Nə ola-ola
Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.
Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası… sonrası nə ola-ola.
Əynində quruya nimdaş köynəyin,
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir,
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.
Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma…
Sonrası… sonrası nə ola-ola.
Gecələr sən yatandan sonra
Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.
Ürəyim atlanır varağın üstə
Sənə xəyanətim – yuxusuz gecə
İndi bax, indi bax,
Məni silkələyən səs qoşulub
Unudub özümü çıxıb gedəcəm.
Gecələri yatmadığım günlər artır –
Sözlərim bir yandan.
Hansı misram oyaq deyilsə,
Yatır mənim əvəzimə.
Üstü açıq yatır narahat sözlər,
Səksənib ayılsan
Üstünü örtərsən misralarımın..
Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.
Adamlar dəyişir havalar kimi
Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…
Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».
Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!
Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.
Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.
Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!
Adam cibindən üşüyər
Nə baxırsan yoxsul bəyə,
Nə gülürsən bu kişiyə?!.
Ağac içindən oyular, –
Adam cibindən üşüyər…
Pul əl çirkidi… Yalandı.
Malın verən canın verər.
Ağac içindən sıyrılar,
Adam canından çürüyər.
Kasıb qəribdi Vətəndə, –
Qalıb yollarda tövşüyər.
Adam canından sıyrılar,
Adam cibindən üşüyər.
Sən – dərzi qız …
Ömrü parça-parça dağılmış,
misraları yetim,
balaları dərbədər.
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın,
dərzi qız?..
Baxıb bu dünyaya
nəğmələr oxuyurdun,
təzə-təzə söz tikirdin
köynəklərin yaxalığına.
Ürəyində ev tikirdin,
ev qururdun
yalqız-yalqız
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın,
dərzi qız?!
Mənə çox şeyləri öyrədib şəhər,
qızdırma içində,
“narkoz” altında.
Mənim ürəyimin çiçək yerindən
bir kafe sökülüb “Nərgiz” adında.
Sən ki, ürəyində ev tikirdin,
ev qururdun yalqız-yalqız.
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın, dərzi qız?..
İndi buyur,
dağılan taleyi təzədən qur.
Ömründən təzə parça kəs,
cala ömrümə.
Həsrətimi qayçıla,
dərdlərimi yama.
Mən yalquzaq,
Sən – dərzi qız.
Yana-yana, dərzi qız, yana-yana.
Bir anda yüz il yaşadım
Hamını yadıma saldım
bir gün ata ocağında.
Bir anda yüz il yaşadım,
Bir anda yüz il qocaldım
həsrətin künc-bucağında.
Titrədi atamın baş daşı,
ürpəndi anamın əlləri.
İndicə qırılıb dağılacaq
baxdığın güzgü –
Titrəyir yanağında
göz yaşları –
titrətir qızımın telləri.
Bir anda yüz il yaşadım.
Gördüm vaxt geri fırlanır,
önümdə zaman dillənir.
Köhnə divar saatında –
kəfkirdə qızım yellənir.
Titrəyə-titrəyə qalxdım ayağa,
Dilimdən bir kəlmə
söz də çıxmadı.
Öpdüm əllərindən xatirələrin,
öpdüm gözlərindən ayrılıqların…
Bir anda yüz il yaşadım
həsrətin künc-bucağında.
Bir anda yüz il qocaldım
ilin-günün bu çağında.
Ömrün çiçək vaxtı
Çox şeyə tələsdim…
Sevməyə belə,
Qoşuldum hər nəğmə səsinə axdım.
İndi ürəyimi tutsam da dilə
Keçir sevgi yaşım –
Ömrümün çiçək vaxtı.
Keçir, elə keçir yel atlı sevgim,
Dönüb arxasınca baxa bilmirəm –
Vallah, sevməyi də bacarmıram heç.
Ürəyim qınamaz doğmanı yadı,
Mənim sevgi payım bura qədərmiş.
Məhəbbət haqqında yazdıqlarımın
Hamısı bəxtimə düşən kədərmiş.
Daha ayrılığın yoxdur qorxusu,
İstəyin mənsiz də tək-tənha çapar.
Bizim sevgimizin ömründən uzun
Kölgəni sürüyüb arxanca apar
– Keçir sevgi yaşım…
Hər payız beləcə
Sarala-sarala solan yarpaqlar
Düşür üzüqoylu torpağın üstə,
Kirpiyin, yanağın, dodağın üstə
Ömrünü sakitcə başa vururlar.
Ora bax, çinarın qızıl yarpağı
İndicə qopacaq,
Havada quşlarla bir az uçacaq,
Sonra yorularaq qonacaq yerə.
Əlvida, ağaclar!
əlvida –
Payızın külək əliylə
Yaşıl yarpaqların itən ömrünə.
Yarpaqlar güvənmir ağaca heç vaxt
Küləyə gedərlər, bada gedərlər.
Bir fəsil ömrünü uzatmaq üçün
Səksənən ağac
Verər yarpaqları güdaza bütün.
Ağacın dərdini yarpaqlar çəkir,
Çəkirlər – torpağa dönənə qədər.
Hər payız yarpaqlar köçəndən sonra
“Ağaclar ölür ayaqüstə”
Alo, mən səni görürəm
Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…
-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…
Mən büllür külqabıyam
Mən büllur külqabıyam
Hərracda satılacam
bir azdan
Taleyi çat atmış
büllur bir şairin
çat atmış büllur külqabısı
satılacaq hərracda.
O nakam şairin
nəyi var – bölünüb,
nəyi var – satılıb
bir az aşağı,
bir az yuxarı.
Ömrün payızında
onu satdı arvad-uşağı.
Mən büllur külqabıyam –
Məni satan qazanacaq,
məni alan sevinəcək…
Mən – şahidəm.
Əldən salsalar məni
çilik-çilik olacam.
Mən – şəhidəm!
Kül acıyam.
Yanmış əlyazmaların
kül qoxusu var canımda.
Mən büllur külqabıyam.
Məni ortaya qoyub
satacaqlar hərracda.
Bir mən satılacam,
bir də satılacaq
qəm çəkmiş şairin
toz basmış,
nəm çəkmış əlyazmaları.
Tural Adışirinin təqdimatında