Ev Bədii Şaiq Vəli – Dünya sərxoş, mən ayıq (Şeirlər)

Şaiq Vəli – Dünya sərxoş, mən ayıq (Şeirlər)

2007

Olacaqlar, olacaqlar

Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.

Almazlar almaz kamını,
Fələk söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!

Daş olacaq daş olacaq!
Quş olacaq quş olacaq!
Boşalacaq boşalacaq,
Dolacaqlar dolacaqlar.

Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!

Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!

Bir ulu eşq ilə

Mən bu cahan mülkünə,
Təxti-Süleyman mülkünə,
Can içində can mülkünə
Ağlaya-gülə gəldim.

Mən «mən» olmaq istəmirdim,
Açıb-solmaq istəmirdim,
Bir də gəlmək istəmirdim –
Bir ulu eşq ilə gəldim.

Bu dərdli aləmə gəldim,
Sanma qalıma gəldim,
Mən sənə salama gəldim,
Düşüb haldan hala gəldim.

O gözəli bilirdim,
Qəm məzəli bilirdim,
Mən əzəli bilirdim,
Mən sonu bilə gəldim.

Sorma məndən handaydım,
Hər yerdə, hər yandaydım,
Əzəlin əzəli – sondaydım,
Sonun sonu əzələ gəldim.

 

* * *
Mən kiminsə yarası,
Ahı, nəvasıyam.
Mən kiminsə yarısı,
Eyş-işrəti – səfasıyam.

Dayazda, dərində üzərəm,
Sözün dürründə üzərəm,
Dünyanın sirrində üzərəm –
Mən qəvvaslar qəvvasıyam.

Mən odumun havası,
Mən atamın bəbəsi,
Mən Adəmin babası,
Mən oğlumun nəvəsiyəm.

Mən könlümün şahı,
Mən aləmin pənahı –
Mən gedənin ruhu,
Mən gələnin nəfəsiyəm.

 

* * *
Gözlər, gözlər – nərgizlər,
Sərxoşluq nərgizlikdir.
Eşq yaxar, könül sızlar,
Yol gözləmək – gözlükdür.

Gün batır, qəmli qürub…
Aramızda dağlar durub.
Dünya – qürbət, mən -qərib,
Qəriblik əzizlikdir.

Dünya bizlə əyrişdi,
Cuna yaylıqlar yaşdı…
Fələk əli daşdı
Nişan alıb, bizlikdir.

Ürək quzutək mələdi,
Sındı – piyalədir…
Barış, bu, taledir,
Nə bizlik, nə sizlikdir.

 

* * *
Dünya gözəllər gözəlidir –
Fateh dərdidir, sultan dərdidir.
Eşq quş dilidir,
Dərd Süleyman dərdidir.

Yüyürüb enim qarşına,
Hərlənib dönüm başına.
Ulduzları Günün başına
Eşq yığıb – heyran dərdidir.

Hər qul bir qul quludur,
hər hal bir hal halıdır, –
hər çöl bir çöl çölüdür,
Çöl özü bir pünhan dərdidir.

Ahım ki, ahındandır…
Günahım ki, günahındandır.
Ruhum ki, ruhundandır…
Bu nə “sən-mən” dərdidir.

Ömür dolu camdı içilir,
İçirsən, qəmdi – açılır.
Şaiq Vəli şamdı kiçilir,
Qeyb olur – toran dərdidir.

 

* * *
Bu eşq, aşiqlik ki var,
Xülyadan bütü, xəyaldan heykəli olur.
Bu yalnızlıq, təklik ki var,
Fani dünya dolu olur!

Qaranlıqlardan doğulur, bu işıq ki var…
Özünün oğludur bu uşaq ki var!..
Gördüyün bu misgin aşiq ki var,
Yarı diri, yarı ölü olur!

Göz yaşını sel edib gedərsən,
Özünü yol edib gedərsən,
Özünə əl edib gedərsən,
Hər gedişin bir gəli olur!

Dünya qos-qoca, yox təzə yeri,
Dünya görüş yeri, umu-küsü yeri…
Könül şanı, dərd arı –
Qəmdən çəkmə balı olur.

Gətir meyi, camı… olmur,
Sözsüz canın canı olmur…
Şaiq Vəli hamı olmur,
Hamı Şaiq Vəli olur.

Dünya sərxoş, mən ayıq

Dünyaya üz tutan divanəymiş,
Divanə devanəymiş!…
Bu dünya nəymiş, ah, nəymiş –
Şərab süz, dostum, mənə şərab süz!

Budaqda gül – tac,
gül – ismət,
gül – şan,
Bu nə gülüstan, bu nə gülşən?! –
Bülbül köksü qan…
gül gülür, gül şən…
Şərab süz, dostum, mənə şərab süz!

Açıq pəncərədən daş gəlməz daha,
Xumar gözlərdən yaş gəlməz daha,
Acım acıdır, şirinim xoş gəlməz daha,
Şərab süz, dostum, mənə şərab süz!

Yaşadım bir ömrü – xeyriyə oldu,
Xeyriyyə ömrün xeyri nə oldu?
Uduzdum – dünyanın xeyrinə oldu,
Şərab süz, dostum, mənə şərab süz!

Mən insan deyiləm – insan qarışqa,
Tapdanmaq qoxusu hər bir qarışda…
Ömrün nə qədəri hələ qarşıda…
Şərab süz, dostum, mənə şərab süz!

Daş daşıdım, söz daşımağa öyrəşəmmədim,
Söz daşıyıb baş qaşımağa öyrəşəmmədim.
Bu dünyayla barışammadım –
yaşamağa öyrəşəmmədim,
Şərab süz, dostum, mənə şərab süz!

Dönməz sahilə bir də o qayıq,
Hayıf o qayıqçı,
o qayıq hayıf!
Dünya sərxoş, mən ayıq!…
Şərab süz, dostum, mənə şərab süz!

 

* * *
Könüldə eşq gül –gül
Bitər, bitər, bitər.
Candanda can bül-bül
Ötər, ötər, ötər.

Yazını yazan yazar
Yazar…yazar, yazar,
Gül solar, bül-bül susar-
Qədər, qədər, qədər.

Mey süz, saqi, bir içim
Sirlər qapısını aç, sim-sim…
Can cananın… mən kim?!-
Kədər, kədər, kədər.

Dünya bir yığınaqdır
Yəmindir-bir sınaqdır….
Şaiq Vəli qonaqdır
Gedər, gedər, gedər.

 

* * *
gözəl nə gözəl- sənəm
sənəm nə sənəm- yey, yey
eşq nə eşq- qəm
qəm nə qəm- mey, mey

zülüm nə zülüm- zülmət tor
zülmət nə zülmət- zühur
zühur nə zühur- nur
nur nə nur- ay, ay

ömür nə ömür- həvəs
həvəs nə həvəs- nəfəs
nəfəs nə nəfəs- səs
səs nə səs- ney, ney

könül nə könül- bülbül
bülbül nə bülbül- əsiri gül
gül nə gül- üzü tül
tül nə tül- göy, göy

Meyxanəçi

Sərxoş gəlmişəm qapına,
Aç, aç, meyxanəçi!
Aşiqlər sənə tapınar…
Keç, keç, mexanəçi!

Olubmu öldüyün sənin?
Dərddən güldüyün sənin?…
Elə hey xaç bildiyin sənin
Hac, Hac, mexanəçi!

Aranı dağa daşımısanmı?
Solunu sağa daşımısanmı?
Özünü uzağa daşımısanmı? –
Köç, köç, mexanəçi!

Baxma naşı-naşı mənə,
Mey gətir – söz daşı mənə.
Könlün varsa qoşul mənə,
Uç, uç, mexanəçi!

Cahil əllərində aşiq başları –
Minarə kərpici, qüllə daşları…
İçib ayılır eşq sərxoşları…
İç, iç, mexanəçi!

Mən bu çağın nəyiylə yarışım?
Mən bu torpağın nəyiylə qarışım?!
Mən bu dünyanın nəyiylə barışım? –
Puç, puç, mexanəçi!

Belə bu qədər gözəl olmamışdı qürbət

Məhrəm söykəndiyim bu tənha ağac,
Xumar qürbətin xurma payızı…
Payızın əlidir çiynimə düşən yarpaq…
Mən bu məşrəm təmasdan sərxoş!

Mən bu məşrəm təmasdan sərxoş,
İçimdə yarpaqların xışıltısı kimi gözəl,
Xoşca bir göynərti,
Könlümdə göy üzünün duruluğu…
Gözlərimdə bir parça qara torpaq aydınlığı –
Belə, bu qədər gözəl olmamışdı qürbət.

Aşiqlər ayrılıqlarda,
Qəriblər sızlar qürbətdə…
Qərib olmaz bir parça torpağı olan,
Üz qoyub ağlamağa
Bir gül yarpağı olan qərib olmaz!

Belə, bu qədər gözəl olmamışdı qürbət,
Belə, bu qədər gözəl olmamışdı həsrət…
Mən bu dünyanın ilkin qəribiyəm ki,
Sevdim, qürbəti sevdim!
Sevdim ayrılığı, həsrəti sevdim, –
Mən bu dünyanın ilkin aşiqiyəm ki!

Təpədən dırnağa mən sevgiymişəm,
Bu tənha ağaca söykənəndə bildim:
Səni sevirəm…
Bu sevda könlümə, gülüm, Vətənmiş…
Qürbətin yarpaq əli çiynimə enəndə bildim:
Bir parça torpağa könlüm Vətənmiş…

Qürbət könlümə pəncərə…
Ayrılıq saçların kimi – uzun!…
Mən bu dünyanın ilkin qəribiyəm ki,
Mən bu dünyanın ilkin aşiqiyəm ki!

 

* * *
Bu şərab ki, var – bəhanədir,
Mən qeybdən gələn gündən sərxoş!
Axan ulduzların işığından xumar,
Mən aydan, gündən sərxoş!

Yer ahıdır dağlar – göy dəlir…
Dünya bir atdır – göydəmir…
Min illərin dənidir – göyərir,
Mən göyərən dəndən sərxoş!

Haqq dediyin təklikdir…
Cahilinki fələklikdir…
Mənimki aşiqlikdir, –
Mən səndən sərxoş!

Sən ən dersən, fani Şaiq,
Dostların içsin çayı…
Mən Məndən ayıq,
Mən məndən sərxoş!

Var

Hər zülmət gecənin başında
Bir ağ üzlü sabah var, var.
Hər almaz üzük qaşında
Bir damla zəhər var, ah var!..

Bu dünyayla aran sərin,
Şam işığı göz yaşı pərvanələrin…
Səni ağladan dilbərin
Kirpiklərində şeh var, var!

O qapı var, axı, sən döyən döy,
Açılan deyil, ha döyəclə… yeyin döy.
Tərəzinin sən tərəfi əyən döy,
Hər sevdada bir zərər var, var.

Sanma insan quşdu,
Fələk daş atdı – uçdu.
Ölüm də bir doğuluşdu –
Əbədi bir dərgah var, var!

Qismətin yer üzündə əvvəl yaranıb,
Göz yaşın gözündən əvvəl yaranıb,
Başdaşın özündən əvvəl yaranıb,
Alın yazısı var, tale var, var!..

Çağrılmış bayatı

Sus, barı danışma olub-keçəni,
Dəli duyğuları oyatma bir də…
Gecələr sürünən kölkələr kimi,
Bəzən qorxunc olur xatirələr də.

Sən niyə gəlmisən,
Fikrin, qəsdin nə?
Görmüşəm vəfanı, mən ilqarını…
Sıxıb gözlərini tökmə üstümə
Ötəri hisslərin acılarını.

Mən dərddən tökülmüş həsrət heykəli,
Sənin üzündəki o kölgə nədir?
Saçımda dolaşıb illərin əli,
Sənin saçlarında…
Ah, bu dəhşətdir!

Sevgi məktubu tək çöhrən sap-sarı,
Qəlbində yad eşqin harayı, ünü…
Hanı gözlərinin gur dalğaları?
Çəkilib,
az qala dibi görünür.

Səni bağışlayım…
Sevimmi səni?
Ürəkdə yaşamaq istərəm düzü.
Qəlbinə salma yox,
Yandırar məni,
Ögey duyğuların istisi közü.

Köksümdə qaralıb sönən ocağı,
Ha yellə, yelpiklə, alışan deyil.
Bizim aramızdan ümmanlar axır,
Bizim ulduzlar ki, barışan deyil.

Ömrün payızında gəlmisən nəsə…
Qayıt, bu nə sevgi, umu-küsüdür?
Gedişin bir eşqin sükutuydusa,
Gəlişin bir ömrün faciəsidir.

Mən dərddən tökülmüş həsrət heykəli,
Sənin üzündəki o kölgə nədir?
Saçımda dolaşıb həsrətin əli,
Sənin saçlarında… ah, bu dəhşətdir.

Dua

Eşq ver, məndən döndər,
Tək, məni tənhalığına.
Göydən qaldır,
Yerdən endir,
Çək məni tənhalığına.

Dünya məni usandırır,
Şaxtası məni yandırır,
Atəşi məni dondurur,
Bük məni tənhalığına.

Eylə, birdən eylə,
Möcüzədən, sirdən eylə…
Söz göyərdən bir dən eylə,
Ək məni tənhalığına.

Heyin Olu necə, elə,
Olun halı necə, elə…
Halın xəyalı necə, elə,
Çək məni tənhalğına.

Çək məni tənhalığına!
Ək məni tənhalığına!
Bük məni tənhalığına,
Tək, məni tənhalığına!…

Gözlərimsiz quruyarsan

Məni yol edib gedirsən,
Cahan, xoşuncamı?
Məndə dövran edirsən,
Zaman, xoşuncamı?!

Bağrım laxta-laxta qan,
Məni yurd etdin pünhan,
Mən qərib, tərki-məkan
Ey can, xoşuncamı?!

Həmişə yaşıl – baharsan,
Sular kənarında xumarsan,
Gözlərimsiz quruyarsan,
Reyhan, xoşuncamı?

Xoş buldun, dost, xoş buldun,
Mən boşaldım, sən doldun,
Mən-sən oldum
Sən-mən oldun-
Bu an xoşuncamı?!

Rəsmi xəyali, üzü cunalı,
Ocağı-piri sınalı,
Qara başım xınalı-
Qurban xoşuncamı?!

Ruhum eşq,
Canım eşq…
Zülmünə üsyanım – eşq
Yarağım-qalxanım – eşq
Sultan, xoşuncamı.

Yaşıl gözlərimdən cam daşır…

Şölələnir şam-
Çevrəsi nur,
Toran, yağmur- nəm, dibində.
Ruhum çırpınır söz arxasında,
Pərvanə şam dibində.

Dünya ağacı yaşıl, yaşıl…
Bərq vurur işıl-işıl,
Unudub bağbanı naşı,
Uyuyub- qəm dibində.

Gül bitib ürək çatında,
Aşiq könül qanadında.
Eşq göyün yeddi qatında –
Kədər, qəm dibində.

Saqi mələklər camdaşı…
Can perik… atdı xam daşı.
Yaşıl gözlərimdən cam daşır,
Sürətim cam dibində.

40-cı qapı

Üzünə güzgü tutmuş Günəşi Ay,
Saçaq-saçaq şöləsi küləşi Ay.
Eh, vay!
Gümüşü Ay
Qara haləymiş!

Sürgün yeri yer, sən sürgün,
Sürgün ömrü ilğım, mürgü…
Səsinə uçunub oyandığın türkü,
Ahıymış, naləymiş!

Zülmət anasıymış işığın,
İşıq dışıymış şıxın…
Cahan aşiqi şahın,
Gəcavəsini aparan fələymiş!

Dən quş həsrəti, ot qabağında
Ot at neməti, ət qabağında,
Ət şir qisməti, at qabağnda,
Belədir, dünya, beləymiş.

Şaiq Vəli,
Qulağını bəri tut ay dəli
Eşq deyilən köləlik,
Aşiq dediyin kölə imiş.

Ayrılıq türküsü

Al-bəyaz geyinib gedirsən,
Baxıb mənə yanca-yanca.
Atıb ayrılıq oxunu
Ürəyimə sanca, sanca…

Bitməz çatlar, sınıqlar…
Axıb gedir irmaqlar.
İrmaqlar boyu yanaqlar
Açılıb qonça-qonça…

Arzular düyçə-düyçə…
Saraldı göycə-göycə,
Bəyim bəyə bəycə, bəycə…
Xanım xana xanca, xanca…

Gözləri nərgiz-yuxulu,
Saçları yovşan qoxulu.
Könül evim yıxılı,
Sızlaram qanca-qanca.

Əlim səndən üzülü,
Cehiz yüklü karvan düzülü…
Cehiziyin ən gözəli
Xatirələr… xonça-xonça.

…Yanaqlar qonça-qonça,
Xatirələr xonça-xonça.
Ürəyim sanca-sanca,
Sızlaram qanca-qanca.

Tural Adışirinin təqdimatında