Ev Xəbərlər Əkbər Qoşalı Qazaxıstanda “Türk Dünyasının 2040 vizyonu” seminarında çıxış edib

Əkbər Qoşalı Qazaxıstanda “Türk Dünyasının 2040 vizyonu” seminarında çıxış edib

600

 

Türk dünyasının 2040-cı il hədəflərini, baxışını ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictmai xadimlər, QHT və KİV təmsilçiləri Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin Türküstan Qərargahında bir araya gəlib.
Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı seminarın Ədəbiyyat və İncəsənət sessiyasında çıxış edib. Onun çıxış etdiyi sessiyadan başqa daha 8 sessiya (Tarix, Siyasi-Beynəlxalq münasibətlər, Enerji, İqtisadiyyat, Hüquq, Səhiyyə, Dil, Turizm) təşkil olunub.
Türk Dünyasının 2040 hədəfləri baxımından Ədəbiyyat və İncəsənət üzrə baxışlarını bölüşən Ə.Qoşalı, Azərbaycan ədəbiyyatşünaslarının ünlü “Ortaq keçmişdən ortaq gələcəyə” kəlamının işığında öz fikirlərini bölüşüb, təkliflərlə çıxış edib. O, həmçinin “Türk xalqları ədəbiyyatı dövrləşməsi”nə dair özünün irəli sürdüyü konsepsiyanı açıqlayıb.
Ə.Qoşalı seminarda iştirak edən Avrasiya Yazarlar Birliyi başqanı Dr. Yaqub Öməroğlu, Qazaxıstan Yazıçılar Birliyi başqanı Uluqbek Esdevlet, Özbəkistanın Xalq şairi Xurşid Dövran, Qırğızıstanın keçmiş Dövlət katibi, akademik Osmankun İbrahimov, TÜRKSOY Baş katibinin keçmiş müavini Prof.Dr. Fırat Purtaş, evsahibi universitetin prorektoru Dos.Dr. Əsgər Turgambayev, bu universitetdə təhsil alan Azərbaycanlı tələbələr və b. ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələlərdə fikir mübadiləsi aparıb.
Onu da vurğulayaq ki, seminar Türk Dövlətləri Təşkilatı, Türkiyə Mədəniyyət-Turizm Nazirliyi, Türkiyə Cümhuriyyətinin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Tarix Qurumu, Əhməd Yəsəvi Universiteti və TİKA-nın dəstəyi ilə keçirilib. “Türk Dünyası 2040 Vizyonu” Əsas Bəlgəsinin qəbul edildiyini ilk dəfə Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ötən ilin noyabrında İstanbulda keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında duyurmuşdu. Türküstan seminarında irəli sürülmüş önəmli təkliflər Türk Dövlətləri Təşkilatının gələn ay Səmərqənddə keçiriləcək növbəti Zirvə Toplantısına təqdim olunacaq.
Qeyd edək ki, ikigünlük seminarın açılış törənində Prof. Dr. Cengiz Tomar (Hoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin rektor vəkili), Dr. Janar Temirbekova (Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin rektoru), Prof.Dr. Birol Çetin (Türkiyə Tarix Qurumunun başqanı), Prof.Dr. Muhittin Şimşek (Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universiteti Mütəvəlli Heyətinin başqanı), Ömər Kocaman (Türk Dövlətləri Təşkilatı Baş Katibinin müavini), İkram Adırbek (Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü) və b. çıxış edib.