naxələf söz gəzdirmədik.
Saqqalımı soruşursan –
nə yorğanın üzərinə,
nə altına qoyuram.
Mən onu qoymuşam illərin üstə…
“Uzun, incə bir yol”dursa yolumuz,
saqqal özü yaddaş kimi hey uzanar, uzanar…
Sonra, sonra nə söylədi
bizim dərviş? – Dedi dərviş:
“Atı tərsinə nallayan hara getsə,
izi başqa səmtə çəkər…
Dünya elə adamlarla doludur:
özləri bir yana gedər,
kölgələri başqa yana…
Amma kim aldadar yolu?
Yol ayağı tanıyar…
Daha sonra nə söylədi,
bə neylədi bizim dərviş?
Sağ əlini elə tutdu – dedim,
yəqin yazı yazır havalara.
Ya da bəlkə havalıydı –
havası da çatmırdı… –
“Qəlb oğrusu” sualından
alınmışdı, sanıram:
“Qəlb oğrusu… Qəlb oğrusu… –
Əgər könül sındırıbsa, əgər qapı qırıbsa –
oğrudur ki, oğrudur.
Ürək özü açılıbsa, biləsən –
ona oğru deməzlər.
Ürəkdə elə qapı var,
çöldən açar tutmayır,
kilidi iç üzdədi.”
Dərviş sonra yavaş-yavaş
keçdi təzə söhbətə:
Gül suyunu soruşurdun…
Gül də haqdı öz yerində,
su da haqdır, su da haqq.
Qarışınca bir-birinə
ikisindən bir ad doğur,
qeyb olur qeyb olasılar,
qalır orda qalasılar.
Gül öz qoxusunu verib,
su – təmiz yaddaşını.
Birisi özündən keçib,
o birisi özgə qatıb özünə.
Ah, bütün özgələr belə olsaydı!..
Güldən, sudan,
gül suyundan ötüb keçək
uzaqdakı yaxınlara, – dedi dərviş.
Dərviş dedi:
Adamlar var,
ömür boyu yaxındadır – uzaqdır.
Adam da var,
aralıqda bir dəniz var, bir böyük çöl,
amma, ancaq hər addımda
nəfəsini duyursan…
Sonra susdu, dərin susdu,
elə bil ki dənizi də, çöllüyü də keçib geri dönmüşdü, dərviş əgər dərvişdisə, gördüyünü görmüşdü…
Dərviş elə susa bilir, dərviş elə danışır –
Deyərsən ki, iki dodaq
aralanan iki dünya kimidi…
İki dünya arasından gəldi yenə sözləri:
– Mənim cavabımın ardınca getmə.
Özünə ver sualını;
Düz cavabı axtaranlar
bir gün, əlbət, dayanar.
Düz sualı axtaransa
ömrü boyu yol gedər…
Yollar gərək qutlu olsun!..
https://edebiyyatqazeti.az/news/poeziya/14914-yollar-gerek-qutlu-olsun








