Ev Publisistika Əkbər Qoşalı – ATA YAŞI…

Əkbər Qoşalı – ATA YAŞI…

91

Bu gün atamın vəfatından on il keçir.
Deyirlər, insan uzun ömür sürəndə ölüm bir qədər “təbii” görünür. Mən belə düşünməmişəm. Ata neçə yaşında dünyadan köçürsə-köçsün, onun yoxluğunu qəbul etmək çətindir. Ata doxsanında da atadır; övlad əlli yaşını keçəndə də onun yanında yenə övladdır…

Atam – Usta Mehdi Əsgəroğlu (Yolçuyev; 1927-02.10.2016) – doxsan ilə yaxın fiziki ömür sürdü. O ömrün hər çağında ləyaqətini, comərdliyini qorudu; əlindən gələn yaxşılığı çevrəsindən əsirgəmədi.

Bizim tərəflərdə atam haqqında belə bir söz dolaşardı: “Usta Mehdi ağacdan adam düzəldər, bircə nəfəs verə bilməz.” – Bu, bir ustanın peşəkarlığına verilən dəyər olmaqla yanaşı, onun sənətinin, xarakterinin, bəlkə elə ömür yolunun da metaforası idi.
Atam ağacla işləyirdi, amma əslində təbiətlə baş-başa qalır, sanki təbiətdən cəmiyyətə ruhi-mənəvi xarakter ötürücülüyü ilə məşğul olurdu.

Mən “usta” sözünün dərin anlamını ilk dəfə sözlükdən, kitab-dəftərdən öyrənməmişəm; onu atamdan öyrənmiş, daha doğrusu, görmüşəm. Usta əli qızıl olan, yüz ölçüb-bir biçən, əlindən yaxşı iş gələn insan olmağın ötəsində, öz işinə sayğı duyan, sözünə yiyə çıxan, evinə girdiyi insanın güvənini qoruyan, müştərinin haqqını öz haqqı qədər qutsal bilən xas sənətkarmış. Peşədən qabaq əxlaqmış ustalıq!

Sonralar Bakıda müstəqil həyata başlayanda özünü “usta” kimi tanıdan müxtəlif adamlarla rastlaşdım, çəkdiklərimi çəkdim. Bəzən onların davranışına təəccüblənirdim. “Usta”lar öz ağıllarınca məni sadəlövh sanırdılar bəlkə. Sadə ola bilərdim, amma qətiyyən sadəlövh deyildim. Mən əsl ustanın necə olduğunu görmüşdüm. – Mənim ölçüm-ülgüm, yaraşdırmam Usta Mehdi ustalığıydı.
Ona görə də özünə “usta” deyən hər adamdan atamda gördüyüm dürüstlüyü, dəqiqliyi, söz bütövlüyünü, ləyaqətli insan məsuliyyətini umurdum. “Amma, ancaq və lakin” sənət yiyəsi olmaq, usta olmaq başqa şeydir, usta kimi görünmək, əlac dərdindən “ustayam” demək tamam başqa…

Müstəqil həyata başladığım günlərdən bir səhnə isə yaddaşımdan heç vaxt silinmir.
Yenicə evlənmişdim. Kənddən ayrılıb şəhərə gəlirdik. Atam məni yola salanda əlimi çox möhkəm sıxdı – mən bu əl sıxmağın öncəkilərdən daha qüvvətli olduğunu duyurdum və bir qədər də uzun sürdü… Hiss etdim ki, ilk dəfə deyəcəyi hansısa sözün hazırlıq məqamıdır bu… Sanki əl bağlantısının sağlam olmasına əmin olduqdan sonra öz ruhi-mənəvi enerjisini ötürdü:
– Oğul, ürəyim istəyənləri verə bilməsəm də, Ürəyimi sənə verirəm!

Bu, birinci ildırım çaxışı oldu.
Sonra ikinci sözünü dedi:

– Bunu da biləsən: mən sənə, qardaş-bacılarına heç vaxt haram tikə yedirtməmişəm.

Gördüm bulud kimi dolub və bəlkə daha da nələrsə demək istərdi, demədi. Mən də nəsə deyə bilmədim…

Və biz yola düşdük… – Özü də bilirdi, bir növ qeyri-müəyyənliklər içindəydim, həyatımın müstəqilliyini necə quracağım haqqında tam modelləşməm, həncəri deyərlər, səhih plan-proqramım yoxuydu… Epos tipli insan davranışı içindəydim… İl: 1995, yaş hələ 23 olmayıb, universiteti yenicə bitirmiş, heç diplomu da götürməmişəm; üstəlik, bizim orta məktəb və ali məktəbin ilk ili boyunca dərslik, təlim-tərbiyə proqramları ilə yetişdiyimiz sosializm sistemi çökmüş, müstəqilliyin zövqü-səfasını görməmişsə işğal günləri, ölüm-itimlər sıralanmış da sıralanmışdı… Dövlət müstəqilliyinin 4-cü ilində mən öz müstəqil ailə həyatımın ilk günlərini yaşayırdım… Suallar çox, cavablar yetərli deyildi… Bütün bunlar ovqata, gün-güzərana, ömrə çökməzdimi?..

İndi həmin gündən uzun illər keçib. Mən artıq 53 yaş içindəyəm, övladlarım, nəvəm var; ancaq atamın o gün əlimi sıxarkən mənə ötürdüyü gücü hələ də duyuram, duyuram.

“Ürəyimi sənə verirəm…”

Bəzən düşünürəm: ata ürəyi doğrudanmı övladı qoruyur?
Bunun elmi izahını verə, mistikasını da tam anlada bilmirəm; ancaq mən bunu yaşamışam. Həyatımın müxtəlif dönəmlərində sanki görünməyən bir əl, daha doğrusu, ürək – görünür, ata ürəyi məni qoruyub. Bəlkə də ata torpağa tapşırılarkən onun ürəyinin döyüntüsünün bir hissəsi övladın ürəyinə köçür…

Atamın ikinci vəsiyyəti – halallıq isə illər sonra mənə başqa bir şəkildə qayıtdı.
Bir gün böyük oğlumun ilk iş yerində mübahisəli hadisə baş vermişdi. Ortalıqdan müəyyən məbləğdə pul itmişdi. Rəhbərlik kollektivdə hər kəslə danışır, izahat alırdı.
Növbə oğluma çatanda o, uzun-uzadı danışmamış, bircə cümlə demişdi:
– Atamız bizə haram tikə yedirtməyib, bu iş mənlik deyil.
Vəssalam!
Əlavə izaha ehtiyac qalmamışdı.

Bu olayı eşidəndə mən bir anlıq illər öncəyə – dağlar döşündən dəniz qıyısına, kənddən paytaxta yola düşdüyüm günə qayıtdım.
Atamın səsini eşitdim:
“Mən sizə haram tikə yedirtməmişəm…”
Onda anladım ki, mənə verilən söz artıq məndən də keçib. – Atadan oğula, oğuldan nəvəyə…
Demək, nəsil yalnız qanla davam etmir. Nəsil əxlaqla davam edir.

İnsan öz övladına ev, torpaq, pul, mal-mülk qoya bilər. Bunların hamısı (uzaq olsun) bir gün azala, itə, əldən çıxa bilər; amma bir ata övladına “sənin boğazından haram tikə keçirməmişəm” deyə bilirsə, bundan böyük miras varmı?..

Bəli, atam mənə ən azı iki böyük sərvət qoydu: ürək(lilik) və halallıq!

Ürək – yaşamaq üçün.
Halallıq – necə yaşamaq üçün.

Bu gün onun vəfatının onuncu ildönümüdür.
On il öncə Azərbaycan 2016-cı ilin yazında baş vermiş 4 günlük döyüşün – Aprel döyüşlərinin yaratdığı mənəvi yüksəlişi yaşayırdı. Atam o ilin payızında dünyadan köçdü.

“Kaş bugünkü Azərbaycanı görəydi…
Kaş işğala son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini görəydi…” – Vaxtilə bu sözləri atamın əmisi oğlu Məhəmməd İsmayıloğlu tez-tez deyərdi.
Bu “kaş”ın bizim ailədə bir də çox uzaqlardan gələn, qərinələrdi yol gələn ağrılı tarixçəsi vardı…
Atam hələ 11 yaşında ikən qardaşı Fətəli – anadangəlmə pəhləvan sayılan, güclü-qüvvətli 28 yaşlı sayğın gənc – erməni şərinə düşmüş, tutulmuşdu. Sonra İkinci Dünya savaşı… və 1942-ci ildə tutuqlu olduğu həbsxanadan öz istəyiylə öncəbhəyə göndərilən Fətəli əmim bir daha doğma ocağa dönməmişdi.
Amma qəribəsi – və məncə, çox mənalısı – budur ki, ailəmiz onu heç vaxt “ölmüş” bilmədi. Atam da, mamalarım (atamın bacıları) da ömürlərinin sonunadək and içəndə “Fətəlinin qəbri haqqı”, “Fətəlinin goru haqqı” deməzdilər.
– Fətəlinin itkin canı haqqı!.. – Sözləri buydu…
Bunun adi bir ifadə olmadığı bəllidir. Bir ailənin onillər boyunca sönməyən ümidi idi “İtkin can”. – Yəni haradasa olan, bəlkə bir gün qapını açıb içəri girəcək can… Gözləyə-gözləyə qocaldılar. Əmim gəlmədi. Amma qardaş-bacıları, doğmaları onun yolunu gözləməkdən əl çəkmədilər, göz çəkmədilər.
Belə bir ailənin mənsubları üçün erməni işğalı yalnız xəritədə rəngi dəyişmiş torpaq, yalnız siyasi-tarixi hadisə ola bilərdimi?..
Atamın yaddaşında erməni şəri 11 yaşlı bir uşağın qardaş həsrəti ilə başlamışdı. Sonra ömür keçmiş, zaman dəyişmiş, imperiya dağılmış, yeni dövlətlər qurulmuşdu; amma ömrünün ahıl çağında yenə erməninin Azərbaycan torpaqlarında at oynatdığını, meydan suladığını görmək ağır idi.
Atam Zəfəri hamı kimi istəyirdi, amma yalnız hamı kimi yox…
O Zəfərdə onun uşaqlığından qalmış qardaş yarasının da haqqı vardı.
Bəlkə də 11 yaşından içində gəzdirdiyi bir sualın cavabı vardı…
Bəlkə də “Fətəlinin itkin canı” deyə-deyə dünyadan köçən bacı-qardaşların ruhuna veriləcək bir müjdə vardı…

Atam 2016-cı ilin Aprel döyüşlərini gördü. Azərbaycan əsgərinin illərin sükutunu necə yardığını, torpağın bir qismini necə geri aldığını gördü. Böyük Zəfəri görmədi…

Məhəmməd əmim isə 44 günlük Vətən müharibəsinin Zəfərini də gördü, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyini bütün ərazisində bərpa etməsi ilə nəticələnən antiterror tədbirlərinin sonuclarını da.
Məhəmməd əminin Zəfərlə bağlı duyğularına isə bir özgə riqqət də qarışırdı. O, müəllim, maarifçi, ağsaqqal olmaqla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin əfsanəvi zabitlərindən birinin atası olaraq da bu savaşın nə demək olduğunu bütün varlığı ilə yaşamışdı. Oğlu – artilleriyaçılar arasında məhz “Usta” adı ilə tanınan qəhrəman albay Yolçu Yolçuyev – Vətən qarşısında xüsusi xidmətləri olan qazilərimizdəndir.

Taleyin necə qəribə söz uyğunluğu varmış: bir yanda el-obanın Usta deyə çağırdığı baba, o biri yanda yeni nəsil Azərbaycan artilleriyaçılarının “Usta”sı…
Biri ağaca biçim verir, qurur-yaradırdı; o biri Vətənin dar günündə topun dilini danışdırır, torpağın keşiyində dayanırdı. Birində “usta” adı halal zəhmətin, sənət və əxlaqın etirafıydı, o birində peşəkarlığın, hərbi məharətin, Vətənə xidmətin…

Bəlkə elə buna görə atamla Məhəmməd əmimin Qarabağ dərdi, müharibəyə baxışı ölkənin dərdinə şərik çıxmaqla birgə fərdi məzmun da daşıyırdı. Birinin yaddaşında 11 yaşından bəri qardaşı Fətəlinin “itkin canı” yaşayırdı; o birinin ürəyi isə döyüş yollarından keçmiş zabit oğlunun hər addımı, hər atəşi, hər qayıdışı ilə döyünmüşdü.

Biri qardaşını gözləyə-gözləyə qocalmışdı.
Biri oğlunu döyüşlərdən gözləyə-gözləyə…
Bu iki gözləntinin arasında isə bir Vətənin taleyi vardı.

Məhəmməd əmimlə atam bir-birinə sirr verib-sirr alan, bir-birinə arxa-dayaq duran iki doğma insan idi. Biz atamın əmisi oğluna əmi demiş, əmi bilmişik və o da bizə əmi kimi əmi olub.
Məhəmməd əmim 2023-cü ilin məhz bu gününədək yaşadı, Azərbaycanın parlaq zəfərli günlərinin tanığı oldu.
Bu gün onun da anım günüdür.
İşə baxın: 7 il fərqlə eyni gündə, eyni yaşda bu dünyaya əlvida dedilər…

Biri əli, ürəyi və ruhi gücüylə ağaca şəkil verir, qurub-yaradır, insanların könlünü şad edir, zövqlərini oxşayırdı; biri elm-təhsil, təlim-tərbiyə ilə insan yetişdirirdi.
İkisinin də işi, əslində, yaratmaq-qurmaq, yaşatmaq idi.

On il…
Müddət olaraq təqvim üçün böyük də, kiçik də sanıla bilər; ata itkisi üçünsə vaxtın başqa ölçüsü var.
Atalar dünyadan gedəndə… sadəcə görünən tərəfdən görünməyən tərəfə keçirlər…

Atamın əlləri artıq ağac yonmur, rəndələmir; amma onun yonduğu mənəvi ölçülər bizim xarakterimizdə yaşayır.

Səsi eşidilmir; ancaq bir seçim qarşısında qalanda içimizdə onu səsləyirik.

Əli əlimizi sıxmır; lakin verdiyi ürəyin hərarəti hələ də bizimlədir.

Və mən bu gün – onun vəfatının onuncu ilində – bir həqiqəti daha dərindən anlayıram: atanın fiziki ömrü bitincə, övladının vicdanında yaşamağa başlayır…

Mənə verdiyin Qocaman Yanar Ürəyi qorumağa çalışıram, Ata!
Halallığının şərəfli məsuliyyətini də…

Səndən bizə keçən o halallığın nəvələrinə də keçdiyini görmək isə bəlkə övlad olaraq mənə verilmiş ən böyük təsəllidir.
Sənin də, səninlə eyni gündə haqqa yürümüş sən ürəkli Məhəmməd əmimin, haqq dünyasındakı bütün doğmaların ruhu şad olsun!

Nə vaxtdır yuxuma gəlmirsən…