Ev Xəbərlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Hoca Ahmet Yasavi adına Beynəlxalq...

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Hoca Ahmet Yasavi adına Beynəlxalq Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

182

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasına səfəri çərçivəsində Türküstanda fəaliyyət göstərən Hoca Ahmet Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fatma Yıldırım, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin müşaviri Anar Hüseynzadə iştirak ediblər.
Universitetin rektoru J.Temirbekova qonaqları salamlayaraq, “Şuşa Günləri”nin Turkistanda keçirilməsinin önəmini vurğulayıb və iki ölkə arasında mövcud dostluq münasibətlərinin inkişafına töhfə kimi qiymətləndirib. J.Temirbekova Hoca Ahmet Yasavi adına Beynəlxalq Qazax-Türk Universitetinin fəaliyyət istiqamətləri, təqaüd və xarici əməkdaşlıq proqramları haqqında məlumat verib. Bununla yanaşı, universitetin rektoru Şuşadan olan tələbələr üçün xüsusi təqaüdün ayrılması imkanlarının mümkünlüyünü də vurğulayıb.
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstanın Astana və Türkistan şəhərlərində keçirilən “Şuşa Günləri” layihəsindən bəhs edib. Günay Əfəndiyeva təşkilatın qədim Türk mədəni irsinin qorunması və təbliğ edilməsi üzrə ümumi fəaliyyətindən, xüsusi ilə Qazaxıstan ilə bağlı həyata keçirilən layihələrdən, Fondun müxtəlif ölkələrdəki universitetlər ilə əməkdaşlığından və imzalanmış tərəfdaşlıq sənədlərindən danışıb.
Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Hoca Ahmet Yasavi adına Beynəlxalq Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə Türk xalqlarının mədəni irsinin qorunması istiqamətində birgə tədbirlərin və layihələrin həyata keçirilməsi, Universitetin müəllim heyətinin Fondun tədbirlərində iştirakının təmin edilməsi, hər iki qurumun məqsədlərinə uyğun fəaliyyətlərə cəlb olunmuş tələbələrə təqaüdlərin verilməsi kimi məqamlar əks olunub.