Ev Bədii Tural İbrahim – “Payız”

Tural İbrahim – “Payız”

20

Yay kainatın zahiri nümayişi, varlığın özünü sübutetmə iddiasıdır. O, gənclik kimi gurultulu, parlaq və illüziyalarla zəngindir. Lakin hər nümayiş kimi, yayın da səhnə ömrü bitməyə məhkumdur. Pərdə enəndə, dumanlı bir payız səhəri torpağın üstünə çökəndə varlıq bəzək-düzəyindən soyunur. Payız kainatın bəşəriyyətə pıçıldadığı bir həqiqətdir: Maddə azaldıqca, mahiyyət çoxalır.
İnsan oğlu toplamaq xəstəliyinə mübtəladır. Biz həyatı sahib olmaq, yığmaq və tutub saxlamaq sanırıq. Əşyaları, statusları, insanları, hətta ömrünü bitirmiş xəyalları belə əlimizdə saxlamğa çalışırıq. Amma təbiət payızda tamamilə əks bir ilahi qanunu bəyan edir: Buraxmaq xilas olmaqdır. Ağac saralan yarpağını saxlamır, çünki bilir ki, vaxtında buraxılmayan hər şey gələcəyi zəhərləyən yükə çevrilir. Ağac yarpağını tərk etdikcə kökünə yaxınlaşır. Biz isə gedənlərin, bitənlərin və saralanların arxasınca yas tutarkən, əslində öz kökümüzü unuduruq.
Yağış tələsmədən, ağır bir ritmlə pəncərələrə və qurumuş torpağa vurur. Bu, sadəcə təbiət hadisəsi deyil! Bu, zamanın vicdanımıza vurduğu fiziki zərbələrdir. Hər bir damla insanın zahiri səs-küyünü susdurub, daxili sükutunu oyadır. İnsan müasir dünyanın süni işıqları və bitməyən qaçhaqovunda öz ilkin səsini itirib. Amma payızın soyuq havasını ciyərlərinə çəkəndə illüziyalar dağılır. Torpaq ayağının altında pıçıldayır: “Özünə geyindirdiyin bütün bu saxta rolları, qorxuları və titulları soyunsan, geridə kim qalacaq?”
Torpaq çürüməkdən qorxmur. O bilir ki, tənəzzül yoxluq deyil, yeni bir doğuluşun ilkin şərtidir. Yarpaq torpağa düşür, çürüyür və gələcək baharın gübrəsinə çevrilir. Əsl faciə saralıb tökülmək deyil, əsl faciə çürüməli olanı budaqda tutub saxlamaq cəhdidir. İnsan öz ruhunu keçmişin cəsədləri ilə doldurduğu üçün yenilənə bilmir. Biz tərk etməyi məğlubiyyət sanırıq, halbuki tərk etmək varlığın ən ali azadlıq formasıdır.
Payız ilahi bir hesablaşmadır. O, sənə nə qazandığını deyil, nəyi vaxtında buraxa bildiyini sorğulayır. O, hər birimizə amansız bir sual verir: “İçindəki hansı ölü xəyalları, hansı bitmiş mərhələləri soyunmağa hazırsan?”
Sükut ən uca qışqırıqdır. Saralmaq, solmaq deyil, mahiyyətin rəngini almaqdır. Yenidən doğulmaq istəyən hər bir ruh, əvvəlcə payızın o müqəddəs həqiqətini qəbul etməlidir: Əlinizdəki hər şeyi buraxmadan, gerçəkdən sizə aid olana toxuna bilməzsiniz.

Bir qış səhəri bir qarçiçəyinin eşqi ilə doğacaq günəş. Həmin günəşlə görüşmək ümidi ilə…