Ev Publisistika 90-cılar ədəbi nəsli – Xanverdi Turaboğlu yazır

90-cılar ədəbi nəsli – Xanverdi Turaboğlu yazır

1584

“DOXSANINCILAR” ƏDƏBİ NƏSLİ: “2+” ƏDƏBİ QRUPU

(Dəyanət Osmanlı, Xanəmir, İbrahim İbrahimli)

Bu yazı 20 il əvvəl  ayrı-ayrı kiçik bir məqalə kimi yazılmış və dərc edilmişdir….İndilikdə geniş əlavələrlə bu məqaləni təqdim edirəm….

Azərbaycan Yazıçılar Birliyinin nəzdində Gənclk ədəbi birliyi fəaliyyət göstərir. Bu ədəbi birliyin 1990-cı illərin əvvəllərində rəhbəri Vaqif  Cəbrayılzadə olmuşdur. O zamankı Gənclk ədəbi birliyin nümayəndələri bunlar idi: “doxsanıncı”lardan – Dəyanət Osmanlı, Qurban, Xanəmir, Fəxri Uğurlu, Məmməd Aslanbəyli, İbrahim İlyaslı və b.

Ötən əsrin 90-cı illər ədəbi nəsli həmin Birliyin davam və inkişaf etdirilməsi istiqamətində təşəbbüsü ələ aldı. Sırf gənclərdən ibarət və ya gənc nəslin yaradıcı nümayəndələri ilə keçirilən  tədbirlərə Dəyanət Osmanlı rəhbərlik edirdi. Birlikdə təmsil olunan gənclər həmin qurumun adını dəyişərək “Ağ yol” ədəbi Birliyi adlandırması üçün qərar qəbul etdilər. Qurumun ilk ədəbi manifesti (çap olunmayıb) Məmməd Aslanbəyli ilə Dəyanət Osmanlı tərəfindən yazılmışdır (1992). Bundan sonra yeni yaradılan Qurumdan ayrılaraq onlar fərdi yaradıcılıq qrupunda (2+ ədəbi cərəyanı) fəaliyyətlərini davam etdirdilər (Dəyanət Osmanlı, Xanəmir, sonralar isə İbrahim İbrahimli də bu qrupa qoşulur).

Həmin ədəbi qrupun ilk manifesti “Oğuz eli” qəzetində dərc olunmuşdur (“2+ ədəbi cərəyanı”. “Oğuz eli”, 24 sentyabr 1992-ci il, N23). Manifestdə müasir Azərbaycan poeziyasında sürrealist və modern mətnlərin qabardılmasına üstünlük verilir. Qrupun təmsilçiləri olan Dəyanət Osmanlı, Xanəmir bu səpkidə şeirlər yazır və mətbuatda çıxış edirdilər. Sonralar qrup yaradıcıları manifestlərində mistik görüş və münasibətlərə, təxəyyülə də yer ayırdılar. Qrup iki il fəaliyyət göstərdikdən sonra yeni ədəbiyyat uğrunda çalışmaların nəticəsi olaraq onun həmtəsisçisi olan Dəyanət Osmanlı Avanqard Ədəbi Birliyinin yaradılması təşəbbüsü ilə çıxış edir. Ilk  dönəmlərdən fəaliyyətdə olan bir sıra ədəbi dərnəklər də Birliyin tədbirlərində iştirak edir, ədəbi fəaliyyətlərini əlaqələndirirdilər. Bu Birlik 1993-1998-ci illərdə fəaliyyət göstərmişdir. Birliyin üzvləri, xüsusən D.Osmanlı modern üsluba üstünlük verir və bu səpkili yaradıcılıq nümunələrini o zaman məhdud olan mətbuat orqanlarında çap etdirirdilər.

1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Qurultayından sonra Birlik fəaliyyətini dayandırdı və artıq onlar fərdi qaydada bədii yaradıcılıqlarını davam və inkişaf etdirirdilər. Avanqard Ədəbi Birliyin eyni adlı “Avanqard”  sənət toplusi (1998, aprel, N1 (53)) isə modern düşüncəli yazıları ilə diqqəti çəkirdi. Qəzet o vaxt nəşr olunan “Sabah” qəzetinin xüsusi buraxılışı kimi işıq üzü gördü. Buraxılışın araya-ərsəyə gəlməsində bu şəxslərin rolu olmuşdur: “Sabah” qəzetinin təsisçi və baş redaktor Ş. Kərimli, redaktor Aydın Xan, Baş məsləhətçi Vaqif Bayatlı Önər, Avanqard Ədəbi Birliyinin rəhbəri Dəyanət Osmanlı, əlaqələndiricilər Xanəmir (Türkiyə), Elbariz, İlqar İlkin, Güllü Yoloğlu (Türk soyları), Rizvan  Əbilov (Rusiya), Rafiq Hümbət (Gürcüstan), İbrahim İlyaslı (Sumqayıt), Vasif Süleyman.

Səkkiz səhifəlik topluya Dəyanət Osmanlı Avanqard Ədəbi Birliyinin rəhbəri kimi, Aydın Xan isə bir redaktor kimi qəzetin birinci səhifəsinə ön söz yazmışdı. Dəyanət Osmanlı  Avanqard  Ədəbi Birliyinin rəhbəri kimi bu müqəddəs yolun başlanğıcında “Biz bu yolu usanmadan gedəcəyik” adlı sərlövhəsi ilə ədəbi diləklərini önə çəkir: “ Əziz dostlar! “Avanqard”çıların ən önəmli məqsədi dünya mədəniyyəti və Azərbaycan məsələsidir. Azərbaycan sənəti, … dilimiz, əslində türkün yaşarılığı boyda ömürlüyə sığar. “Avanqard”  böyük türk mədəniyyətindən göyərib, bu mədəniyyəti,  dili çağdaş dünyadurumuna uyğun olaraq həmişəyaşar edib dünyaya çatdırmaq istəyindədir. Yarandığı ilk günlərdən, elə indinin özündə də basmaqəlib ədəbiyyatçılar “Avanqard”a və onun oduna yığışan cavan yazarlara bir az ikrahla, bir az da, ehtiyatla yanaşırdılar. Çünki  “Avanqard”  milli sənətimizi uzun illər boyu inkişafdan  qoyan bəsit və yabançı ideoloji ədəbi nümunələri rədd edir. … … ədəbiyyatda qədim ənənələrə söykənmiş yenilikçiliyi sevənlərin, modernistlərin saf və böyük ədəbiyyat uğrunda mübarizə yoludur. Biz  həmin yolu usanmadan, məğrurcasına və dərviş kimi gedəcəyik”.

Aydın Xan  isə yazır: “Budur, yeni bir sənət toplusunu oxuyursunuz. Onun ömrünün qısa və ya uzun olması özümüzdən asılıdır. Bir redaktor kimi sizləri yaradıcı əməkdaşlığa çağırıram. Əgər özünüzə inanırsınız və əlinizdə əsl sənət əsəri, üzünüzə redaksiya qapıları çırpılırsa, “Avanqard”a yaxınlaşın! Biz sizə görə bu toplunu yaratdıq. İstəyimiz budur ki, “Avanqard” sizin ömrünüz qədər yaşasın…. ”.

Təəssüf ki, bu qəzet maliyyə dəstəyi olmadığına görə yalnız 1 (bir) nömrəsi ilə ədəbi-bədii arenaya daxil ola bildi.

Buna baxmayaraq toplu özünün məqsəd və məramına uyğun  olaraq  bir sıra yaddaqalan yazıları ilə diqqəti çəkir. Toplunun birinci səhifəsində “Şairlərimiz Türkiyə mətbuatında” adlı kiçik bir yazı diqqəti çəkir.  Avanqard  Ədəbi Birliyinin üzvlərinin əsərləri “Türkiyə ədəbi və ictimai mühitində öz populyarlığı ilə tanınan  “Yeddi iqlim” dərgisində çap olunmuşdur. Belə ki, bu nəşrdə ““2+” mistik-sürrealizm ədəbi cərəyanının üzvləri çağdaş Azərbaycan şairləri Osmanlı və Xanəmirin şeirlərinə səxavətlə yer ayırmışdır”.

Bu münasibətlə Toplu yazarları təbrik edir. Nəşrdə Klement Qrinberq, Mallarme Stefan, Valter Benjaminin sənət haqqında fikirləri, “Dünya mədəniyyəti və Azərbaycan” bölümündə “Ernest Heminqueyin intiharı” adlı yazı, Aydın Xanın çevirməsində Xorxe Luis Borxesin “Disk” hekayəsi, Kəmalə Cəfərovanın  çevirməsində Yoşiko Uçidanın “Qızıl təpənin samurayı” romanından “Gizli plan” adlı bir bölüm, Rizvan Əhmədoğlunun “25-ci kadr – Milləti birləşdirən kino” adlı yazı, “Ədəbiyyat üzrə Nobel mükafatı laureatları”nın siyahısı yer alır.

Topluda  Güllü Yoloğlunun Cənubi Sibirdə yaşayan türk xalqlarından biri olan Xakasların ədəbiyyatı haqqında qısa, yığcam və ya elmi-filoloji baxımdan maraq doğuran “Çağdaş Xakas ədəbiyyatı”  adlı yazısı ilə   diqqəti çəkir.

Tədqiqata əsasən aydın olur ki, “İki min ildən artıqdır ki, onlar Sayan, Kuznetsk, Alatay və Altay dağları ilə əhatə olunan Xakas- Minuçin çökəkliyində məskən salıblar. Elə buna görədir ki, xalq arasında “tağdan tereeen çon” / dağdan törənən xalq/” sözü geniş yayılmışdır. Təsadüfi deyil ki, xakasların ən geniş yayılmış dastanlarından olan “Altın Arığ”da qəhrəman qız  Altın Arığ öz atı ilə birgə dağdakı mağarada dünyaya gəlir”.

Müəllifin nəzərincə,  “Xakasların tarixi mahnı və rəvayətləri / “kip çoox”/, qəhrəmanlıq dastanları /”alıptığ nımax”/, nağıllar /”nımax”/, xalq mahnıları /”ır” və “taxnax”/, atalar sözləri /”sispek”/ və digər janrlardan ibarət zəngin folkloru var”. Araşdırmaçının fikrincə, “Çağdaş Xakas ədəbiyyatı bu gün məhz əsrlərin sınağından çıxaraq dövrümüzəcən gəlib çatan bu şifahi xalq ədəbiyyatı nümunələri üzərində köklənmişdir”.

Tədqiqatçının müşahidəsinə görə, “Bu gün xakas ədəbiyyatı inkişaf edir. “Ax Tasxıl” ədəbi-bədii almanaxı, Xakasiya Yazıçılar Birliyinin orqanı olan “Xan tiqir” ədəbi almanaxı çap olunur”. Müəllifin fikrincə, “Son illərdə xakas və rus dillərində bir sıra şeirlər, hekayə, nağıl, dastan, elmi və s. kitablar nəşr edilmişdir.  Bunlara misal olaraq M.Kilçiçakovun “Canlanmış daşlar” /1983/ şeirlər və poemalar toplusunu, İ Topoyevin “Tuğannar” /1992/ hekayə, povest və təmsillər toplusunu, N.Axpaşevanın “Solyar dairəsi” /1993/, K.Sısolyatin, M.Kilçiçakov, V.Maynoqaşeva kimi şairlərin şeirlərini özündə birləşdirən “Ədəbi Afban” /1989/, “Xakas xalq nağılları” /rus və xakas dillərində,1986/, A. Kıştımovun “Mən vidalaşmıram” /1993/, “Altın Arığ” xalq dastanı” /rus və xakas dillərində, 1987/, xakas sanamalarından və yanıltmaclarından ibarət “Xoop-xoop” /1992/ və b. kitabları göstətmək olar”.

Topluda Rəfail Əhmədovun “Əli Kərim və sözün yeni həyatı” və bu sətirlərin müəllifinin “Ağ şeirlər və ya mənəvi ucalığa aparan poeziya” adlı məqalələri yer alır.

Nəşrdə Aydın Xanın “Nəğmələr” silsiləsindən “Namus nəğməsi”, Xanəmirin “Mənim bəyaz topuqlu qələmim” adlı essesi və həmin müəllifin və Ayişənin  adsız şeirləri, İbrahim İlyaslının “Yaşayıram”, “Mənəm”, Gülbala Mehdinin “Əlim üzümə qayıdır”, “Mən bir sevgi məktubuyam”, Knyaz Aslanın “Kiriyəm gərək”, “Birlik himni”, Mənzər Güntəkinin “Ala buludların o üzü təki”, “Xatirə”adlı poetik nümunələr bədii – estetik baxımdan maraq doğurur.

MÜASİR AZƏRBAYCAN POEZİYASI

         AĞ ŞEİRLƏR  VƏ YA  MƏNƏVİ  UCALIĞA APARAN POEZİYA

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ilk dönəmlərinin ədəbi-bədii, ictimai-mədəni hadisəsi kimi diqqəti çəkən “2+” mistik sürrealizm ədəbi cərəyanı gözəçarpan və yeniliyi ilə seçilən bir prosesdir. Osmanlı, Xanəmir, İ.İbrahimli “2+” mistik sürrealizm ədəbi cərəyanının bədii-estetik fikrini öz yaradıcılıqlarında ardıcıl surətdə davam və inkişaf etdirirlər.

“2+” mistik sürrealizm ədəbi cərəyanının manifesti və məramnaməsi mətbuatdan bizə tanışdır. Manifestin ilk sətirlərindən hiss etmək olur ki, cərəyan nümayəndələri  bütün ruhi-cismani varlığı öz içində əridən, sanki ona “yeni can verən” ədəbiyyat, sənət əsərləri yaratmaq istəyirlər.

Manifestdə oxuyuruq: “Yazmağın deyəsən üç şərti var: Görüm, Duyum, Yazım. Və həqiqi böyük sənət bu üç dünyanın – gerçəkliyin, ruhi mövcudluğun və görünən, görünməyən şəkillərin dərgaha apardığı yoldur….”. Bu yol isə manifestdə aydın şəkildə göstərilir: “Yaşamanın önündə və sonunda dünyanın özü boyda üç nöqtə var: Cismani mövcudluq, Yuxu, Ölüm adlandırdığımız Əbədiyyət. Biz, yəni hərəkətdə olan bütün canlılar üç ömrün bəndələriyik. Bizim əzablarımız, insan orqanizminin ağrı əlamətləri, ağacların, otların misqal-misqal quruması və digər canlı varlıqların narahatlıq ifadə edən yaraları ruhun titrəyişi fonunda etirazı, qəfəsdən cana doymasıdır…”.

“2+” ədəbi cərəyanın məramı da eyni dərəcədə həmin manifestdən irəli gələrək aydın şəkildə digər mətləbləri ifadə edir.

“2+” ədəbi cərəyanın fəal yaradıcılarından olan Dəyanət Osmanlı (1965) XX əsrin 90-cı illərin ədəbi-mədəni həyatında öz istedadı və dəsti-xətti ilə seçilən, bütün ruhu ilə yenilikçi şairdir. “Ağ kitab”(Bakı:1997), “İlk…Və… Son…”(Bakı:2009) şeirlər kitabının müəllifidir. Şair “Ağ kitab”a Ön sözüm”də yazır: “Ömürlüyümdə qəribəliklər ola bilər, amma hələ kiməsə heyrətli görünəsi bir məqam yox. Bəlkə də bu məqam mütləq gələcək. Məncə, insan həyata görünməz-bilinməz anı yaşamaq üçün gəlir. Kimi həmin anı özündən xəbərsiz 5-10, kimi 50-100 ilə yaşayır və qeybə çəkilir. Bu an həyatımıza, mövcudluğumuza görə Yaradana qaçılmaz borcumuzdur. Amma nə üçün yaşayırsan, ümumiyyətlə, nə üçün Varsan – sualına dünyanın özü boyda saxta və anlaşılmaz cavablar var.

Poeziya mənim üçün Tanrıya borcumun nədən ibarət olduğunu anlamaq və şəklini çəkmək istəyidi. Sevincin və kədərin hamıya təsiri eyni olmadığı kimi, araya gətirdiyi rahatlıq və can əzabı da eyni deyil. Amma buna da bir dünya saxta yozumlar var. Görünən və görünməyən, yalnız duyula bilən gerçəkliyin içinə enmək, mövcudluğun, yaşamanın səbəblərini bilmək və bilmək  – mənim poeziyadan umacağım budur”.

Şair həmçinin “Ədəbiyyatda improvizəni zəiflik hesab edir”. Onun nəzərincə, “Eksperimentlər isə bütün yaradıcılıq boyu davam etməlidir”. Şairə görə, “Eksperiment çalışmaq, çalışmaq və dəlicəsinə nəyəsə nail olmaq istəyidi. Nail olduğun bir Şey varsa, bu artıq hər tərəfdən bitkin görünəcək (bitkin heç nə yox). Şairin fikrincə, “İmprovizə ilə başlayan cavan yazar anlamalıdır ki, düşüncəsizlik yolundadır, yəni olan özəl düşüncəsini də qurban verir və ömrü boyu yaşamağa can atan heç bir hissə, duyğuya nəfəs verməyə daxilində güc tapa bilməyəcək”.

Düşünmək olur ki, “dünyada yazılmamış söz, kitab qalmayıb”. Şairin doğru müşahidəsinə görə, “Əslində isə konkret anlamda belə deyil. Əgər belədirsə, yazmağın xeyri və ümumiyyətlə yaşamağın və ölməyin xeyri nə?…” Onun fikrincə, “bir müddət məşhur yazarları, bir müddət yaşıdları”nı “daha çox isə bayatıları və ağıları oxuyu”b “və anlayır” ki, “yaşamağın və ölməyin, yazmağın mahiyyətinə varmağa, həyatın axırına çıxmağa Tanrı hələ qərar verməyib”.

Şair “Ruhu”nun “qənaətincə, Qiyamətin məqamı bilinmədiyi kimi, böyük sözlərin və kitabların da sonuncusu yoxdu. Və deyəsən, hamı üçün daha gözlənilməzi, həm də fərqinə varmadığı hadisə odur ki, görəsən, Sonuncu kitabı – Qiyamətin kitabını kim yazacaq və onu kim oxuyacaq. Mənsə heç nə bilmirəm, bəlkə elə  Sonuncu kitab kainatdan da öncə yazılmışdır və insan onu heç vaxt oxuya bilməyəcək. Və ona görə də bütün yazıların sonundakı Nöqtə şərtidir…”

Bu doğru müşahidə bütünlüklə Osmanlı poeziyasının iç dünyasını özündə ehtiva edir.

Bu baxımdan Osmanlının yaradıcılığını izləyərkən hiss etmək olur ki, burada həyat sakit axarında olsa da, bu həyatın ümumi axınında insan həmişə öz mənəvi dramında yaşayır. Budur, insan daxili «mən»i ilə söhbət əsnasındadır:

Elə ki, axşam oldu

Qaranlıq məni qovur

…otağımdakı tənhalıq

ayaqlarıma dolaşa-dolaşa

pəncərəmin ağzınadək…

Şairin poetik “mən”i üzü Tanrıya doğru yalqız  gecəlikdə yaşayır. Və insan gecə qaranlığı ilə üzbəüz dayanaraq üzü aylı, ulduzlu astronomik göyə sanki qovuşuq vəziyyətindədir.

Nə vaxtsa nə vaxtsa

qoxusu qalmayan günlərdə

sütülcə ana uşağıydım

o məmləkətdə

mən ağaclardan daha tez böyüdüm…

İnsanın, fərdin məhz bu fonda təqdimi göstərir ki, yaradıcı şəxsiyyət çox maraqlı bir obyekt seçir və onun bədii-psixoloji həlli üçün yeni yollarla gedir. Xatırladaq ki, şairin şerlərində bu hal tamamilə uğurlu alınır. İnsan, mövcud və ruhi dünya bu şerlərdə mənəvi təmizlik, müqəddəslik vəhdəti kimi canlanır. İnsan və ətraf mühit məsələsi şairə görə daha ciddi hadisədir. Şairə görə insan, ətraf mühitə, gördüyümüz və duyduğumuz nə varsa, hər şeyə ortaqdı:

Buludlar qısır gəlir

İnsanlar günəşə ortaq

Torpağın cəsədi üstə

burada daha axşamlar düşməz

ağacım-dirriyim başımın kölgəsi

göylərin buludu yağmaz daha

əzizi olsan da gözü olsan da…

Osmanlının şerlərində hadisə və predmetlər çox vaxt yaşanmış günlərin canlı xatirəsi kimi təqdim olunur və yaşanmış günlərin xatirəsi görünür, çox da uzaq illərin xatirəsi deyil, həmin bədii-psixoloji xatırlamalar yalnız unudulmaz anların mənzərəsidir ki, bu da yaddaş psixologiyasında assosiativ düşüncələrin məxsusi düzümündən yaradılaraq dərk və əks olunur:

Ötən iki günü tələsik yaşadım

az qala qaça-qaça

qəfil düşən axşamların birində

küləklər səni alıb

vurnuxdu dəli-divanə

duydum yenə boş qalacaq şəhər

ağaclara sığınacaq skamyalar…

İnsanın keçirdiyi daxili-psixoloji sarsıntılar burada artıq birinci mərhələ kimi yaşanmışdır. Sonrakı mərhələdə insan əqli-intellekt gücü ilə hadisə və prosesləri araşdırmağa ciddi səy göstərir. Bu halda şairin poetik “mən”i xəyali-psixoloji fikri uzaqlara—“ömrün o üzünə” səyahətə çıxır. Məlum olur ki, ömrün o üzündə də hələ aydın olmayan həyat yaşantıları var. Şair  məhz ömrün o tayındakı görünməz sirli, mübhəm həyatın üst qatını ustalıqla açır

Orada sevginin qayıtmadığı yerdə

ölüm yox acısını çəkməyə

həyat yox bayram günlərində

təzədən doğulmağa

sükut yox dinləməyə

necə təntiyir doğma ruhlar

mübarək üzlüm bu necə ömürdü

orada kimsə yox…

Məqamları, anları şair ruhi və cismani varlığında tam dərinliyi ilə hiss edərək yaşamışdır. Elə bu halda mövcud gerçəkliklə, ömrün o üzündəki ruhi aləmlə şair vəhdət yaradır. Mövcud, cismani və ruhani dünyalararası bədii psixoloji bağlılığa tapınan şair ilk növbədə sevincin, kədərin, odun, küləyin mənəvi himayəsini qəbul edir.

Aydındır ki, külək ayrıca təbiət hadisəsi kimi müşahidə edilir, özü də həyat, təbiət, kainatla birgə alınaraq insan şüurunda dərk və əks olunur. Bununla yanaşı, külək insan ruhuna məlhəm, isindirici, məlhəm ab-havası ilə, həzinliyi, kövrəkliyi ilə qəbul edilir və görünür. Şairin poetik “mən”i də küləyin isindirici, məlhəm ab-havasından azca da olsa udmaq istəyir. Bununla küləyi özünə mənəvi-psixoloji sığınacaq kimi qəbul edən şairin bədii qəhrəmanı onu özü ilə birgə həyatın, təbiətin, kainatın canlı, ruhani ortağı kimi təsdiqləyir. Külək burada daxilən bütün məzmunu ilə simvollaşdırılır:

Atlı küləklər qeybə çəkildi

ləkəli göy üzündə

çağırdım-çağırdım

qara bürüncəkli bir gün

itmişdin canımın ağrıları kimi…

Bəzən şairin bədii qəhrəmanı həsrətlə gözlədiyi məlhəm küləyin simasında açıq-aydın psixoloji dəyişikliyi sezir. Külək mövcud real ekoloji –sosial vəziyyətdən sanki “cana doyur ” və şairin poetik “mən”i də həmçinin küləklə birgə mövcud ekoloji-sosial hadisəyə biganə deyil:

Göyləri quşlara həsrət

ölü bir payız günüdür

küləklər üzünü sürtür

həsrət bir məmləkətin

örtülü pəncərələrinə…

Yaxud:

…asfalt boyu ayaq altında qalan qızmar

quş balası qoxuyur

məlhəm küləyin həsrətini çəkdim…

Şairin poetik “mən”i bu halda ömrün o tayının sakini olmağa can atır. Və bu istəyin bədii-psixoloji məqamda işlənməsi bənzərsiz şəkildə bizə təsir edir:

Orada yaşamaq istərdim bir daha

ömrün o üzündə

at dırnaqlarında qopub töküldü

ruhumun sakinsiz vətəni

hüzndən yapılmış heykəli əziz günlərin

küləkdən yapılmış heykəli nəğmələrin

orada yaşamaq istərdim bir daha.

Və sonda şair “qədim bir mahnının” haçansa səslənmiş, uzaq, çox uzaq illərin səsini, sorağını həzin bir xatirə kimi əzizləyə-əzizləyə ruh aləmində yaşayır və bu yaşantı görünür, heç də adi yaşantı deyil. Bu, müəllifin fərdi poetik aləmində məxsusi şəkildə dolğunlaşır, mənalanır və çox böyük məzmun kəsb edir:

Torpaq hələ diriymiş qəbirdə

iniltisini duydum

sinə daşının çatından

qayıt məlhəm küləyim

apar həsrətini insanların

qədim bir mahnını son sözü kimi…

Yuxarıda qeyd etdik ki,  Osmanlının bütün şerlərində mövcud dünya ilə birgə, ömrün o üzü bir küll-vəhdət halında dolğunlaşır. Maraqlıdır ki, şerlərində həmin o iki dünya bənzərsiz məna kəsb edərək bu psixoloji məqamda qaynayıb qarışması ilə müşahidə olunur. Buna görə də şairin şerlərində insan hələlik də olsa, ruhani və cismani dinclik, azadlıq əldə etmək istəyir:

Yoruldu ayaqlarım

əyildi boynum

gözlərimin ağırlığından

uzandım yatağıma geyincəkli

yatağımın hənirsiz və bakirə

lampanın üzü gülür

mən yatandan sonra

yəqin tələf olacaq…

Şairin şerlərində insan məhz “yalqızlığın” cansıxıcı ab-havasından qaçıb qurtarmaq istəyir. Lakin şair bilərəkdən qəhrəmanına bu bədii iimkanı yaratmır. Osmanlının şerlərində insan tərəddüdlü –inamlı anlarını yaşayır. İndi isə bədii qəhrəman Təkdir. Təklik şairin poetik “mən”inə görə, mənəvi-psixoloji əzab deyil, ruhani bir həyatdır. İnsan təkliyi ilə şirindir, toxunulmazdır. İnsan Təkliyi ilə mənəvi təmizlik simvolunu özündə yaradır. Çünki insan buna qadirdir:

Göy üzü rəngində portretdi otağım

sevgili masamın üstündə

ağaclarla şerlər qarışmış bir-birinə

pəncərədən özünü asmış hörümçəklər

bakirə otağım

qadınsız daha yazıq olur gecələr…

yaxud:

…yalqızlığım gəzir

ayağında kəpənək tozu

istəkli günlər yanır koun-korun

istəkli ruhlar gözlərimi sığayır

yuxularımda aydın yaşamaq üçün…

Demək, bütün şerləri boyu daxili tənhalığında yaşayan şairin bədii qəhrəmanı həmin tənhalığı ilə özünə mənəvi təsəlli tapır və bir qədər irəli fikirləşərək belə bir sual qoymaq olar ki, şairin bədii qəhrəmanı doğrudanmı özü-özünün mənəvi himayəçisinə çevrilə bilər yaxud əksinə. Bizə elə gəlir ki, şairin şerlərindəki insan hər halda öz mövqeyində davamlı və sabitdir. Əlbəttə, bu daha məntiqli, tutarlı və özünəməxsus haldırsa, buna yalnız sevinmək lazımdır. İnsan tənhalıqda özü-özünün mənəvi himayəçiinə çevriləndə daha qüvvətli, daha sevgili, daha əzəmətli, daha nəhəng görsənir. İnsan məhz elə buna görə də ruhən və cismən bütövlükdə təmizlik, müqəddəslik fonuna daxil olmaqla, özünün bu kimi xüsusiyyətlərini təsdiq etmiş olur.

 

RUHLA OVUNAN ŞEİRİN YENİ ƏDƏBİ ÖMRÜ

1989-cu ildə qərara gəlinsə də, müəyyən səbəblərdən bir araya gəlib “2+ ədəbiyyat”  cərəyanını yaratmaq mümkün olmadı. Nəhayət  1991-ci ildə şair Dəyanət Osmanlı ilə Xanəmir bu cərəyanın yaradılması istiqamətində konkret addımları ilə diqqəti çəkdi. Əsas məqsədlərdən biri də  ədəbiyyatı yeniliyə sövq etməkdən ibarət idi. Onların  düşüncəsinə  görə, 1991-ci il olsa da, son 70 ildə millətin varlığının necə yox edildiyi  bir vaxtda  sovet dönəminin və  o dönəmin məhsulu olan ədəbiyyata qarşı mərhəmətli olmamağa çalışırdılar.

Cərəyan yaradıcılarının fikrincə, hələ də sovet şairləri yaşayır, yaradır, eyni qayda ilə hər cür imtiyazlara sahiblənmədkən bezmirdilər. elə buna görə də, mifləri dağıtmaq, köhnə qəlibləşmiş streotiplərdən yaxa qurtarmaq üçün, bir araya gəlib, “2+ədəbi cərəyanı” nın manifesti və məramnaməsinin yazılmasına nail olundu.

Bu halda onların şeirləri ilə birgə  cərəyanın məramnamə və manifesti də çap olunur. Bu işdə “Oğuz eli” qəzeti ilk addımı atdı . Bundan sonra çap olunarkən birgə şəkildə şeirlər yayımlanmağa başlandı. Az sonra cərəyanla bağlı münasibətlər, yazılar üzə çıxmağa başladı.

O dönəmdə çap olunan “Yol” qəzeti də onlara kifayət qədər yer ayırdı.

Daha sonra cərəyan nümayəndələri  ədəbi prosesin “ölgünlüyünü” nəzərə alaraq,“Avanqard” Ədəbi Birliyi təsis etdilər. Bu Birlik fəaliyyətə başladı.

Müxtəlif yerlərdə toplaşır, şeirlər oxunur, müzakirələr edirdilər.

Az sonra “Ağ yol” ədəbi birliyi də fəalyyətə başladı. Bu birliyi də yenə həmin qrup yaratdı. Bu birliyin üzvləri birgə çap olunur, onların yaradıcılıq nümunələri müxtəlif mətbuat orqanlarında yayaımlanmağa başladı.

1993-cü ildə Xanəmir Türkiyəyə təhsil üçün yollanır.

O, cərəyanla bağlı yazıları və şeirləri orda bir neçə dərgidə dərc etdirir.

1996-cı ildə isə yaradıcılığındakı yeni çalarlardan, fərqliliklərdən qaynaqlanan səbəblərdən dolayı, “2 + ədəbiyyat” cərəyanını, “ 2+ mistik poeziya” cərəyanı kimi təqdim edir. Onun yaradıcılığında mistik elementlər özünü göstərməyə başlamışdı.

Xanəmirin ilk çıxan kitabı da  (1996-cı il, İstanbul ) Türkiyədə bu cərəyana yer verməklə çap olundu.

1999-cu ildən  sonra  o, Azərbaycana qayıdıb  sonrakı yaradıcılığı boyunca irfan və mistik elementlər şairin yazılarında özünü göstərməyə başladı.

Indiyə kimi bir neçə kitabları fərqli janrlarda işıq üzü gördü. Çap olunan kitabları bunlardır:  “Kül soyuğu”.1995. İstanbul; “Ağğğğbaaaağğğ”. 2004. Bakı; “Qarğa beyni yeyənlərə namə”. 2008, Bakı; “Qoy Vatikan sevinsin”. 2008, Bakı; “Saatım Bağdadda qaldı”.2008, Bakı; “Osmanlı”. 2008, Bakı; “A mədəniyyətinin A dili lüğəti; 2010, Bakı; ;Göyə qayıdan mətnlər” 2010, Bakı; “Qəvi qövmün qalı” 2011, Bakı; “Derlər” 2013, Bakı; “Maqlar” 2015, Bakı.

Bu baxımdan müasir poeziyamızın son dövr bədii mənzərəsində Xanəmirin (1971) şer yaradıcılığını xüsusi olaraq qeyd etmək lazımdır. Xanəmir poeziyasının bədii obrazında hər şeydən öncə, gerçəkliyin görünən və görünməyən bütün tərəfləri həmişə bir vəhdət məqamında birləşir və poetik qəhrəmanın daxili ruhi aləmi bu halda daim Ulu Dərgaha  aparılan yolun işığına tapınıb sığınır və ovunur, çünki İlahi varlıqdan ötürülən bu daxili nur bütövlükdə şairin bədii-poetik sənət yolunun Ruhi Bələdçisi olur. Budur, Xanəmirin şerlərində hər şey, bütün predmet və hadisələr—gecə, səhər, Günəş, Ay, Ulduzlar, Göy, Səma, Mavi çətir, Qaranlıq, Küləklər, Kül soyuğu, Ölüm, Tabut, Səssizlik, Qəbir, Ruh aləmi bədii-psixoloji vəziyyətin məhsulu olsa  belə, yenə Xanəmir poeziyasının bədii kontekstində ən aparıcı mövzulardan olub bütövlükdə bu bir vəhdət halında cəmləşir, qovuşur. Və bütün bunlar şairin poetik dlaxili dünyasında, “”iç””,, aləmində əsrarəngiz şəkildə, harmoniya biçimində, yeni bədii anlamda çözələnir və ədəbi həyatda öz yerini, mövqeyini aydınlaşdırır, təsdiqləyir. Budur, şairin şerlərində İnsan həmişəki kimi yenə də gecənin yaxınlaşdığını duyur, görür. Gecə yaxınlaşdıqca insan özü ilə özünün daxili “mən,,-i ilə tək qalmağa məcbur olur. Və bu məqamda insan bütün ruhu ilə üzü Göyə, Torpağa, adamlara, Sübhə, qaranlığa, ümumiyyətlə, həyatda, Kainatda nə varsa hamısı ilə yaxın, qovuşuq məqamındadır. Çünki onlar daxilən, ruhən bir-birilə” “ortaqdı,,.

Gecə” ”yaxınlaşır, üzüm göyə

Torpağa, adamlara,

Sübhə, qaranlığa…

Şairin bədii qəhrəmanı daha sonra özü ilə tək qaldığı, tənhalıqda yaşadığı müddətdə ömrün bundan sonrakı gələcək anların bədii taleyi barədə düşünür. Şairin qəhrəmanı ona verilən bu ömür payından olduqca çox, daha çox istifadə etmək istəyir, çünki ,,ömürdən,, sən istəsən də, istəməsən də “sular tez axır,,. Şairin poetik mən-i istəyir ki, ona verilən bu ömür payının vaxtının, zamanın dəstəyini öz əlində rahat saxlasın və müddətini daha da uzadıb genişləndirsin. Fəqət bu onun imkanı daxilindədirmi? Vaxt keçir, ömürdən gedir, ömürdən bir gün itik düşəndə şairin qəhrəmanı ona verilən bu ömür payının zəncirvari halqasından ayrı düşdüyünü hiss edir, yaşamağın səmtini doğrudan unudur, çaşır və poetik qəhrəman bu andan etibarən öz iç aləmində burulğanlı düşüncələrin ab-havasında darıxmağa başlayır:

Ömrümdən sular axır…

Balaca çiyindən aşan

Ay kimi qalxır…

Payın azı-çoxu çatır…

…Ömürdən

itik düşəndə gün

Səmtini unudaram yaşamağın…

Xanəmir şerlərindəki poetik qəhrəman bəzən Göy üzünə çəkilən xoş bir “mavi,,  səsizliyin ab-havasında ruhani bir azadlıq görür və hiss edir. Külək də, Ulduz də, Ay da, Günəş də, hətta İlahi varlıq özü də bu xoş əsrarəngiz səssizliyin əhatəsində öz şirin və istəkli anlarını yaşamaqdan belə çəkinmir:

Mavilik təki səssizlik

Çəkilib göy üzünə

Heç nəyi incitmir külək

Sayrışmır Ulduzu, Ayı görünmür

Günəşi şığımır, ötmür buludu

Göyün bu məqamı rahat Allah da—

Taledən, gərdişdənkənar, qıraqda…

və məlum olur ki, Göyə çəkilən xoş bir mavi səssizliyin yaradıcısı məhz poetik qəhrəmandakı daxili “iç,, aləmin İlahidən ötürülən gizli nurdur ki, bu da İnsan Ruhu ilə bürünüb  yenidən Ulu Dərgahda qovuşuq vəziyyətində cəmləşir:

Göyə mavilllik düşüb

Ürəyimin dibindən…

Digər halda şairin bədii qəhrəmanı insanda görmək istədiyi şirin, isti nəfəsin həsrəti ilə səssizlikdə daxilən “yanır,, və darıxmağa başlayır, çünki insan darıxanda hər şey ona cansıxıcı görünür, insanla bərabər hər şey, hətta “yarpağı yaşıl olan ağaclar,, da –baxmayaraq ki, ağaclar təbiətin canlı, aparıcı və sevimli qüvvəsi hesab olunsa belə– yenə də mavi çətir altında özünü rahat və sakit hiss edə bilmir. Yaşıl ağaclar da insanlar kimi bu geniş dünyaya, kainata, təbiətə ruhən sığa bilmir, daxiili, gizli aləmində insanlar kimi ruhən isti alovlu, atəşin, nurlu məhəbbətin eşqi ilə yanır və yaşamaq istəyir. Lakin təbiətin təbii qanunauyğun hadisəsi olan soyuqların verdiyi sərt, həmçinin bədbin əhvali-ruhiyyə yaşıl ağaclarda olduğu kimi insanın ruhi aləmində özünə yuva qurmuş həsrətli ümidlər də birdən birə öz donunda, soyuqlaşır, üşüməyə başlayır, öz canlılığını itirir:

Yarpaqları yaşıl ağaclar

 Mavi çətir altda darıxında

Sopsoyuq ümidlər əsir oldu canımda

Səs-səmir çəkildi qeybə

Sağı-solu ölçən soyuqlar idi

…O taylara bahar gəlib

yaşıl ağacların kökləri üşüyür yenə

Xanəmirin şerlərindəki insan ümumiyyətlə, Gecə Qaranlığı və səssizliyin daima ümumi qovşağında yaşayır, Gecə Sükutun, Səssizliyin simvolik obrazına çevrilir. Xanəmirin poeziyasında Gecə sanki bütün hər nə var, hər şeyi susdurur və hər şey Gecənin qoynunda öz inadkar səssizliyini qoruyur. Çünki Gecə bütün libasların, səslərin bir rəngdə, bir biçimdə boğulmasına geniş imkan verir, lakin Səma cisminin digər sakini olan Ay işığın, nurun maşiyyət və məzmununu özündə əridən, ehtiva edən xüsusi mənbə rolunu oynayır:

Gecə ilıq maye

Toxunuram tərpənir

qulaqlarıma dolur qaranlıq

qulağım qaranlıq işığında

Göllərdə qaldı sükut

Sükut qaranlıqda qulaq tutdu göldə

Gecə boğarkən səsləri Ay parlıyırdı…

Şairin şerlərində təsvir olunan Ay bəzən öz işığı, nuru ilə poetik qəhrəmanın İstəkli Ruh aləminə daxil olur, şairin fərdi-poetik mən-in işığına öz müqəddəs nurundan pay verir. Çünki İlahidən daxili, gizli şualanma ilə ötürülən bu payı insanla ilahi varlığın mənəvi qovuşmasını reallaşdıran vasitəyə çevrilir:

Ay parlayır gecənin başında

Ruhum içimdəki yerləri gəzir

İçimdəki yerləri ziyarət eyləyir

Anlayır o dünyanı…

Xanəmirin şerlərindəki poetik qəhrəman bəzən insanın sifət cizgilərində ilahi varlığı görür. Nəsimidə “ənəl həq,, ideyasına öz bədii-fəlsəfi nurunu qatan şairin fikrincə əlində tutduğu quş lələyi ilə yazılan sözlər insana ilahi tərəfindən verilən gizli, mübhəm nurdur ki, həmin nurun məzmununda insan və ilahi varlıq bir-birinə qovuşur:

Quşun səsi üzümdə rəsim cızdı

Özünə bənzədi, özü kimi Allahı gördü…

Bununla belə şairin poetik qəhrəmanı söz və səslə insan üzünə çəkilən rəsmlə qaneedici bir məqam görmür, o daha çox dəyişilməni, başqa səpkidə rəsmlər, tablolar görmək istəyir ki, ilahi varlıqla daha sıx təmasda olsun:

Əllərinə gül al dedim

Əllərinə gül al

Dəyişsin axır zaman tabloları –gözəlləşsin

İstədiyimizi söyləyə bilək Allaha…

Digər şerlərində Xanəmirin qəhrəmanı bəzən tanrıya müraciətlə söz haqqında mülahizələrini çözələyir. Şairin fikrincə sözlər başdan başa sirlərlə doludur, şair bu sözlərdəki sirləri açmaya bilməz. Çünki söz—sənətkarın əlində tutduğu qələm istər-istəməz  sözlərlə birgə ilahidən gələn nurun ab-havasından qızınaraq Günəş simalı, təmiz, ağ vərəqlərə süzülür. Vərəqlər isə İlahinin yazdıqlarını ruhun aynasında çözələyərək daha bir sirrin surətini üzə çıxarır. Bu məqamdasa  Sözlər, fikirlər işığında Vərəqlər  şairin ruh aləminin daxili məzmununu özündə əridən konkret xüsusi yerini, məkanın ifadə edir:

Tanrım sözlərim canında

Qətl edir bir-birini

Qaranlıqdan, işıqdan öncə

Çiçəklərdən, sulardan, rənglərdən öncə

Sözləri yaradıcının sirrini

yozmasın şairin mömin qələmi

ölürmü, Rəbbim

Ay görünmək istər istərkən söz ruhum, səs ruhuuuu

Unutmasın çiçəklərin açıb solan məqamın…

və s.

Şairin poetik mən-i həmçinin müqəddəs sənət yolunun axarı boyunca mavi göylə daxili dialoqa girmək istəyir, onunla yaxın, lap yaxın və sıx təmasda yaşamaq, ondan mənəvi-ruhani sığınacaq, mərhəmət istəyir. Çünki şair buna özünün daxili- intuitiv ehtiyacı kimi baxır:

Baxdım göy

Dualı sözlərimə qardaş olarmı

Dualı sözlərimə analıq edib

Mavi mərhəmətini göstərərmi

Mavi göydən mərhəmət uman şairin fərdi-poetik dünyasında  gözəlliyin rəmzi siması kimi canlanan sözlər ruha çevrildikcə onun məzmununda gizlənən mənalar sanki birdənbirə bir çiçək kimi açılır, doğulur, özlüyündə Söz Ruha çevrildikcə onun mahiyyətini özündə əridən böyük məkana daxil olur:

Qorxularımdan gözəllik doğacaq

Sözlərimin içində gizlənən çiçəklər

Bir məkan arayacaq

Vallah o gün olacaq…

Bu dəfə şairin fərdi-poetik dünyasında incələnən bədii fakta görə insanın köksünün altında kükrəyən ahı, alovu ilə gözəgörünməyən İlahi varlığın simvoliki olan Mavi Göyə qovuşmaq istəyir:

Göyün altındakı mavilik cəlladı

maviyə gömülür sinəmin ahı

sinəmin ahı itmək istəyir, itmək istəyir…

Xanəmirin şerlərində insan bəzən Ruh aləminə qovuşarkən bədii qəhrəman bu halda özündə daxiili-ruhi azadlıq, sərbəstlik hiss edir. Bu məqamdasa insan gizli, şirin yuxuların qoynunda Ulu Dərgahın Nuruna qərq olduqca özünü ruhən saf, təmiz və müqəddəs hesab edir. Şairin fərdi-poetik dünyasında yuxu Şirin və ToxunulmazRuh aləmidir. Şairə görə Ruhun ab-havasında uyuyan hər şey daha canlı və əzəmətli görünür. Hətta «çiçəklər də açılır, otlar da göyərir»:

Gecə

Ay doğandan sonra

…adamı çağıran nuru qayıdır

Ay batana qədər

Yuxumun gücünə

Xanəmirin şerlərində qəhrəman digər məqamda Tənhalığı qorumaq, onun daxili isti yuvasında ovunmaq istəyir, şairin fərdi-poetik anlamında incələnən Tənhalıq bəzən səssizlik içində uyuyan gecənin əsrarəngiz, tilsimli əzəmətli qoynunda şirin, həm də uzaq xatirə tək yaşanılır.:

Gözlərindən axan uzaq xatirə tək

Səndən qalan

dörd divarlı tənhalıq

qoruyuram yadigar tək

Xanəmirin şer yaradıcılığında səhər də ayrıca məna kəsb edir.Səhər şairin fikrincə, bütün görünən əşya və predmetlərin, obyektlərin, küçələrin, binaların, ağacların otların ilk doğuluş bətnini xatırladır və səhər sanki bütün görynən obyektləri göydən aşağı buraxır, özü isə səmalar məkanına çəkilir:

Səhərin içindən çıxıb

Bu küçələr, ağaclar

Dustaq binalar

Səhər göydən çəkilmiş kimi

otlu, ağaclı, binalı

yuxarı dartılır….

Xanəmirin şerlərində bədii qəhrəman bəzən daxili tənhalığında baş yastığı ilə ünsiyyətə girir.  Yastığa müraciətlə söylənən fikirlərində poetik qəhrəman daha çox qayğılı görünür. Qəhrəman gah yastığın yumşaqlığından anasının dizləri üstə yatmağını xatırladır, gah gecə soyuqlarından üşüyərək gözündəki yaşları özünə çəkən yastığa özünün qeyri-ixtiyari olaraq isnişdiyini büruzə verməklə baş yastığında özü ilə bərabər «hörüklü bir başın» da qayğısına qalmağı ona həvalə edir. Çünki Yastıq onların bir vəhdət halında mənəvi-ruhani simasının ayrılmazlığın əyani simvolik nişanəsidir:

Başımı qoynuna alan yastığım

…Yuxuda qayğılı başımı qoru…

Düşdü qaranlıqlar, üstünə əyildim

Yumşaqdın—anamın dizləri bildim

…Gecə soyuqları gələndə hərdən

Gözümün yaşını yığdın üzümdən

Böyrümdə hörüklü bir baş gözlədin…

Şerin ikinci bədii mətnində Yastıq və Yastıq sahibi daha çox darıxdırıcı, ölü sükut içərisində və qəriblikdə boğulur. Buradakı qəhrəmanların gələcək yaşamaq ehtimalı da bundan sonra görünmür. Çünki hazırki vəziyyət, psixoloji situasiya o qədər də qənaətbəxş deyil:

Başımın ağırlığına dözən

Yastığım dayanıb

Çarpayımın baş tərəfində

Yuxum qəriblikdə hələ də

ac mələfə kimi sakitlikdə

…çox yaşamağa gümanım az, gümanım az…

Xanəmirin şerlərində bədii qəhrəman həmişə olduğu kimi bu dəfə də bəzən gizli intuisiya məqamında yaşayır: ana və övlad yenə bir-biri ilə qovuşaraq keçmiş anlarını yaddaş psixologiyasında çözələndikcə daha da analıq və övladlıq hissiyatı  incələnib dərinləşir. Ana balasını qolları arasına alıb bağrına basır. Ana övladını qucaqladıqca bir müddət övladının boynundan asılı qalır, övladının boynundan asılmağı şair şirin həsrətli, sevimli «düşmən» asılmağı kimi qəbul edir və mənalandırır:

Anamın qolları boynuma dolaşır

Əsir düşür boynumda anam

Uzaq göy altda dərdimi doğradıqca nəğmələrimə

Boynumun sevimli düşmənliyi qurtarır, ana

Üzünün üzünə sıxmasını mənəvi məhrəmlik kimi yozan şairin fikrincə onlar sanki, Tanrının söylədiklərinə qeyri-şüuri olaraq əməl edir, çünki ana   indiki məqamda qucaqladığı övladını bir vaxtlar bətnində gəzdirirdi:

Üzünü üzümə sıxıram

Dirilir Tanrının söylədikləri

məni hələ də bətnində duyursan

üzümü gördükdən sonra, bətninə

qaytarırsan, ana

 

ƏBƏDİ VƏ SEVGİLİ RUH ALƏMİNƏ QOVUŞMA YOLUNA  BİR ADDIM

İbrahim İbrahimlinin  poeziyasında nəzərə çarpan əsas məqam ilk öncə səslərin, söz və ifadələrin, fikir və hisslər dünyası­nın ahəngdarlığı  və  dərinliyi, bədii-məntiqi ardıcıllıq  və yüksək intellektuallıq-analitiklik, bədii-estetik təfsir baxımından qabarıqlığı ilə üzə çıxır. Özünü  tanımaq, özünü təsdiq et­mək, özünü tam və bütöv halda  dərk və hiss etmək İbrahimli şerlərində ULU YARADANLA  özü arasındakı  bağlı olan  cəhətlərin işartılarına diqqətimizi artırır. Ruhi tə­mizlənmə İbrahimli  poeziyasının əsas leytmotivini təşkil edir. Fikrin, hissin, yeni bədii qatda  təqdimi və dərin  təcəssümündə poetik obrazlılıq  mühüm əhəmiyyət kəsb edir. İbrahimli şerlərindəki poetik obrazlılığın vasitəsilə  yaşanılmış və xatirəyə dönmüş anların dərin bədii təcəssümündə insanda oyatdığı təəssürat olduqca cəzbedicidir, insan bu cəzbin, sehrin  ağuşunda daim çırpınır:

Gecənin  əlləri ürəyimin başında

dərdlərimin   gözünü oyur

və tənhalıqda axan al qanım

bəyaz günləriymiş çıxır

damarlarımdan

Bəyaz günlər gecənin önündə bir damla

Axan al qanım yol alıban

uzun  gecədən küçələrə dama-dama keçir

sənsiz qalmış küçələr xatirələrin qızıl qanına boyanır

İnsanın maddi gerçəkliklə əlaqəsində Ruhani aləm bütöv, tamamlayıcı həlqə rolunu oynayır, insan maddi  gerçəkliyin məhz xaotik mənzərəsində üz-üzə  dayanan anda daha çox Ruhani həyatın, İlahi Gerçəkliyin   əsrarəngiz, tilsimli ab-havasında  uyumağa can atır. Ömrün  o üzü olan Ruhani Gerçəklikdə isə  insan  maddi  aləmdən, ətraf mühitdən tam təcrid olun­muş  halda daxili əzabların, gərgintili anların ağırlığında mənən  saflaşa-saflaşa  və du­rul­duqca İlahi Məkana  qovuşmaq məqamına gəlib çatır. Çünki ömrün  o üzü olan İlahi Ger­çək­likdə  insan özünün  ilahi birliklə bağlı olan  məqamın görüntüsündə bütöv və nəhəng  daxili  əlaqəsini görür.

Unutmuşam özümü

Zamanı anlamayacaq ağlımdan gizlin

ömrümdən qırılıb düşüb

ağrı-acıların  dırnaqları altında

əzablar ölümün bəbəklərini oyur gecə-gunduz

Ağrı-acılar   ömrümdən uzaqda

…Ölüm  yaşanmış sıxıntılardan yaranır və

ömür ölüm üçün  yaşanır…

İbrahimli şerlərində təsvirini tapan mənaya  görə  İnsan günahlarının çoxluğu onun əbədi və sevgili RUH aləminə qovuşmaq yolunda maneələr  yaradır, günahın çoxluğu  hətta

sığındığı divarların bucaqlarında da rəng kimi  əks olunaraq işlətdiyi  şər işlərin əməli simvolik mənası kimi  canlanır:

Sığındığım bucaqların divarlarına

Günahlarımın  rəngi çıxmış

…yaddaşımdakı qapıların yeri

günahlarımla hörülmüş

hər  səhər ürkək əllərim

gözlərimi qapı yerinə açır

Bəbəklərimdən  qarışıq yuxular tökülür ovcuma

Və  ovcümda üzür

sevgilərin qovuşduğu anın cənazəsi

İbrahimlinin poeziyasında fikrin, hissin analitik təqdimi və dərinliyi, intellektuallıq bə­zən hətta 2-3 misralıq  şerlərdə də özünün qabarıq bədii ifadəsini iapır və mətndə ümumi­ləşmiş fikirlərin, hisslərin bütöv tərkibi kimi alınaraq mənalanır, onun canlı, bədii portretinə çevrilir:

Damında

Hər kəs damında

Allahın gecələdiyi yer

Mənim damımın altında

Burada ifadə olunan ideya, fikir yığcamlığı və konkretliyi və ya analitikliyi ilə yadda qalır. Ruhu ilahi nəfəslə yoğrulmuş insan batinində məhz Ulu Tanrının  əbədi və əzəli Ruhu də gecələməyə hakimdir.

yaxud:            Şamında

Şamlar əriyir allahın şamında

Və  allahla mən

bir-birimizin  amanında

Bu  misralarda da  fikir fikir içindən, predmet predmetdən  doğur. Konkretlik və anali­tiklik şerdə ideyanın  qavranılmasına  güclü bədii zəmin yaradır. Ruh İlahidən gəldiyi üçün insan cismi maddi varlıq olaraq torpağa qarışıb əridiyi kimi, onun ruhu da yenidən qopub gəldiyi  ULU YARADANIN  RUHUNDA  ŞAM  kimi  ƏRİMƏYƏ MƏHKUMDUR.

yaxud:            Yaxındadı və yaxınlığındadı

Yaxınlığımız  yaradana

Yaradanın gözləri ilə baxmağındadı

Ruhi yaxınlıq, ruhi təmizlənmə anlayışı Yaradanın, Ulu Dərgahın mahiyyətində giz­ləndiyi üçün həmin ilahi qatdan törənib rişələnmiş ruhi yaxınlaşma prosesi təbii olaraq yeni­dən  ona cavab kimi səslənir. İbrahimlinin qəhrəmanı bəzən sakit gecənin dərinliyindən to­xunulmaz və şirin tənhalığında yaşayaraq ömrün  o üzünə  ruhən addımladıqca özünü Ulu Dərgahın məkanında hiss edir:

Elə gecə ikən  astaca

qapıların o üzündə  qalan günlərin

qapısını açıram

otağın bir küncündə  çarpayı altında  gizlənmiş

uşaqlıq  çağlarınmın əlindən  tutub

sayrışan  səmadan da o yana gedirəm, gedirəm.

yaxud:

gecənin bir aləmində bəyazlaşıb

urkək, bir səssiz addım atdım

sənə doğru

ayaq səslərim ürəymin bəyazlığına düşdü…

İbrahimin şerlərində öz əksini tapan insan və telefon   qarşılaşmasında  qəhrəman   bir qarşısı  alınmayan  əsrarəngiz doğmalıq, yaxınlıq duyur və bunlar arasında özünəxas oxşar cə­hətlər tapır. Səsini içinə yığmış telefonla tənhalıqda nəfəsi, səsi içində boğulan  insandakı üz-üzə  dayanan daxili əzabların ümumiləşmiş simvolik mənası kimi canlanır:

Səsini içinə çəkmiş

telefonun  bir addımlığında

nəfəsi göyəribən içimdə

bir telefon zənginə

gözləri alacalanıb

özümdən başqa keçmiş yalqızlığımın

…yapyalın göz yaşları dirənir boğazıma

Ha istəyirəm

qışqıra bilmirəm  yalqızlığımın üstünə

səs tellərim telefon   telləriymiş

qırılıb düşür ürəyimə

beləcə səsimi aldı

aldı səsimi yapyalınlıq

İnsanın keçirdiyi vəziyyətlər, psixoloji sarsıntılar  onun sonrakı  qalan ömrün məzmununda getdikcə ağırlaşan xaotik bir mənzərə yaradır. Şairin qəhrəmanı  belə xaotikliyin ümumi aynasında ömrün o üzü olan Dünyası ilə  xəyalən dialoqa girir:

Qarışıq yuxularını göz yaşları döyəcək

döyəcək  göz  yaşları

sonra ömrün damacaq ürəyimə və

ürəiyndə döyünəcək qarışıq yuxularla göz yaşları

Döyünən ürəyinin səsindən

yer üzü səksənib ömründən ayrılacaq

yaxud:

Yaşadığım günlər

Gecələdiyim otaqlardan boylanır, boylanır

Hələ ki, bu qədər yaşadım

Bir pəncərəni də özümünkü eliyə bilmədim

Ürəyim istəyəndə pəncərəni açıb dünya dolu boşluğa

Yuxarıdan aşağı baxım

İbrahimlinin şerlərində  bəzən Külək, Dəniz də  sakit gecənin dərinliyində İnsan ruhunda görünür və təqdim olunur və ayrıca simvollaşaraq bütövlükdə onun konkret bədii portpetinə çevrilir:

Qapılar, pəncərələr bağlı

Qapı arxasında qalan küləklər

bayırda  süzür, süzür —

artıq yuxuya dönmüş

nəğməli gecələrin   üzünün nuruna

… nəhayət  süst düşür tən ortasında

dənizin qolları üstə

Və  küləyin içində boğulan dənizin rəngi  gömgöy

Göyərib özündən gedən dəniz

şəhərin kənarına yıxılı qalıb.

İbrahimlinin ümumiləşmiş İNSAN obrazının təqdimində İnsan Günahının Böyüklüyü son məqamda ona hansı ibrətamiz nəticələr verəcəyini bədii məntiqi ardıcıllığı və psixoloji çalarları ilə   canlandırılır və buradan  fikir, ideya konkret olaraq  ümumiləşmiş fikirlərin, hisslərin analitikliyi ilə bütöv tərkibi kimi  alınaraq mənalanır:

Günahlarımda üzülmüş

başdaşımın  boynu  o qədər, o qədər nazik

qəbrimi yer üzündən siləndə

yer üzündən silinəndə qəbrim

zamanın əlinə gəlməyəcək.

yaxud:

Allah məni boğmaq üçün

ağır  dərdləri  ömrümə bağlayıb

atıb insan axınına…

yaxud:

Qəbirlər qəlblərə çökür

köçdükcə çökür

və bu dünyamızı

o dünya yanına çəkir.

İbrahim İbrahimlinin şerlərində  əksini tapan İnsan həyatının  mənalılığı onun  şəxsi  AZADLIĞINDA  axtarılır. Burada insanın  şəxsi AZADLIĞI  günəşlə əlanələnir. İnsan həyatının daxili gözəlliyini və mənalı keçən  ömür yollarını bütün  çılpaqlığı ilə əks etdirən misralarda bütöv bir ömrün ümumiləşmiş mahiyyəti fikrin, hissin. ideyanın  bədii aynasında bütün tərəfləri ilə  göz önündə canlanır:

Günəş  şüaları geri dönüb

Günəşin ömrünü  pıçıldayacaqlar

Həbsxanaların bomboş otaqlarına

Və günəşin həbsinə düşəcəklər

Həbsxananın gün görməyən otanqaları

gün  görməyən həbsxana otaqları

günəşin pıçıltılı yuxusuna  oyanacaqlar.

İnsan özü ilə birgə ətraf  aləmi və RUHANİ  GERÇƏKLİYİ   bir tam  halında necə və hansı şəkildə  dərk və hiss edir və ayrıca olaraq  ömrün o üzü  olan DÜNYANIN və ya İLAHİ  VARLIĞIN   bütün bu gerçəkliklərlə  hansı həssas bağlı cəhətləri var. İnsanı görünən və görünməyən GERÇƏKLİKLƏRLƏ hansı məqamlar, tellər  birləşdirir. İbrahim İbrahimlinin  yaradıcılığını onun əsas bədii maraq dairəsini  də məşğul edən elə əsas   cəhət də məhz bunlardı.