli yaradıcılığı elə bir ədəbi məktəbdir ki, özündən sonra yüzlərlə şairi öz təsir dairəsinə salmış, onların poeziya yolunu işıqlandırmışdır. Bu təsir dairəsi özünü divan yaradıcılığı sahəsində daha çox büruzə vermişdi.

– Nöqsanları 6 qrup üzrə təqdim etmisiniz. Hazırda bu nöqsanlar nəşrlər zamanı aradan qaldırıldımı? Bəzi nəşrlərdə yer almayan beytlər yeni nəşrlərə salındımı? Fikrinizə, salınmalıdır?

– H.Araslı çapında olan bu tip qüsurların daha bir neçəsini göstərmək olar. Lakin bizə elə gəlir ki, göstərdiyimiz bu növ nöqsanlar vəziyyət barədə tam təsəvvür yarada bilir. Birincisi nüsxə fərqi var, lakin qeyd olunmur. İkincisi nüsxə fərqi yoxdur, lakin eyni söz və ya ifadə nüsxə fərqi kimi verilir. Üçüncüsü bir neçə mənbədə olan eyni nüsxə fərqi bir nüsxə üzrə qeyd olunmur. Dördüncüsü bir əlyazmaya aid nüsxə fərqi yanlış olaraq başqa nüsxə üçün qeyd olunur. Beşincisi nüsxə fərqi kimi göstərilən söz və ya ifadələr yanlış verilir, yaxud təhrif olunur. Sonuncusu isə nüsxə fərqi həm səhv gedir, həm də göstərilmir.

Qeyd edildiyi kimi, 1958-ci il Həmid Araslı çapının əsasında ən qədim nüsxə kimi Bakıda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda olan M-236 şifrəsi altında qorunan Bakı nüsxəsi dayanır. Elmi-tənqidi mətni hazırlayarkən şairin həqiqi dil ehtiyatını müəyyənləşdirmək üçün həmin nüsxə əsas sayılır. Ümumiyyətlə, nəşrə hazırlanan mətn müəyyən və ardıcıl elmi prinsiplər əsasında qurulmalı, ədəbi dil və üslub xüsusiyyətləri mühafizə edilməli, orfoqrafiyada tarixilik prinsipi gözlənilməlidir. Tərtib edilən mətn gərək mətnin qədimliyinə xələl gətirməsin, əksinə onun qədimliyini qorusun. Xüsusilə, söz sənətində zəngin məna aləmi yaradan Füzulinin anadilli “Divan”ının elmi-tənqidi mətnini hazırlarkən daha həssas, diqqətli olmaq gərəkdir. Təbii ki, əgər müəllif nüsxəsi əlimizdə yoxdursa, sonradan hazırlanan mətn heç vaxt orijinalla tam eyniyyət təşkil edə bilməz, tərtib olunmuş mətn orijinala yaxın və yaxud uzaq ola bilər. Ümumiyyətlə, elmi-tənqidi mətnin tərtibi zamanı klassik poeziyada nəyisə atmaq, əvəzləmək, artırmaq mənanı alt-üst etmək deməkdir. Burada diqqəti cəlb edən mühüm problemlərdən biri ərəb qrafikası ilə qələmə alınmış türkdilli klassik poeziyanın müasir əlifba ilə verilməsidir. Məsələni mürəkkəbləşdirən əsas məqamlardan biri klassik leksikonda işlənən söz və söz birləşmələrinin düzgün orfoqrafiya, transkripsiya və transliterasiya prinsipləri ilə müasir qrafika ilə ifadəsidir. Avropa, Rusiya və Türkiyədə həmin problem çoxdan öz həllini tapsa da, Azərbaycanda hələ də hər bir tərtibçi ərəb qrafikalı mətni öz istədiyi kimi çevirir. Məsələnin ciddiliyi son zamanlar mütəxəssislərin diqqət mərkəzində yerləşir. Bu baxımdan 1958-ci ildə Həmid Araslı tərəfindən çap olunmuş “Divan”ının elmi-tənqidi mətnində bir sıra nöqsanlara rast gəlmək olur. Öncə onu qeyd edək ki, tərtibçi istər “Ən qədim və mükəmməl Füzuli divanı və onun nəşri” məqaləsində , istərsə də Füzuli əsərlərinin I cildinə yazdığı ön sözdə M-236 (Bakı nüsxəsi) nüsxəsini “ən qədim”, “mükəmməl”, “düzgün”, “ən nadir” nüsxə kimi qiymətləndirməsinə baxmayaraq, kitabın “nüsxə fərqləri” hissəsində sözü gedən nüsxəni bir neçə dəfə əlavə mənbə kimi göstərmişdir. Doğrudur, əgər hər hansısa söz katib səhvi üzündən məna təhrifi əmələ gətirirsə və mətndə səhvə yol verilirsə, tərtibçinin qədim nüsxəni təshih etməyə ixtiyarı var. Amma tərtib edilən mətndə ümumi prinsip yoxdursa, sözlər düzgün oxunmursa, tarixilik prinsipi qorunmursa, təbii ki, bu kimi hallar qüsur sayılır. Təshih adı ilə hər hərfin, hər sözün təhrif edilməsi tarixi poetikanın, tarixi anlayışların təhrif olunmasına səbəb olur. Beləliklə, 1958-ci il Həmid Araslı nəşrinin bir neçə nüsxə əsasında elmi-tənqidi mətn kimi çapa hazırlanmasına baxmayaraq, Bakı nüsxəsi onun mətnində qədim nüsxə kimi həlledici və əsas kimi götürülür.1958-ci il nəşri transkripsiya baxımından “dəqiq transkripsiya” növünə aid edilir. Bu növ adətən əsərlərin elm, tədris, lüğətçilik məqsədilə nəşrə hazırlanması zamanı istifadə olunur. Dəqiq transkripsiya zamanı mənbənin orijinallığı mühafizə edilməli, yazıçının dil, üslub xüsusiyyətləri qorunmalı, katib səhvləri üzə çıxarılmalıdır. Əgər bunlar gözlənilmirsə və, əlyazma üzərində müasirləşdirmə aparılırsa, dil tarixi, nitq mədəniyyəti normaları haqqında doğru, dürüst təsəvvür əldə edilə bilməz. Tərtibatçının ən əsas vəzifələrindən biri mətni transliterasiya edərkən mənbənin dil faktlarını diqqətlə izləməkdir. Təəssüf ki, 1958-ci il Həmid Araslı nəşrində transliterasiya prosesində tərtibçi istər-istəməz müasirləşdirməyə meyilli olmuşdur. Əgər Türkiyə nəşrlərində Türkiyə türkcəsinə üstünlük verilərək müəllif mətninə xələl yetirilibsə, 1958-ci il Bakı nəşrində mətn nəşrində də hərf, söz, cümlə baxımından müasirləşdirilərək müəllif mətninə xələl dəymişdir. Belə hallarda dil tarixi üçün əhəmiyyətli olan xüsusiyyətlər nəzərdən silinmiş, bəzən isə məna pozulmuşdur. Elə sözlər var ki, məna təhrifi əmələ gətirməsə də, bu hal orta əsrlərdə işlənən sözlərin yeni sözlərlə əvəz etməyə haqq vermir. Hər halda transliterasiya zamanı Azərbaycan dilinin səciyyəvi tarixi xüsusiyyətləri qorunmalı idi. Demək olar ki, bütün qəzəllərdə hərf fərqləri mövcuddur. Çox sözlərdə hərf dəyişmələri və yaxud əksilmələri nəzərə çarpır. Məsələn: “d”- “t”, “b”-“m” və ya əksər hallarda söz önündə gə-lən “y” hərfinin düşməsi kimi hallar diqqəti cəlb edir. Müasir ədəbi dilimizdə “ğ” hərfi ilə başlanan söz olmadığından tərtibçi abidədə olan əksər “ğ” ilə başlanan sözləri “q” ilə vermişdir: ğəm, ğərib, ğaib, ğeyr, ğafil, ğarət və s. Səhv olaraq qəm, qərib, qeyr, qafil, qarət kimi verilmişdir. Həmçinin söz sonunda gələn “q” hərfini “x” ilə əvəz etmişdir. Yox, ox, çox və s. Yoq, oq, çoq kimi getməli idi və s.

– “Divan” larla bağlı kifayət qədər nüsxələr əldə olunub bəs, sizcə, bütün nüsxələri onlardan ibarətdirmi, yoxsa hələ də qaranlıq qalan yazılar tapıla bilər?

– Ümumi say baxımından Füzulinin türkcə “Divan”ının elmi-tənqidi mətni 8 dəfə nəşr olunsada, əslində ortada 6 mətn vardır. Belə ki, 1990-cı illərdə Ankarada naşir Akçağ tərəfindən çap olunan divan əslində 1958-ci ildə Kənan Akyüz tərəfindən çap olunmuş nəşrin təkrarıdır. Azərbaycanda isə Həmid Araslı ilk dəfə 1944-ci ildə nəşr etdiyi mətnin üzərində yenidən, işləyərək onu 1958-ci ildə çap etmişdir. Bu mənada, Füzulinin türkcə “Divan”ının elmi-tənqidi mətni indiyə qədər iki azərbaycanlı alim üç, türk alimləri tərəfindən dörd və bir dəfə də İran alimi tərəfindən hazırlanmışdır. Təbii ki, bu nəşrlərin əsasında dayanan əlyazma nüsxələri müxtəlifdir. Tənqidi mətn hazırlanarkən Füzuli divanının dünyanın müxtəlif kitabxanalarında – Bakı, Türkiyə, İran, Rusiya, Orta Asiya, Avropa kitabxanalarında saxlanılan əlyazma nüsxələrindən istifadə edilmişdir. Lakin bu nəşrlərin hər birinin əlyazma nüsxələri baxımından özünəməxsus xüsusiyyətləri də vardır. Belə ki, İran nəşri əsasən divanın İran İslam Respublikasında qorunan nüsxələrini, Türkiyə nəşri Türkiyə Respublikasında olan nüsxələri, Bakı nəşrləri isə Bakı, Rusiya, Orta Asiya qaynaqlarını ehtiva edir. Bununla yanaşı, elmi-tənqidi mətni hazırlayan müəlliflər özlərindən əvvəlki nəşrlərlə də tanış olmuşlar. Ancaq ilkin müşahidələr göstərir ki, bu tanışlığa baxmayaraq həmin mətnlər bəzi epizodik hallar istisna olmaqla, diqqətlə tutuşdurulmamışdır. Belə olsaydı, son nəşrlərdə xətalar az olardı.

– Tədqiqatınızın yeniliyi nədən ibarətdir?

– Bu araşdırmada bizim əsas məqsədimiz Füzulinin türkcə “Divan”ının elmi-tənqidi mətnləri barədə ümumi elmi mənzərə yaratmaq, eyni zamanda Azərbaycanda H.Araslı və M.Əliyev tərəfindən hazırlanan nəşrlərin uğurları ilə yanaşı, problemləri barədə öz qənaətimizi ortaya qoymaqdır. Burada M.Əliyevin hazırladığı mətnin əsas səciyyəsi ondan ibarətdir ki, onun yazılışında orijinal ərəb qrafikası işlənmişdir. Bütövlükdə isə götürsək, Füzuli divanının elmi-tənqidi mətnlərinin nəşri ilə bağlı problemləri belə ümumiləşdirmək olar: Əvvəla, Füzuli divanına, Füzuli şerlərinin mətninə filoloji baxımdan yenidən nəzər salmaq, onun dil-üslub və poetik özəlliklərini dərindən bilməklə mətni təshih etmək lazımdır, ikinci bir məsələ, Füzuli sözünə müxtəlif elmi yönlərdən işıq salmaq, onun sözünü orta əsrlərə xas məzmun xüsusiyyətləri bucağından təhlil etməklə mətni düzgün şəkildə islah etmək olur və nəhayət, təkcə bir nüsxə deyil, dünya kitabxanalarından mövcud olan bir neçə mötəbər nüsxəyə əsaslanmaqla və çaplar arasında müqayisəli təhlil aparmaqla Füzuli divanının daha mükəmməl elmi-tənqidi mətnini hazırlamaq olar.

Füzulinin türkcə “Divan”ının elmi-tənqidi mətnlərində nəzərə çarpan problemlərdən biri burada qanun-qaydaya alınmış yazı prinsiplərinin yoxluğudur. Bu problem ümumiyyətlə, Azərbaycanda gerçəkləşən bütün klassik mətnlərin müasir qrafika üzrə nəşrinə şamil edilir. Bu mövzu ilə bağlı başqa bir problem mətnin nəşrində yol verilən texniki qüsurlardır. Təəssüflər olsun ki, H.Araslının 1944-ci ildə işıq üzü görən nəşrində həmin qüsurlar və diqqətsizliklər 1958-cı ilin təkrar yubiley nəşrində bir neçə dəfə artıq olmuşdur. Eyni zamanda tekstoloji işə çoxlu nüsxələri cəlb etməklə sadəcə onları tutuşdurmaq kimi yanaşmaq düzgün deyildir. Mətn üzərində iş ciddi filoloji savad tələb edir; başqa sözlə desək, mətnin bərpası üçün dövrün tarix, mədəniyyət və ədəbiyyatını, Şərq poetikasını mükəmməl bilmək lazımdır. Füzulinin tütkcə “Divan”ının elmi-tənqidi mətnlərinin nəşrində qarşıya çıxan problemlər barəsində müxtəlif məqalə və yazılarda bəhs edilsə də, məsələ hələ də açıq qalır. Bu araşdırma bir daha həmin məsələnin həlli zərurətini ortaya qoyur. Deməli, bu gün mövcud nəşrlər və onların söykəndiyi nüsxələri də nəzərə almaqla Füzuli divanının elmi-tənqidi mətnində düzəlişlər aparmağa, yeni və daha mükəmməl mətnin nəşrinə böyük bir ehtiyac vardır.

Söhbətləşdi: Fidan Cabbarova

KLV.az