Ev Xəbərlər Ölkəmizdə ilk Qırğız Mədəniyyəti Günləri – Fotolar

Ölkəmizdə ilk Qırğız Mədəniyyəti Günləri – Fotolar

23

Azərbaycan paytaxtında ilk Qırğız Mədəniyyəti Günlərinə start verilib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə dövlət səfəri ilə eyni vax­ta düşən mədəniyyət tədbirləri qardaş xalqın zəngin mədəni irsinin təbliği baxımından əhəmiyyətlidir.

Azərbaycan–Qırğızıstan münasibət­ləri həm beynəlxalq təşkilatlar çərçivəsin­də, həm də ikitərəfli əlaqələr kontekstində ildən-ilə dərinləşdir. Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ilə ölkələ­rimiz arasında siyasi-iqtisadi sahədə ol­duğu kimi, mədəni əlaqələrdə dinamik şəkildə inkişaf edir. Ayrı-ayrı sənət adam­larının, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, eləcə də müştərək mədəniyyət layihələri həyata keçirilir. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov bu gün də Azərbaycanda sevilən yazıçılardan­dır. Onun 85 və 90 illik yubileyləri ilə bağlı ölkəmizdə tədbirlər keçirilib.

Ulu öndər Heydər Əliyev1995-ci ildə Türkdilli Dövlət Başçılarının Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyi ilə bağlı ilk dəfə Qırğızıstana səfər edib. Qardaş ölkədə 20 minə yaxın azərbaycanlı ya­şayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qur­banlarının ailə üzvləridir. Soydaşlarımız Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Diaspor üzvləri arasında 3 elmlər doktoru, 22 elmlər na­mizədi, 9 əməkdar xadim var, 3 soydaşı­mız isə Qırğızıstanın “Şöhrət” medalı ilə təltif edilib. Qardaş ölkədə azərbaycanlı­ların dil və adətlərini qoruyub saxlamala­rında heç bir problem yoxdur.

Münasibətlərimizin dinamikası ölkələ­rimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani göstərir. Prezi­dent İlham Əliyev 3 dəfə qardaş ölkəyə səfər edib. 2022-ci ilin oktyabrında baş tutan dövlət səfəri zamanı siyasi və iqti­saqdi gündəliklə yanaşı, mədəni-huma­nitar tədbirlər də keçirilib. Qırğızıstan–Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnazi­ya Təhsil-Tərbiyə Kompleksinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil mək­təbinin açılış mərasimləri reallaşdırılıb. Azərbaycanla Qırğızıstan arasında in­formasiya sahəsində də sıx əməkdaşlıq mövcuddur.

Qırğız Mədəniyyəti Günləri ilə bağlı bu respublikanın mədəniyyət, informasi­ya, idman və gənclər siyasəti naziri Altın­bek Maksutovun rəhbərliyi ilə incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə heyəti ölkəmizə gəlib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə görüşdə bu sahə­də əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin mövcud olduğu vurğula­nıb. Ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşanın qardaş ölkələrin sənət adamlarını və bədii kollektivlərini bir araya gətirdiyi bildirilib. Diqqətə çat­dırılıb ki, qədim Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib və bu il Şuşa rəngarəng təd­birlərlə türk-islam dünyasının görüş mə­kanı olacaq.

Mədəniyyət günləri çərçivəsində Ba­kıdakı Nizami Kino Mərkəzində Qırğız kino günlərinin açılışı olub. Mərasimdə rəsmilər, iki ölkənin mədəniyyət və in­cəsənət xadimləri, ictimaiyyət nümayən­dələri iştirak ediblər. Ölkələrin mədə­niyyət nazirlərinin müavinləri Murad Hüseynov, Timurlan Ajımaliyev və səfir Kayrat Osmonaliyev kino xadimlərinin görüşünün əməkdaşlıq üçün yeni üfüqlər açacağına inam ifadə ediblər.

Son illərdə qırğız kinosunun inkişaf tendensiyası diqqət çəkir. Ötən il Bakı­da keçirilən III Qorqud Ata Türk dünyası film festivalında “Göksan” kinematoq­rafçılarının çəkdiyi “Tanrıverdi” filmi ən yaxşı rejissor nominasıyası üzrə qalib gəlib. Qırğızıstanın gənc kinematoqraf­çılarının beynəlxalq festivallarda qazan­dığı böyük uğurlar da sevindiricidir. Bu baxımdan bir neçə ay əvvəl TÜRKSOY ölkələrinin vahid kino birliyinin təsis edil­məsi də qarşıda mühüm perspektivlər açır. Sonra rejissor Ruslan Akunun qısa müddət ərzində Mərkəzi Asiya ölkələ­rində və Rusiyada uğur qazanmış tam­metrajlı “Cənnət anaların ayaqları altın­dadır” filmi nümayiş olunub. Mərkəzdə qırğız kinematoqrafiyasına həsr edilmiş fotosərgi də açılıb.

Dünən isə Heydər Əliyev Mərkəzində Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi ke­çirilib…

Bakı sakinləri T.Okeyev adına “Qırğız­film” Milli Kinostudiyasında bu yaxınlarda çəkilmiş, rejissor Tınçtık Abilkasımovun ilk dəfə ekrana çıxan “XƏTA#404” filminə maraqla tamaşa ediblər. Qeyd edək ki, mədəniyyət günləri ərzində qırğız filmləri bir neçə seansla təqdim olunur.

Mədəniyyət günlərinin proqramına Qırğızıstan incəsənət ustalarının qa­la-konserti, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi də daxil­dir.

xalqqazeti.az