Ev Xəbərlər Türk Mədəniyyəti və İrsi Fondu “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai”...

Türk Mədəniyyəti və İrsi Fondu “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai” kitabını təqdim edib

11

12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdirdiyi “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai” kitabının təqdimatı keçirilib. Nəşr görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyi və böyük özbək şairi, mütəfəkkiri Əlişir Nəvainin anadan olmasının 585 illiyi münasibətilə işıq üzü görüb.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Zəhra Allahverdiyeva və Təhminə Bədəlova, filologiya üzrə fəlsəfə doktoru Afaq Xəlili, eləcə də ədəbiyyatşünaslar və kitabsevərlər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Fondun prezidenti, professor Aktotı Raimkulova nəşrin Türk dünyasının iki böyük şairi və mütəfəkkiri – Nizami Gəncəvi və Əlişir Nəvainin zəngin ədəbi irsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, 2025-ci il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən hər iki ədibin yubileyləri ilə əlaqədar beynəlxalq elmi konfransın keçirilməsi təklif olunub. Bu təşəbbüsü də rəhbər tutan Fond Nizami Gəncəvi və Əlişir Nəvainin həyat və yaradıcılığının müqayisəli şəkildə araşdırılmasına töhfə vermək məqsədilə sözügedən nəşri ərsəyə gətirib.

Professor Aktotı Raimkulova çıxışında Azərbaycanda hər iki şairin irsinin qarşılıqlı öyrənilməsinin zəngin elmi ənənələrə malik olduğunu diqqətə çatdırıb.

Kitabın təqdimatı zamanı çıxış edən digər alim və tədqiqatçılar da nəşrin elmi əhəmiyyətinə, Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının müqayisəli tədqiqi baxımından əhəmiyyətinə toxunublar.

Qeyd edək ki, “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai” kitabında müxtəlif illərdə dərc olunmuş elmi məqalələr ilk dəfə sistemləşdirilərək vahid nəşrdə bir araya gətirilib.