“Gəncliyin sözü” kitabı ADMİU-da təqdim olunub.
dilimizvarligimiz.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin sözü” adlı kitabın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təqdimatı keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və kitabda yazıları çap olunan qələm sahiblərindən bir qismi və mətbuat nümayəndələri iştirak ediblər.
Təqdimatı giriş sözüylə açan tədbirin moderatoru, Əməkdar İncəsənət Xadimi, ADMİU-nun kafedra müdiri, professor Əli Əmirli universitetin rektoru, professor Ceyran Mahmudovanın adından qonaqları salamlayıb. Çap olunan kitabın önəmini vurğulayan professor qeyd edib ki, “Gəncliyin sözü” kitabı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində nəşr edilib. Ə.Əmirli kitabın ilk təqdimatının ADMİU-da keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq, bildirib ki, incəsənətin müxtəlif sahələrində təhsil alan tələbələrin yeni nəsil gənc yazarları tanıması çox mühümdür. Bu, gələcəkdə mədəniyyət sahəsində önəmli layihələrin keçirilməsində rol oynayacaq faktordur.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar çıxışında Birlik haqqında geniş məlumat verərək bildirib ki, bu tədbir ADMİU-da yetişən yeni qələm sahiblərinin təşkilata cəlb olunması üçün də əlverişli şəraitdir. İ.Yaşar kitab haqda məlumat verərək deyib ki, birinci cildində 55 yazarın qələm örnəkləri toplanmış kitabın gələcəkdə növbəti cildlərinin də çapı nəzərdə tutulub. Qeyd edilib ki, “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, kitabın eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibçiləri DGTYB-nin idarə heyəti üzvü Tural Adışirin və DGTYB-nin üzvü Elvin İntiqamoğlu, tərtibatçı-dizayneri isə Əli Zeynalovdur. İlk təqdimatı ADMİU-da baş tutan kitabın qarşıdakı günlərdə paytaxt və regionlarda fəaliyyət göstərən müxtəlif ali təhsil ocaqlarında və gənclər evlərində təqdimatları keçiriləcək.
ADMİU-nun Kino və televiziya fakültəsinin müəllimi, Əməkdar jurnalist Zakir Abbas çıxışında bu cür topluların Azərbaycan ədəbiyyatının ümidli sabahından xəbər verdiyini və təqdirəlayiq hadisə olduğunu vurğulayıb. O, gənc yazarların yaradıcılıqlarındakı azad ruhdan və yenilik axtarışlarından da bəhs edib və bunu müsbət qiymətləndirib.
ADMİU-nun “Ədəbiyyat və dillər” kafedrasının müdiri, professor Fəridə Səfiyeva bu cür kitabın ilk təqdimatının ADMİU-da keçirilməsinin əhəmiyyətindən danışıb. Professor tələbələr arasında ədəbiyyata meyilli, yazı qabiliyyəti və istedadı olan tələbələrin az olmadığını bildirib və DGTYB rəhbərliyinin bu münasibətlə universitetə gəlişini hər iki tərəfin bir-birini tanıması üçün önəmli fürsət adlandırıb.
ADMİU-nun mətbuat katibi, DGTYB-nin sədr müavini Şahanə Müşfiq çıxışında DGTYB-nin hər zaman gənc istedadlara dəstək olduğunu, təkcə Azərbaycanda deyil, bütün türk dünyasında yazıçı və şairləri öz ətrafında birləşdirərək bir-birindən dəyərli layihələrdə görüşdürdüyünü bildirib. Ş.Müşfiq istedadlı və ədəbiyyata sevgisi, marağı olan tələbələrə səslənərək həm universitet əməkdaşı, həm də DGTYB təmsilçisi olaraq hər zaman onlara dəstək üçün hazır olduğunu qeyd edib. Sonra o, özünün kitabda yer alan “Bir gün görsən ki…” və şair həmkarı Elvin Əlizadənin “Dünən Zəngilana getmişdim, ata” şeirlərini səsləndirib.
Daha sonra “Gəncliyin sözü” kitabında yazıları çap olunan ədiblərdən Valeh Qoca, Xəyalə Sevil, Taleh Mansur və Çinarə Ömray çıxış edərək kitab haqqında fikirlərini bölüşüb, öz şeirlərini oxuyublar.
Tədbirdə tələbələrin fikirləri dinlənilib və sualları cavablandırılıb.
Sonda təqdimatın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə ADMİU-nun rektoru, professor Ceyran Mahmudovaya öz təşəkkürünü bildirən İ.Yaşar xanım rektora, moderator Əli Əmirliyə və mətbuat katibi Şahanə Müşfiqə tədbirin təşkilindəki dəstəkləri üçün DGTYB-nin Diplomlarını təqdim edib.