Xasiyyət xanımın adını kim qoyub, nə üçün məhz Xasiyyət qoyub? – bunu bilmirəm, amma adın, hər bir düşünən insanın taleyinə təsirsiz ötüşmədiyini bilirəm (buna inanıram). Adlar təsadüf deyil. Adlar həmişə təvafüq olmaya bilər, bəlkə… lakin bu halda da ad günahkar deyil, adın energetikasına uyğun davrana bilməyən addaşıyıcısıdır günahkar – yəni ad adamı səfərbər eləməli yaxud adam daşıdığı adın məsuliyyətincə davranmalıdır. Bəlkə də, bir çox sadə əməkçi insanda, ayrı-ayrı peşə sahiblərində ad və onu daşıyanın təzadı yaxud uyumluluğu bir o qədər də fərq edilməmş ola bilər, lakin söhbət bir şairdən gedirsə, gözlər üzərindədir, əlbət.
Xasiyyət xanım adını yaşamına, yaradıcılığına köçürmüş xasiyyətli şairdir. Çox şadam ki, əziz dostumun məhz bu özəlliyi Qənirə xanım və Afaq xanım tərəfindən də fərq edilib,onlar da bu məqama müəyyən qədər vurğu yapıb.Ümidvaram, Xasiyyət Rüstəmin “Leyli ağaclar”ının oxucuları da onun şeirlərinin adı kimi olduğunu qəbul edəcək.
Xasiyyətli şeir necə olur?– O şeir xasiyyətlidir ki, o, bir ideya daşısın, söz yığını – necə deyərlər, “şeir yazmaq xatirinə şeir” olmasın, məhz ürəkdən gəlmiş, ürəklə yazılmış, ürəkli yazılmış şeir olsun, səmimi şeir olsun, şeir kimi şeir olsun, ən əsası. Şeirinəzəli-əbədi mövzuları ilə,habelə sevilən tərz, üslub, poetexnologiyalarla ilə yanaşı,sözün hər anlamında yenini axtarmaq, yenini bulmaq və yenil ifadə şəkli ilə seçilmək xasiyyətli şeirin səciyyəsidir. Uzun sözün qısası, Xasiyyət Rüstəmin yazdıqlarınınmütləq çoxu məhz adı kimi şeirlərdir.
Əlbəttə, mübaliğəyə varıb, bütün şeirlərini, yaradıcılığını tamı-tamına xasiyyətli saya bilərəm, lakin buna nə öz könlüm qail olar, nə haqqında danışdığım sayğıdəyər xanıməfəndinin könlü… O, nə qədər xoşgörülü insan olsa da, sözün mübaliğəsini də anındaca sezər və haqlı olaraq, bununla barışmaz.– Əks təqdirdə, yaradıcılığının çiçəkləndiyi, yeni mövzular, yeni ulduzlar qazandığı bir vaxtda, biz Xasiyyət xanımı sanki bundan sonra yazmayacaq yaxud daha üstün əsərlər yaza bilməyəcək biri kimi təsvir etmiş olarıq. Adım kimi əminəm, o, öz adını şeirlərinə daha dərin işləyəcək, daha qanadlı yazacaq, daha parlaq Günəş olacaq! Günəş demişkən, ulduz demişkən, milli özbək şeirinin XX yüzilin önlərindəki ən parlaq Günəşinin adı Çolpandır. Əgər mübaliğəyə varsam, qüsura baxmayın, bugünki özbək qadın şeirinin parlayan ulduzu kimi dərəcələndirilən Xasiyyət Rüstəmə, çağdaş özbək qadın şeirinin Günəşi demək keçir könlümdən. Könüldən gələn göyçək olar, deyirlər, eləsə, qəbulunuz ola… Əgər daha yüksək dərəcəyə layiq olanlar varsa (əlbəttə, var!) onlara da təşbeh, yaraşdırma bulunur, əlbət. Günəşdən daha böyük kainat var, aləm var, bizim qalaktika var… var da var… Ancaq, mən məsələni bu yöndə qəlizləşdirmək istəməzdim, əksinə, daha yumşaq müstəviyə keçirmək istərdim.Rəhmətlik Nazim Hikmət deyirdi: “Kiçik bir bəxtəvərlik istəyirəm, O qədər kiçik olsun ki, istəməsin kimsə məndən onu”… Mənim tanıdığım Xasiyyət xanımməhz kiminsə gözü ardında qalmayan, kiməsə zərəri toxunmayan, kiminsə bədbəxtliyi üzərində qurulmamış bəxtəvərliklərə aşinadır; onun şair şöhrəti, o şöhrətə baxışı da belədir.
Yaxşı xatırlayıram, onunla bu sətirlərin yazıldığından 11 il öncə İstanbulda, hava limanında qarşılaşmış, tanış olmuşduq. Böyük insan axınının içində, sanki illərin tanışı, doğması kimi, qeyri-ixtiyari bir-birimizə doğru addımladığımızı xatırlayıram. Mən onun yaradıcılığı ilə tanış olduqca gördüm ki, bu doğmalıq onun ruhundan gəlir – insana, sənətə və necə deyərlər, doğmalığın özünə doğmalıqdır bu…
Bu doğmalığı biz Xasiyyət xanımın baş redaktor olduğu qəzetdə Azərbaycan ədəbiyyatına ayrılan genişürəkli yerdə görürük. Çox şadam ki, Azərbaycanda da özbək ədəbiyyatı yaxından öyrənilir, sevilir. Bu öyrənilmə həm xəlqi, həm də akademik səviyyədədir.Xasiyyət xanım və onun baş redaktoru olduğu qəzet çağdaş özbək ədəbiyyatında önəmli hadisədir.Məsələn, onun “Qorxunc” şeirlər kitabını hələ 2010-cu ildə Bakıda nəşr edərkən, nə bu barədə bir istəyi olmuşdu, nə biz öz planımız barədə xəbər vermişdik… – Hər şey o qədər könülcə (könüllücə), o qədər təbii axarda baş vermişdi… bir də baxdıq, özbək şairi Azərbaycan oxucusuna kitablı xitab edir… Budur, ikinci dəfə Xasiyyət Rüstəm yaradıclığı Azərbaycan oxucusuna kitab şəklində təqdim edilir – yenə öz istəyimiz, öz könlümüzcə… Mən, belə bir ərkin özünü alqışlayıram! Belə təmənnasız münasibətlər qardaş ədəbiyyatlar, qardaş qələmlər arasında ola bilər, necəki olur…
Xasiyyət Rüstəm kövrək, gözəl, istedadlı şairdir. – Azərbaycan dostu, türk dünyası aşiqi, şeir-sənət sevdalısıdır… Nə yaxşı ki, o bu üstün gözəlliklərlə yanaşı, məhz şairdir – o gözəlliklərin həm vəsf edəni, həm də, özü gözəllik yaradıcısıdır… Şair necə deyirdi: “Hər şey gözəldi həyatda, Sən bu gözəlliyi anlayıb, duya bilsəydin…”
Xasiyət Rüstəmin şeirlərini oxuyanlar ilk baxışda sanki pessimist olduğunu düşünə bilər – baxırsan tənhalıqdan, ayrılıqdan, kədərdən, qaranlıqdan, qorxudan yazır… Əslində isə o, qaranlıqda işıq görən işıqlı insandır; daha dəqiqi qaranlığın olmadığını, işıq düşməyən yerlərin mövcudluğunu bilən şairdir. Xasiyət Rüstəm rəhmətlik Vaqif Səmədoğlu kimi “Millət, dövlət zirvəsindən insan enmək vaxtıdır” düşündüyündə də öz könlünün hökmündədir – könlü aparan yerə gedir… O, yalnızlıqda da, toplum içində də, insanın özünü, insanca yaşantıları təcalla etdirməyə çalışan xanıməfəndidir.
Onun öz yaradıcılıq kredosu var; onun qəlbindəki və qəzetindəki Azərbaycan var.Bu sözlər onundur: “Qəzetimizin hər səhifəsində Azərbaycana yer ayırmaq borcumuzdur. Azərbaycan ürəyimizdir”!
Xasiyyət xanım türk dünyasında, artıq dünyanın dörd tərəfində(Kolumbiya, ABŞ, Vyetnam, İspaniya, İngiltərə… əlbəttə, Türkiyə, Qazaxıstan və təbii, Azərbaycanda) tanınan bir imzadır.Hər keçən ildə bu siyahıya yeni coğrafiyalar, yeni iqlimlər və də mədəniyyət iqlimləri əlavə ediləcəyinə şübhəm yoxdur.
Özbəkistanın dövlət bayrağı, özbək şairlərinin şeir-sənət bayrağı uca olsun!
Əkbər Qoşalı
Şair-publisist