Ev Xəbərlər Kəlbəcərli gənc şairin imza günü keçirilib – FOTOLAR

Kəlbəcərli gənc şairin imza günü keçirilib – FOTOLAR

937

Əli Kərim adına Sumqayıt Poeziya Evində Dünya Gənc Türk Yazarlar Birliyinin və Sumqayıt  Poeziya evinin təşkilatçılığı ilə əslən Kəlbəcərdən olan istedadlı gənc şair Valeh Qocanın  yeni “Səni unutmağa vaxtım olmadı” adlı şeirlər kitabının təqdimatı və “İmza günü” keçirilib.
dilimizvarligimiz.az xəbər verir ki, tədbirdə ilk söz verilən qocaman şair Əyyub Cabbarov, V.Qocanın ədəbi-bədii fəaliyyətindən geniş bəhs edib.
Çıxış edənlər- Rafiq YusifoğluMəhəmməd CəbrayılovNamiq DəlidağlıƏkbər Qoşalıİbrahim İlyaslıGülnarə CəmaləddinƏli NiyazbəyliNamiq Mənaİntiqam Yaşar və başqaları şairin yaradıcılığı haqqında danışıb, yeni kitabının nəşri münasibətilə müəllifi təbrik ediblər. Tədbir boyunca müəllifin müxtəlif mövzulu şeirləri səsləndirilib. Aşıqlardan-  Lətifə ÇeşməliHikmət HəsənovƏli Zeynalabdinov könülləri oxşayan saz havaları ilə tədbirə rəng qatıblar.
Sonda gənc şair görüşün yüksək səviyyədə təşkilinə görə təşkilatçılara, tədbirdə iştirak edən qələm dostlarına, poeziyasevər oxuculara öz təşəkkürünü bildirib, yeni şeirlərini oxuyub.
Qeyd edək ki, Valeh Qoca yaradıcılığa universitet illərindən başlayıb. Şeirləri əsasən ayrılıq mövzusundadır. Ayrılıq  şairi kimi yaddaşlara düşən şairin fəlsəfi, vətənpərvərlik, ana və digər mövzularda da şeirləri vardır. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür. Gənc şairin şeirləri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə DGTYB tərəfindən çap olunan “Bölgələrdən səslər-3” antologiyasında (2017),  yenə DGTYB-nin təşkilatçılığı ilə qardaş Qazaxıstanda çap olunan “Yeni zaman Azərbaycan şeiri” antologiyasında (2018),  habelə “Xəzan”, “Xəzinə”, Dünya  yalan dünyadır”, “Zirvəyə doğru”, “Mənim vətənim” və başqa ədəbi nəşrlərdə dərc edilib. Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatları və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən müəyyən diplom və fəxri fərmanlara layiq görülmüşdür. “Eşqim məndən böyükdür”, “Səni unutmağa vaxtım olmadı” adlı kitabların müəllifidir. /Sevinc Qərib; Dalidag.az/