Ev Bədii Vəfa Səfa-ŞEİRLƏR (DEBÜT)

Vəfa Səfa-ŞEİRLƏR (DEBÜT)

2118

1990-cı il Yanvarın 15-də Bakıda dünyaya gəlib. Orta təhsilini Binəqədi rayonu 244 saylı orta məktəbdə alıb. 2007-ci il Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı bölümünü qazanaraq oranı 2012-ci ildə fərqlənmə diplomuyla bitirib.

Böyüyəndə uşaq olacam!

Uşaqlardan gülməyi öyrənəcəm,
Uşaqlardan ağlamağı öyrənəcəm.
Mən uşaqlardan yıxılmağı, sonra
Heç yıxılmamıs kimi qalxıb davam etməyi öyrənəcəm
Saflığı, səmimiyyəti, insanlığı mən uşaqlardan öyrənəcəm.
Böyüyəndə uşaq olacam
Nəfsimə hakim olacam
Mən insan olacam
Mən böyüyüb uşaq olacam…
Ən çox anamı qucacam
Mən anamın qollarında uçacam
Atama arxa dayaq olacam
Mən böyüyəndə uşaq olacam…

***
Binaları insanlarından uca şəhərəm
Çox yox mən bir təhərəm…
Mən dənizi qurumuş gəmiyəm
Mən qaynamayan suyun dəmiyəm…
Ağacam mən, qara torpağam mən
Yaşılam mən, göyəm, ağam mən
İnanılmazam mən, ağam mən
Ölməkdən ərinən sağam mən…
Gah dərmanam, gah zəhərəm
Gecəni gündüzə dəyişən səhərəm
Qurumuş ağacdakı bəhərəm…
Qırılmış xəyalın ağlayan simiyəm
Musiqisindən qoparılmış not kimiyəm…
Nəm mən daha nəyəm,
Dəliyəm pisəm bəyəm?
Ağıllıyam ki, yaxşı deyəm?
Özümü öyəm, bəyənəm?!

***
Səhər açılandan şəhər qapanır özünə.
Gecə düşən kimi işıqlar düşür gözünə.
Dolambaclı yollarında qaç düzünə.
Nə özünə, nə sözünə, nə gecəsinə,
Nə gündüzünə qalmayıb catmağa həvəs.
Binalar yüksəldikcə dönüb olur bu şəhər qəfəs.
Həsrətin havasında al bir təhər nəfəs.
Tozlu şəhərin əsəbi küləyi vursun üzünə.
Sarı yarpaqlar tökülsün bənizinə.
Sən özünü at sevgi dənizinə.
Bat.
Kimsə çatmasın izinə.
Yuxulu gözlərlə bax bu şəhərə.
Oyanıqlardan qaçmaq üçün…
Bürünməmək üçün qəhərə
Əl vurma yasaq ağaclardakı bəhərə.
Şirin də olsa tamı oxşayar get gedə zəhərə…

***
Bəzən ölülər dirilir qəlbimdə mənim
Bəzən dirilər ölür qəlbimdə mənim
Bəzən həyat qəbir olur gözümdə mənim
Bəzən qəbir həyat olur gözümdə mənim
Bəzən doğmam dönüb yad olur özümdə mənim
Bəzən yadım dönüb doğma olur özümdə mənim
Bəzən yalanlar səslənir sözümdə mənim
Bəzən gerçəklər gizlənir sözümdə mənim
Bəzən həyatı sevirəm qəlbimdə mənim
Bəzən heyata küsürem ağlımda mənim…

***
Röya kimi hər şey… Gerçəyə bənzər kimi biraz,
Günəş hər gün doğar kimi… Siyahlar büsbütün bəyaz…
Röya kimi hər kəs… Yadlarım yaxınlarımdan az…
Ölüm yoxmuş kimi… Bütün quyular dibsiz dayaz…

***
Bakıdayam amma, Bakıya həsrət kimiyəm
Vətənimdəyəm fəqət
Qürbəti iliklərimə qədər hiss edirəm
Sağlamam amma, xəstə kimiyəm
Sevgi doluyam amma, hər şeyə nifrət edər kimiyəm…
Kiməm nəyəm bilmirəm amma, hər şeyi xatırlayıram,
Elə lap dünən kimiyəm…