Ev Bədii İçimdən çölümə yolmuşam.. – Yeni şeirlər

İçimdən çölümə yolmuşam.. – Yeni şeirlər

37

Elman Tovuzun yeni şeirləri…

***
Bulud örpəyini tulla başından,
Yağışlar üstünə axar, geyinmə.
Biçsələr donunu Gün işığından,
Səni dirigözlü yaxar, geyinmə.

Düzmə ətəyinə bər-bəzəkləri,
Arılar “seyr edər” tər çiçəkləri.
Çaşdıra bilərsən kəpənəkləri, –
Xallı köynəyini çıxar, geyinmə.

Elman özü gələr bil, ayağına,
Geydirər ovcunu gül ayağına.
Bilirəm, gen olar yol ayağına,
Cığır ayağını sıxar, – geyinmə.
07.04.2024

Azadlıq küçəsində

Azadlıq küçəsində qəzaya düşən adam,
Ən ağır anlarıyla bir də görüşən adam,
Qıçları əsa adam… gözləri şüşə adam…
Əzaların mübarək!

Arzuların kim bilir hansı qatda küllənir…
Günəş öz işindədir, yağışlardır – dillənir…
Yerdən ümid kəsilib, gözlər Göyə zillənir,
Fəzaların mübarək!

Hanı əziz bildiyin yaxının, doğman sənin?
Dizin üstə dağılıb yavanca loxman sənin…
İsti nəfəs gözləyir buz kimi daxman sənin,
Güzəranın mübarək!

Baxıram, əzminlə sən hamıdan bir az üstə,
Sanki Xudafərindir – dağılan, Araz üstə…
Nə yaxşı, anan səni doğmayıb namaz üstə,
Qəzaların mübarək!

Yəqin bilirdin deyə bu küçənin adını,
Boğdun içində yenə “ay haray” fəryadını.
Daddınmı heç olmasa Azadlığın dadını…
Cəzaların mübarək!

De, “Vətən qəhrəmanı” deyirsə yetən sənə,
Niyə özünə gəlmək bu qədər çətin, sənə?..
…Deyiləsi sözüm var, vətən, ay vətən, sənə:
Qazilərin mübarək…
Qaziliyin mübarək…
30.03.2024

Qoşma

Bu dünya fanidir, deyirlər, ancaq,
Hər kəsi dünyaya aşiq görürsən.
Həyat bir oyundur,
ömür – oyuncaq,
Vaxt gəlir, qocanı uşaq görürsən.

Titrək dodaqlarda kilid oynayır,
Ürəkdə təzyiqtək, ümid oynayır…
Adam var, üzündə bulud oynayır,
Di gəl ki, içində işıq görürsən.

Ay Elman, yazırsan can bahasına,
Çıxanda özünlə söz davasına.
Elə vurulmusan saz havasına –
Gecə yuxunda da aşıq görürsən.
29.02.2024

Təcnis

Ay ellər, içimdə nə dağlar yatır…
Göynədir sinəmi odu dağların.
Nə duman çəkilir, nə dağlar yatır,
Dolanır başına… odu, dağların.

Hanı bir zamanlar tonqal çatanı,
Şölətək yanardı tonqal, çat anı.
Çəkərdi qoynuna tonqal, çatanı,
Hamıya yetərdi odu dağların.

…Üz tutub gedəli Elman, ay ellər,
Nələr eyləmədi Elmana yellər?!
Göydəki, əlini Elmana “yellər”, –
Yenə də həyanı Odu dağların!
20.02.2024

***
Dərdim,
səni dərdə düşmə, yazıqsan,
Gəlmisən ki, qızınasan tüstümə?
Hər nəfəsdə burnumdasan elə bil,
Ətir kimi nə çökmüsən üstümə?

Tale, qədər…
Kim kəsibdi bu yolu?
Onsuz bizə bəs eləyir dörd divar…
Ürəyimdən saldığın yol – su yolu,
Sevincimə bağlanıbdı qapılar…

Gah od almış
samovara dönürsən,
Öz içindən alışırsan sən elə.
Gah da sönük canavara dönürsən,
Xəstələrdən yapışırsan sən elə.

Gözləmə ki,
məndən sənə yem olar,
Heç boşuna itiləmə nəfsini…
Dərdlə dərman bir arada tam olar,
Ya yaxın dur, ya uzaq ol – kef sənin.

Əzəlindən
ruhu acam, gözü – tox,
Amma sağlam birisiyəm, unutma.
Ayaqüstə ölənlərlə işim yox,
Mən dirilər dirisiyəm, unutma!
28.01.2024

***
…Deyirdim, yaxa da, əl də mənimdir,
Özüm öz əlimdə qalmışam, – olsun.
Sanırdım, azadlıq şahlıq evimdir,
Demə əsarətə qulmuşam, – olsun.

O qədər dağ görür, düyün görürəm,
Özümü gündə bir öyün görürəm.
Nə yağış duyuram, nə Gün görürəm,
Payız yarpağı tək solmuşam, – olsun.

Bilən yox, yalandı, düzdü bu dünya,
Kimin dərdlərini çözdü bu dünya?
Başdan-ayağacan sözdü bu dünya,
Beş-üç kəlməsini çalmışam, – olsun.

Çöldə at oynadır ruhsuz bədənlər,
Haqqı yeyə-yeyə nahaqq edənlər.
Çoxalıb gözümdən düşüb gedənlər,
İçimdən çölümə yolmuşam, – olsun.

Tavanım Göy deyil – durnalar süzə,
Döşəməm göl deyil – sonalar üzə.
Barmaqlıq köhnədir, aynalar təzə…
Zindan havasıyla dolmuşam, – olsun.

Bu “cəza” ömrümü çox da sürürəm,
Edam kötüyünə baxıb gülürəm…
Hər gündə nə qədər vaxt öldürürəm,
Daha cinayətkar olmuşam, – olsun!
18.01.24

***
İçindən keçəni saf-cürük eylə,
Gör safı hansıdır, çürüyü hansı.
Nə yoxla şansını, nə də yük eylə,
Bəxt üzə güləndi, tale – amansız…

Dərdə baş əyincə, başını saxla,
Təntisən döyməyə dizin var hələ.
Atmağa tələsmə – daşını saxla,
Daşa basılası yüzün var hələ…

Əsəbin yerini-yatağını bil,
Gözünü örtsə də qan, işində ol.
Ruzigar dolansın qoy veyil-veyil,
Başının üstündə… sən işində ol.

Yeri, yıxıldığın yollarda yeri,
Özün ol qolundan yapışanın da.
Ömrünə yük etmə xatirələri,
Bir səhər arzula hər axşamında.

Silmə buz tərini cəllad əliylə,
Aç qara yaxanın ağ düyməsini.
İndi ölənmi var öz əcəliylə,
Bağında asırlar bağ yiyəsini.

İçindən keçəni saf-cürük eylə,
Gör safı hansıdır, çürüyü hansı.
Nə yoxla şansını, nə də yük eylə,
Bəxt üzə güləndi, tale – amansız…
09.01.24

Bu tale məni ovutmur

Bu tale məni ovutmur, –
Yüz cür naxış hörür, allah.
Əl-ayağım sükan tutmur,
Bu ömrü kim sürür, allah..

Ruhum var e,
bədənim yox,
Bədənimi “güdənim” yox.
Daha gəlib-gedənim yox,
Bu it kimə hürür, allah…

Nədir gözümün qançırı?
Yoxsa yollarmı sancılıb…
Yaramın gözü açılıb, –
Məndən yaxşı görür, allah…
01.02.2024

***
Qış yağışı az-az düşər,
Balaca fevral islanar…
Saça ulduz-ulduz düşər,
Yanaqlar xal-xal islanar.

Olmaz tale yağışından,
“Gül” açılar naxışından.
İsti-isti göz yaşından,
Soyuq aynalar islanar.

…Nə ola, allahın altda,
Çətir olam ahın altda…
Hərəsi bir damın altda –
Könlü tənhalar islanar.
14.02.2024