Ev Bədii Boynu bükük olubdu o yerlər bizdən ayrı – Şeirlər

Boynu bükük olubdu o yerlər bizdən ayrı – Şeirlər

1474

                                Şəhla VAHİD

Özgə qisməti

Artıq toplamışam xatirələri,
Əlvida yapışıb dodaqlarıma.
Qoy yığım qırılmış ümidlərimi,
Gedəndə batmasın ayaqlarına.

Yenə açılmadı boğça arzular,
Yenə qat kəsəcək düyün yerindən.
Sel basmış zəmiyə döndü gümanım,
Nəyi göyərdəcəm, nəyin yerindən.

Hardan xışmaladım özgə qismətin,
Hardan ürəyimə sıxıb sevindim.
Ağrıdım saçımdan dırnağımadək,
Nə vaxt taleyimə baxıb sevindim.

İlahi, az yellə beşik ömrümü,
Onsuzda susmuşam, kirimişəmki.
Elə sürünmüşəm üzü aşağı,
Nə vaxt qaldırmısan, yerimişəmki?

 

***

Bu həyət kimin idi, yol itib, cığır itib,
Sönmüş ocaqlar üstdə şeytan ağacı bitib.
O bəxtəvər günlərin üstündən illər ötüb,
Yurd həminki yurd yeri, kənd həminki kənd deyil..

Ağaclar kəsilibdi, meyvəsi dərilməmiş,
Yarpağı xəzəl olub, torpağa sərilməmiş.
Pöhrələr budanıbdı çiçəyi görünməmiş,
Yurd həminki yurd yeri, kənd həminki kənd deyil.

Tutulmamış neçə yas, çalınmamış toy qalıb,
Bağlanmamış xonçalar, alınmamış pay qalıb.
Ot basmış qapılarda arzular boy-boy qalıb,
Yurd həminki yurd yeri, kənd həminki kənd deyil..

Dərin səngərlər qırıb dərələrin belin,
Güllələr yaralayıb açılmamış gülünü,
Mərmilər sovurubdu göy üzünə külünü,
Yurd həminki yurd yeri, kənd həminki kənd deyil..

Barıt qoxusu hopub çörək ətrinin üstə,
Mərmilər kök atıbdı kol dibində üst-üstə.
Hayına kim çıxacaq “qonşu” deyib ha səslə,
Yurd həminki yurd yeri, kənd həminki kənd deyil..

Boynu bükük olubdu o yerlər bizdən ayrı,
Bulaqlar kövrəlibdi gəlindən-qızdan ayrı.
Biz də xoş gün görmədik, illərdi sizdən ayrı,
Yurd həminki yurd yeri, kənd həminki kənd deyil.

Gəl qaldıraq qibləsin itirmiş baş daşların,
Bağlayaq bu evlərin açıq qalmış başların.
Təzələyək yurd yerin, el-oba yaddaşların,
Yurd həminki yurd yeri, kənd həminki kənd deyil..

 

***

Mən sənə qədər sağdım,
Qaralanmamış ağdım.
Yağdım,gözündən yağdım,
Selləndim küçənizdə.

O qar,o külək mənəm,
O qopan çiçək mənəm,
Tökülən ləçək mənəm,
Yelləndim küçənizdə.

Ömrümün bu ilində,
Aç bax,nə var əlimdə?
Hər vağzalı dinəndə,
Dilləndim küçənizdə.

Olmadım

Xəzəl düşdü bağlara,
Qara düşdü ağlara.
Güvəndiyin dağlara,
Yağmadım,qar olmadım.

Bu yollara bağırdım,
Yar deyib,yar çağırdım.
Bu sevgidən ağrıdım,
Qəlbində var olmadım.

Gül dedin gülmədimmi,
Sev dedin sevmədimmi,
Çağırdın gəlmədimmi?-
Səsinə kar olmadım.
Qəlbində var olmadım.

Ölür qurtarır

Vaxt getdi bu boyda vaxtın altında,
Baxdım,gümanların yoxdun altında.
Şeytan barmağı var bəxtin altında,
Yalandan,hərdən bir,gülür qurtarır.

Dinmək istəyirəm,dilim açılmır,
Uzanan yad ələ əlim açılmır.
Hara yüyürürəm yolum açılmır,
Hər şey,sənə qədər gəlir,qurtarır.

Baxma xoş görünür,gendən yaxşıdı,
Dərd yaxşı olmasın,səndən yaxşıdı.
Yalançı ümid də məndən yaxşıdı,
Uzağı-uzağı ölür,qurtarır.