Türk dünyasının gələcəyi keçmişin qaranlıq siyasi modellərinə qayıdışdan uzaq duraraq, öz tarixi yaddaşından güc alaraq yeni çağın öncüllərindən birinə çevrilməkdədir.
Bizim istədiyimiz də elə budur; ilk növbədə Azərbaycan–Türkiyə qardaşlığına yaraşan da budur.
Qardaşlıq xurafatın, məzhəbçi siyasətin, ideoloji itaətin üzərində yüksələ bilərmi? Həmin yüksəlişin təməlində dövlət ağlının, ortaq mədəniyyətin, azad düşüncənin mövcudluğu şərtdir.
Çün bir millətin iki dövləti varsa, onların hər ikisinin də azad, suveren, dünyəvi və güclü olması ortaq milli-mənəvi çıxarımızdır.
Biz Bakı, Gəncə, Naxçıvan, Bərdə və Lənkəranın… Tehran, Qum, Yəzd, İsfahan, Məşhəd olmasını istəmədiyimiz kimi, qardaş ölkənin də, Ankara, İstanbul, Bursa, İzmir, Kayseri və bütün digər şəhərlərinin məhz öz türk (yaxud türk-islam) kimliyində, tanımında və tamlığında qalmasını istəyirik; Türkiyənin öz Cümhuriyyət yaddaşına, öz dövlətçilik ləyaqətinə, öz maarifçi gələcəyinə yiyə çıxan görmək bizə gələcəkdə də bəxtiyar edəcəkdir!
Əkbər QOŞALI









