Ev Bədii Səni ümidə tapşırıram..

Səni ümidə tapşırıram..

1335

Təranə Vahiddən 3 esse

Dahi

Haqqında o qədər xoş sözlər deyildi ki, ağzı açıla qaldı. Yalançı təriflər, bənzətmələr, müqayisələr, şişirtmələr, təşbehlər və nələr, nələr…

Bir müddət ağ buludların üstündə gəzib-dolaşdı,  heç  Yer yadına da düşmədi. Amma havada nə qədər boş-boşuna gəzib-dolaşmaq olar. Bir gün qulağını qəlbinə söykədi.

Qəlbi deyirdi: bəsdi özünü axmaq yerinə qoydun, bəsdi uçdun, axı kim olduğunu hamıdan yaxşı sən  bilirsən.

O an ayağı torpağa toxundu,  dahiliyin daşın atdı,  hamı kimi  yaşamağa başladı. Bir gün dinc durmadı,  insanların şifrəsini oxuyan bir cihaz ixtira etdi. Sən demə insanın ömür xəritəsi ayağının altındaymış. Ayağın altındakı xətlər hər kəsin şifrələnmiş xəritəsidir.

Bu kəşfi ona baha başa gəldi. Şifrəsi oxunmuş on adamdan 9-u ölüm vaxtını bilən kimi intihar etdi. Qurbanlarının sayı artanda kəşfini gizlədib özünə də dəli damğasıyla ağıllıların içinə göndərdilər.

Orda kefi kökdü, hərdən özü üçün xırda-para kəşflər edir, dahiliklə dəliliyin fərqini öyrənir, “Ruhu necə xilas etməli?!” adlı əsər yazır. Bax belə, indi o özünü dahi saymır, heç başqaları da onu dahi hesab etmir, amma bircə dəlilər bilir ki, o dahidir.

Yük atı

Elə bil gözünü qan örtmüşdü. Meşədə doğradığı odunları bir ucdan ata yükləyirdi. Qoca yabı  arabir dönüb tərs-tərs sahibinə  baxsa da, xeyri olmadı. Sahibinin əlacı olsaydı, meşəni bütövlükdə bu zavallı heyvanın belinə yükləyərdi.

Qoca yabı tamah dişi uzandıqca-uzanan sahibinin əmrinə itaət edib yerindən qımıldandı. Eh, ayğır vaxtlarında bu yükü yük saymazdı. İndi kindirini qocalıq kəsmişdi, yüklərin hamısı ona ağırlıq edirdi.

Bu yol onları dərəyəcən aparırdı, sonra qaratikanlı yoxuş başlayırdı.

Sahibi buğda yeyib fınxıran at kimi onu hey dəhmərləyirdi. Canını dişinə tutub dərəyəcən endi, yoxuşu qalxanda dirəndi. Şallaq zərbələri od kimi bədənini yandırsa da, xeyri olmadı. Elə bil dörd ayağı yerə yapışıb torpağa kök atdı.

Axırda sahibi söyə-söyə atın yükünü boşaltdı.

Çər dəymiş! Gərək çoxdan rədd eləyəydim səni. Məni yarı yolda qoymağına bax!!! – deyib ata bir-iki karlı təpik  ilişdirdi.

At yenə tərpənmədi. Bu, sahibini təəccübləndirdi. Bir-iki addım irəli yeridi. At başını yerəcən sallamışdı. Elə bil nəfəs almırdı. Sahibi şallağı qaldıranda at böyrü üstə yerə sərildi…

Sonralar bu əhvalatı kəndin çayxanasında domino oynaya-oyanya baytara danışanda, mal doxturu əl saxlayıb kədərlə dilləndi:

Atın ürəyi partlayanda belə ölür. Gərək qədərindən artıq yükləməyəsən. Bu, insanlara da aiddir…

Səni ümidə tapşırıram

Səni heç vaxt unutmayacam, ölənə qədər, heç  öləndən sonra da… Yaxşı yadındadı, bu sözləri deyəndə yağış yağırdı, burnunun ucundan sivişib keçən damcılardan biri  fürstət tapıb “yalançı” – demişdi ona.

Damla yerə çırpılanacan arxasınca baxmışdı. Vədinə o qədər inanırdı ki, damlanın dediyini saya belə salmamışdı.

Sonra… çox yağışlar yağdı,  elə bil vədi də nəm çəkdi,  bərkidi… Bir də onda ayıldı ki, unutmayacağını unudub.

Dodağına təbəssüm qondu. Demək, bütün vədlər unudulur, bütün sevgilər tükənir, bütün arzular köhnəlir… İnsanı son nəfəsinəcən tərk etməyən yeganə hissin adı bilirsizmi nədi? Ümid! Heç bir hiss onun qədər etibarlı, vəfalı, insaflı, mərhəmətli deyil.

Səni ümidə tapşırıram…