Ev Publisistika Gələcəyə dönüş: Pixel Art və Xalça

Gələcəyə dönüş: Pixel Art və Xalça

505

 

21-ci əsrdə yaşayırıq. Ətrafımız müasir texnalogiyanın hər növ məhsulu ilə çevrələnib. Yəqin ki, “pixel” sözü bir çoxumuza tanışdır. Bəs, “pixel” dedikdə ağlımıza ilk nə gəlir? Məsələn, monitor? Hardasa, ola bilər. Biraz daha düşünsək elektron şəkil də ola bilər. Ya da əgər orta yaşlısınızsa ilk video oyunları da bu siyahıya əlavə edəcəyinizə şübhəm yoxdur. Belə görünür, “pixel” sözü bizə rəqəmsal teknalogoyanın ilk dövrlərini, müasir texnalogiyanın təməl özüllərindən birini və ən əsası hər hansı bir təsviri xatırladır.

Təsvir əsasdır, çünki həm görüntünü bizə çatdıran monitorlar, həm də həmin monitorlarda bizə göstərilən şəkillər və video, video oyunlar kimi müxtəlif sahələrdən görüntülər yeni texnalogiyalar ilə təsviri sənət arasında əlaqələndirici xüsusiyyətə malikdir. Bu gün rəqəmsal sənət insanların təsviri sənət təsəvvürünü tamamiylə başqa mərhələyə daşıyıb. Ənənəvi yanaşmada dərinlik, perspektiv kimi anlayışlar bizi əsərin dörd tərəfli çərçivəsi içərisinə çəkərək illuziya yaradırdısa, hazırda əsərlərin çərçivələrindən çıxaraq real dünyaya inteqrasiyasından, 3D, virtual reallıq kimi tamamiylə fərqli və yeni “dərinlik” anlayışlarından bəhs edirik. Hər nə isə, bu istiqamətdə çox da dərinə getməyək. Bu tamamiylə başqa bir müzakirə mövzusudur.
Mətnin əvvəlindəki suala geri qayıdaq. Monitor, foto, video və.s yaxşı, ancaq nə vaxtsa pixel və xalça sözlərini yan-yana işlətmək xəyalınıza gələrdimi? Bəli, xalça. Gözümüzü açandan ətrafımızda gördüyümüz, əcdadlarımızdan nənə və babalarımıza, onlardan da bizə miras kimi ötürülən xalça. Əgər sənət nöqteyi nəzərdən yanaşsaq, nəticədə biri ən qədim sənət növlərindən olduğu halda digəri – pixel ən yeni axınların özülünü təşkil edir. Onda pixellə xalçanı əlaqələndirən nədir, deyə düşünə bilərsiz. Bu sualın cavabını tapmaq üçün bir əsr əvvələ qayıtmalı və Latviyaya səyahət etməliyik. Orada bizi bir nəfər gözləyir.
İcazənizlə sizi Yulius Madernikslə tanış edim. Latviyalı rəssam, interyer dizayner, pedaqoq və sənətşünas. Həmçinin kitab qrafikası ilə də məşğul olmuş olan Madernieks rəsmin metodik və mütəşəkkil tədrisini təqdim edən ilk latviyalı rəssam idi. Bəli, təxmin etdiyiniz kimi, sualımızın cavabı cənab Maderniksdədir.
Çox şaxəli, zəngin yaradıcılıq fəaliyyəti olan rəssam, eyni zamanda xalça sənəti ilə də yaxından maraqlanırdı. O, əsasən həndəsi ornamentlər yaratmışdır. Maderniksin inkişaf etdirdiyi fərdi üslubu simmetriya və mərkəzililiyi vurğulamağa meyilli idi. Ancaq məni əsas maraqlandıran onun xalçalarındakı “Pixel”lərdir. “Bir dəqiqə! Xalçada pixel?” – dediyinizi sanki eşidirəm. Amma çaşqınlığa əsas yoxdur. Bəzən xaotik görünən qarışıqlığın içərisində də bir sistem ola bilir. Nə demək istədiyimi izah edəcəm.
Bu məqamda oxumağa fasilə verib Yulius Maderniksin xalça kompazisiyalarını sadəcə ötəri nəzərdən keçirməyinizi tövsiyyə edirəm. Tanış gələn nə isə gördünüzmü? Bəli – pixellər. Sadəcə ötəri baxış belə bu bənzərliyin fərqinə varmağınıza kifayətdir. Onun kompazisiyaları yuxarıda da qeyd etdiyim kimi həndəsi ornamentlərdən yaranırdı. Həmin ornamentlər isə pixelləri xatırladan yüzlərlə, minlərlə kiçik kvadratların birləşməsindən meydana gəlirdi. Əlbətdə rəqəmsal pixellərlə xalça üzərindəki kiçik kvadratları birbaşa əlaqələndirmək düzgün deyil. Ancaq söhbət təsviri sənətdən gedirsə, aradakı bənzərlik heyrətamizdir. Ən azı şəxsi təcrübəmdən deyə bilərəm ki, ilk dəfə Maderniksin xalça eskizlərini gördükdə sözü gedən bənzərlik məni həyəcanlandırmışdı. Həyəcanlandırmışdı çünki, pixellərə bənzəyən bu kiçik kvadratlar mənə müasir sənət axınlarından birini xatırlatmışdı – Pixel Art.
Pixel Art əsasən məhdud sayda rəngə sahib pixellərin biraraya gətirdiyi elektron təsvirlərdən yaradılır. İlk dəfə 1937-ci ildə New Yorkda reklamlar üçün bəsid monoxromatik matris ekranlarda görülsə də Pixel Art olaraq özülü 1972-1982-ci illər aralığında inşa edilmişdir. Əsasən video oyunlarla həyatımıza girmişdir. Yəqin ki, bir çoxumuz uşaqlığımızdakı bəsid qrafikalı video oyunları xatırlayırıq. Pixel Art həmin zaman üçün texnalogiyanın məhdudlaşdırıcı imkanları çərçivəsində ortaya çıxmışdı. Müasir zamanda isə demək olar sərhədsiz olan rəqəmsal dünyada “Art” kateqoriyası altında özünə yer tapır. Xüsusiylə 2010-cu ildən bu günə Pixel Arta maraq sürətlə atmaqdadır. Artıq rəqəmsal pixellərə texnalojik imkandan çox təsviri sənət anlayışı içərisində estetik qayğılarla yanaşılır. Video oyunlardan, musiqi kliplərinə, qısa və tam metrajlı filmlərdən, nəşr və qrafik sənətlərə qədər bir çox sahəni əhatə etmiş haldadır.
Maderniksin xalça kompazisiyası ilə hər hansı müasir Pixel Art təsviri yan-yana qoysaq, aradakı bənzərlik şübhəsizdir. Ancaq… Diqqətlə baxın, burada başqa nə isə də var. Görünənin ardında, materiyadan azad edilmiş şüur sanki bizə pıçıldayır. O, bizə iki sənət növü arasındakı daha bir bənzərlikdən – Mənəvi-Psixolojik yanaşma bənzərliyindən bəhs edir.
Xalçanın yaranması məişət ehtiyaclarına əsaslanmışdı. Zaman içərisində əsrlər boyu xalça və xalça məmulatlarına yanaşma inkişaf etməyə və dəyişməyə başladı. İnsan mənəvi varlıqdı. Ona görə gözəlliyə mənəvi olaraq təbii ehtiyac duyur. Xalçalar da bu ehtiyacın təzahürü olaraq naxış və ornamentlərlə bəzədildi, onlarla mənəvi bağlılıq yaradıldı. Xalçalar üzərində sadəcə gəzib, əyləşilmədi, onun üzərində folklor inşa edildi, sənət əsərinə sevrildi. Ancaq daha dəqiq desək, xalça nə zaman sənət əsəri oldu bilirsiz? Ona məişətdə ehtiyacımız qalmadığı zaman. Bəli, bir çox sənət sahəsində olduğu kimi, o da yoluna ehtiyacdan yaranan əşya olaraq başlayıb, günümüzə sənət əsəri kateqoriyası altında gəlib çatdı.
İnsan psixologiyası həqiqətən çox maraqlıdır. Məişətdə gündəlik ehtiyaclarını qarşılamaq üçün işlətdiyi sadə alətə – məsələn qaşığa da naxış, bəzək vurma, ona müdaxilə edib öz estetik tövqünə tabe etmə ehtiyacı duyur. Yuxarıda da qeyd etdiyim kimi bunun hamısı insanın mənəvi varlıq olmasından qaynaqlanır. Daha sonra isə həmin əşyaya artıq ehtiyac duymadıqda, əgər mənəvi bağlılığı yüksəkdirsə sanki onu atmağa qıymır. Nəticədə on illiklər, yüz illiklər içərisində zənaət (əl əməyi) sənətə sevrilir.
Məncə artıq çox gənc olan Pixel Art`la qədim xalça sənəti arasındakı bir digər bənzərliyi hiss etdiniz. Pixel Art da ehtiyacdan məhdud imkanlar çərçivəsində meydana gəlmiş, bu gün isə yeni rəqəmsal sənət axınlarının nümayəndəsinə çevrilmişdir. Bununla yanaşı həm xalçada həm də Pixel Art`da doğmalıq hissi var. Əlbətdə müqayisədə bir-birlərindən bu mənada bir qədər fərqlənirlər. Nəticədə qədim olan xalça sənətində doğmalıq hissi mədəni irslə bizə ötürülürsə, gənc Pixel Art`da hiss etdiyimiz daha çox nostalgiya və ya retro duyğulardı.
Yulius Maderniksin xalça kompazisiyaları timsalında xalça sənəti ilə Pixel Art arasındakı bənzərlikləri həm vizual, həm də mənəvi cəhətdən ələ aldıqdan sonra son olaraq fəlsəsi müstəvidə kəsişmələrinə nəzər yetirməyi təklif edirəm. Bu məqamda insan psixologiyasına, ağlına olan heyranlığımı yenidən gizlədə bilməyəcəyəm. Çünki, yaşadığı dünyanı müşahidə edən insan ətrafında gördüyü hər şeydə, görünənin ötəsində vahid bir əlaqənin olduğunu düşünürdü. Bütün bu fərqliliklərin, üzərinə inşa edildiyi vahid bir müstəvi olmalı idi. Yunan filosofu Demokritin bu barədə bir fikri var idi – “Atomçuluq” nəzəriyyəsi. Demokrit müasir elmin atası sayılsa da təbii ki, onun nəzəriyyəsindəki atom bu günün elmindəki atomdan bir qədər fərqli idi. Söhbət mərkəzində nüvəsi və onun ətrafında fırlanan elektron buludu olan atomdan yox, “Hər şeyin xam maddəsi” anlayışından gedir. Bu bir anlayış, düşüncə tərzidir. Bir növ “Öz” anlayışıdır, “Hər şey nə isə başqa bir “şey”dən yaranır” düşüncəsidir. Həmin “şey” isə görünən dünyanın müxtəlif mərhələlərdə təbrikini təşkil edənlərdir. Nədir bunlar? Məsələn Yulius Maderniksin bütöv bir xalça kompazisiyasını meydana gətirən “kiçik rəngli kvadratlar”, ya da Pixel Artı bizim üçün görünən edən “kiçik rəngli rəqəmsal kvadratlar”.
Bəli, istər dairə olsun, istər kvadrat, istər bütün canlıların özül daşlarından hüceyrə, ya da ən təməl zərrəciklərdən biri olan atom, vahid müstəvi, əsas, təməl bir fikir var – Təbiət. Onu sadəcə bir okean kimi düşünsək insanın bir sahildən içinə daxil etdiyi xalça sənəti əsrlər boyu uzaqlıqda olan başqa sahildən Pixel Art formasına çıxa bilir. Əgər bir gün geriyə üzüb keçmişə səyahət etmək eşqinə düşsəniz, tövsiyyəm çox diqqətli olmağınızdır. Çünki həmin okeanın ortasına çatdıqda, siz keçmişə üzdüyünü zənn edərkən Pixel Artla, yəni gələcəklə rastlaşa bilərsiniz. “Back to the Future”a (“Gələcəyə qayıdış” filminin orijinal adı) xoş gəldiniz.

Cavid Həsənli
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Təsviri Sənət Tarixi və Nəzəriyyəsi
Magistr. I kurs.