Ev Bədii Vətənbərbər – Yeqzar Cəfərlinin hekayəsi

Vətənbərbər – Yeqzar Cəfərlinin hekayəsi

228

Yol boyu gözümü magistralda təhlükəli manevrlər edən mavi Priusdan ayıra bilmirəm. Bizim manatlığın sağ olmuş sürücüsü də “Can gedirik almağa” mahnısına o qədər xod verib ki, az qalır qulağımız deşilə. Bir anlıq düşündüm ki, müharibə yenidən alovlanıb, gedirik Qarabağa can almağa. “Səsini ala bilərsiz?” ˗ deyə etiraz etmək istədimsə də, gördüm ki, yox, əhvalım o deyil. Sonuncu dəfə məhərrəmlikdə bir sürücüdən mərsiyənin səsini azaltmağı xahiş eləmişdim, acizanə şəkildə. Axşam işdən qayıtmaq bir yana dursun, bu bank kreditləri də tərslikdən yorğun vaxtı adamın yadına düşür. Həm gün sərnişinlər üstümə necə çımxırmışdılarsa, yorğunluğum belə yadımdan çıxmışdı.

Prius sürətlə şütüdükcə maşının üzərində dalğalanan Azərbaycan bayrağı sanki ordan qopub sonsuz səmaya qovuşmaq istəyirdi. Qəsəbənin mərkəzinə çatar-çatmaz, sürücümüz sümürdüyü siqaretin sonuna çatdığını yəqin edib, kötüyünü pəncərədən küçəyə tullayır. Bu arada səngiyən votsap bildirişləri beynimi xeyli dincəldir. Bayaqdan “ürəyim”, “nəfəsim”, “dovşanım” – dediyi qızların ünvanına bəzilərini yenicə eşitdiyim söyüşlər “ərmağan” edir, qışqıraraq. Svetaforun qırmızı işığında bir neçə saniyəlik fasilədə qardaş necə fikrə gedirsə, bayaqkı mahnının da səsini kökündən kəsir.

Saçımı çoxdandır ki, hərbidəki kimi kəsdirirəm, necə deyərlər, adəti tərk eləmək xəstəlikdir. Maşından düşüb bir az getmişdim ki, Barbershop Mister Adil adlı salonun üzərindəki bayrağı görcək təəccübləndim. Əvvəlki bayraq o qədər solmuşdu ki, bir neçə dəqiqə diqqətlə baxmadan bilmək olmurdu, bu, Azərbaycan bayrağıdır, yoxsa yox!

˗ Can ay məllim, yenə gəldin? Qardaşcanı, sənin də başında tük qalmadı.

“Xoş gördük, Adil” ˗ Özüməməxsus sakit tonda cavab verirəm.

˗ Düz deyillər, Paşik Azərbaycanı tanıyıb?

˗ Azərbaycanı tanıyır da, onsuz, qonşuyuq olarnan.

˗ Alə, məzələnmə, deyirəm, yəni Qarabağı tanıyıb.

˗ Hə, tanıyıb, düz bilirsən.

˗ Oların qəribə bayraqları var e, görmüsən də, aranjivi, qaluboy və qırmızı.

˗ Kolumbiyadan söbət gedir?

˗ Yox e, bu oğraşdarı, ermənnəri deyirəm,

˗ Sən deyən Kolumbiyanın bayrağıdı axı.

˗ Nə fərqi var e, Həsən keçəl, yoxsa keçəl Həsən. O gün bir məhlə uşağı var, Nicatdı adı. Qardaşcanı, ermənnərin bayrağın bağlıyıb maşnın arxasına sürüyür ordan-ora, burdan-bura. Hələ siqareti də onun üstündə söndürür e, sən öl. Ləzət eliyir də. Olara bu da azdı, sukalara.

˗ Bəs siqaret kötüyləri sonra necə olur? Qalır elə yerdə?

˗ Necə yəni? Sənin antenan hardan tutub yenə? Cannarı çıxıb gəlib təmizdiyillər də xadimələr. İşləri odu oların. Amma brat ləzət edir də Nicatın hərəkəti. Bu köpəy uşaxlarını qırasan gərəy ujdantutma.

İşini bitirər-bitirməz əlini yavaşca çiynimə vurur.

˗ Hazırdı başın, amma sən saşdarvı qoru, cavan oğlansan, bir azdan başıva gün işığı düşəndə parıltısından göz qamaşacaq. Xa-xa-xa…

Cibimdən bir beşlik çıxarıb Adilə uzadıram.

˗ Yoxundu, qalsın a, qardaşcanı. Bizim aramızda nə pul söbəti?!

˗ Bu bayrağı asmısan e bura, rənglərinin mənasın bilirsən?

˗ Ayıb söbətdi, brat. Göy səmadı, qırmızı qandı, Qarabağda tökdüyümüz qannar. Yaşıl da çəmənniydi, brat.

“Adam var, nöbədə?” ˗ qıraqdan yaşlı bir dayı qapını azca aralayıb içəri boylanır. “Gəl, dayıcan, boşam” ˗ deyə Adil ağ önlüyünün üzərindəki xırda tükləri təmizləyərək zümzümə edir.