“DOXSANINCILAR” ƏDƏBİ NƏSLİ: “2+” ƏDƏBİ QRUPU
(Dəyanət Osmanlı, Xanəmir, İbrahim İbrahimli)
Bu yazı 20 il əvvəl ayrı-ayrı kiçik bir məqalə kimi yazılmış və dərc edilmişdir….İndilikdə geniş əlavələrlə bu məqaləni təqdim edirəm….
Azərbaycan Yazıçılar Birliyinin nəzdində Gənclk ədəbi birliyi fəaliyyət göstərir. Bu ədəbi birliyin 1990-cı illərin əvvəllərində rəhbəri Vaqif Cəbrayılzadə olmuşdur. O zamankı Gənclk ədəbi birliyin nümayəndələri bunlar idi: “doxsanıncı”lardan – Dəyanət Osmanlı, Qurban, Xanəmir, Fəxri Uğurlu, Məmməd Aslanbəyli, İbrahim İlyaslı və b.
Ötən əsrin 90-cı illər ədəbi nəsli həmin Birliyin davam və inkişaf etdirilməsi istiqamətində təşəbbüsü ələ aldı. Sırf gənclərdən ibarət və ya gənc nəslin yaradıcı nümayəndələri ilə keçirilən tədbirlərə Dəyanət Osmanlı rəhbərlik edirdi. Birlikdə təmsil olunan gənclər həmin qurumun adını dəyişərək “Ağ yol” ədəbi Birliyi adlandırması üçün qərar qəbul etdilər. Qurumun ilk ədəbi manifesti (çap olunmayıb) Məmməd Aslanbəyli ilə Dəyanət Osmanlı tərəfindən yazılmışdır (1992). Bundan sonra yeni yaradılan Qurumdan ayrılaraq onlar fərdi yaradıcılıq qrupunda (2+ ədəbi cərəyanı) fəaliyyətlərini davam etdirdilər (Dəyanət Osmanlı, Xanəmir, sonralar isə İbrahim İbrahimli də bu qrupa qoşulur).
Həmin ədəbi qrupun ilk manifesti “Oğuz eli” qəzetində dərc olunmuşdur (“2+ ədəbi cərəyanı”. “Oğuz eli”, 24 sentyabr 1992-ci il, N23). Manifestdə müasir Azərbaycan poeziyasında sürrealist və modern mətnlərin qabardılmasına üstünlük verilir. Qrupun təmsilçiləri olan Dəyanət Osmanlı, Xanəmir bu səpkidə şeirlər yazır və mətbuatda çıxış edirdilər. Sonralar qrup yaradıcıları manifestlərində mistik görüş və münasibətlərə, təxəyyülə də yer ayırdılar. Qrup iki il fəaliyyət göstərdikdən sonra yeni ədəbiyyat uğrunda çalışmaların nəticəsi olaraq onun həmtəsisçisi olan Dəyanət Osmanlı Avanqard Ədəbi Birliyinin yaradılması təşəbbüsü ilə çıxış edir. Ilk dönəmlərdən fəaliyyətdə olan bir sıra ədəbi dərnəklər də Birliyin tədbirlərində iştirak edir, ədəbi fəaliyyətlərini əlaqələndirirdilər. Bu Birlik 1993-1998-ci illərdə fəaliyyət göstərmişdir. Birliyin üzvləri, xüsusən D.Osmanlı modern üsluba üstünlük verir və bu səpkili yaradıcılıq nümunələrini o zaman məhdud olan mətbuat orqanlarında çap etdirirdilər.
1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Qurultayından sonra Birlik fəaliyyətini dayandırdı və artıq onlar fərdi qaydada bədii yaradıcılıqlarını davam və inkişaf etdirirdilər. Avanqard Ədəbi Birliyin eyni adlı “Avanqard” sənət toplusi (1998, aprel, N1 (53)) isə modern düşüncəli yazıları ilə diqqəti çəkirdi. Qəzet o vaxt nəşr olunan “Sabah” qəzetinin xüsusi buraxılışı kimi işıq üzü gördü. Buraxılışın araya-ərsəyə gəlməsində bu şəxslərin rolu olmuşdur: “Sabah” qəzetinin təsisçi və baş redaktor Ş. Kərimli, redaktor Aydın Xan, Baş məsləhətçi Vaqif Bayatlı Önər, Avanqard Ədəbi Birliyinin rəhbəri Dəyanət Osmanlı, əlaqələndiricilər Xanəmir (Türkiyə), Elbariz, İlqar İlkin, Güllü Yoloğlu (Türk soyları), Rizvan Əbilov (Rusiya), Rafiq Hümbət (Gürcüstan), İbrahim İlyaslı (Sumqayıt), Vasif Süleyman.
Səkkiz səhifəlik topluya Dəyanət Osmanlı Avanqard Ədəbi Birliyinin rəhbəri kimi, Aydın Xan isə bir redaktor kimi qəzetin birinci səhifəsinə ön söz yazmışdı. Dəyanət Osmanlı Avanqard Ədəbi Birliyinin rəhbəri kimi bu müqəddəs yolun başlanğıcında “Biz bu yolu usanmadan gedəcəyik” adlı sərlövhəsi ilə ədəbi diləklərini önə çəkir: “ Əziz dostlar! “Avanqard”çıların ən önəmli məqsədi dünya mədəniyyəti və Azərbaycan məsələsidir. Azərbaycan sənəti, … dilimiz, əslində türkün yaşarılığı boyda ömürlüyə sığar. “Avanqard” böyük türk mədəniyyətindən göyərib, bu mədəniyyəti, dili çağdaş dünyadurumuna uyğun olaraq həmişəyaşar edib dünyaya çatdırmaq istəyindədir. Yarandığı ilk günlərdən, elə indinin özündə də basmaqəlib ədəbiyyatçılar “Avanqard”a və onun oduna yığışan cavan yazarlara bir az ikrahla, bir az da, ehtiyatla yanaşırdılar. Çünki “Avanqard” milli sənətimizi uzun illər boyu inkişafdan qoyan bəsit və yabançı ideoloji ədəbi nümunələri rədd edir. … … ədəbiyyatda qədim ənənələrə söykənmiş yenilikçiliyi sevənlərin, modernistlərin saf və böyük ədəbiyyat uğrunda mübarizə yoludur. Biz həmin yolu usanmadan, məğrurcasına və dərviş kimi gedəcəyik”.
Aydın Xan isə yazır: “Budur, yeni bir sənət toplusunu oxuyursunuz. Onun ömrünün qısa və ya uzun olması özümüzdən asılıdır. Bir redaktor kimi sizləri yaradıcı əməkdaşlığa çağırıram. Əgər özünüzə inanırsınız və əlinizdə əsl sənət əsəri, üzünüzə redaksiya qapıları çırpılırsa, “Avanqard”a yaxınlaşın! Biz sizə görə bu toplunu yaratdıq. İstəyimiz budur ki, “Avanqard” sizin ömrünüz qədər yaşasın…. ”.
Təəssüf ki, bu qəzet maliyyə dəstəyi olmadığına görə yalnız 1 (bir) nömrəsi ilə ədəbi-bədii arenaya daxil ola bildi.
Buna baxmayaraq toplu özünün məqsəd və məramına uyğun olaraq bir sıra yaddaqalan yazıları ilə diqqəti çəkir. Toplunun birinci səhifəsində “Şairlərimiz Türkiyə mətbuatında” adlı kiçik bir yazı diqqəti çəkir. Avanqard Ədəbi Birliyinin üzvlərinin əsərləri “Türkiyə ədəbi və ictimai mühitində öz populyarlığı ilə tanınan “Yeddi iqlim” dərgisində çap olunmuşdur. Belə ki, bu nəşrdə ““2+” mistik-sürrealizm ədəbi cərəyanının üzvləri çağdaş Azərbaycan şairləri Osmanlı və Xanəmirin şeirlərinə səxavətlə yer ayırmışdır”.
Bu münasibətlə Toplu yazarları təbrik edir. Nəşrdə Klement Qrinberq, Mallarme Stefan, Valter Benjaminin sənət haqqında fikirləri, “Dünya mədəniyyəti və Azərbaycan” bölümündə “Ernest Heminqueyin intiharı” adlı yazı, Aydın Xanın çevirməsində Xorxe Luis Borxesin “Disk” hekayəsi, Kəmalə Cəfərovanın çevirməsində Yoşiko Uçidanın “Qızıl təpənin samurayı” romanından “Gizli plan” adlı bir bölüm, Rizvan Əhmədoğlunun “25-ci kadr – Milləti birləşdirən kino” adlı yazı, “Ədəbiyyat üzrə Nobel mükafatı laureatları”nın siyahısı yer alır.
Topluda Güllü Yoloğlunun Cənubi Sibirdə yaşayan türk xalqlarından biri olan Xakasların ədəbiyyatı haqqında qısa, yığcam və ya elmi-filoloji baxımdan maraq doğuran “Çağdaş Xakas ədəbiyyatı” adlı yazısı ilə diqqəti çəkir.
Tədqiqata əsasən aydın olur ki, “İki min ildən artıqdır ki, onlar Sayan, Kuznetsk, Alatay və Altay dağları ilə əhatə olunan Xakas- Minuçin çökəkliyində məskən salıblar. Elə buna görədir ki, xalq arasında “tağdan tereeen çon” / dağdan törənən xalq/” sözü geniş yayılmışdır. Təsadüfi deyil ki, xakasların ən geniş yayılmış dastanlarından olan “Altın Arığ”da qəhrəman qız Altın Arığ öz atı ilə birgə dağdakı mağarada dünyaya gəlir”.
Müəllifin nəzərincə, “Xakasların tarixi mahnı və rəvayətləri / “kip çoox”/, qəhrəmanlıq dastanları /”alıptığ nımax”/, nağıllar /”nımax”/, xalq mahnıları /”ır” və “taxnax”/, atalar sözləri /”sispek”/ və digər janrlardan ibarət zəngin folkloru var”. Araşdırmaçının fikrincə, “Çağdaş Xakas ədəbiyyatı bu gün məhz əsrlərin sınağından çıxaraq dövrümüzəcən gəlib çatan bu şifahi xalq ədəbiyyatı nümunələri üzərində köklənmişdir”.
Tədqiqatçının müşahidəsinə görə, “Bu gün xakas ədəbiyyatı inkişaf edir. “Ax Tasxıl” ədəbi-bədii almanaxı, Xakasiya Yazıçılar Birliyinin orqanı olan “Xan tiqir” ədəbi almanaxı çap olunur”. Müəllifin fikrincə, “Son illərdə xakas və rus dillərində bir sıra şeirlər, hekayə, nağıl, dastan, elmi və s. kitablar nəşr edilmişdir. Bunlara misal olaraq M.Kilçiçakovun “Canlanmış daşlar” /1983/ şeirlər və poemalar toplusunu, İ Topoyevin “Tuğannar” /1992/ hekayə, povest və təmsillər toplusunu, N.Axpaşevanın “Solyar dairəsi” /1993/, K.Sısolyatin, M.Kilçiçakov, V.Maynoqaşeva kimi şairlərin şeirlərini özündə birləşdirən “Ədəbi Afban” /1989/, “Xakas xalq nağılları” /rus və xakas dillərində,1986/, A. Kıştımovun “Mən vidalaşmıram” /1993/, “Altın Arığ” xalq dastanı” /rus və xakas dillərində, 1987/, xakas sanamalarından və yanıltmaclarından ibarət “Xoop-xoop” /1992/ və b. kitabları göstətmək olar”.
Topluda Rəfail Əhmədovun “Əli Kərim və sözün yeni həyatı” və bu sətirlərin müəllifinin “Ağ şeirlər və ya mənəvi ucalığa aparan poeziya” adlı məqalələri yer alır.
Nəşrdə Aydın Xanın “Nəğmələr” silsiləsindən “Namus nəğməsi”, Xanəmirin “Mənim bəyaz topuqlu qələmim” adlı essesi və həmin müəllifin və Ayişənin adsız şeirləri, İbrahim İlyaslının “Yaşayıram”, “Mənəm”, Gülbala Mehdinin “Əlim üzümə qayıdır”, “Mən bir sevgi məktubuyam”, Knyaz Aslanın “Kiriyəm gərək”, “Birlik himni”, Mənzər Güntəkinin “Ala buludların o üzü təki”, “Xatirə”adlı poetik nümunələr bədii – estetik baxımdan maraq doğurur.
MÜASİR AZƏRBAYCAN POEZİYASI
AĞ ŞEİRLƏR VƏ YA MƏNƏVİ UCALIĞA APARAN POEZİYA
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ilk dönəmlərinin ədəbi-bədii, ictimai-mədəni hadisəsi kimi diqqəti çəkən “2+” mistik sürrealizm ədəbi cərəyanı gözəçarpan və yeniliyi ilə seçilən bir prosesdir. Osmanlı, Xanəmir, İ.İbrahimli “2+” mistik sürrealizm ədəbi cərəyanının bədii-estetik fikrini öz yaradıcılıqlarında ardıcıl surətdə davam və inkişaf etdirirlər.
“2+” mistik sürrealizm ədəbi cərəyanının manifesti və məramnaməsi mətbuatdan bizə tanışdır. Manifestin ilk sətirlərindən hiss etmək olur ki, cərəyan nümayəndələri bütün ruhi-cismani varlığı öz içində əridən, sanki ona “yeni can verən” ədəbiyyat, sənət əsərləri yaratmaq istəyirlər.
Manifestdə oxuyuruq: “Yazmağın deyəsən üç şərti var: Görüm, Duyum, Yazım. Və həqiqi böyük sənət bu üç dünyanın – gerçəkliyin, ruhi mövcudluğun və görünən, görünməyən şəkillərin dərgaha apardığı yoldur….”. Bu yol isə manifestdə aydın şəkildə göstərilir: “Yaşamanın önündə və sonunda dünyanın özü boyda üç nöqtə var: Cismani mövcudluq, Yuxu, Ölüm adlandırdığımız Əbədiyyət. Biz, yəni hərəkətdə olan bütün canlılar üç ömrün bəndələriyik. Bizim əzablarımız, insan orqanizminin ağrı əlamətləri, ağacların, otların misqal-misqal quruması və digər canlı varlıqların narahatlıq ifadə edən yaraları ruhun titrəyişi fonunda etirazı, qəfəsdən cana doymasıdır…”.
“2+” ədəbi cərəyanın məramı da eyni dərəcədə həmin manifestdən irəli gələrək aydın şəkildə digər mətləbləri ifadə edir.
“2+” ədəbi cərəyanın fəal yaradıcılarından olan Dəyanət Osmanlı (1965) XX əsrin 90-cı illərin ədəbi-mədəni həyatında öz istedadı və dəsti-xətti ilə seçilən, bütün ruhu ilə yenilikçi şairdir. “Ağ kitab”(Bakı:1997), “İlk…Və… Son…”(Bakı:2009) şeirlər kitabının müəllifidir. Şair “Ağ kitab”a Ön sözüm”də yazır: “Ömürlüyümdə qəribəliklər ola bilər, amma hələ kiməsə heyrətli görünəsi bir məqam yox. Bəlkə də bu məqam mütləq gələcək. Məncə, insan həyata görünməz-bilinməz anı yaşamaq üçün gəlir. Kimi həmin anı özündən xəbərsiz 5-10, kimi 50-100 ilə yaşayır və qeybə çəkilir. Bu an həyatımıza, mövcudluğumuza görə Yaradana qaçılmaz borcumuzdur. Amma nə üçün yaşayırsan, ümumiyyətlə, nə üçün Varsan – sualına dünyanın özü boyda saxta və anlaşılmaz cavablar var.
Poeziya mənim üçün Tanrıya borcumun nədən ibarət olduğunu anlamaq və şəklini çəkmək istəyidi. Sevincin və kədərin hamıya təsiri eyni olmadığı kimi, araya gətirdiyi rahatlıq və can əzabı da eyni deyil. Amma buna da bir dünya saxta yozumlar var. Görünən və görünməyən, yalnız duyula bilən gerçəkliyin içinə enmək, mövcudluğun, yaşamanın səbəblərini bilmək və bilmək – mənim poeziyadan umacağım budur”.
Şair həmçinin “Ədəbiyyatda improvizəni zəiflik hesab edir”. Onun nəzərincə, “Eksperimentlər isə bütün yaradıcılıq boyu davam etməlidir”. Şairə görə, “Eksperiment çalışmaq, çalışmaq və dəlicəsinə nəyəsə nail olmaq istəyidi. Nail olduğun bir Şey varsa, bu artıq hər tərəfdən bitkin görünəcək (bitkin heç nə yox). Şairin fikrincə, “İmprovizə ilə başlayan cavan yazar anlamalıdır ki, düşüncəsizlik yolundadır, yəni olan özəl düşüncəsini də qurban verir və ömrü boyu yaşamağa can atan heç bir hissə, duyğuya nəfəs verməyə daxilində güc tapa bilməyəcək”.
Düşünmək olur ki, “dünyada yazılmamış söz, kitab qalmayıb”. Şairin doğru müşahidəsinə görə, “Əslində isə konkret anlamda belə deyil. Əgər belədirsə, yazmağın xeyri və ümumiyyətlə yaşamağın və ölməyin xeyri nə?…” Onun fikrincə, “bir müddət məşhur yazarları, bir müddət yaşıdları”nı “daha çox isə bayatıları və ağıları oxuyu”b “və anlayır” ki, “yaşamağın və ölməyin, yazmağın mahiyyətinə varmağa, həyatın axırına çıxmağa Tanrı hələ qərar verməyib”.
Şair “Ruhu”nun “qənaətincə, Qiyamətin məqamı bilinmədiyi kimi, böyük sözlərin və kitabların da sonuncusu yoxdu. Və deyəsən, hamı üçün daha gözlənilməzi, həm də fərqinə varmadığı hadisə odur ki, görəsən, Sonuncu kitabı – Qiyamətin kitabını kim yazacaq və onu kim oxuyacaq. Mənsə heç nə bilmirəm, bəlkə elə Sonuncu kitab kainatdan da öncə yazılmışdır və insan onu heç vaxt oxuya bilməyəcək. Və ona görə də bütün yazıların sonundakı Nöqtə şərtidir…”
Bu doğru müşahidə bütünlüklə Osmanlı poeziyasının iç dünyasını özündə ehtiva edir.
Bu baxımdan Osmanlının yaradıcılığını izləyərkən hiss etmək olur ki, burada həyat sakit axarında olsa da, bu həyatın ümumi axınında insan həmişə öz mənəvi dramında yaşayır. Budur, insan daxili «mən»i ilə söhbət əsnasındadır:
Elə ki, axşam oldu
Qaranlıq məni qovur
…otağımdakı tənhalıq
ayaqlarıma dolaşa-dolaşa
pəncərəmin ağzınadək…
Şairin poetik “mən”i üzü Tanrıya doğru yalqız gecəlikdə yaşayır. Və insan gecə qaranlığı ilə üzbəüz dayanaraq üzü aylı, ulduzlu astronomik göyə sanki qovuşuq vəziyyətindədir.
Nə vaxtsa nə vaxtsa
qoxusu qalmayan günlərdə
sütülcə ana uşağıydım
o məmləkətdə
mən ağaclardan daha tez böyüdüm…
İnsanın, fərdin məhz bu fonda təqdimi göstərir ki, yaradıcı şəxsiyyət çox maraqlı bir obyekt seçir və onun bədii-psixoloji həlli üçün yeni yollarla gedir. Xatırladaq ki, şairin şerlərində bu hal tamamilə uğurlu alınır. İnsan, mövcud və ruhi dünya bu şerlərdə mənəvi təmizlik, müqəddəslik vəhdəti kimi canlanır. İnsan və ətraf mühit məsələsi şairə görə daha ciddi hadisədir. Şairə görə insan, ətraf mühitə, gördüyümüz və duyduğumuz nə varsa, hər şeyə ortaqdı:
Buludlar qısır gəlir
İnsanlar günəşə ortaq
Torpağın cəsədi üstə
burada daha axşamlar düşməz
ağacım-dirriyim başımın kölgəsi
göylərin buludu yağmaz daha
əzizi olsan da gözü olsan da…
Osmanlının şerlərində hadisə və predmetlər çox vaxt yaşanmış günlərin canlı xatirəsi kimi təqdim olunur və yaşanmış günlərin xatirəsi görünür, çox da uzaq illərin xatirəsi deyil, həmin bədii-psixoloji xatırlamalar yalnız unudulmaz anların mənzərəsidir ki, bu da yaddaş psixologiyasında assosiativ düşüncələrin məxsusi düzümündən yaradılaraq dərk və əks olunur:
Ötən iki günü tələsik yaşadım
az qala qaça-qaça
qəfil düşən axşamların birində
küləklər səni alıb
vurnuxdu dəli-divanə
duydum yenə boş qalacaq şəhər
ağaclara sığınacaq skamyalar…
İnsanın keçirdiyi daxili-psixoloji sarsıntılar burada artıq birinci mərhələ kimi yaşanmışdır. Sonrakı mərhələdə insan əqli-intellekt gücü ilə hadisə və prosesləri araşdırmağa ciddi səy göstərir. Bu halda şairin poetik “mən”i xəyali-psixoloji fikri uzaqlara—“ömrün o üzünə” səyahətə çıxır. Məlum olur ki, ömrün o üzündə də hələ aydın olmayan həyat yaşantıları var. Şair məhz ömrün o tayındakı görünməz sirli, mübhəm həyatın üst qatını ustalıqla açır
Orada sevginin qayıtmadığı yerdə
ölüm yox acısını çəkməyə
həyat yox bayram günlərində
təzədən doğulmağa
sükut yox dinləməyə
necə təntiyir doğma ruhlar
mübarək üzlüm bu necə ömürdü
orada kimsə yox…
Məqamları, anları şair ruhi və cismani varlığında tam dərinliyi ilə hiss edərək yaşamışdır. Elə bu halda mövcud gerçəkliklə, ömrün o üzündəki ruhi aləmlə şair vəhdət yaradır. Mövcud, cismani və ruhani dünyalararası bədii psixoloji bağlılığa tapınan şair ilk növbədə sevincin, kədərin, odun, küləyin mənəvi himayəsini qəbul edir.
Aydındır ki, külək ayrıca təbiət hadisəsi kimi müşahidə edilir, özü də həyat, təbiət, kainatla birgə alınaraq insan şüurunda dərk və əks olunur. Bununla yanaşı, külək insan ruhuna məlhəm, isindirici, məlhəm ab-havası ilə, həzinliyi, kövrəkliyi ilə qəbul edilir və görünür. Şairin poetik “mən”i də küləyin isindirici, məlhəm ab-havasından azca da olsa udmaq istəyir. Bununla küləyi özünə mənəvi-psixoloji sığınacaq kimi qəbul edən şairin bədii qəhrəmanı onu özü ilə birgə həyatın, təbiətin, kainatın canlı, ruhani ortağı kimi təsdiqləyir. Külək burada daxilən bütün məzmunu ilə simvollaşdırılır:
Atlı küləklər qeybə çəkildi
ləkəli göy üzündə
çağırdım-çağırdım
qara bürüncəkli bir gün
itmişdin canımın ağrıları kimi…
Bəzən şairin bədii qəhrəmanı həsrətlə gözlədiyi məlhəm küləyin simasında açıq-aydın psixoloji dəyişikliyi sezir. Külək mövcud real ekoloji –sosial vəziyyətdən sanki “cana doyur ” və şairin poetik “mən”i də həmçinin küləklə birgə mövcud ekoloji-sosial hadisəyə biganə deyil:
Göyləri quşlara həsrət
ölü bir payız günüdür
küləklər üzünü sürtür
həsrət bir məmləkətin
örtülü pəncərələrinə…
Yaxud:
…asfalt boyu ayaq altında qalan qızmar
quş balası qoxuyur
məlhəm küləyin həsrətini çəkdim…
Şairin poetik “mən”i bu halda ömrün o tayının sakini olmağa can atır. Və bu istəyin bədii-psixoloji məqamda işlənməsi bənzərsiz şəkildə bizə təsir edir:
Orada yaşamaq istərdim bir daha
ömrün o üzündə
at dırnaqlarında qopub töküldü
ruhumun sakinsiz vətəni
hüzndən yapılmış heykəli əziz günlərin
küləkdən yapılmış heykəli nəğmələrin
orada yaşamaq istərdim bir daha.
Və sonda şair “qədim bir mahnının” haçansa səslənmiş, uzaq, çox uzaq illərin səsini, sorağını həzin bir xatirə kimi əzizləyə-əzizləyə ruh aləmində yaşayır və bu yaşantı görünür, heç də adi yaşantı deyil. Bu, müəllifin fərdi poetik aləmində məxsusi şəkildə dolğunlaşır, mənalanır və çox böyük məzmun kəsb edir:
Torpaq hələ diriymiş qəbirdə
iniltisini duydum
sinə daşının çatından
qayıt məlhəm küləyim
apar həsrətini insanların
qədim bir mahnını son sözü kimi…
Yuxarıda qeyd etdik ki, Osmanlının bütün şerlərində mövcud dünya ilə birgə, ömrün o üzü bir küll-vəhdət halında dolğunlaşır. Maraqlıdır ki, şerlərində həmin o iki dünya bənzərsiz məna kəsb edərək bu psixoloji məqamda qaynayıb qarışması ilə müşahidə olunur. Buna görə də şairin şerlərində insan hələlik də olsa, ruhani və cismani dinclik, azadlıq əldə etmək istəyir:
Yoruldu ayaqlarım
əyildi boynum
gözlərimin ağırlığından
uzandım yatağıma geyincəkli
yatağımın hənirsiz və bakirə
lampanın üzü gülür
mən yatandan sonra
yəqin tələf olacaq…
Şairin şerlərində insan məhz “yalqızlığın” cansıxıcı ab-havasından qaçıb qurtarmaq istəyir. Lakin şair bilərəkdən qəhrəmanına bu bədii iimkanı yaratmır. Osmanlının şerlərində insan tərəddüdlü –inamlı anlarını yaşayır. İndi isə bədii qəhrəman Təkdir. Təklik şairin poetik “mən”inə görə, mənəvi-psixoloji əzab deyil, ruhani bir həyatdır. İnsan təkliyi ilə şirindir, toxunulmazdır. İnsan Təkliyi ilə mənəvi təmizlik simvolunu özündə yaradır. Çünki insan buna qadirdir:
Göy üzü rəngində portretdi otağım
sevgili masamın üstündə
ağaclarla şerlər qarışmış bir-birinə
pəncərədən özünü asmış hörümçəklər
bakirə otağım
qadınsız daha yazıq olur gecələr…
yaxud:
…yalqızlığım gəzir
ayağında kəpənək tozu
istəkli günlər yanır koun-korun
istəkli ruhlar gözlərimi sığayır
yuxularımda aydın yaşamaq üçün…
Demək, bütün şerləri boyu daxili tənhalığında yaşayan şairin bədii qəhrəmanı həmin tənhalığı ilə özünə mənəvi təsəlli tapır və bir qədər irəli fikirləşərək belə bir sual qoymaq olar ki, şairin bədii qəhrəmanı doğrudanmı özü-özünün mənəvi himayəçisinə çevrilə bilər yaxud əksinə. Bizə elə gəlir ki, şairin şerlərindəki insan hər halda öz mövqeyində davamlı və sabitdir. Əlbəttə, bu daha məntiqli, tutarlı və özünəməxsus haldırsa, buna yalnız sevinmək lazımdır. İnsan tənhalıqda özü-özünün mənəvi himayəçiinə çevriləndə daha qüvvətli, daha sevgili, daha əzəmətli, daha nəhəng görsənir. İnsan məhz elə buna görə də ruhən və cismən bütövlükdə təmizlik, müqəddəslik fonuna daxil olmaqla, özünün bu kimi xüsusiyyətlərini təsdiq etmiş olur.
RUHLA OVUNAN ŞEİRİN YENİ ƏDƏBİ ÖMRÜ
1989-cu ildə qərara gəlinsə də, müəyyən səbəblərdən bir araya gəlib “2+ ədəbiyyat” cərəyanını yaratmaq mümkün olmadı. Nəhayət 1991-ci ildə şair Dəyanət Osmanlı ilə Xanəmir bu cərəyanın yaradılması istiqamətində konkret addımları ilə diqqəti çəkdi. Əsas məqsədlərdən biri də ədəbiyyatı yeniliyə sövq etməkdən ibarət idi. Onların düşüncəsinə görə, 1991-ci il olsa da, son 70 ildə millətin varlığının necə yox edildiyi bir vaxtda sovet dönəminin və o dönəmin məhsulu olan ədəbiyyata qarşı mərhəmətli olmamağa çalışırdılar.
Cərəyan yaradıcılarının fikrincə, hələ də sovet şairləri yaşayır, yaradır, eyni qayda ilə hər cür imtiyazlara sahiblənmədkən bezmirdilər. elə buna görə də, mifləri dağıtmaq, köhnə qəlibləşmiş streotiplərdən yaxa qurtarmaq üçün, bir araya gəlib, “2+ədəbi cərəyanı” nın manifesti və məramnaməsinin yazılmasına nail olundu.
Bu halda onların şeirləri ilə birgə cərəyanın məramnamə və manifesti də çap olunur. Bu işdə “Oğuz eli” qəzeti ilk addımı atdı . Bundan sonra çap olunarkən birgə şəkildə şeirlər yayımlanmağa başlandı. Az sonra cərəyanla bağlı münasibətlər, yazılar üzə çıxmağa başladı.
O dönəmdə çap olunan “Yol” qəzeti də onlara kifayət qədər yer ayırdı.
Daha sonra cərəyan nümayəndələri ədəbi prosesin “ölgünlüyünü” nəzərə alaraq,“Avanqard” Ədəbi Birliyi təsis etdilər. Bu Birlik fəaliyyətə başladı.
Müxtəlif yerlərdə toplaşır, şeirlər oxunur, müzakirələr edirdilər.
Az sonra “Ağ yol” ədəbi birliyi də fəalyyətə başladı. Bu birliyi də yenə həmin qrup yaratdı. Bu birliyin üzvləri birgə çap olunur, onların yaradıcılıq nümunələri müxtəlif mətbuat orqanlarında yayaımlanmağa başladı.
1993-cü ildə Xanəmir Türkiyəyə təhsil üçün yollanır.
O, cərəyanla bağlı yazıları və şeirləri orda bir neçə dərgidə dərc etdirir.
1996-cı ildə isə yaradıcılığındakı yeni çalarlardan, fərqliliklərdən qaynaqlanan səbəblərdən dolayı, “2 + ədəbiyyat” cərəyanını, “ 2+ mistik poeziya” cərəyanı kimi təqdim edir. Onun yaradıcılığında mistik elementlər özünü göstərməyə başlamışdı.
Xanəmirin ilk çıxan kitabı da (1996-cı il, İstanbul ) Türkiyədə bu cərəyana yer verməklə çap olundu.
1999-cu ildən sonra o, Azərbaycana qayıdıb sonrakı yaradıcılığı boyunca irfan və mistik elementlər şairin yazılarında özünü göstərməyə başladı.
Indiyə kimi bir neçə kitabları fərqli janrlarda işıq üzü gördü. Çap olunan kitabları bunlardır: “Kül soyuğu”.1995. İstanbul; “Ağğğğbaaaağğğ”. 2004. Bakı; “Qarğa beyni yeyənlərə namə”. 2008, Bakı; “Qoy Vatikan sevinsin”. 2008, Bakı; “Saatım Bağdadda qaldı”.2008, Bakı; “Osmanlı”. 2008, Bakı; “A mədəniyyətinin A dili lüğəti; 2010, Bakı; ;Göyə qayıdan mətnlər” 2010, Bakı; “Qəvi qövmün qalı” 2011, Bakı; “Derlər” 2013, Bakı; “Maqlar” 2015, Bakı.
Bu baxımdan müasir poeziyamızın son dövr bədii mənzərəsində Xanəmirin (1971) şer yaradıcılığını xüsusi olaraq qeyd etmək lazımdır. Xanəmir poeziyasının bədii obrazında hər şeydən öncə, gerçəkliyin görünən və görünməyən bütün tərəfləri həmişə bir vəhdət məqamında birləşir və poetik qəhrəmanın daxili ruhi aləmi bu halda daim Ulu Dərgaha aparılan yolun işığına tapınıb sığınır və ovunur, çünki İlahi varlıqdan ötürülən bu daxili nur bütövlükdə şairin bədii-poetik sənət yolunun Ruhi Bələdçisi olur. Budur, Xanəmirin şerlərində hər şey, bütün predmet və hadisələr—gecə, səhər, Günəş, Ay, Ulduzlar, Göy, Səma, Mavi çətir, Qaranlıq, Küləklər, Kül soyuğu, Ölüm, Tabut, Səssizlik, Qəbir, Ruh aləmi bədii-psixoloji vəziyyətin məhsulu olsa belə, yenə Xanəmir poeziyasının bədii kontekstində ən aparıcı mövzulardan olub bütövlükdə bu bir vəhdət halında cəmləşir, qovuşur. Və bütün bunlar şairin poetik dlaxili dünyasında, “”iç””,, aləmində əsrarəngiz şəkildə, harmoniya biçimində, yeni bədii anlamda çözələnir və ədəbi həyatda öz yerini, mövqeyini aydınlaşdırır, təsdiqləyir. Budur, şairin şerlərində İnsan həmişəki kimi yenə də gecənin yaxınlaşdığını duyur, görür. Gecə yaxınlaşdıqca insan özü ilə özünün daxili “mən,,-i ilə tək qalmağa məcbur olur. Və bu məqamda insan bütün ruhu ilə üzü Göyə, Torpağa, adamlara, Sübhə, qaranlığa, ümumiyyətlə, həyatda, Kainatda nə varsa hamısı ilə yaxın, qovuşuq məqamındadır. Çünki onlar daxilən, ruhən bir-birilə” “ortaqdı,,.
Gecə” ”yaxınlaşır, üzüm göyə
Torpağa, adamlara,
Sübhə, qaranlığa…
Şairin bədii qəhrəmanı daha sonra özü ilə tək qaldığı, tənhalıqda yaşadığı müddətdə ömrün bundan sonrakı gələcək anların bədii taleyi barədə düşünür. Şairin qəhrəmanı ona verilən bu ömür payından olduqca çox, daha çox istifadə etmək istəyir, çünki ,,ömürdən,, sən istəsən də, istəməsən də “sular tez axır,,. Şairin poetik mən-i istəyir ki, ona verilən bu ömür payının vaxtının, zamanın dəstəyini öz əlində rahat saxlasın və müddətini daha da uzadıb genişləndirsin. Fəqət bu onun imkanı daxilindədirmi? Vaxt keçir, ömürdən gedir, ömürdən bir gün itik düşəndə şairin qəhrəmanı ona verilən bu ömür payının zəncirvari halqasından ayrı düşdüyünü hiss edir, yaşamağın səmtini doğrudan unudur, çaşır və poetik qəhrəman bu andan etibarən öz iç aləmində burulğanlı düşüncələrin ab-havasında darıxmağa başlayır:
Ömrümdən sular axır…
Balaca çiyindən aşan
Ay kimi qalxır…
Payın azı-çoxu çatır…
…Ömürdən
itik düşəndə gün
Səmtini unudaram yaşamağın…
Xanəmir şerlərindəki poetik qəhrəman bəzən Göy üzünə çəkilən xoş bir “mavi,, səsizliyin ab-havasında ruhani bir azadlıq görür və hiss edir. Külək də, Ulduz də, Ay da, Günəş də, hətta İlahi varlıq özü də bu xoş əsrarəngiz səssizliyin əhatəsində öz şirin və istəkli anlarını yaşamaqdan belə çəkinmir:
Mavilik təki səssizlik
Çəkilib göy üzünə
Heç nəyi incitmir külək
Sayrışmır Ulduzu, Ayı görünmür
Günəşi şığımır, ötmür buludu
Göyün bu məqamı rahat Allah da—
Taledən, gərdişdənkənar, qıraqda…
və məlum olur ki, Göyə çəkilən xoş bir mavi səssizliyin yaradıcısı məhz poetik qəhrəmandakı daxili “iç,, aləmin İlahidən ötürülən gizli nurdur ki, bu da İnsan Ruhu ilə bürünüb yenidən Ulu Dərgahda qovuşuq vəziyyətində cəmləşir:
Göyə mavilllik düşüb
Ürəyimin dibindən…
Digər halda şairin bədii qəhrəmanı insanda görmək istədiyi şirin, isti nəfəsin həsrəti ilə səssizlikdə daxilən “yanır,, və darıxmağa başlayır, çünki insan darıxanda hər şey ona cansıxıcı görünür, insanla bərabər hər şey, hətta “yarpağı yaşıl olan ağaclar,, da –baxmayaraq ki, ağaclar təbiətin canlı, aparıcı və sevimli qüvvəsi hesab olunsa belə– yenə də mavi çətir altında özünü rahat və sakit hiss edə bilmir. Yaşıl ağaclar da insanlar kimi bu geniş dünyaya, kainata, təbiətə ruhən sığa bilmir, daxiili, gizli aləmində insanlar kimi ruhən isti alovlu, atəşin, nurlu məhəbbətin eşqi ilə yanır və yaşamaq istəyir. Lakin təbiətin təbii qanunauyğun hadisəsi olan soyuqların verdiyi sərt, həmçinin bədbin əhvali-ruhiyyə yaşıl ağaclarda olduğu kimi insanın ruhi aləmində özünə yuva qurmuş həsrətli ümidlər də birdən birə öz donunda, soyuqlaşır, üşüməyə başlayır, öz canlılığını itirir:
Yarpaqları yaşıl ağaclar
Mavi çətir altda darıxında
Sopsoyuq ümidlər əsir oldu canımda
Səs-səmir çəkildi qeybə
Sağı-solu ölçən soyuqlar idi
…O taylara bahar gəlib
yaşıl ağacların kökləri üşüyür yenə
Xanəmirin şerlərindəki insan ümumiyyətlə, Gecə Qaranlığı və səssizliyin daima ümumi qovşağında yaşayır, Gecə Sükutun, Səssizliyin simvolik obrazına çevrilir. Xanəmirin poeziyasında Gecə sanki bütün hər nə var, hər şeyi susdurur və hər şey Gecənin qoynunda öz inadkar səssizliyini qoruyur. Çünki Gecə bütün libasların, səslərin bir rəngdə, bir biçimdə boğulmasına geniş imkan verir, lakin Səma cisminin digər sakini olan Ay işığın, nurun maşiyyət və məzmununu özündə əridən, ehtiva edən xüsusi mənbə rolunu oynayır:
Gecə ilıq maye
Toxunuram tərpənir
qulaqlarıma dolur qaranlıq
qulağım qaranlıq işığında
Göllərdə qaldı sükut
Sükut qaranlıqda qulaq tutdu göldə
Gecə boğarkən səsləri Ay parlıyırdı…
Şairin şerlərində təsvir olunan Ay bəzən öz işığı, nuru ilə poetik qəhrəmanın İstəkli Ruh aləminə daxil olur, şairin fərdi-poetik mən-in işığına öz müqəddəs nurundan pay verir. Çünki İlahidən daxili, gizli şualanma ilə ötürülən bu payı insanla ilahi varlığın mənəvi qovuşmasını reallaşdıran vasitəyə çevrilir:
Ay parlayır gecənin başında
Ruhum içimdəki yerləri gəzir
İçimdəki yerləri ziyarət eyləyir
Anlayır o dünyanı…
Xanəmirin şerlərindəki poetik qəhrəman bəzən insanın sifət cizgilərində ilahi varlığı görür. Nəsimidə “ənəl həq,, ideyasına öz bədii-fəlsəfi nurunu qatan şairin fikrincə əlində tutduğu quş lələyi ilə yazılan sözlər insana ilahi tərəfindən verilən gizli, mübhəm nurdur ki, həmin nurun məzmununda insan və ilahi varlıq bir-birinə qovuşur:
Quşun səsi üzümdə rəsim cızdı
Özünə bənzədi, özü kimi Allahı gördü…
Bununla belə şairin poetik qəhrəmanı söz və səslə insan üzünə çəkilən rəsmlə qaneedici bir məqam görmür, o daha çox dəyişilməni, başqa səpkidə rəsmlər, tablolar görmək istəyir ki, ilahi varlıqla daha sıx təmasda olsun:
Əllərinə gül al dedim
Əllərinə gül al
Dəyişsin axır zaman tabloları –gözəlləşsin
İstədiyimizi söyləyə bilək Allaha…
Digər şerlərində Xanəmirin qəhrəmanı bəzən tanrıya müraciətlə söz haqqında mülahizələrini çözələyir. Şairin fikrincə sözlər başdan başa sirlərlə doludur, şair bu sözlərdəki sirləri açmaya bilməz. Çünki söz—sənətkarın əlində tutduğu qələm istər-istəməz sözlərlə birgə ilahidən gələn nurun ab-havasından qızınaraq Günəş simalı, təmiz, ağ vərəqlərə süzülür. Vərəqlər isə İlahinin yazdıqlarını ruhun aynasında çözələyərək daha bir sirrin surətini üzə çıxarır. Bu məqamdasa Sözlər, fikirlər işığında Vərəqlər şairin ruh aləminin daxili məzmununu özündə əridən konkret xüsusi yerini, məkanın ifadə edir:
Tanrım sözlərim canında
Qətl edir bir-birini
Qaranlıqdan, işıqdan öncə
Çiçəklərdən, sulardan, rənglərdən öncə
Sözləri yaradıcının sirrini
yozmasın şairin mömin qələmi
ölürmü, Rəbbim
Ay görünmək istər istərkən söz ruhum, səs ruhuuuu
Unutmasın çiçəklərin açıb solan məqamın…
və s.
Şairin poetik mən-i həmçinin müqəddəs sənət yolunun axarı boyunca mavi göylə daxili dialoqa girmək istəyir, onunla yaxın, lap yaxın və sıx təmasda yaşamaq, ondan mənəvi-ruhani sığınacaq, mərhəmət istəyir. Çünki şair buna özünün daxili- intuitiv ehtiyacı kimi baxır:
Baxdım göy
Dualı sözlərimə qardaş olarmı
Dualı sözlərimə analıq edib
Mavi mərhəmətini göstərərmi
Mavi göydən mərhəmət uman şairin fərdi-poetik dünyasında gözəlliyin rəmzi siması kimi canlanan sözlər ruha çevrildikcə onun məzmununda gizlənən mənalar sanki birdənbirə bir çiçək kimi açılır, doğulur, özlüyündə Söz Ruha çevrildikcə onun mahiyyətini özündə əridən böyük məkana daxil olur:
Qorxularımdan gözəllik doğacaq
Sözlərimin içində gizlənən çiçəklər
Bir məkan arayacaq
Vallah o gün olacaq…
Bu dəfə şairin fərdi-poetik dünyasında incələnən bədii fakta görə insanın köksünün altında kükrəyən ahı, alovu ilə gözəgörünməyən İlahi varlığın simvoliki olan Mavi Göyə qovuşmaq istəyir:
Göyün altındakı mavilik cəlladı
maviyə gömülür sinəmin ahı
sinəmin ahı itmək istəyir, itmək istəyir…
Xanəmirin şerlərində insan bəzən Ruh aləminə qovuşarkən bədii qəhrəman bu halda özündə daxiili-ruhi azadlıq, sərbəstlik hiss edir. Bu məqamdasa insan gizli, şirin yuxuların qoynunda Ulu Dərgahın Nuruna qərq olduqca özünü ruhən saf, təmiz və müqəddəs hesab edir. Şairin fərdi-poetik dünyasında yuxu Şirin və ToxunulmazRuh aləmidir. Şairə görə Ruhun ab-havasında uyuyan hər şey daha canlı və əzəmətli görünür. Hətta «çiçəklər də açılır, otlar da göyərir»:
Gecə
Ay doğandan sonra
…adamı çağıran nuru qayıdır
Ay batana qədər
Yuxumun gücünə
Xanəmirin şerlərində qəhrəman digər məqamda Tənhalığı qorumaq, onun daxili isti yuvasında ovunmaq istəyir, şairin fərdi-poetik anlamında incələnən Tənhalıq bəzən səssizlik içində uyuyan gecənin əsrarəngiz, tilsimli əzəmətli qoynunda şirin, həm də uzaq xatirə tək yaşanılır.:
Gözlərindən axan uzaq xatirə tək
Səndən qalan
dörd divarlı tənhalıq
qoruyuram yadigar tək
Xanəmirin şer yaradıcılığında səhər də ayrıca məna kəsb edir.Səhər şairin fikrincə, bütün görünən əşya və predmetlərin, obyektlərin, küçələrin, binaların, ağacların otların ilk doğuluş bətnini xatırladır və səhər sanki bütün görynən obyektləri göydən aşağı buraxır, özü isə səmalar məkanına çəkilir:
Səhərin içindən çıxıb
Bu küçələr, ağaclar
Dustaq binalar
Səhər göydən çəkilmiş kimi
otlu, ağaclı, binalı
yuxarı dartılır….
Xanəmirin şerlərində bədii qəhrəman bəzən daxili tənhalığında baş yastığı ilə ünsiyyətə girir. Yastığa müraciətlə söylənən fikirlərində poetik qəhrəman daha çox qayğılı görünür. Qəhrəman gah yastığın yumşaqlığından anasının dizləri üstə yatmağını xatırladır, gah gecə soyuqlarından üşüyərək gözündəki yaşları özünə çəkən yastığa özünün qeyri-ixtiyari olaraq isnişdiyini büruzə verməklə baş yastığında özü ilə bərabər «hörüklü bir başın» da qayğısına qalmağı ona həvalə edir. Çünki Yastıq onların bir vəhdət halında mənəvi-ruhani simasının ayrılmazlığın əyani simvolik nişanəsidir:
Başımı qoynuna alan yastığım
…Yuxuda qayğılı başımı qoru…
Düşdü qaranlıqlar, üstünə əyildim
Yumşaqdın—anamın dizləri bildim
…Gecə soyuqları gələndə hərdən
Gözümün yaşını yığdın üzümdən
Böyrümdə hörüklü bir baş gözlədin…
Şerin ikinci bədii mətnində Yastıq və Yastıq sahibi daha çox darıxdırıcı, ölü sükut içərisində və qəriblikdə boğulur. Buradakı qəhrəmanların gələcək yaşamaq ehtimalı da bundan sonra görünmür. Çünki hazırki vəziyyət, psixoloji situasiya o qədər də qənaətbəxş deyil:
Başımın ağırlığına dözən
Yastığım dayanıb
Çarpayımın baş tərəfində
Yuxum qəriblikdə hələ də
ac mələfə kimi sakitlikdə
…çox yaşamağa gümanım az, gümanım az…
Xanəmirin şerlərində bədii qəhrəman həmişə olduğu kimi bu dəfə də bəzən gizli intuisiya məqamında yaşayır: ana və övlad yenə bir-biri ilə qovuşaraq keçmiş anlarını yaddaş psixologiyasında çözələndikcə daha da analıq və övladlıq hissiyatı incələnib dərinləşir. Ana balasını qolları arasına alıb bağrına basır. Ana övladını qucaqladıqca bir müddət övladının boynundan asılı qalır, övladının boynundan asılmağı şair şirin həsrətli, sevimli «düşmən» asılmağı kimi qəbul edir və mənalandırır:
Anamın qolları boynuma dolaşır
Əsir düşür boynumda anam
Uzaq göy altda dərdimi doğradıqca nəğmələrimə
Boynumun sevimli düşmənliyi qurtarır, ana
Üzünün üzünə sıxmasını mənəvi məhrəmlik kimi yozan şairin fikrincə onlar sanki, Tanrının söylədiklərinə qeyri-şüuri olaraq əməl edir, çünki ana indiki məqamda qucaqladığı övladını bir vaxtlar bətnində gəzdirirdi:
Üzünü üzümə sıxıram
Dirilir Tanrının söylədikləri
məni hələ də bətnində duyursan
üzümü gördükdən sonra, bətninə
qaytarırsan, ana
ƏBƏDİ VƏ SEVGİLİ RUH ALƏMİNƏ QOVUŞMA YOLUNA BİR ADDIM
İbrahim İbrahimlinin poeziyasında nəzərə çarpan əsas məqam ilk öncə səslərin, söz və ifadələrin, fikir və hisslər dünyasının ahəngdarlığı və dərinliyi, bədii-məntiqi ardıcıllıq və yüksək intellektuallıq-analitiklik, bədii-estetik təfsir baxımından qabarıqlığı ilə üzə çıxır. Özünü tanımaq, özünü təsdiq etmək, özünü tam və bütöv halda dərk və hiss etmək İbrahimli şerlərində ULU YARADANLA özü arasındakı bağlı olan cəhətlərin işartılarına diqqətimizi artırır. Ruhi təmizlənmə İbrahimli poeziyasının əsas leytmotivini təşkil edir. Fikrin, hissin, yeni bədii qatda təqdimi və dərin təcəssümündə poetik obrazlılıq mühüm əhəmiyyət kəsb edir. İbrahimli şerlərindəki poetik obrazlılığın vasitəsilə yaşanılmış və xatirəyə dönmüş anların dərin bədii təcəssümündə insanda oyatdığı təəssürat olduqca cəzbedicidir, insan bu cəzbin, sehrin ağuşunda daim çırpınır:
Gecənin əlləri ürəyimin başında
dərdlərimin gözünü oyur
və tənhalıqda axan al qanım
bəyaz günləriymiş çıxır
damarlarımdan
Bəyaz günlər gecənin önündə bir damla
Axan al qanım yol alıban
uzun gecədən küçələrə dama-dama keçir
sənsiz qalmış küçələr xatirələrin qızıl qanına boyanır
İnsanın maddi gerçəkliklə əlaqəsində Ruhani aləm bütöv, tamamlayıcı həlqə rolunu oynayır, insan maddi gerçəkliyin məhz xaotik mənzərəsində üz-üzə dayanan anda daha çox Ruhani həyatın, İlahi Gerçəkliyin əsrarəngiz, tilsimli ab-havasında uyumağa can atır. Ömrün o üzü olan Ruhani Gerçəklikdə isə insan maddi aləmdən, ətraf mühitdən tam təcrid olunmuş halda daxili əzabların, gərgintili anların ağırlığında mənən saflaşa-saflaşa və durulduqca İlahi Məkana qovuşmaq məqamına gəlib çatır. Çünki ömrün o üzü olan İlahi Gerçəklikdə insan özünün ilahi birliklə bağlı olan məqamın görüntüsündə bütöv və nəhəng daxili əlaqəsini görür.
Unutmuşam özümü
Zamanı anlamayacaq ağlımdan gizlin
ömrümdən qırılıb düşüb
ağrı-acıların dırnaqları altında
əzablar ölümün bəbəklərini oyur gecə-gunduz
Ağrı-acılar ömrümdən uzaqda
…Ölüm yaşanmış sıxıntılardan yaranır və
ömür ölüm üçün yaşanır…
İbrahimli şerlərində təsvirini tapan mənaya görə İnsan günahlarının çoxluğu onun əbədi və sevgili RUH aləminə qovuşmaq yolunda maneələr yaradır, günahın çoxluğu hətta
sığındığı divarların bucaqlarında da rəng kimi əks olunaraq işlətdiyi şər işlərin əməli simvolik mənası kimi canlanır:
Sığındığım bucaqların divarlarına
Günahlarımın rəngi çıxmış
…yaddaşımdakı qapıların yeri
günahlarımla hörülmüş
hər səhər ürkək əllərim
gözlərimi qapı yerinə açır
Bəbəklərimdən qarışıq yuxular tökülür ovcuma
Və ovcümda üzür
sevgilərin qovuşduğu anın cənazəsi
İbrahimlinin poeziyasında fikrin, hissin analitik təqdimi və dərinliyi, intellektuallıq bəzən hətta 2-3 misralıq şerlərdə də özünün qabarıq bədii ifadəsini iapır və mətndə ümumiləşmiş fikirlərin, hisslərin bütöv tərkibi kimi alınaraq mənalanır, onun canlı, bədii portretinə çevrilir:
Damında
Hər kəs damında
Allahın gecələdiyi yer
Mənim damımın altında
Burada ifadə olunan ideya, fikir yığcamlığı və konkretliyi və ya analitikliyi ilə yadda qalır. Ruhu ilahi nəfəslə yoğrulmuş insan batinində məhz Ulu Tanrının əbədi və əzəli Ruhu də gecələməyə hakimdir.
yaxud: Şamında
Şamlar əriyir allahın şamında
Və allahla mən
bir-birimizin amanında
Bu misralarda da fikir fikir içindən, predmet predmetdən doğur. Konkretlik və analitiklik şerdə ideyanın qavranılmasına güclü bədii zəmin yaradır. Ruh İlahidən gəldiyi üçün insan cismi maddi varlıq olaraq torpağa qarışıb əridiyi kimi, onun ruhu da yenidən qopub gəldiyi ULU YARADANIN RUHUNDA ŞAM kimi ƏRİMƏYƏ MƏHKUMDUR.
yaxud: Yaxındadı və yaxınlığındadı
Yaxınlığımız yaradana
Yaradanın gözləri ilə baxmağındadı
Ruhi yaxınlıq, ruhi təmizlənmə anlayışı Yaradanın, Ulu Dərgahın mahiyyətində gizləndiyi üçün həmin ilahi qatdan törənib rişələnmiş ruhi yaxınlaşma prosesi təbii olaraq yenidən ona cavab kimi səslənir. İbrahimlinin qəhrəmanı bəzən sakit gecənin dərinliyindən toxunulmaz və şirin tənhalığında yaşayaraq ömrün o üzünə ruhən addımladıqca özünü Ulu Dərgahın məkanında hiss edir:
Elə gecə ikən astaca
qapıların o üzündə qalan günlərin
qapısını açıram
otağın bir küncündə çarpayı altında gizlənmiş
uşaqlıq çağlarınmın əlindən tutub
sayrışan səmadan da o yana gedirəm, gedirəm.
yaxud:
gecənin bir aləmində bəyazlaşıb
urkək, bir səssiz addım atdım
sənə doğru
ayaq səslərim ürəymin bəyazlığına düşdü…
İbrahimin şerlərində öz əksini tapan insan və telefon qarşılaşmasında qəhrəman bir qarşısı alınmayan əsrarəngiz doğmalıq, yaxınlıq duyur və bunlar arasında özünəxas oxşar cəhətlər tapır. Səsini içinə yığmış telefonla tənhalıqda nəfəsi, səsi içində boğulan insandakı üz-üzə dayanan daxili əzabların ümumiləşmiş simvolik mənası kimi canlanır:
Səsini içinə çəkmiş
telefonun bir addımlığında
nəfəsi göyəribən içimdə
bir telefon zənginə
gözləri alacalanıb
özümdən başqa keçmiş yalqızlığımın
…yapyalın göz yaşları dirənir boğazıma
Ha istəyirəm
qışqıra bilmirəm yalqızlığımın üstünə
səs tellərim telefon telləriymiş
qırılıb düşür ürəyimə
beləcə səsimi aldı
aldı səsimi yapyalınlıq
İnsanın keçirdiyi vəziyyətlər, psixoloji sarsıntılar onun sonrakı qalan ömrün məzmununda getdikcə ağırlaşan xaotik bir mənzərə yaradır. Şairin qəhrəmanı belə xaotikliyin ümumi aynasında ömrün o üzü olan Dünyası ilə xəyalən dialoqa girir:
Qarışıq yuxularını göz yaşları döyəcək
döyəcək göz yaşları
sonra ömrün damacaq ürəyimə və
ürəiyndə döyünəcək qarışıq yuxularla göz yaşları
Döyünən ürəyinin səsindən
yer üzü səksənib ömründən ayrılacaq
yaxud:
Yaşadığım günlər
Gecələdiyim otaqlardan boylanır, boylanır
Hələ ki, bu qədər yaşadım
Bir pəncərəni də özümünkü eliyə bilmədim
Ürəyim istəyəndə pəncərəni açıb dünya dolu boşluğa
Yuxarıdan aşağı baxım
İbrahimlinin şerlərində bəzən Külək, Dəniz də sakit gecənin dərinliyində İnsan ruhunda görünür və təqdim olunur və ayrıca simvollaşaraq bütövlükdə onun konkret bədii portpetinə çevrilir:
Qapılar, pəncərələr bağlı
Qapı arxasında qalan küləklər
bayırda süzür, süzür —
artıq yuxuya dönmüş
nəğməli gecələrin üzünün nuruna
… nəhayət süst düşür tən ortasında
dənizin qolları üstə
Və küləyin içində boğulan dənizin rəngi gömgöy
Göyərib özündən gedən dəniz
şəhərin kənarına yıxılı qalıb.
İbrahimlinin ümumiləşmiş İNSAN obrazının təqdimində İnsan Günahının Böyüklüyü son məqamda ona hansı ibrətamiz nəticələr verəcəyini bədii məntiqi ardıcıllığı və psixoloji çalarları ilə canlandırılır və buradan fikir, ideya konkret olaraq ümumiləşmiş fikirlərin, hisslərin analitikliyi ilə bütöv tərkibi kimi alınaraq mənalanır:
Günahlarımda üzülmüş
başdaşımın boynu o qədər, o qədər nazik
qəbrimi yer üzündən siləndə
yer üzündən silinəndə qəbrim
zamanın əlinə gəlməyəcək.
yaxud:
Allah məni boğmaq üçün
ağır dərdləri ömrümə bağlayıb
atıb insan axınına…
yaxud:
Qəbirlər qəlblərə çökür
köçdükcə çökür
və bu dünyamızı
o dünya yanına çəkir.
İbrahim İbrahimlinin şerlərində əksini tapan İnsan həyatının mənalılığı onun şəxsi AZADLIĞINDA axtarılır. Burada insanın şəxsi AZADLIĞI günəşlə əlanələnir. İnsan həyatının daxili gözəlliyini və mənalı keçən ömür yollarını bütün çılpaqlığı ilə əks etdirən misralarda bütöv bir ömrün ümumiləşmiş mahiyyəti fikrin, hissin. ideyanın bədii aynasında bütün tərəfləri ilə göz önündə canlanır:
Günəş şüaları geri dönüb
Günəşin ömrünü pıçıldayacaqlar
Həbsxanaların bomboş otaqlarına
Və günəşin həbsinə düşəcəklər
Həbsxananın gün görməyən otanqaları
gün görməyən həbsxana otaqları
günəşin pıçıltılı yuxusuna oyanacaqlar.
İnsan özü ilə birgə ətraf aləmi və RUHANİ GERÇƏKLİYİ bir tam halında necə və hansı şəkildə dərk və hiss edir və ayrıca olaraq ömrün o üzü olan DÜNYANIN və ya İLAHİ VARLIĞIN bütün bu gerçəkliklərlə hansı həssas bağlı cəhətləri var. İnsanı görünən və görünməyən GERÇƏKLİKLƏRLƏ hansı məqamlar, tellər birləşdirir. İbrahim İbrahimlinin yaradıcılığını onun əsas bədii maraq dairəsini də məşğul edən elə əsas cəhət də məhz bunlardı.