Ev Araşdırma Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərində milli yaddaş

Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərində milli yaddaş

3893

Bədii fikrimizin zənginləşməsində müstəsna rolu olan Bəxtiyar Vahabzadə yaradıcılığı rəngarəng və bənzərsizdir.

Bəxtiyar Vahabzadə yaradıcılığı əslində tədqiqatçılar üçün folklor elementləri ilə zəngin bir laboratoriyadır.Onun zəngin irsi, şeirləri, dram və pyesləri xalq yaradıcılığından qidalanır, milli–mənəvi dəyərlərə söykənir. B.Vahabzadə yaradıcılığının poetik gücü isə əslində milli yaddaşdan gələn enerji ilə bağlıdır.

Bu baxımdan, Seyfəddin Rzasoyun “B. Vahabzadə və milli yaddaş”la bağlı fikirləri çox orijinaldır.“ Adətən, bir sənətkarın milli yaddaşın ulu qaynağı olan folklora bağlılığını araşdırarkən onun yaradıcılığında işlənmiş atalar sözləri və məsəllərə, nağıl-dastan hikmətlərinə, əfsanə-rəvayət motivlərinə diqqət verirlər. Lakin bu yol Bəxtiyar Vahabzadə yaradıcılığını qiymətləndirmək üçün heç bir halda yaramır.

Böyük şairin xalq qaynaqlarına, folklora münasibətini bu şəkildə və bu səviyyədə qiymətləndirmək, əslində, Bəxtiyarla folklor, Bəxtiyarla milli yaddaş arasında kağız üzərində bir sədd çəkmək, sənətkarı süni şəkildə milli yaddaşdan ayırmaq deməkdir. Çünki Bəxtiyar Vahabzadə milli yaddaşdan heç vaxt uzaq düşməmiş, bir an belə ondan qopmamış,əksinə, həmişə milli yaddaşla baş-başa, iç-içə, könül-könülə olmuşdur. Bu mənada Bəxtiyar yaradıcılığında xalq qaynaqlarını araşdırmaq üçün şairin poeziyasının özünə birbaşa milli yaddaşın, folklor yaddaşının ulu hikmətlərinin qorunduğu qaynaq kimi yanaşmaq lazımdır.”

B.Vahabzadə özü insan ömrünü şərti olaraq 3 dövrə bölür: uşaqlıq- noğul dövrü, gənclik –nağıl dövrü, ahıllıq və qocalıq isə-ağıl dövrü.

Bəxtiyar Vahabzadə ömrünün noğul dövrünü xatırlayır: “Ömrümdə ilk dəfə göy gurultusunu eşidib qorxudan anamın üstünə qaçdığım və o səsin nə olduğunu soruşduğum indiki kimi yadımdadır. Anam məni bağrına basıb:-Qorxma, -dedi,-Mələklər göydə at çapır. O, göydə at çapan mələkləri xəyalının gözlərilə görür: Heç demə, göy gurultusu, atların kişnərtisi və ayaqlarının tappıltısı şimşək isə nağıllarından qopan parıltı imiş…”

Bəxtiyar Vahabzadə həmin o gözəl sözün sehrinə bürünərək, ədəbiyyata, söz sənətinə gəlir. Xalq ruhundan boy atır, xalq ruhuna köklənir, bu ruhun ifadəçisinə çevrilir. Folklorumuzla nəfəs alır və demək olar ki, bütöv yaradıcılığında şifahi ədəbiyyatımızın ruhunu yaşadır. Daha sonralar isə yazar, təbiət hadisəsini – həmin o göy gurultusunu “Özümüzü kəsən qılınc” pyesinə gətirir, obrazın xarakterinin, onun iç dünyasının açılmasında müvəffəqiyyətlə tətbiq edir.

“Göy gurultusu …
Dulu xan: Bu səs nədir?

Mələk: O səs sənin içində xeyirlə şərin toqquşan qılınclarının səsidir” Milli – mənəvi irsə, folklora böyük önəm verən Bəxtiyar Vahabzadənin, şifahi xalq ədəbiyyatı, onun ideya və bədii xüsusiyyətləri haqqında qiymətli fikirləri bütün zamanımız üçün aktualdır.“Eşitdiyimiz nağıllar, əfsanələr, əsatirlər nə qədər sehrli və möcüzəlidirsə, bir o qədər gözəldir, bir o qədər mənalıdır, hikmətlidir.

Çünki bu sirlər, möcüzələr uşaq xəyalına qanad verir, uçurur, fantaziyasını genişləndirir. Amandır analar, nənələr, babalar, uşaqlara sirli, möcüzəli nağıllar danışın, onlara uçmaq üçün qanad verin” Bu ideyaya sadiq qalan sənətkar bütün yaradıcılığı boyu xalq yaradıcılığının rəngarəng nümunələrindən böyük sənətkarlıqla yararlanır, dəyərli əsərləri xalqın söz yaddaşında əbədi həkk olunur.

Bəxtiyar Vahabzadə böyük türk yazarı Hüseyn Nihal Atsızın “Bozkurtların ölümü” romanının təsirilə “Özümüzü kəsən qılınc” pyesini yazır və onun xatirəsinə ithaf edir.Yazar əsərini əvvəldən axıra qədər milli folklor ənənələri üzərində kökləyir. Bəxtiyar Vahabzadə əsərdə, qurddan törəyən, qədim Türk soylarından gələn Aşina ailəsinin qurduğu Göytürk xaqanlığının tarixi təşəkkül yolunu, mübarizə tarixini əsvir edir.

B. Vahabzadə ən qədim Türk dövlətlərindən olan və adında ilk dəfə Türk adı yer alan Göytürklərə aid dastanlara müraciət edir. Türklərin islamı qəbul etmələrindən öncə təşəkkül tapan Bozqurd və Ergenekon əfsanələrini əsərinə köçürür.Bəxtiyar Vahabzadə “ Özümüzü kəsən qılınc “ pyesində folklorda yatan tarixi oyada bilir, Türk dünyasının böyük yazarı Çingiz Aytmatov demişkən “Şair öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir”.

Yüzillərin süzgəcindən keçib gələn milli ənənənələrə böyük dəyər verən , yazıçı “ Özümüzü kəsən qılınc “ pyesində ənənələrə yeni nəfəs verir.Göytürklər dönəmindəki türklərin həyat tərzini adət – ənənəsini tarixi hadisələrlə canlandırır. Müəyyən bir dövrə qədər adsız və ya müvəqqəti adla tanınan türk kişilərinə göstərdiyi , mübarizlik , şücaət nəticəsində ad verilmə ənənəsi “Dədə Qorqud” dastanlarında Dədə Qorqud tərəfindən icra olunur.

Bu ənənəni yazıçı “Özümüzü kəsən qılınc”əsərində Göytürk xaqanı Qara xaqan tərəfindən orijinallıqla davam etdirir.

İlkin qaynaqlardan olan dastanlarımızda da rast gəldiyimiz ,qədim türk adətlərindən olan ad qoyma mərasiminin özünəməxsus təsvirini , verilən adla alpın –qəhrəmanın xarakteri və göstərdiyi şücaət arasında uzlaşmanı əsərin birinci pərdəsində Göytürk xaqanı Qara xaqanın, Türk elinə zəfər qazandırmış qəhrəmanlarına ad verməsi ilə müşahidə edirik.“

Qara xaqan – Şu – Tekin , Türkelinin suyu,havası və əkməyi sənə halal olsun! Əyilməyən başları əydirmiş ,bükülməyən dizləri bükdürmüş atalarımız Metenin , buminin ,İsteminin xeyir- duası həmişə sənə yar olsun!Sən qorxulu düşmənimiz juan –juanları diz çökdürməklə, onların üzərində zəfər çalmaqla atalarımızın ruhunu şad etdin!

Mən Ötükənə qələbə qazandırmış ordunun başbuğunu mükafatlandırıram.Qardaşım oğlu Şu –Tekini Gur – şad, dəmirçilərimizə rəhbərlik edib,ordunu hər cür silahla təmin etmişqardaşım oğlu Yaşar –Şadı Dulu xan adlandırır , Minbulaq torpağının xaqanlığını ona tapşırıram!. “ Əski türklərdə uşağa ad qoyma çox vacib məsələrdən biri idi. Uşağın adı ilə alın yazısı arasında bir bağ olduğuna inanılırdı. Yenisey sahillərində yaşayan türklərdə ad qoyma zamanı ziyafət verilər , lider – şaman uşağa yaraşan , uğurlu ilk adını verərdi.

Uşaq tez-tez xəstələnərdisə, adı ağır gəldi deyə ad dəyişdirilərdi. Yakut türklərində ilk ad qoyma doğumdan üç ay sonra,əsil ad qoyma isə uşaq yay basıb, ox atmağa başlayınca olardı.Altay türklərində uşağa ilk adı atası verərdi.Əsərdə həmin ənənənin davamını müşahidə edirik .

“Banuçiçək – Mən də qaynım Şu – Tekini aldığı yeni adla Gur –Şad rütbəsi ilə kutlayır və onu ulu tanrının ona bəxş etdiyi övlad payı ilə təbrik edirəm.( Gur-Şada yaxınlaşıb qundağı ona verir.) Sən yeni aldığın ad günündə, oğul övladına özün ad verməlisən. Qoy bu gün hər ikinizin ad günü olsun.Gur-Şad- Mənim övladıma mən yox,böyük qardaşım Dulu xan ad versin.
Dulu xan (uşağı alıb.) – “Mən qardaşımın ilkinə Kutluq- İltəriş adı verdim, yaşını Tanrı versin !”

“Dədə Qorqud” dastanından da bildiyimiz kimi , ata və ananın verdiyi ad müvəqqəti addır. Qəhrəman əsil –gerçək adını üstün qabiliyyət, savaşda hünər göstərərək alır. Dirsə xanın oğlunun qarşısına çıxan buğanı öldürüb ad alması kimi.Necə ki, əsərdə Ötügen elinin oğulları Şu –Tekin və Yaşar –Şad , düşmənləri -juan –juanları diz çökdürməklə, onların üzərində qələbə çalmaqla Türkelinə zəfər , özlərinə yeni ad – rütbə qazandırmış olurlar.Türklərin iğidlərinə alp adı vermələrinin ilk qanunu igidlik, cəsurluk, şəxsi keyfiyyət , qəhrəmanlıq və əsalətdir.

Boy içində əsil bir ailədən olmayana bu ad verilməzdi. “Alp” kişidə sağlam ürək, qolda quvvət, qeyrət , ürək , at, xüsusi bir geyim , iti qılınç, süngü, yay və sevgili qadınının olması vacib idi. Oğuz Xagan dastanında bu tipin ən idealina rast gəlirik. İslamiyətdən sonrakı Türk dastanlarında bu tip, “Alp-ərən” tipinə dönür. Fuad Köprülü isə İslamiyətin təsirindən sonrakı Türk alplarına Alp-Gazi adını verməkdədir. Şəxsi keyfiyyət və davranışı ilə bir ulusun , millətin önündə olan Alp igidi Gur –Şad sadaladığımız dəyərlərə malikdir. O, xalqının güc simvoludur. Türk dastanlarında görülən alp tipi, ümumiyyətlə mənəvi bir gücə malikdir. Tanrıya inanmaqda, qüvvət, qüdrət, uğur insan oğluna Tanrının bir vergisi olaraq qəbul etdirilməkdədir.

Bəxtiyar Vahabzadə ənənəyə bağlı bir şair idi , “dünyada ənənəsiz heç nə yoxdur”, “deyən şair , zəngin irsi vasitəsilə kökə sədaqətli ənənələri gələcək nəsillərə ötürürdü.“Elin hər hansı adət və ənənəsi barədə fikir yürüdəndə ehtiyatlı olmaq lazımdır.Çünki bu adəti xalq elə- belə yaratmayıb. Bu adət min illər boyu yaşayıbsa , demək onun yaşamağa haqqı var.Demək o forma deyil məzmundur.”

Bəzən , modern dünyamızın bizə tanıdığı imkanlardan sui- istifadə edərək , körpələrimiz dünyaya gəlməmişdən aylar öncə ad qoyulur. Bizlər, ənənələrə sadiq qalaraq , savaşdan zəfərlə çıxan ,ölümün özünü belə öldürən alp – igidlərimizin , sədaqətli ,xatunlarımızın ,qədim dastanlarımızda adı keçənlərimizin adlarını yaşatmalıyıq. Çünki , insan adları da yer adları kimi bir millətin keçmişini , dini inancını mədəniyyətini və dünya görüşünü araşdırmaq açısından çox əhəmiyyətlidir.

Bəxtiyar Vahabzadə pyesdə dastan motivlərini, əsərin qəhrəmanları ilə iç – içə bir durumda təqdim edir. Ən önəmli rol qəhrəmanın olduğu üçün, yazar, motivləri qəhrəmanın vəziyyətinə uyğun olaraq inkişafda verir.

Onu da qeyd edək ki, toplumun inancı və həyat tərzi də motivləri şəkilləndirir. Şifahi xalq yaradıcılığının ilkin qaynaqlarından olan dastanlarımızda qurdun Türkün həyat və savaş gücünün bir simvolu olaraq verildiyinin şahidiyik.

Şamanizm inancını yaşayan Türklər arasında qurd yaşam və savaş gücünün önəmli simvolu olub, müxtəlif dönəmlərdə Türk boylarının bayrağında təsvir olunur. “Özümüzü kəsən qılınc” da “Məmləkətin rəmzi qızıl qurd başlı bayraq” dır.

Uyğurlara aid olan “Törəyiş” dastanında Tanrı bir erkək qurd şəklində yerə enir, bir Türk xaqanının qızı ilə evlənir və Uyğur nəsilləri törəyir. “Göytürk” dastanlarında da Türklərin yenidən çoxalmaları bu motivə bağlanır. “Oğuz Xaqan “Dastanında bir işıq içindən çıxaraq Oğuzla danışan qurd, hər yerdə Oğuz ordusuna yol göstərir.Türk mədəniyyətində milli kult mərtəbəsində olan qurd motivi B.Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesinin əsərinin təməl üsürlərindəndir.

“Gözün aydın Türkeli, yurd üstünə yurd gəlir,
Keşiyinə bu yurdun təzə bir boz qurd gəlir”.

Türk dastan və əfsanələrində doğub – törəmək, soyu yox olmaqdan qurtarmaq kimi ortaq xüsusiyyətə malik qurd motivinin tək yönü tanrıcıqlıqdır. Adının bozqurd olması da bu tanrıçılığın tək sübutudur. Bozqurd, göyqurd kimi adlandırmalarda “boz” və ya “göy” rəng xüsusiyyəti olduğu qədər də, eyni zamanda Tanrısallıq xüsusiyyətidir. Qeyd edək ki müqəddəs olan, Tanrısal olan qurd deyil, “Göyqurd ” və ya “Bozqurddur”. M.Fuad Köprülü, Çin qaynaqlarında yer alan Göytürk mənşəli əfsanələri araşdırdıqdan sonra, “… Bütün bu ayinlər, türklərin özlərini qurd nəsli saydıqlarını, yəni qurdu özləri üçün bir totem bildiklərini göstərməkdədir” qənaətinə gəlir. Əsər Göy Tanrı inancından qaynaqlanan göy üzünə, aya baxaraq dilək tutmaq, sitayiş etmək elementləri ilə zəngindir.

Banuçiçək: “Öz qılıncımız niyə özümüzü kəsir Göy tanrı?”
Gur- Şad: “Səni də, bu çocuğu da Göy Tanrıya tapşırıram”.
Dulu Xan əllərini göyə açaraq “Göy Tanrı mənə yol göstər”.

Qəhrəmanlar dar məqamlarda qurtuluşu göyüzündə axtarır.

“Öldü Çulo xaqanım, yetim qaldı bu millət,
Göy Tanrı bəs deyilmi çəkdiyimiz məşəqqət?”

Oğuz Xaqanın “Göy Tanrı’ya borcumu ödədim”- deyişi bu inacın ifadəsidir.

“Ergenekon” dastanından, dəmir dağı əridərək Ergenekondan çıxış qədim türklərin taleyində böyük önəm daşıyan dəmir faktoru da əsərdən yan keçməmişdir.

“ Göy Tanrı, bu körpəyə uzun, uzun ömür ver,
Onu yaşatmaq üçün bizə atəş, dəmir ver”.

Və yaxud:

Yan – Çinq- “Ey dəmir əridən kölələr!…Özünüzü əsir kimi aparın”.

Publisistik yazılarında “Əlimizdə olan tədqiqat əsərlərinin əksəriyyəti xalqımızın islamiyyətdən sonrakı dövrlərini əhatə edir… hələ bu vaxta qədər xalqımızın etnogenezinin elmi şəkildə müəyyənləşdirilməmişdir… gənclik özünün soy kökündən xəbərsizdir” yazan B.Vahabzadə ömrünün ahıl çağında bizə “Özümüzü kəsən qılınc” əsərini bağışlayır. Əsərini “Ey Türk! Silkələn, özünə qayıt! Sən özünə qayıdanda böyük olursan” devizi ilə bitirir.

Milli folklorumuzun Bəxtiyar Vahabzadə yaradıcılığına təsirinin səciyyəvi cəhətlərini araşdırarkən o qənaətə gəlirik ki, milli – mənəvi irsə böyük dəyər verən sənətkarın öz irsi əslində, milli yaddaşımızdır !

Aynur İbrahimova
Filologiya üzrə fəlsəfə doktoru,dosent
AMEA Folklor İnstitutu
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin
Aparıcı elmi işçisi