Ev Publisistika AZƏRBAYCAN DİLİNİN İNKİŞAFI VƏ QORUNMASI

AZƏRBAYCAN DİLİNİN İNKİŞAFI VƏ QORUNMASI

1816

Cəfərova Aygün Yaşar qızı

1983- cü ildə Cəlilabad rayon Həsənli kəndində anadan olub. 1985- ci ildən Sumqayıt şəhərində yaşayır. 1990- 2000-ci illərdə 38 saylı orta məktəbi, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetini Filologiya fakültəsi üzrə bakalavr, 2004- 2006- cı illərdə isə magistr dərəcəsi ilə bitirmişdir. 2006- cı ildə “Rafiq Yusifoğlunun sənətkarlıq xüsusiyyətləri” adlı ilk kitabı, 2019-cu ildə ” Nəsimi yaradıcılığında folklor izləri” adlı kitabı nəşr olunub. Mütəmadi olaraq mətbuatda elmi, publisistik, bədii yazıları, tərcümə etdiyi bədii nümunələr dərc olunub.2017- ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun ( Türk Törə Ocağı) təsis etdiyi “San Yarlığı” ilə təltif olunub. 2018- ci ildə Türk Ədəbiyyatı Vakfı tərəfindən “Təşəkkürnamə”yə layiq görülüb. 2019-cu ildə “Kaspi” TM və “Kaspi”  qəzetinin İmadəddin Nəsiminin 650 illiyi münasibətilə təşkil etdiyi “Əbədiyyət günəşi” məqalə müsabiqəsinin mükafatçısı olub. 2018- ci ildən AYB-nin üzvüdür.

Bu mövzunun bir xalq üçün nə qədər həyati əhəmiyyətə malik olması təkcə dilçilərə deyil, hər bir təfəkkür sahibinə məlumdur. Əminliklə deyə bilərik ki, Azərbaycan adlı bir müstəqil dövlətin qurulub inkişaf etdirilməsinin dayaq nöqtələrindən biri də dilimizin leksik-semantik, qrammatik özəllikləri ilə malik olduğu nüfuzudur. Bu nüfuzun tarixi V-VII əsrlərə dayanır. Müasir dövrdə də qonşu xalqların dilində, məsələn, bədxah erməni dilində 5 mindən çox(!) türk sözü işlənməkdədir. Qonşu gürcü xalqına məxsus V-VII əsrlərə aid tarixi mənbələrində 160- dan çox türk sözü  işlənmişdir. Eləcə də rus və fars dilləri də əsrarəngiz Azərbaycan-türk dillərinin cazibəsindən kənarda qalmamışdır.
Dilimizin tarixi inkişaf mərhələləri, keçdiyi yol, bu dildə yaradılmış qədim yazılı mənbələrimizin araşdırılması haqqında yüzlərlə elm adamlarımız minlərlə elmi araşdırmalar aparmışlar. Dilimizin  fonetik quruluşundan başlayaraq üslubi imkanlarının özəlliyinə qədər öyrənilib, tədqiq edilib. Bu gün də həmin tədqiqat istiqaməti saxlanılmaqla bərabər ikinci vacib məsələ dilimizi yad təsirlərdən qorumaqdır.
Dilimizin lüğət tərkibi yaşadığımız ictimai- sosial olaylardan dolayı, elmi- texniki tərəqqi səbəbilə zamanla dəyişilir. Bəzi ümumişlək sözlər arxaikləşib işləkliyini itirir və ya neologizmlərlə əvəz olunurlar. Qloballaşan dünyamızda internet dövrünün gətirdiyi sosial şəbəkələrin, qeyri-milli telekanalların birbaşa leksikamıza təsiri açıq- aydın görünür. Əgər bu prosesə nəzarət olunmazsa, xoşagəlməz nəticələr qaçılmaz olacaq. Müasir Azərbaycan dili ilə bağlı bir neçə məsələdən söz açmaq istərdim.
Əvvəla, bir qrup ziyalı təbəqəsini narahat edən məqam dilimizin adlandırılması ilə bağlıdır.  Dilimiz Azərbaycan dili adlanır. Bəzi ziyalılar dilimizin Türk dilləri ailəsinə aid olduğunu sanki qəbul etməyib  son zamanlarda təbii şəkildə meydana çıxan özləşmə meyillərinə aqressiv yanaşırlar. Öz etirazını bildirdikdə belə Azərbaycan türkcəsində yazdığını, danışdığını qəbul etmək istəməyən ziyalı təbəqəsi var. Müşahidə etmişəm ki, onların əksəriyyəti rus dilinə, keçmiş Sovet rejiminə rəğbət bəsləyənlərdir. Bəzən təəccüb edirəm ki, doğrudanmı Cəlil Məmmədquluzadənin “Anamın kitabı”ndakı fərqli dil, fərqli  mədəniyyətlərə meyil göstərən ziyalılarımız hələ də var?! Axı biz ” Kitabi-Dədə Qorqud”da, “Bilqamıs”da  “Orxon-Yenisey” kitabələrindəki səslənən fikirlərin müasir Azərbaycan türkcəsi ilə eyni leksik vahidlərdən təşkil olunduğunu necə görməzdən gələ bilərik?! Özümüzə qayıtmaq niyə qıcıq yaratsın azərbaycan türklərində?! Bunun bir cavabı var.  Özündə türk soyu, türk ruhu hiss etməyən insana bu onuru, bu yanğını, bu gerçəyi anlatmaq, əlbəttə, mümkün olmaz. “Türk” dedikdə yalnız Türkiyə türklərindən söhbət getdiyini anlayan adlı-sanlı ziyalıların fikirlərini oxuyanda çox təəssüf edirəm. Bu mənada dilimizin mənşəyi, qədim abidələrimizin dili ilə müasir Azərbaycan dilinin müqayisəli təhlillərini yenidən gündəmə gətirmək, maarifləndirmək məqsədilə gənc nəslə bu günümüzü dünənimizin fonunda öyrətmək lazımdır.  Bu kiçik yazımızda Türk xalqlarının dil tarixindən söz açmaq imkansızdır. Məlumdur ki, Azərbaycan-türk dili Altay-Türk dilləri ailəsinin Oğuz qrupuna aiddir. 140 milyon türk bu qrupa aid dillərdə danışır ki, bunlar Türkiyə türkləri, Azərbaycan türkləri, Qaqauzlar, Türkmənlər, Xorasan türkləri, Əfşarlar, Salarlar, Aynallulardan ibarətdir. Amma qeyd edək ki, “erkən orta əsrlərdən təşəkkül edən Azərbaycan xalqı şumer-türk mənşəlidir, şumer-türk etnik-mədəni sisteminin üzvü tərkib hissəsidir. Tarixi mənbələrin verdiyi məlumatlardan aydın olur ki, Azərbaycan ərazisində türklərin məskunlaşması, Azərbaycanın türkləşmə prosesi eramızdan əvvəlki II-I minilliklərdən çox-çox əvvəllərdən başlamış və sonrakı əsrlərdə daha da güclənmişdir. Bu faktları qonşu gürcülərin “Kartlis sxovreba” (“Gürcü həyatı”) mənbələri də təsdiq edir.(“Azərbaycanşünaslığın əsasları” N. Cəfərov,M.Çobanov, Q.Paşayeva. “AzAtaM”, Bakı-2013)
Bu gün ərəb mənşəli sözlərin ekvivalenti olaraq türk mənşəli sözlər işlətdikdə bizi Türkiyəyə meyillənməkdə, özümüzdən uzaqlaşmaqda ittiham edənlər təkcə ” Kitabi- Dədə Qorqud”u oxusalar bizə qəbahət bilməzlər ki, niyə “mübarək” deyil – “qutlu”,
məşhur” deyil – “ünlü”,
“müxtəlif” deyil – “dürlü”
“şahid” deyil – “tanıq”
“müharibə” deyil – “savaş”
“müvəffəqiyyət” deyil – “uğur”  sözlərinə üstünlük verməyi məqsədəuyğun hesab edirik. Və o məqsəd milli mənşəyimizə sadiqlikdən ibarətdir! VII-VIII əsrlərdə Azərbaycan ədəbi dilinin şifahi qolu, demək olar ki, tam mənası ilə təşəkkül tapmış və ümumxalq xarakteri kəsb etmişdir. Belə olan halda bu gün – XXI əsrdə niyə ÖZ ədəbi dilimizin imkanlarından yararlanmayaq?!
Bu fikir ayrılığı dövlət dilimizin adlandırılmasında da özünü göstərmişdi. Buna görə də düşünürəm ki, dövlət dilimizin “Azərbaycan-türk dili” adlandırılması bütün yanlış yanaşmaları aradan götürə bilər(di).Tarixdən məlumdur ki, Azərbaycan-türk dili bir neçə dəfə rəsmi şəkildə dövlət dili elan olunub. Maraqlı bir faktdır ki, Altay- Türk dilləri arasında ilk dəfə -hələ XV-XVI əsrlərdə Ş.İ.Xətai dövründə, dövlət dili statusunu alan dil də məhz Azərbaycan-türk dili olmuşdur. İslam dininin qəbul edilməsinin ilk əsrlərində “türklər islam dünyasına o qədər böyük mənəvi ehtirasla daxil olur, burada özləri o qədər rahat hiss edirlər ki, müəyyən səviyyədə, hətta, türk olduqlarını “unudub” ümumən bir müsəlman kimi düşünürlər.( Nizami Cəfərov, Türkologiya tarixinə ümumi bir baxış, Bakı, 2000, səh.8) Məhz bu səbəbdəndir ki, XX əsrin əvvəllərinə qədər də Azərbaycan türklərinin xalq olaraq adı “müsəlman” adlandırılmaqla yekunlaşırdı. “Müsəlman ordusu”, “erməni-müsəlman davası” ifadələrini bu faktla izah etmək olar.
Dilimizin inkişaf tarixində ikinci böyük yüksəliş Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı oldu.
1918-ci il 27 iyun tarixli Azərbaycan Xalq Cümhuriyyətinin verdiyi qərarda deyilir: “Dövləti lisani türk dili qəbul edilərək irəlidə bütün məhkəmə, idareyi- daxiliyyə və sair vəzifələrin başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti- müəssisələrdə rus dili istilalına müşahidə edilsin”. 1920- ci il aprelin 28-ə qədər, yəni Rusiyanın Azərbycana 19- cu (!!!) hücumunadək Azərbaycan xalqı artıq dilinin də, özünün də tarixini, keçmişini və gələcəyini müəyyən etmiş oldu. Məhz buna görə də 70 illik rus işğalı bizə yenidən 1990- cı il 20 Yanvarda xalqın qalxıb özünə sahib çıxmasına, 1991-ci ildə öz dilimizdə dövlət himnimizi – Cümhuriyyət yadigarımızı qorxmadan oxumağa mane ola bilmədi. “Bir kərə yüksələn bayraq, bir daha enməmək” üzərə Dövlətimiz suverenliyinə qovuşdu.
Yenidən hər şey bərpa olunmalı, dil, sərhəd, dövlət atributlarımız təsdiqlənməli idi. 1995- ci il noyabrın 12- də keçirilən referendumda qəbul edilən “Konstitusiya”mızın 21- ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Bu adlanma dünya təcrübəsinə – ölkənin, ərazinin adının dilin adına köçürülməsinə əsaslanır. Amma bununla da eyni qohum dillər olan qaqauz türkcəsi, Türkiyə türkcəsi, özbək türkcəsi və digər “ailə üzvlərimiz”in dilləri rəsmi olaraq sanki  xarici dil sərhəddinə uzaqlaşdırıldı. Bu gün də vahid türk dilinə etiraz edən qüvvələr bundan mövqeləri üçün bir əsas əldə etdilər. Amma qloballaşan dünyada yad dillər, mədəniyyətlər belə bir- birinə inteqrasiya edərkən biz türklərin vahid türkcəsinin olması labüd məsələ kimi gündəmdə qalmaqdadır. Və bu məsələ öz həllini tapana qədər də Türkdilli xalqların ziyalıları qüvvələrini birləşdirməli, sistemli şəkildə tezliklə irəliləyiş əldə etməlidirlər. Mənim bir başqırd, qazax, özbək bacımla rus dilində danışmağımın narahatlığını, barışmazlığını yəqin ki, qanında türk genləri daşıyan hər soydaşım hiss edir. Ümid edirəm ki, bu istiqamətdə gedən çalışmalar öz bəhrəsini verib uğurla tamamlancaq.
Toxunmaq istədiyim ikinci məsələ azyaşlı uşaqlara dilimizin zənginliyini çatdıra bilməməyimizdir. Necə olur ki, digər millətlərin azyaşlı uşaqları öz fikirlərini ifadə edəndə aydınlığı ilə bizim hətta  böyüklərimizin nitqindən geri qalmır? Amma bizim – azərbaycanlı uşaqlar əksər hallarda buna çətinlik çəkirlər. Hətta danışdıqları beş sözlük cümlənin üç sözü ədəbi dilimizin lüğət tərkibindən olmayan sözlərdən – digər dillərin sözlərindən ibarət olur. Uzun illər məktəbəhazırlıq sinif şagirdləri ilə də  işlədiyimə görə dediklərim müşahidələrimə əsaslanır. Hətta bəzən qarşımdakı uşağın yenicə Türkiyədən, Rusiyadan gəldiklərini düşünmüşəm. Maraqlandıqda isə o uşağın bakılı, şəkili, cəlilabadlı, kürdəmirli və s. olduğunu öyrənəndə  təəccübləndiyim az olmayıb. Hətta valideynləri də mənim qədər bu məsələdə “nə etmək olar, televiziyalardan öyrənib” deyib durumla barışıblar. Rənglərin adını “bəyaz, siyah”, pəmbə”,”mor” ya da  “palyaço”(təlxək), “kare”(kvadrat), “üçkən”(üçbucaq), “fare”(siçan) və s. kimi sözləri, əlbəttə ki, 4 -5 yaşlı balalarımız azərbaycan-türk dilində olmayan cizgi filmlərinə baxaraq öyrəndikləri məlumdur. Deməli, azyaşlı balalarımızın maraqla izləyə biləcəkləri və dilimizi bu vasitə ilə öyrənə biləcəkləri cizgi filmləri, bədii kitablar  sahəsində boşluqlar, çatışmazlıqlar var. Bu sahəyə diqqət ayrılsa, çox yaxşı olardı.
Dilimizin keşiyində dil qürurumuzu qoruyaraq durmalıyıq. İki azərbaycanlının rusca, Türkiyə türkcəsində, ingilis ləhcəsində danışdığını görən xaricilərin necə təəccübləndiyini görsəniz, nə demək istədiyimi anlarsınız. Türkiyə türkcəsinin dilimizlə ortaq söz çoxluğu  var. Amma o dilin də Avropa dillərindən qəbul etdiyi kəlmələr bizim dildə neologizm təsiri yaradır. Bu prosesi önləmək cəhdi, bəlkə də, mənasızdır. Çünki artıq informasiya axınına nəzarət etmək çox çətin məsələdir. Bu üzdən də qohum və ya qeyri-qohum dillərin söz mübadiləsi prosesi qaçılmazdır. Məhz bu fakt dilimizi daha məsuliyyətlə qorumağımızı gərəkdirir.
Dünyada bəlkə, elə bir millət yoxdur ki, öz ailəsində, əzizləri ilə başqa dildə danışmağı özünə üstünlük hesab etsin. Xoşagəlməz haldır ki, bizim aramızda belə düşüncəyə sahib olanlar var. Övladlarını rus bölməsində oxutdurmaq üçün əldən-ayaqdan gedənlər, xaricə çıxan kimi ailə daxilində belə xarici dildə danışanlar az deyil. Hətta öz dilimizi bilməyən azərbaycanlı uşaqlarımız var! Niyə axı?!
Dilimizi qorumaq milli qeyrətimizi qorumaqdır!  Dilimizin keşiyində təkcə dilçilər, ədiblər, televiziyalar, mətbuat deyil, hər bir Azərbaycan türkü dayanmalıdır! Öz dilimizdə danışa bilməyən xaricilərin dilinə uyuşmaqdan əl çəkməliyik. Öz dilimizdə danışmağı özünə “ar bilən, lovğa, fasonlu ədəbazlar” hər zaman olub və var. Onları yalnız ətrafdakı soydaşlarımızın ictimai qınağı ilə doğru yola yönləndirmək olar. Vətən sevgisi elə dil sevgisindən başlayır! Vətənini inkişafda, Dövlətini güclü, özünü firavan görmək istəyən xalq ilk öncə dilini, milli ideologiyasını, mədəniyyətini mühafizə etməyi bacarmalıdır!