Tanınmış yeni nəsil tatar yazıçı-publisisti, 100 yaşlı “Kazan Odları” ədəbiyyat-mədəniyyət jurnalının baş redaktoru Rüstəm Qaliullinin Azərbaycanda hekayələr kitabı gün üzü görüb.
“Ata və oğul” adlı kitabda müəllifin 8 hekayəsi toplanıb. Hekayələri ruscadan və tatarcadan şair-publisist, tərcüməçi İlqar Türkoğlu çevirib.
Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı kitaba “Ən yeni tatar ədəbiyyatı və Rüstəm Qaliullin” adlı önsöz yazıb.
Tatar yazıçısının kitabının redaktoru Kəmalə Səlim Müslümqızı, rəssamı Nəvai Metindir.
Yeni nəsil tatar ədəbiyyatının özünəməxsus ciddiyyəti, çalışqanlığı və istedadı ilə seçilən nümayəndəsi Rüstəm Qaliullinin hekayələrdən ibarət nəsr kitabı iki qardaş xalqın ədəbi, mədəni əlaqələrinin möhkəmlənməsinə xidmət edən layihələrdən biri kimi önəmlidir. “Ata və oğul” Rüstəm Qaliullinin tatarca və ruscadan sonra, başqa dildə çıxan ilk kitabı olma özəlliyinə də sahibdir.
Əkbər Qoşalının Rüstəm Qaliullinin Azərbaycanda çıxan ilk kitabına yazdığı önsözü (və onun özkeçmişini) oxucularla paylaşırıq:
ƏN YENİ TATAR ƏDƏBİYYATI VƏ RÜSTƏM QALİULLİN
Tatar ədəbiyyatı dedikdə Azərbaycanlı oxucunun təsəvvüründə öncə məhz tatar şeiri canlanır – daha konkret olsaq, Abdulla Tukay, Musa Cəlil adları önplana çıxır. Həm tatar ədəbiyyatının bu klassikləri şair olduqları üçün həm də, Azərbaycanda sevilə-sevilə oxunduqları üçün tatar ədəbiyyatı bizdə daha çox poeziya ilə assosiasiya olunur. Əlbəttə, akademik çevrələr, ayrı-ayrı oxucular tatar nəsrinə də bələddir – bu öz yerində; ancaq təkrarçılıq olmasın, tatar ədəbiyyatının Azərbaycanda daha çox tatar poeziyası şəklində qəbul gördüyü bir faktdır. – Bu yaxşıdırmı, yaxşı deyilmi? – ayrı məsələdir, məncə nə yaxşıdır, nə də pisdir, gərginlik yaratmayan, bir qədər də, təbii təsir bağışlayan sadə gerçəklikdir… Bu dəfə əlimizdə bir tatar nasirinin kitabı var.
Ən yeni nəsil tatar ədəbiyyatının özünəməxsus ciddiyyəti, çalışqanlığı və istedadı ilə seçilən nümayəndəsi Rüstəm Qaliullinin nəsr kitabı Azərbaycan oxucusuna təqdim olunur. Bu, ilk növbədə, iki qardaş xalqın ədəbi ilişkiləri (ümumən ictimai-mədəni işbirliyi) baxımından diqqətəlayiq faktdır. Kitabda yer alan əsərlər İlqar Türkoğlu tərəfindən dilimizə çevrilib. Bu münasibətlə həm onu, həm də Rüstəm Qaliullini, ümumən kitabın hazırlanmasında, nəşrində əməyi keçən hər kəsi, eləcə də, oxucularımızı ürəkdən qutlayıram!
Bu, Azərbaycan ədəbi ictimaiyyətinin, özəlliklə də, yeni nəsil yazarlarımızın tatar xalqının ən yeni ədəbi nəslinin yaradıcılığına ümid (inam) dolu baxışının ifadəsidir. Bir tatar nasirinin Azərbaycanda kitabının çıxması türk ölkə və topluluqları arasında ədəbi ilişkilərin güclən¬di-rilməsi işinə də töhfədir;
Rüstəm Qaliullinin kitabı həm Azərbaycanda çıxan ilk kitabı olması, həm də nəsr kitabı olması etibarı ilə maraqlı və diqqətçəkicidir;
Tatar ədəbiyyatının bugün Rüstəm Qaliullin və ədəbi nəsildaşlarının timsalında yeni nəsil yazarları tərəfindən çiçəkləndirilməsi, necə deyərlər, torpağın havalandırılıb şumlanması, yeni toxumlar səpilməsi, fidanlar əkilməsi… alqışa layiqdir. Belə alqışalayiq işlər əbədi gənc klassik Abdulla Tukay irsinin, onun qısa, lakin işıqlı ömrünün çağdaş gənc ya¬zarların ömrünə çökdüyünü, Tukay ömrünün bu günün gənc tatar yazarları simasında yaşıllandığını göstərir;
Yazarın kitabda yer alan əsərlərinin seçimi də, çağdaş tatar ictimai-mədəni, fəlsəfi (bir sözlə, həyati) düşüncəsinin təcallası kimi dəyərləndirilə bilər. Bu dəyərləndirmə özündə işığı, ümidi, yüksək ruhu təzahür etdirir. Kitabda toplanmış əsərlərin məzmunu tatar qardaşlarımızın yalnız gənclik dünyasına (duyğularına) deyil, bütövlükdə tatar xalqının çağdaş yaşantılarına, dünənə və sabaha baxışına ayna tutur;
Rüstəm Qaliullinin Azərbaycanda ilk kitabının tərtibi, hekayələrin ruscadan və tatarcadan Azərbaycancaya çevrilməsi, kitablaşdırılması türk mədəni birliyi üçün çalışan Turan sevdalı İlqar Türkoğlu tərəfindən gerçəkləşdirilib. Bu özlüyündə, ədəbiyyatçılarımız arasında sağlam və güvənli yaradıcılıq (işbirliyi) mühitinin imkanlarını göstərir.
Bəli, Azərbaycan kitabxanaları, ədəbiyyat təsərrüfatımız, araşdırmaçılarımız yeni kitab qazanır, yeni nəsil yazarlarımız yeni işbirliyi üfüqlərinə boylanır, yeni ideyalar (təşəbbüslər) gündəmə gəlir. Əgər Yür kürəsinin xəritəsinə baxsaq, görərik ki, Kazan (Tatarıstan) ana materikimiz Avrasiyada, Bakı (Azərbaycan) isə ümumən planetdə mərkəzi coğrafi mövqedə yerləşir… Bu mövqenin ancaq coğrafi olanda qalmaması üçün ilk növbədə yaradıcı aydınlar, şairlər, yazıçılar, mədəniyyət-sənət, elm xadimləri və öz əl-ürək-ruh birlikləri mədəni-mənəvi, intellektual enerji alış-verişində bulanmalıdır. Bu isə özünü əsərlərdə, kitablarda göstərir.
“Ata və oğul” göstərir ki, Bakı-Kazan, Azərbaycan-Tatarıstan ədəbi-mədəni işbirliyi daha da genişlənmə imkanlarına sahibdir. Yeni ədəbi nəsillər öz yaradıcılıq uğurları ilə bu işbirliyində yer almaq, birliyimizi qüvvətləndirmək, bizləri bir-birimizə doğmalaşdırmaq haqqına və imkanına sahibdir.
Bax, elə bu anlamda, Rüstəm Qaliullin kimi istedadlı və üfüqügeniş bir tatar yazarının kitabı timsalında gənc tatar yazarlarının yaradıcılıq örnəklərinin Azərbaycanda (digər qardaş ölkələrdə, topluluqlarda) kitablaşdırılması böyük ədəbiyyat və ədəbi işbirliyi yolunda özünəməxsus bir aşamadır.
Tatar ədəbi gəncliyinin parlaq nümayəndəsi, “Kazan Odları” jurnalının baş redaktoru Rüstəm Qaliullinin ədəbi-təşkilati çalışmaları və yaradıcılıq örnəkləri ilə tanışılığın Tatarıstanda (bir xeyli dərəcədə Sibirdə, Uralboylarında) çağdaş ədəbi düşüncənin ahəngi (sözün ritmi, yeni yazarların iç dünyası…) haqqında oxucularımızın təsəvvürünün möhkəmlənməsində rol oynayacağına inanıram.
Beləliklə, Rüstəm Qaliullin hansı ədəbiyyatın təmsilçisidir? O ədəbiyyatın özəllikləri, ten-densiyaları nədən ibarətdir? – Bu məqamlara bir qədər işıq salmağı məqsədəuyğun sayıram.
Gənc dostumuz, yazar qardaşımız Rüstəm Qaliullinin mənsub olduğu tatar ədəbiyyatı erkən yüzilliklərə dayalı bir inkişaf yoluna malikdir. Tatar qaraşlarımız da, başqa türksoylu xalqlar kimi özlərinə aid olan söz sənətinin başlanğıcında Runik yazısı ilə əsərlər yaradıb. ( –Tatar yazılı ədəbiyyatının ilk dövrü kimi şöhrətli (İdil-)Bulqar dövlətinin hökm sürdüyü dövr qəbul edilir.)
XIII yüzilliyin ikinci yarısından XV yüzilliyin ortalarına qədərki tarixdə (“Qızıl Orda dövrü”ndə) isə tatar ədəbiyyatı Gündoğar və bütün başqa türk boylarının ədəbiyyatı ilə bağdaşlaşaraq inkişaf edib.
Kazan xanlığı yıxıldıqdan sonra toplum həyatında özünü göstərən durğunluq, təəssüf ki, çox uzun sürə davam edib. Özünü yenidən dirçəltməyə başlayan tatar şeirində XVIII yüzilliyin ikinci yarısından etibarən toplumun inkişafını müəyyənləşdirən dünyəvi təhsil modelini (və zehnini) üstün tutan tendensiya yer alıb (zamanla bu tendensiya qanunauyğun şəklə çevrilib).
XVIII-XIX yüzilliyin ən ünlü ədibləri də məhz şairlər olub.
XX yüzilliyin başlanğıcında tatar ədəbiyyatı artıq yalnız Gündoğara deyil, Günbatara da yö-nəlməyə başlayıb. Bu dövr tatar ədəbiyyatı, “Cəditçilik” hərəkatına bağlı fikri-estetik gələ¬nəkləri inkişaf etdirib (Avropanın çatdığı mədəniyyəti də örnək götürərək), öz yoluna davam edib. Əlbəttə, tatar ədəbiyyatının yeni təməllər üzərində inkişafında mətbuatın, kitabın, tərcümənin rolu özünəxas mövqeyə sahibdir. O da təsadüfi deyil ki, bu dövrdə tatarlar, demək olar, bütün türk dünyasını aydınladıb, mədrəsələr açıb, dərgi və qəzetlər nəşr etdirib və sanki ədəbiyyatda bir çox türk boylarına yön vermək rolunu üzərinə götürüb…
XX yüzilliyin başlarında tatar şeiri zirvəyə qalxdı və öz altın çağını yaşadı. Bu dövrdə tatar ədə-biyyatında həm romantizm, həm realizm, həm də xəlqilik axtarışlarının ən gözəl örnəklərini görə bilirik.
1917-ci il inqilabından sonra Sovet ideologiyasına bağlı inkişaf edən tatar ədəbiyyatı bəzi çatışmazlıqlara bəxmayaraq, XXI yüzilliyə dolu bir miras buraxdı; lakin bu müddətdə tatar ədib-lərinin Gündoğar və Türk dünyası ilə bağlılıqdan xeyli qopuq qalması sonucunda onlar qardaş türk boyları ədəbiyyatı və təmsilçiləri ilə ilişkilərdən də qopuq qalmış oldu. (XX yüzilliyin 20-30-cu illərində, Stalin zamanında bəzi tatar ədibləri “kommunizm ideologiyası”na meyl etdi.)
II Dünya Savaşında yaşanan itkilər də tatar ədəbiyyatına böyük təsir etdi; lakin bunu da demək lazım ki, bu savaş zamanında qəhrəman ədiblər də ortaya çıxdı. (1941-1945-ci illərdə ən ağır ortamda ulduzu parlayan Musa Cəlil buna bariz örnəkdir) .
Yüzillərdir Gündoğar və Günbatar ədəbiyyatının ən gözəl örnəklərini götürərək inkişaf edən tatar ədəbiyyatı, keçən yüzilliyin 60-cı illərində təzə (fəlsəfi və lirik) əsərlərlə yenidən zirvəyə qalxdı. 70, 80-ci illərdə daha yeni ədəbi nəsillər meydana çıxdı. Bu dönəm ədəbiyyatında əslində hər zaman keçərli olan ortaq mövzular işlənildi: kənd təbiəti, insan könlünün gözəlliyi, əxlaq dəyərləri, yaşam və ölüm haqqında düşüncə, nigarançılıq, eşq və dostluq…
O da gizlin deyil ki, Sovet dönəmində tatar ədəbiyyatında siyasi səbəblərdən mövzular daraldı, söz sənəti xalqa yaxın və anlaşılan olsun deyə “bəsitləşdirildi”. Millilik gizlənildi, yazarlar duyğularını, bir qayda olaraq, “Ezop dili” ilə yazmağa başladı. Gündoğar və Türk dünyası ədə-biyyatı, mədəniyyəti ilə olan bağlantılar zəiflədi. Bu səbəbdən də, Gündoğar və Türk xalqlarının yaratdığı əsərlər yüzilləri adlayan gələnəyə görə orijinaldan oxunmaq əvəzinə, artıq rusca çev-rilərdə izlənməyə (oxunmağa) başlanıldı…
Sovet dövründə tatar yazarları öz əsərlərinə, rus ədəbiyyatı vasitəsilə Avropa ədəbiyyatını, onun özəlliklərini daşıdı. Partiya ideologiyasına bağlılıq səbəbiylə Sovet dönəmi tatar ədəbiyyatı mövzu baxımından böyük ölçüdə rus ədəbiyyatına bənzədi, həm nəzm, həm də nəsr demək olar, rus ədəbiyyatı təsiri altına düşdü. İdeoloji təzyiq hökm sürdü. Beləcə, tatar şeiri Gündoğar (və Türk) dünyasından qopdu və təəssüf ki, ən əski dönəmlərdən gələn bəzi gələnəklərini itirdi…
Daha sonra, 1990-cı illərdə yaşlı, ustad ədiblər öz duyğu və düşüncələri ilə diqqət çəkməyə davam edərkən, artıq gənc nəsil yazarları da onlarla yanaşı, ədəbiyyatda öz yerlərini tapmağa çalışdı (və bir çoxu bunu bacardı)… və yeni nəsil yazarları, XX yüzilin 90-cı illərindən bugünə, çağdaş insanın ruh dünyasını təsvir edərək, qlobal nigarançılıq və ümidlərə bağlandı… Yeni dövr tatar ədəbiyyatında təsvir və fikir birliyi, hiss və ağlın bütünlüyü, xalq ədəbiyyatı və Gün-doğar kalssik ədəbiyyat gələnəklərinin canlanması əsas mövzu oldu.
Özəlliklə, bir çox tatar ədibinin yaradıcılığında Tatarıstanın dövlətçilik şüurunu, parlaq gələcəyə ümidini də görə bilərik. Ən yeni tatar ədibləri bu dönəmdə milli ruhu, dili və bərabərliyi qorumaqda çox önəmli bir rola sahibdir. Tatar ədəbiyyatında yazarın taleyi ilə millətin taleyinin birgə inkişaf etdiyini vurğulaya bilərik; artıq bu dövrdə Gündoğar və Türk dünyası ilə ilişkilər yenidən canlanmağa və qüvvətlənməyə başladı, bir çox tatar yazarı bu illərdə ən ünlü Gündoğar və Türk dünyası ədəbiyyatı klassiklərinin, çağdaş yazarların əsərlərini tatarcaya çevirdi və ya öz əsərləri başqa dillərə çevrildi.
2000-ci illərdə tatar ədəbiyyatını yeni, maraqlı mövzu və təsvirlərlə zənginləşdirən yetənəkli gənc qələmlər yetişdi.
Tatar ədəbiyyatının ən öndə gələn başqa bir özəlliyi də var: tatar yaşam tərzi həmişə kənd və kənd həyatı ilə – sanki iki paralel aləmlə sıx bağlı olub. Amma son 20-25 il içində kəndlərin kiçilməsi, hətta bir çoxunun sıradan çıxması və kənddən şəhərə köç, yazarları olumsuz bir şəkildə təsirləndirməmiş deyil.
Beləliklə, ədəbiyyata şəhər mədəniyyəti və dili hakim olmağa başladı… lakin digər tərəfdən bu durum tatar ədəbiyyatını şəhər ahəngi, şəhər ritmi, şəhər bəzəkləri ilə zənginləşdirdi. Gənc tatar yazarlarının yaradıcılığında bir başqa yenilik, sadəcə onlara özgü bir fikir yürütmə çabasının varlığıdır… Doğaya, həyata olan sevgi, həm kəndin gözəlliyi, həm sadəcə şəhərə məxsus bir özəllik… Xəyalları yüksəkdə olan gənc yazarlar sevgi və xalqın taleyi ilə bağlı əsərlər yazmaqdadır… Ayrıca, gənclərin yaradıcılığında könül sızıltısı, səmimiyyət və dürüstlük vardır. Ana mövzu isə əsasən eşqdir, eşqin özüdür…
Çağdaş tatar ədəbiyyatının bir özəlliyi də var: Yazarlar təbiətə çox yaxındır, təbiət ilə özlərini bir bütün olaraq görür. Onların yaradıcılığı göy, bulud, ulduz, Günəş, Ay, külək, yağış, gecə… kimi sözlərdən “toxunub”. Bütün bu sözlər çox rəngli, çox hərəkətli, dəyişik şəkil və hallarda veril-məkdədir. Bunun səbəbi, bir tərəfdən yazarların kənd həyatı ilə yaxından bağlı olması, digər tərəfdən isə qloballaşan dünyada yazarın bir fərd olaraq qalma mücadiləsi ilə insanlardan, toplumdan uzaqlaşaraq öz iç dünyasına qapanması, yalnızlığa üstünlük verməsidir, deyə bilərik.
2000-ci illərdə yeni toplumun durumu, yeni həyatın anlamı və dəyərləri ilə ilgili dərin fəlsəfi düşüncələr tatar ədəbiyyatına yeni bir rəng qazandırdı; başqa bir yandan XX yüzil tatar ədibləri öz əsərlərini milli və ilahi (dini) ahəng(lər)lə (də) zənginləşdirdi…
…Günümüzün tatar ədəbiyyatında hüznlü və yaşam dolu ikili yol alan, romantizmə söykənən, insanın iç duyğularına yönələn lirik əsərlər də yazılmaqdadır. Hüznlü romantizm, həyatın acımasız və ədalətsiz olmasına yanan, dünyanın və insanların dəyişiminə inanmayan romantik qəhrəmanı, həyat dolu romantizm isə həyatdan zövq almağı mədh edən, sevgiyə, gələcəyə ümidlə baxan nəşəli qəhrəmanı qoyur ortalığa…
Çağdaş ədəbiyyatın mövzularından biri də, tatarların şanlı tarixidir. Yazarlar sadəcə bugünün üzüntüləri ilə yaşamır, onlar gələcəyə keçmişi anaraq, onunla qürur duyaraq baxır. Buna görə də, əsərlərdə tez-tez tatarların keçmişdə və bu gün yaşadığı yer adları keçməkdədir. Ayrıca, tatar mifologiyasına, tatar xalq ədəbiyyatına göndərmələrlə, dini motivlərlə (də) qarşılaşmaqdayıq. Bir başqa tərəfdən də, bəzi yazarların təhsil almaq üçün getdiyi ya da artıq yaşadığı fərqli coğrafiyalar da tatar ədəbiyyatına ayrı bir çalar qatır.
Tatarıstanda Rusiya federasiyası yazarlarının, Türk dünyası yazarlarının toplantıları, bir çox başqa festivallar keçirilməkdədir. (Bizim tatar ədəbiyyatı üzərinə vurğuladığımız məqamların bir çoxu da belə toplantılardan birində – 01-04 oktyabr 2015-ci ildə Kazanda keçirilən XI “Türkcənin Uluslararası Şeir Şöləni”ndə tatar ədəbiyyatı üzrə məruzəyə əsaslanır). Belə böyük tədbirlər də fikir, təcrübə alış-verişi üçün, yeni ədəbi əlaqələr üçün çox önəmlidir. Digər bir gəlişmə isə İKT-nin inkişafı, habelə dilmanc proqramlarının yaranmasıdır.
Sevindirici, ümidverici bir məqamı paylaşmadan keçməyək: tatar ədəbiyyatına gələn yeni nəsil yazarlar, ana dilinə sadiq qalmaqda, onu bütün incəlikləri ilə yaşatmağa çalışmaqdadır…
Bəli, Rüstəm Qaliullin bax, belə bir ədəbi keçmiş üzərində öz ədəbi fəaliyyəti ilə məşğuldur; o, həm baş redaktor kimi, həm də məhsuldar yazar olaraq seçilir. Artıq vurğuladığımız kimi, tatar ədəbiyyatı daha çox şeir kökənlidir, şeirə köklənib, şeir-şeir yarpaqlayıb, yarpaq-yarpaq pı-çıldayır. Rüstəm yaşıl yarpaqların da, sarı xəzəllərin də fərqindədir, Rüstəm yarpaq pıçıltısını dinləyə bilir, Rüstəm kökə (soykökə) bağlıdır. Rüstəm eşqlidir, sevdalıdır, Rüstəm ağıllıdır, dərrakəlidir – bax, bu dəngə ona nəsrdə köklü-köməcli və başı buludlu yaşıl ağaclar dikəltməyə imkan verir.
Qardaş Tatarıstanın dövlət bayrağı və Rüstəm Qaliullinin, onun ədəbi nəsildaşlarının ədəbiyyat-sənət bayrağı uca olsun!
Bakıdan Kazana, Azərbaycandan Tatarıstana salamlar!
Rüstəm Qusman oğlu Qaliullin
26.11.1987-ci ildə Tatarıstan Respublikasının Arsk rayonunun Nalasası kəndində doğulub. 2004 cü ildə Kazan Dövlət Universitetinin Tatar filologiyası və tarix fakültəsinə daxil olub, universiteti 2009-cu ildə fərqlənmə ilə bitirib, “Ən yaxşı əlaçı-məzun” medalına layiq görülüb. 2012-ci ildə dissertasiya müdafiə edərək filologiya elmlər namizədi olub. 2018-ci ildən- “Kazan utları” (“Kazan odları”) jurnalının baş redaktorudur. 2008-ci ldən- Tatarıstan Respublikası Jurnalistlər Birliyinin, 2009-cu ildən Tatrıstan Yazıçılar Birliyinin (2012-ci ildən TYB İdarə heyətinin), 2012-ci ildən isə Beynəlxalq Pen-klubun üzvüdür.
2007-ci ildə gənc yazarların “İdelem Akçarlaqı” (Qran-Pri) Respublika yarışmasının, 2009-cu ildə Tatarıstan Respublikasının kütləvi informasiya sahəsində “Debüt” XII yarışmasının (“Bəllur kaləm” (“Büllur qələm”) nominasiyası üzrə) qalibi olub. 2015-ci ildə ədəbiyyat sahəsində Musa Cəlil adına Respublika mükafatının laureatı seçilib.
Beş kitabın müəllifidir: tatar dilində – “Qipnozçı malay” (“Hipnozçu oğlan”, 2008), “Yullarda jil ak ide” (“Yollarda ağ külək…”, 2012), “Tayfik Aydi yaradıcılığı: obrazlar sistemi və janr tipologiyası” (monoqrafiya, 2016), “Vasıyyat” (“Vəsiyyət”, 2017), rus dilində – “Yalqızlıq” (“Одиночество”; Москва, 2013).