Ev Bədii Şəhid atası – Nazilə Gültacın povesti

Şəhid atası – Nazilə Gültacın povesti

89

Dilimizvarlığımız.az Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibi olmuş, yazıçı Nazilə Gültacın “Şəhid atası“ povestini oxucuların istəyi ilə təqdim edir.

BİRİNCİ HİSSƏ 

QİSMƏT 

 Kimsə dedi ki, bəs, xəbəriniz var, Vəli evlənib!!! Qiyamət qopmadımı?! Təzə xəbər qaraja ildırım sürətilə yayıldı!.. İndi işdə hamı Vəli deyir, Vəlidən danışırdı. Taksist Kamilin qaraja girdiyini görən iş yoldaşları tez onun başına toplaşdılar:
– A Kamil, gözlərin aydın, yerlin təzə arvad alıb!
Kamil əlini əlinə vurub uğundu:
– A pir olmuşlar, bunu gözətçi Kazıma elə mən demişəm dana!  Siz  hələ  indi xəbər  tutursuz? Baxın, Vəli özü də gəlir!
Hamı çevrilib, Kamilin  göstərdiyi  səmtə  baxdı.
Vəlinin əynindəki boz arxalığın yaşı, bəlkə də, özününkündən çox olardı. Rəngi qaçmış ayaqqabısının burunları qatlanıb dik qalxmış, şalvarının dizi sürtülmüşdü. Təzə arvad alandan sonra Vəlini ilk dəfə belə gördülər.
Sadə geyimi ilə daha da kasıb görünən Vəli mazutlu əllərini çirkli bir əskiyə silə-silə, asta addımlarla onlara yaxınlaşdı. Hərə bir tərəfdən onu sual atəşinə tutdu. Vəlinin, – bəs, nətər olsun, yetimdi, başıkəsikdi, hayan çıxmışam, – deməsi yan-yörədəkilərin marağına səbəb oldu. Kamil:
-Ayə, a çoxbilmiş…. kimə kəf gəlirsən? Sənin özünə hayan lazımdı. Camaat birini saxlaya bilmir, sən indi ikisini  saxlıyassan?  Saa halaldı  valla!
İşçilər gülüşdülər. Vəli də altdan- altdan qımışdı.
Əslində, nə vaxt kefsiz, nə vaxt şad olduğu bilinməzdi Vəlinin. Üzü qırışların içində elə itib-batmışdı ki, elə bilirdin ağacdan yonmusan. Canlı olduğunu göstərən təkcə o yan-bu yana oynayan gözləriydi. Qəribə xasiyyəti vardı bu kişinin -nə kiməsə həyatından şikayətlənər, nə də kiminləsə fikir bölüşərdi. Səhər sakitcə qaraja gələr, mazut qoxusu verən yağlı paltarlarını geyinər, işə başlayar, nə qədər kasıb olsa da, bəzən ehtiyacı olanların maşınlarını pulsuz-pənəsiz düzəldər, belələrindən bir qəpik də almazdı. Axşam düşəndə kirdən qaralmış əski parçasıyla əllərinin mazutunu silib, yaxınlıqdakı yeməkxanaya gedər, orada yüngülvari nəsə yeyər, üstündən də bir qədəh içər, işin yorğunluğunu canından çıxarmaq istəyərdi. Evləndikləri gündən arvadı Qaratellə sözləri düz gəlmir, hər xırda şey üstə aralarında söz-söhbət düşür, günlərlə küsülü  gəzirdilər.
 Qaratel qarayanız, qısaboy, dolu bədənli bir arvadıydı. Xəstəxanada xadimə işləyən bu qadın köklükdən əziyyət çəkir, çox hərəkət eləyəndə nəfəsini alıb verə bilmirdi. Bir yandan da əri canını boğazına yığmışdı. Gündüzlər evdə tək qalan kiçik, çəlimsiz Yusifi nənəsi Zəhra aparmış, ata-anasının dava-dalaşlarından bezən Təranə özündən on beş yaş böyük bir kişiyə qoşulub qaçmışdı. 
Ər-arvad arasındakı soyuqluq artıq buzlaşma dövrünə qədəm qoymuşdu. Son donvurma isə qonşu Pakizə ilə Vəlinin davasından sonra baş verdi…
Bazar günüydü. Adəti üzrə həftəsonu içən Vəlinin həyətə çıxmasıyla qonşu Pakizənin haray-həşiri bir oldu. Naharını yarımçıq qoyub, başılovlu həyətə yüyürən Qaratel ərini ağzı-burnu qan içində yerdə gördü. Aradakı çəpər  aşmış, bət-bənizi ağarmış Pakizə Vəlinin başının üstünü kəsdirib durmuşdu. 
Qaratel qabaqca elə bildi ki, ərini vuran Pakizədir. Belə düşünməyə əsası da vardı. Qabaqlar bir neçə dəfə Pakizə ilə yer üstə davaları olmuşdu. Bir də görürdün ki, Pakizənin əri Salman gecənin bir aləmi hamını yuxuya verib, yerindən qalxır, çəpəri gizlicə onların həyətinə sarı itələyir, bunu görən Vəli də eləməyib tənbəllik səhərisi üzü o yana sürüşdürürdü.
Əslində, buralarda ilk ev tikib yaşayan Vəli olmuş, quru ağac budaqlarından çəpər düzəltmişdi. Sonralar qonşu gələn Salman yavaş-yavaş çəpəri Vəligilə sarı itələməyə başlamış, bunu görən Vəli eləmə tənbəllik çəpəri gecəynən qaytarıb qoymuşdu öz yerinə. İndi o deyirdi bura mənimdir, bu deyirdi mənim, beləcə, bir qarış torpaq iki qonşu arasında davaya səbəb olmuşdu. Qaratel neçə dəfə demişdi ki, başımıza sadağa, o bir addım torpaq, qoy gözləri doysun. Amma Vəli həzm edə bilmirdi onların hərəkətini. 
-Bıy, başıma xeyir, a Pakizə, – deyə Qaratel sağ-salim olub-olmadığını bilmək üçün aşağı əyilib, ərini dürtmələdi. 
Pakizə qaşqabaqlı dilləndi:
-A Qaratel, Salman vurdu e, Salman! Neynəsin yazıq, vallah, günah sənin ərində oldu, çəpəri götürüb yenə itələdi bizə sarı. O dedi, bu dedi, axırı Vəli yumdu gözünü, açdı ağzını, söyüşün biri bir qəpik. Salman görəndə ki, Vəli ağzını qoyub Allah yoluna, səbrini basa bilməyib, əvvəl-əvvəl təpiklə çəpəri vurub uçurdu, sonra da tutaşdılar…
 Pakizə bir xeyli Vəliyə baxdıqdan sonra başını bulayıb getdi. Bayaqdan hirsindən dişi bağırsağını kəsən Qaratel gətirdiyi bir vedrə suyu ərinin başından töküb, ayağından çıxardı: “Daha bəsdir el-oba içində, qonum-qonşu yanında biabır olduq. Bu bir qarış torpaq nədir ki, sən onun davasını eləyirsən”. Amma neçə ildən bəri ağrı-acısı, hirsi-hikkəsi üst-üstə yığılan, səbr kasası daşan arvadın ürəyi soyumadı, xeyli deyindi. Ayılıb özünə gələn Vəli bir xeyli arvadının dığdığını dinlədi, qəfil yerindən qalxaraq, həyətin qapısını çırpıb çıxdı. O gedən, bu gedən bir də evə qayıtmadı…

* * *
Vəlini hara buyursalar, “baş üstə” deyərdi. Hələ indiyəcən onun kiminsə qarasınca danışdığını nə eşidən olmuşdu, nə də görən. Hər səhər işə gələnlər görərdilər ki, başını salıb aşağı, nəsə qurdalanır. Əlləri də üst-başı kimi ilin üç yüz altmış beş günü mazutun içində olardı. Bir də görürdün ki, özü görünmür, amma əlləri hansısa maşının altında eşələnir – nəyisə açır, nəyisə bağlayır… 
Vəli öz ürəyinin sirrini yalnız kəndçisi Kamilə açırdı, lap dəqiqi, Kamil özü çəkirdi onu söhbətə. Hər Kamili görəndə üzünə uşaq saflığı qonur, o illərə qayıdırdı. Daima deyib-gülən Kamil bəsdi deyincə lətifə bilir, hardansa eşitdiyi, gördüyü hadisələri elə bəzəyib-düzəyir,elə düzüb qoşurdu ki, qulaq asanların gülməkdən ürəyi gedirdi. Bir sözlə, Allahın bəlası  idi  Vəlinin  kəndçisi.
Kamilin yerli-yersiz zarafatlarından Vəlinin əvvəllər acığı gələrdi. Kəndçisinin dillər əzbəri olan bu şeiri isə onu lap dindən-dondan çıxarmışdı:
Vəli yaman Vəlidi,
Tökülür üzündən kiri.
Gör, nə qədər çirkindi,
Çöldə qorxudur şiri. 

Amma qulağı öyrəşdi, nədisə, Kamilin lətifələri də, xasiyyətindəki qəribəliklər, ərköyünlük də yavaş-yavaş ona xoş gəlməyə başladı. Kəndçisinin gözətçi Xudayara qoşduğu şeiri eşidəndə isə o da hamı kimi uğunub özündən gedirdi: 

Əzizim Xuda yarı,
Tanrı, qoru Xudayarı.
Kim ona əyri baxsa,
Sancsın onu “ xudoy arı”.

Soruşurdular ki, ayə, a Kamil,Xudayar hara, “xudoy arı”hara,bu nə deməkdir belə? Gülə-gülə deyirdi ki, siz bilməzsiniz, buna cinas qafiyə deyirlər. Cinasın tələbi belədir. Qayıdırdılar ki, axı, bu “xudoy” rus sözüdür! Cavab verirdi ki, bu mənim günahımdı bəyəm, rusnan həmqafiyə deyilikmi, tarix boyu bağrımız badaş olmayıbmı? Qərəz,Vəlinin də, qarajdakıların bir çoxunun da yaxşı qanıb-qandırmadığı bir düjün söz danışırdı… 
Evdən ayrılandan sonra kirayə bir ev tapıb, qalmağa başlayan Vəli təzə gün-güzəranına çox gec alışdı. Ayrılmasının səbəbini soruşanlara cavabı qısa olurdu: – “Boş verin!” Elə bil, onlar Vəliyə yox, Vəli onlara təsəlli verirdi. Onun hansı əzablar çəkdiyini, necə çətinliklərlə üzləşdiyini bir özü bilirdi, bir də o göydəki kişi….
Gecə vaxtı qapının döyüldüyünü eşidib təəccüblə, – bu vaxtı kimdi, görəsən, bu? – deyə qapıya sarı getdi. Qızı Təranə, bir də tanımadığı bir qadın qapının ağzında dayanmışdı. Bu gənc, ucaboylu, nərmənazik qadının cəlbedici görkəmi vardı. Zil qara saçlarını boynunun arxasına yığmış, qara gödəkçə və dizdən aşağı qara yubka geymiş, qəhvəyi, yastıdaban ayaqqabıları və çiyninə saldığı eyni rəngli çantasını da bu  ümumi  ahəngə uyğunlaşdırmışdı.
Evdən çıxandan sonra Vəli nə oğlu Yusif, nə də qızı Təranənin üzünü görürdü. Ata-anasının boşanmasını eşidən Yusif incimiş, bir də atasının yanına ayaq basmamışdı. Əvvəllər isə atasının iş yerinə gələn Yusif qara, işıqlı gözləri ilə saatlarla onun motoru necə yığdığına tamaşa edirdi. Oğlunun gəlmədiyini görən Vəli qaynanasının tənələrinə baxmayaraq, imkan düşən kimi həftəsonu bazarlıq eləyib, oğluna baş çəkirdi. Yusifin sığala yatmayan qara qıvrım saçlı başını sinəsinə sıxıb, dərindən köks ötürür, kefsiz halda ondan ayrılırdı. 
Ata evinə onsuz da ayanda-sayanda gələn Təranə də boşanma söhbətindən sonra atasını arayıb-axtarmadı. İndi qızını görəndə Vəlinin ürəyi atlandı, gözləri doldu, elə bil, dünyanı verdin ona.
Kişi nəvələri üçün darıxır, qızıgilə getmək istəyir, amma bu istəyini içindəcə boğurdu. Kürəkəni, keçmiş polis serjantı Yadulladan zəndeyi-zəhləsi gedirdi – kobud adamıydı haracan desən, Təranəni incidir, evə pul xərcləmir, gününü dostlarıyla yeyib-içməkdə keçirirdi.
Bir dəfə Yadulla yenə içib, Təranəni bərk döymüşdü. Qızını üzü-gözü göyərmiş görən Vəlinin ürəyi durmamış, kürəkənini danlamaq istəmiş, Yadulla qaynatasına elə rişxəndlə baxmışdı ki, yazıq kişi ona söz deməyinə peşiman olmuş və ömründə ilk dəfə acizliyinə görə özündən zəhləsi getmişdi.
Balalarını dolandırmaq üçün Təranə bir kafedə qabyuyan işləyirdi. Günü-güzəranı acınacaqlı keçir, heç yerdə özünə rahatlıq tapa bilmirdi zavallı qız. Ata-anasının dığdığından bezib,yaxşı tanımadığı birinə qoşulub qaçmasına peşiman olsa da, geciydi artıq. Sonrakı peşimançılıq kimə fayda vermişdi ki, ona da verə.
Təranə irəli durub, salam verdi, atasını qucaqladı, yanınca gətirdiyi qadını göstərərək, – “dədə, tanış ol, Seva ən yaxın podruqamdı”, – dedi. Qızının “podruqasını” ilk baxışdan müğənniyə oxşadan Vəli, – “canıyanmış, nə gözəldi”, – deyə ürəyindən keçirdi, masanın üstündəki çirkli qabları tez-tələsik yığışdıra-yığışdıra onlara oturmaq üçün yer göstərdi. Atasının əl-ayağa düşdüyünü görən Təranə dilləndi:
    – Dədə, əziyyət çəkmə, gəl otur. Sənin yanına bir işdən ötrü gəlmişəm. Seva da (əsl adı Sevda idi) mənnən bir yerdə işləyir. Ata-anasını, ərini ermənilər öldürüb, qalmağa yeri yoxdur. (Xain ermənilər tərəfindən öz doğma ocaqlarından qaçqın düşən, Qarabağdan olan ailələrin bir çoxu onların rayonunda məskunlaşmışdı. Qohum evinə sığınan, yataqxanaların dar otaqlarında bir təhər güzəran quran  insanlar pərişan halda idilər.) Deyirəm, icazə versən, bir neçə günlüyə sənin yanında qalardı, kirayə axtarıb tapana qədər. Ən etibarlı adam səni bildim. Ata-anası arasındakı dedi-qodudan nə qədər bezsə də, Təranə valideynlərini çox istəyirdi. Hələ indiyəcən atasının kiminsə haqqına girdiyini nə görmüş, nə də eşitmişdi. .
İlk dəfə gördüyü bu qadına nə qədər ürəyi yansa da, qızına nə cavab verəcəyini bilməyən Vəli gözünü döyə-döyə qalmışdı. Atasının çaş-baş düşdüyünü görən Təranə dilləndi:
– Dədə, mən onu öz evimdə saxlaya bilmərəm. Nə vəziyyətdə olduğumu özün yaxşı bilirsən. O itin yanında heç kim bir gün də qalmaz. Mən birinci növbədəyəm, Seva  ikincidə, bu ev də iş yerimizə çox yaxındır.
– A qızım, eşidən-bilən nə deyər? Camaatın dilinə düşərəm. 
– İt hürər, karvan keçər. Qoy, nə deyirlər, desinlər. Uzaqbaşı deyərsən ki, evlənmişəm, yumarlar ağızlarını. 
Təranədən bu sözləri eşidən Seva qaşqabağını sallasa da, Vəli gülümsədi. Amma “təzə arvadını” bir də başdan-ayağa süzüb, nə o yanlıq, nə də bu  yanlıq  bir cavab verdi:
-Valla, nə deyim, a qızım, atana ərk eləyib, güman yeri bilib gəlmisən.
Təranə fürsəti qaçırmayıb, atasının tərəddüdlərinə son qoydu:
-Anamın yanı uzaqdır, yoxsa, orda qalardı. Sən axşamlar öz maşınında onu işə apararsan. İşə yaxın yerdə münasib ev tapan kimi çıxacaq. 
 Başını aşağı salıb, bayaqdan sakitcə oturan Sevdaya Vəlinin ürəyi yandı, axır ki, razılığını verdi. İşin düz-qoş olduğunu görən Təranə rəfiqəsiylə sağollaşıb, atasının üzündən öpüb, qapıya sarı getdi. Amma ağlına nə gəldisə, qəfil geri dönüb, üzünü geri çevirdi: 
– Seva, birdən narahat olarsan a, zarafat eləyirdim, atamdan sənə qəti zərər gəlməz, o, mərd  adamdır.
Sonra Sevanın qapının dalındakı barxanasını içəri qoyub, atasına müraciətlə, – “dədə, bunlar Sevanın cehizləridir”, – dedi və üz-gözünü işıqlandıran bir təbəssümlə qapıdan çıxdı. Bu sözə bayaqdan heykəl kimi lal-dinməz oturan Sevdanın da dodaqları qaçdı, mirvari dişləri elektrik işığında bərq vurdu. Vəlinin kirayə qaldığı ev bir otaq və mətbəxdən ibarət kiçik bir həyət evi idi. Qalxıb, “təzə gəlinə” otağın bir küncündə yer hazırlamağa başladı… Öz yataq dəstini isə mətbəxə daşıdı.

* * *
Axşamlar qarajda ləngiyən, evə getməyə həvəsi olmayan Vəlinin son günlər gözü saatda qalır, iş vaxtı qurtaran kimi tələsik yığışıb gedirdi. Hamını maraq götürmüşdü, deyirdilər ki, sən öl, burda nəsə bir iş var. Bu sir-sifət, bu geyim-kecimdə bir adama hansısa qadının yaxın duracağı ağıllarının ucundan belə keçmirdi.
Vəlinin köhnə bir minik maşını – “Moskviç”i varıydı. Bir axşam Sevdanı öz sovetdənqalma maşınında restorana apardığı yerdə Kamillə rastlaşdı. Kamilin başının işarəsiylə maşından düşüb, ona yaxınlaşdı:
-Ayə, Vəli, bu kimdi?– maşının şüşəsini aşağı salan Kamil ikisinin eşidəcəyi yavaş səslə soruşdu. 
Qızının dönə-dönə tapşırdığı kimi Vəli ciddi ifadə ilə dilləndi:

  • Arvadımdı. İşə gedir.

“Arvadımdı” sözünə Sevda diksinsə də, Kamilin biclik yağan gözlərinə baxınca, ürəyində düşündü ki, bəlkə də, Vəlinin belə deməsi  yaxşıdır. 
Kamilin gözləri kəlləsinə çıxdı, elə bildi ki, Vəli onu ələ salır:
– Bəs, özgə vaxtı deyirsən ki, bəxtin yoxdur. Day, bəxt, qismət necə olur ki? Valla, qurdsan e, qurd, işini altdan-altdan görürsən. Hardan  tapmısan  ə, bunu?. 
-Qızım gətirib.
-Xeyirli olsun, – deyə başını bulayan Kamil maşına qaz verib uzaqlaşdı. Vəlinin qızının niyə belə iş tutması ona qaranlıq qalmışdı… 
Vəli pörtmüş halda Sevdaya tərəf dönüb dilləndi ki, sözümə incimə, sən qızımın əmanətisən. İstəmirəm sənin haqqında dedi-qodu yaransın. Sevda başını aşağı əyib, bir söz demədi.
     Getdikcə Vəlinin bu gəlinə rəğbəti birə-beş artırdı. Sakit təbiətli, dindirməsən danışmayan Sevda ona yemək bişirir, paltarlarını yuyub ütüləyir, evdə bir kölgə kimi gəzib dolaşırdı. Vəli isə xeyli qıvraqlaşmış, artıq səliqə-səhmanına fikir verməyə başlamışdı. Sevda ona Bəturəni xatırladırdı, kövrəlirdi, axşamlar həyətdə oturub, xeyli düşünürdü. İndiyə qədər hissiz-duyğusuz necə yaşamışdı, məəttəl qalırdı. Bir yandan da oğlu Yusifi düşünürdü. Qarabağda hər an döyüş ola bilərdi. Yusiflə qürurlanırdı həm də. Nə  vaxt  böyüdü oğlu, ilahi! 
Ömür boyu, səhərdən axşama nasaz maşınlarla əlləşən, arvadının əlindən evə gecəyarı gələn Vəli,  övladlarına doyunca  vaxt ayıra bilməmişdi.. 

* * *
Bir axşam Təranə pal-paltarını bir çantaya yığıb, iki qızının da əlindən tutub, gəldi anasının yanına ki, ərimdən ayrılıram. Yaxşı deyiblər ki, ananın bəxti qızına yazılır. Öz dərdi özünə azıymış kimi, bu yandan da qızının boşanma qərarı verməsi Qarateli lap özündən çıxardı. Vəlinin evə qayıtmamasına görə Qaratel özünü qınayır, fikir eləyirdi. Qonşuları ilə də arası sərinləmişdi.
Təranəni başa salmaq istədi ki, sən hələ cavansan, qanıb-qandırmırsan, sonra peşiman olassan, ağlını yığ başına, qayıt evinə, qızlarının gələcəyini düşün, onlar hələ körpədirlər. Söyüb-söyləndi ki, itdi-qurddu, hər nədi,ərindi. Vəlinin yanına gətirdiyi qadına görə də qızına olan incikliyini bildirdi. Təranə daş atıb, başını tutdu ki, ölərəm, bir də o evə qayıtmaram, qızlarımı da özüm işləyib böyüdəcəm. Ərim hər gün içir, bizi incidir. Sevda məsələsini də anlatdı. 
Qızının kədərdən, qəmdən qırışmış üzünə, vaxtsız dən düşən saçına baxan Qaratel bir xeyli dinmədi. Körpə nəvəsini qucaqlayıb ağladı. Oğlu Yusifin də cəbhə bölgəsinə getməsi  xəbəri zavallı qadını dəli eləmiş, həyatına bir nigarançılıq, narahatlıq qatmışdı. Tale ilə, qismətlə üzbəüz qalmış ana-bala o gecə baş-başa verib, səhərəcən dərdləşdilər, ürəklərini o ki var boşaltdılar. 

* * *
 Təranəni bir həftəydi ki, işdən çıxarmışdılar. Sevda da gecəyarıya qədər kafedə qab yumaqdan, Vəlinin yanında qalmaqdan bezmişdi. Belə qərara gəldilər ki, borc pul tapıb Türkiyəyə getsinlər, kiçik ticarətlə məşğul olsunlar, gəlib burda ayrıca bir ev kirələsinlər. Pul məsələsində onlara təkcə Vəli kömək edə bilərdi. 
Qızının halına yanan Vəli bankdan min beş yüz manat kredit götürüb, elə ordaca dollara çevirdi və hamısını qəpiyinəcən gətirib verdi Təranəyə. Bir neçə gün sonra isə iş yerinə gözləri qızarmış gəldi. Tükü-tükdən seçən Kamil onun kefsiz olduğunu  dərhal duydu: 
-Vəli, nə olub yenə? Birdən kənddə-kəsəkdə ölüb eləyən olar, xəbərimiz olmaz ha! Yoxsa, evdə bir şeymi olub? Xətrinə dəyən varsa, de, gedim, canını alım.
Vəli kövrəldi:
– Qızları  xaricə göndərdim.
– Qızlar  kimdi, ayə?
– Qızımla, “ podruqasını”. Onlardan  ötrü  darıxıram.
Sevda getdikcə Vəli üçün çox əziz bir adama dönmüşdü.
– Darıxırdınsa, niyə yollayırdın? Bəs, kürəkənin niyə icazə verdi?
-Xəbərin yoxdu, deyəsən. Qızın əri var ki? Boşanıblar, qız yığışıb anasının yanına gedib uşaqlarnan. İndi də, dedi ki, ay dədə, bizə pul tap, gedək mal gətirib alver eliyək. Bankdan pulu da onlara görə aldım. Əri başıbatmış içib gedib qızın iş yerində dava salıb, müdir də yazıq qızı işdən çıxardıb. Mən başıdaşlı neynəyim, bəs? Qazancım da az.  Qıza  kömək  edə  bilmirəm. 
-Ayə, fikir eləmə, bir həftəyə gələrlər, – Kamil acı-acı gülümsədi.

* * *
Son günlər Vəli elə qaradinməz olmuşdu ki, deyirdin, bəs, gəmisi dəryada qərq olub. Bankın borcunu aybaay zorla ödəyirdi. Fikirdən-xəyaldan arıqlayıb çöpə dönmüşdü. Bir neçə ay keçsə də, hələ də qızlardan xəbər-ətər yoxuydu.
Bahar gəlib, ağaclar çiçəkləsə də, hələ də hökmünü göstərən qış çəkilib getmək istəmirdi. Gündüzlər açılan hava axşamlar yenə tutulur, soyuq şimal küləyi adamın canına işləyirdi. Uzaqda görünən dağların qarlı zirvəsi yaza   meydan  oxuyurdu  sanki.
İş gününün axırıydı. Gün ərzində rezin təkərləri yollarda yorulan taksi və avtobuslar bir-birinin dalınca avtoparka girirdilər. Sonuncu avtobus içəri girəndən sonra gözətçi Kazım çiyinlərini dayayıb itələyərək, ikitaylı iri darvazanı bağladı. Sürücülər bir-bir sağollaşaraq, adətləri üzrə zarafat eləyə-eləyə çıxıb getdilər. Hamının getdiyini zənn edən gözətçi çıxış qapısını bağlamaq istəyirdi ki, arxadan Kamilin səsi gəldi:
-Kazım dayı, bağlama, mən burdayam! 
-Ay Kamil, bu vaxtacan burda nə iş görürdün?
-Matorda nəsə nasazlıq var, gərək sabah Vəliyə deyəm, baxsın. 
-Vəli burdadır. Üç gündür qarajda gecələyir, deyir kirə pulunu verəmmədiyinə görə xozeyin şələ-şüləsini töküb bayıra. Qızlar ismarış yollayıblar ki, pulları oğurladıblar, ona görə də Türkiyədə qalıb işləyəcəklər. Hanısa bir fabrikdə işə düzəliblər. Vəli yazığın da onlara göndərməyə pulu yoxdu. Nəsə, uzundərə söhbətdi. 
Bu vaxt maşınların arasından Vəlinin arıq, cılız cüssəsi göründü. Üz-gözü toz-torpağa bulaşmış Vəli Kamilə yaxınlaşdı:
-Salam əleyküm, maşına noluf? Narahat olma, sən get, mən baxaram.
Kamil həmkəndlisinin qəmli üzünə kədərlə baxıb dilləndi:
-Vəli, al açarı, səhər tezdən rahat-rahat baxarsan. Mən gedirəm.
Gözətçi  onların  yanına gəldi:
-Xaloğlu, yaxşı samovar çayımız var, bir stəkan iç, gedərsən. – dedi. 
Susuzluqdan dili ağzına yapışan Kamil bu təkliflə o dəqiqə razılaşdı və əllərini yuyub, gözətçinin otağına keçdi. Doğranmış kəllə qənd parçaları qırmızı plastmas qabda, lampa işığında bərq vururdu:
-Vəli, gəl bəri, – deyə Kamil yerini rahatladı. İçəri girən Vəli gəlib Kamilin yanında özünə yer elədi.
– Ə, birinci arvadla aranızda nə oldu ki, ayrıldınız, a qıvlasız? – Kamil adəti üzrə Vəlinin kürəyini şappıldatdı. O özü vəziyyəti onsuz da yaxşı bilirdi. Qaratelin ata evi qonşu kənddə Kamilin bibisigilə yaxınıydı. Keçən dəfə bibisinə baş çəkən Kamil yolda Qaratelin anasıyla rastlaşmış, olub keçənlərdən xeyli söhbət etmiş, arvad açıb sandığı, tökmüşdü pambığı, Vəlini ağ yuyub, qara sərmişdi. İndi Kamil adəti üzrə Vəlini elə-belə danışdırırdı.
-Nə bilim, valla a Kamil, Allah belə yazıbmış, qismət beləymiş. Mən istəmədim. Zalım qızı, çox davakardı. Baş-beynim getmişdi. 
-Ə oğulsan, valla. Əmbə nə eləmisən! Qoy, indi sənin kimi  kişinin qədrini bilsin.
Kamil həmkəndlisinə özünü nə qədər canıyanan göstərmək istəsə də, axırı roldan çıxıb,əlini əlinə vurdu və şaqqanaq çəkdi:
-Bəs, ikincini neynədin?
Vəli də gah Kamilə, gah da gözətçiyə  baxıb  dilləndi:

  • O, arvadım deyildi. Əmanət idi. Onu dedi-qodudan  qorumaq üçün deyirdim. 

Kamil də, Kazım kişi də təəccüblə Vəlinin üzünə baxdılar.

* * *
Neçə gündü ki, soyuq qarajda yatan Vəli bərk xəstələnmişdi. Kazım gözətçi otağının bir küncündə ona yer düzəltdi, evdən gətirdiyi isti şorbadan verdi ki, yesin, canı qızsın. 
Gözətçi səhərisi Kamilə yaxınlaşdı:
-Ay Kamil, sənin bu eloğluna nə illah elədim, həkim çağırmağa qoymadı. Özü uşaqlardan birinə nəsə bir dərman dedi, onlar da alıb gətirdlər, içdi. Vəziyyəti heç xoşuma  gəlmir, istəyirsən, bir  baş  çək ona…
Taxta çarpayıda halsız uzanmış, gözlərini tavandan sallanan hörümçəyə zilləmiş Vəlinin alnında tər puçurlamışdı. Kamili görəndə başını qaldırıb, yastığa dirsəkləndi. Bədəni qızdırmadan zəifləmişdi. Kamil onun eynini açmaqdan ötrü yaddaşının alt qatında mürgüləyən bir hadisəni -Vəlinin kənddə həkimlik eləməsi əhvalatını yada saldı, gülə-gülə, – ay Kazım, bunun həkimliyi də var e, – deyə uğundu. Sonra Vəliyə qayıtdı ki, sən canın, kənddə avariyaya düşən qıza həkimlik elədiyin yadındadı? Ay fırıldaq, elə o vaxtdan səninki  bu  arvadlarla  tuturmuş  ha! 
Vəli zarıya-zarıya, xalaxətrin qalmasın, birtəhər gülümsəmək istəsə də, qəfil öskürək nəfəsini kəsdi. Amma gözətçini maraq götürmüşdü. Kamilə də lazım olan elə bu deyildimi? Hər şeyi özü bircə-bircə danışmağa başladı:
-Onda mən hələ şəhərdə texnikumda oxuyurdum. Vəli də kənddə tibb məntəqə müdirinin şoferi işləyirdi. İndisinə baxma, onda, valla bu, qarayanız, qıvrım saçlı, suyuşirin bir oğlanıydı ki, gəl  görəsən.
Hə, harda qaldım? Şəhərdə texnikumda oxuyurdum. Dayımın ölüm xəbərini eşidib, qatara bilet aldım. Qatar rayona obaşdan çatdı. Kəndə getmək üçün yoldan keçən minik maşınına əl elədim. Şofer gənc bir oğlanıydı, yanında da iki qız. Qonşu kəndə gəzməyə gedirdilər. Hüzr yerinə getdiyimi biləndə, məni də maşına götürdülər. Qızlarla söhbət edən şofer nəsə demək üçün başını tez-tez arxaya çevirir, deyib-gülürdülər. Kəndə tərəf dönəndə işin tərsliyindən qabağımıza qəfildən bir maşın çıxdı. Oğlanın rolu yana burmasıyla maşının yolun qırağındakı ağaca çırpılması bir oldu. Qızlardan biri yüngülcə yaralanmış, qaşının üstü çapılmışdı. Maşının qabaq tərəfi əzilmiş, farasının biri sınmışdı. Həm maşını təmir elətdirmək, həm də qıza həkim gətirmək üçün maşını sürdürdüm düz həyətimizə.
 Yas yerinə gəlib hadisəni camaata danışdığımı gördüm, aləm bir-birinə dəymədimi? Ölü-filan yaddan çıxmışdı. Maşını təmirə apardılar, axtarıb feldşer Rəhimi tapdılar, vəziyyəti tez-tələsik ona anlatdılar. Rəhim qızı başdan-ayağa yoxlayandan sonra bildirdi ki, ciddi bir şeyi yoxdu.
 Qız qara-qışqırıq saldı ki, bəs, yalan deyirsiniz, həkimi öyrətmisiniz, ay mən özümü çox pis hiss eləyirəm, ay nə bilim, ayağım ağrıyır, başım gicəllənir… Kəsəsi, gərək rayondan  həkim  gələ! Yoxsa, hamınızı  verəcəm  polisə!
Elə bu vaxt Vəli də maşınla gəlib çıxdı. Baş verənlərdən xəbərdar olunca, nə desə yaxşıdır? – “Həkim mən!” Hamı bir-birinin üzünə baxdı ki, bu nə danışır, başına hava-zad gəlməyib, görəsən? Vəli çaşdığımızı görüb, qayıtdı ki, nə gözünüzü döyürsüz, axşamacan həkimlərin arasında döyülmüyəm? Yadınızdan çıxıbmı, rəhmətlik atamın sınıqçı  olduğu? Azdan-çoxdan  sınıq-çıxıqdan başım çıxır.
Ordan-burdan pıqqıldaşanlar olsa da, əlacsız qalıb razılaşdıq. Amma Vəlinin suyumunu görən onun həkim olduğuna çətin inanaydı, üst-başını əməlli-başlı abıra salmaq lazımıydı. Tez əyninə gələn kostyum tapdıq. Qalstuk məsələsi bir az çətin idi – kənddə bir Mərdan müəllim, bir də kolxoz sədri qalstuk taxırdı. Kolxoz sədrindən qalstuk almaq ayıb olardı. Əlac qalırdı Mərdan müəllimə. Onun evinə Rəhim kişi özü getdi…
Hamı dinməzcə işin sonunu gözləyirdi. Feldşer Rəhim əlində də qara bir qalstuk, axır ki, gəlib çıxdı. Vəlini bəzəyib-düzəyib, yaraşığa mindirəndən sonra feldşerin çantasını verdilər onun əlinə. Qıza da dedilər ki, bəs, qəti narahat olma, rayon mərkəzinə xəbər vermişik, bu saat həkim özünü yetirəcək.
Vaxt tamam oldu, bir də onu gördük ki, Vəli əlində də çantası budu ha gəlir. Hamıya bərk-bərk tapşırmışdıq ki, birdən  kiminsə  dodağı qaçar, qız duyuq düşər, iş qəlizləşər. 
Vəli ədəb-ərkanla qapını döydü. Qız içəridən, – gəlin, – dedi. Şofer oğlan, Vəli, bir də mən keçdik içəri. Vəli qızı başdan-ayağa süzüb dilləndi ki, siz çıxın, xəstə ilə tək qalacam. Şofer bir az qızarıb-bozardı ki, bəs, mən də qalım. Oğlanı dümsükləyib çıxardım bayıra. Özüm qapının arasından içəri  baxmağa başladım.
Vəli öz rolunu əla oynayırdı. Qızın gah ayağı, gah da qolunu aşağı-yuxarı hərəkət etdirib, axırı bildirdi ki, sənin heç nəyin yoxdu. Amma mən onlara deyəcəm ki, səndə sınığa şübhə var, onlardan bir az pul alıb, verəcəm sənə. Pulu da götür get. Əgər polisə versən, sənə heç nə çatmayacaq. 
Vəli qızı nətər inandırdısa, yazıq dərhal razılaşdı. Qapının dalında gülməkdən özümüzü güclə saxlayırdıq.Vəli bayıra çıxanda əməlli-başlı pörtmüşdü. Yas yerində hamı bizi maraqla gözləyirdi. Vəli qızın fikrini bildirdi – üç yüz manat istəmişdi. Məndə əlli manat vardı, əlli şofer oğlan, əlli də qabağımıza çıxan maşının yiyəsi verdi, yerdə qalanını  da  yasa yığılan  puldan  götürüb, üstünü  düzəltdik.
Pulu aparan gəlin bildirdi ki, bəs, qız həkimi çağırır. Vəlini tez-tələsik qızın yanına göndərdik, bərk narahat idik ki, birdən işin üstü açılar. Sən demə, qız insaflı imiş, pulun üstündən əlli manat götürüb, Vəliyə verib ki, əziyyət çəkmisən, uzaq yol gəlmisən, bunu götür. Vəli qabaqca pulu götürmür, ehtiyat eləyir, amma qız axırı pulu basır onun cibinə. 
Maşın tutub qızı yola salandan sonra üstümüzdən elə bil dağ götürüldü, əhvalımız düzəldi. Dayıma beləcə rəhmət oxuyub, ruhunu şad elədik.
Ötən günlərə qayıdan Kamil ürəkdən güldü. Vəlinin də  kefi  açıldı, – hə, heyf o günlərdən, – deyə kövrəldi.
Bir-iki stəkan pürrəngi çay və Kamilin duzlu-məzəli söhbətləri Vəlinin halını xeyli yüngülləşdirmişdi. Kamil qalxıb getməyə hazırlaşanda, elə bil, gəncliyi, atalı- analı illəri də onunla gedirmiş kimi Vəlinin gözləri doldu, bir anlığa az qaldı dillənə ki, Kamil, getmə! Amma yadına düşəndə ki, bura onun evi deyil, sözünü boğazındaca uddu. Kamil dönüb, onun yaşarmış gözlərinə baxdı, ömründə ilk dəfə Vəliyə yazığı gəldi. Gedəndə gözətçiyə bir az pul verdi ki, Vəli  üçün  yeməyə  nəsə  bir  şey  alsın.

* * *
      Vəli rayon mərkəzinin hər dalanı, hər tini, yolların hər çala-çökəyinə bələd olsa da, yenə ona doğmalaşmamışdı. İşdən vaxt eləyən kimi kəndə üz tutur, doğulub 
boya-başa çatdığı yerlərdə bir neçə gün gəzib dolaşır, havasını dəyişir, ruhunu  təzələyirdi.
Həftəsonuydu, kəndə gedirdi yenə. Yolboyu düzülən yaşıl ağaclar, təmiz hava ovqatını  açmışdı.
Kəndə çatanda şər qarışmaqdaydı. Hər yan səssizliyə qərq olmuşdu, “qu” desən qulaq tutulurdu. Elə bil, bir inni-cinni yaşamırdı bu kənddə. Yaxşı ki, həyətlərdə qalanmış ocaqlar hələ də tüstülənirdi. Birdən-birə ürəyi oyalandı, atalı-analı günləri üçün  burnunun  ucu  göynədi. 
 Qarşısına ilk çıxan sinif yoldaşı Hətəmin oğlu oldu. Yeniyetmə oğlan beş-altı qoyunu da qatıb qabağına, çay qırağıyla evə gedirdi. Kəndin bir vaxtkı çal-çağırı, şənliyindən əsər-əlamət qalmamışdı. Suyu sovulmuş dəyirmana oxşayırdı kənd. Ay gidi dünya, hanı o dəliqanlı, telli-toqqalı, bir baxışıyla qız qaytaran cavanlar? İndi onlar çörəkpulu dalınca Urusetə üz tutub, arvad-uşaqlarını gözüyolda qoyublar. Qızlar var ki, sevdiklərinin yolunu gözləyə-gözləyə qarıyıb, un çuvalına tay olublar… Fikir-xəyaldan bir də onda ayıldı ki, Hətəmin evinin yanından keçir… 
Hətəm bir neçə il qabaq ailəsini, evini-eşiyini atıb, qazanc dalınca Rusiyaya getmişdi. Son vaxtlar heç səs-sorağı da gəlmirdi. O, siniflərindəki Bəturəni istəyirdi. Qızdan Vəlinin özünün də bərk xoşu gəlirdi. Bəturənin ala gözlərinə aşiq olmuşdu. Hətəm dərslərinə o qədər də fikir verməz, işi-gücü dağda-dərədə qoyun-quzu otarmaq olardı. Dərsdən sonra onu harda itirsən, qoyunların yanında tapardın. Vəli də çox vaxt dərs kitablarını qoltuğuna vurub, qoyunları qabağına qatar, onun yanına gedərdi. O, dərs oxuyanda Hətəm deyərdi ki, bərkdən oxu, qoy, mən də öyrənim, əvəzində sizin qoyunları da otararam. Beləcə, eşidib yadında saxladıqlarını səhərisi dərsdə müəllimə danışar, azdan-çoxdan qiymətini alar, çulunu bir təhər sudan  çıxarardı. Məəttəl  qalmalı  yaddaşı vardı  Hətəmin.
 Özünü Bəturəyə bəyəndirmək üçün ikisi də dəridən-qabıqdan çıxardılar. Vəli çəmən çiçəklərindən çələng hörüb gizlicə Bəturəyə verirdi, bilirdi ki, qız çiçəkləri çox sevir. Amma işə bax ki, qız nə ona qismət oldu, nə də buna, qonşu kənddən bir oğlan qaçırdı onu. Bunu eşidəndə Vəli hirsindən az qala dəli olmuşdu. İndi bütün olanları xatırlayıb qəhərləndi. Bəturənin zərif, solğun çöhrəsi gözləri önündən gəlib keçdi…
 Qarateli ona rəhmətlik anası bəyənib almışdı. Heç vaxt nə sözü, nə də qəlbi düz gəlmədi arvadıyla. Dərindən köks ötürdü, kövrəldi. 
Hətəmin oğlanları böyüyüb hərəsi bir evin kişisi, bir ailənin başçısı olmuş, o özü isə heç kimin gözləmədiyi bir vaxtda, beli bükülmüş, üzülmüş vəziyyətdə gəlib çıxmışdı. Sən demə, vərəm xəstəliyinə tutulubmuş zavallı. Rus arvadı xəstə, heydən düşmüş Hətəmi evdən qovmuş, o da “ölməyə vətən yaxşı” deyə geriyə qayıtmışdı.
Arvadı Səlbi daş atıb başını tutmuş, qara-qışqırıq salmışdı ki, iki dünya bir ola, biri də heç, onu bu evə qoymaram. Arvadın son sözü, – “get, sənə o vaxtında yedirib içirdiyin, kef çəkdiyin urus arvadın var ha, qoy o baxsın” – olmuşdu. Yaxşı ki, oğlanları Səlbinin sözlərinə fikir verməmiş, atalarını aparıb xəstəxanaya qoymuşdular. “Hə… Rusiyaya gedənlərin axırı çox vaxt belə qurtarır”- deyə düşündü Vəli. Fikrində dağı arana, aranı dağa daşıdı, evlərinə nə vaxt gəlib çatmasından xəbəri olmadı…
Onların evi kəndin qurtaracağında, dağa gedən yolun üstündəydi. Yayda dağa qalxan, payızda dağdan enən onların evinin yanından keçərdi. Rəhmətlik anası iki-üç gündən bir həyətdə ocaq çatar, sac asıb, yuxa salar, uşaq-böyük deməz, yoldan keçəni bir qismət çörəyə qonaq eləyərdi. Evləri həmişə qonaqlı-qaralı  olardı  onların. 
 Kamilgilnən qonşuydular. Vaxtilə Vəligilin yaşadığı evdə indi başqaları olurdu. Ata-anası rəhmətə gedəndə Vəli əsgərlikdən təzəcə gəlmişdi. Evi əmisi oğluna verib, rayon mərkəzinə köçsə də, o ev hər kəs üçün yenə də Vəligilin eviydi. Hər dəfə bu evə gələndə elə bilirdi ki, atasıMəhərrəm kişi tütünün tüstüsündən boğula-boğula onu yenə də bağrına basacaq. Mahir sınıqçı kimi bütün mahalda ad çıxaran bu kişi çox baməzə, həm də mərd, qorxmaz bir adamıydı. Tanıyanlar  onunla  bağlı çoxlu maraqlı əhvalatlar  danışırdılar… 

* * *
Deyirdilər ki, bir ilisi elat camaatı səbirsizliklə yazın gəlişini gözləyirmiş. Son günlər havanın qızdığını görən Gülzar arvadın da yaylağa köçməyə ürəyi atlanırmış. Axşam  Məhərrəm evə gələndə Gülzar başlayır ki, a kişi, gəlsənə, biz də dağa qalxaq. Bax, havalar get-gedə istiləşir. Camaatın bəzisi köçməyə başalayıb.
Məhərrəm  arvadına əyri-əyri  baxır:
-Az, sən atanın goru, qoy oturaq oturduğumuz yerdə. Bir möhlət verək, yaz özünü göstərsin. Havanın belə olmasına allanma. Tələsib covğuna düşər, malı-heyvanı tələf eləyərik. Bir az gözləsək, yaxşıdır.
Gülzar bir söz deməsə də, sevinə-sevinə hazırlığına başlayır, daxmaya keçib, keçən yaydan üstünü bərk-bərk bağladığı nehrəni, qab-qacağı, ocaq başındakı sacı, un çuvalını yığır bir yerə. Məhərrəm də arvadının qarasınca deyinə-deyinə dəyə üçün lazım olan çadırı, keçələri, payaları arabaya yükləyir. Günəşli bir gündə, axır ki,yığışıb yola düzəlirlər.
Yenicə yaylağa çatırlar ki, göy üzünü qara buludlar alır. Məhərrəm xeyli deyinir, bir təhər payaları yerə basdırıb, üstünü çadırla örtür. Dəyənin üstünü çadırla örtər-örtməz, şimşək çaxır, göy guruldayır, selləmə yağış düzü-dünyanı alır başına. Gülzar qorxusundan cınqırını da çıxarmır, tez yükü boşaldıb, yeri xalça-palazla döşəyir. Yorğunluqdan ölü kimi düşən Məhərrəm dərin bir yuxuya gedir, bayırdakı tufandan xəbəri olmur, bilmir ki, külək başının üstündəki çadırı  nə  vaxt aldı, hara  apardı…
Kişi gecənin bir aləmi qəfil ayılıb, mat-məəttəl qalır, baxır ki, göy üzündə ulduz ulduzu çağırır. Bir anlığa anışdıra bilmir ki, bura haradır. Yanında xoruldayan arvadına bir  dirsək vurur:
-Ağız, Gülzar, a tünbətünün qızı tünbətün, dur gör, hayandayam,  çoldəyəmmi,  içəridəyəmmi? 
Qonşu dəyədə onun dediklərini eşidənlərin ağzında bu söz zərb-məsələ çevrilir, bir şey olanda, – “dur gör, içəridəyəmmi, çöldəyəmmi?”-  deyib gülüşürlər. 
 Məhərrəm kişi təəssübkeş, qorxmaz adamıydı. Harınlamış erməni dığaları yola getmir, onları sıxışdırırdılar. Bir dəfə dığalar bir azərbaycanlı gənci ölüncə döyüb, aradan çıxmışdılar. Məhərrəm kişi gecə yatmayıb, gündüz dincəlməyib, arayıb-axtarıb, o dığaları tapmış və layiqli cəzalarını vermişdi. Bundan sonra dığalar rayon mərkəzində onu görəndə  özlərini  yığışdırırdılar…

* * *
Hər nə qədər əmisi oğlu orda qalsa da, Vəlinin ürəyi atadanqalma evinə bağlıydı, vaxtaşırı ora-burasına əl gəzdirir, uçub dağılmağa qoymurdu. Əmisioğlu da sağ olsun, vaxtlı-vaxtında arxları daş-kəsəkdən, kol-kosdan təmizləyir, ağacları budayır, diblərini belləyir, bağ-bağatı suvarırdı. Bağçada hər şey göz oxşayırdı. Vəli şəhər həyatından, hərdən də arvadın dığdığından bezəndə gəlib burda dincəlirdi.
 Onu yuxudan xoruzun ilk banı oyatdı. Əsgərlikdən qalan vərdişlə yorğanı üstündən atmasıyla, yerindən sıçrayıb geyinməsi bir oldu. Azandan sonra mollanın mikrofondan gələn səsi ətrafa yayıldı: “Ay camaat, deməyin ki, demədilər, qaz pulu, işıq pulunu çalışın vaxtında ödəyin. Yoxsa, qazınız, işığınız kəsilər, qalarsınız avara-sərgərdan!” Bayaqdan haqdan, ədalətdən dəm vuran, Allah bəndələrinə din-iman dərsi verən mollanın bu cür hədə-qorxusu Vəliyə qəribə gəldi. Bu da son dövrün dəbiydi – kommunal borcların ödənilməsinin vacibliyi əhaliyə bu yolla çatdırılırdı. 
Kəndin aşağısından axan çaya sarı yollandı. Qabağına çıxan adamların bəziləri ilə qısaca xoş-beş edir, hal-əhval tutur, bəziləri ilə eləcə salamlaşıb keçirdi. Çayın ürək açan şırıltısı, daşlara çırpılan suların səsi ona ləzzət eləyirdi. Çay, elə bil ki, kino lentiydi, durmadan axır, bütün uşaqlığı, yeniyetməliyi, ilk gəncliyini hardansa uzaqlardan çəkib gətirirdi: İsti yay günləri yoldaşları ilə çayda çimər, aylı-ulduzlu gecələrdə qoyunları çaya salıb yuyardılar… Keçən günə gün çatardımı? İndi o günləri geri qaytarmaq  üçün  nələrdən  keçməzdi?!.
 Qəfil şaqqıltıya fikirdən ayrılıb, sağa-sola boylandı – heç kim  gözə dəymirdi. Əgər görən olmasa, indi nə soyunub çimərdi! Köynəyini çıxarıb, qurşaqdan yuxarı yuyundu, tez də qurulanıb geyindi.  Əlini gözlərinə kölgə eləyib, yuxarıya – dağlara baxdı. Yenicə doğan günəşin şüaları qarlı zirvələrdə almaz kimi parlayırdı. Sonra başını dolandırıb, göz işlədikcə uzanan düzənliyə göz gəzdirdi. Gül-gülü çağırırdı. Ənginliklərdə süzən bir qartal hərdən qıy vurur, sanki yurdun keşiyini çəkirdi. Elə bil, qartal da düşmən qoxusu  almışdı! Yadına  oğlu Yusif düşdü…
 Novlu bulağın başında qız-gəlinlər su götürürdülər. Yavaş-yavaş bulaq başına gəlib, onlara salam verdi. Bulaq başındakılar onun arvadını, qızını soruşub, hal-əhval tutandan sonra suyla dolu səhənglərini çiyinlərinə alıb, vedrələrini, bidonlarını götürüb getdilər. Vəli ovuclayıb, bulağın diş göynədən suyundan içdi. Doymadı, bir də, bir də içdi. Köksü  qabardı, yavaş-yavaş evə  sarı  döndü… 
 Gözü Kamilgilin evinə  sataşdı. Kamilin qardaşı arvadı həyəti süpürürdü. Dönüb öz evlərinə baxdı: “Başın batsın, Vəli, gül kimi evi satdın. Gedib onun-bunun qoltuğunda qaldığına, gəlib yaşamadın bu cənnətdə”, – düşündü, öz-özünü qınadı.
Birdən doqqazın yanındakı kötüyün üstündə oturub, qəlyanını tüstülədən Həsən kişini gördü. O, kəndin sayılıb-seçilən ağsaqqalıydı. Arvadını vaxtsız itirsə də, təzədən evlənməmişdi, tənha yaşayırdı. Yaxşı ki, qonum-qonşu onu tək qoymur, gəlib evini yığışdırır, pal-paltarını yuyur, biş-düşünə baxırdılar.
Vəli asta addımlarla qocaya yaxınlaşdı. Gözləri uzaqlara, keçmiş günlərə zillənən qoca sanki qəlyan tüstülətmir, dərd-qəmini, ağrı-acısını üfürüb özündən uzaqlaşdırırdı. O əyilib, kişinin yanında – kötüyün üstündə oturdu. Həsən kişi dönüb ona baxdı və gülümsədi:
– A Vəli, oğul, sənsənmi, nə zaman gəlmisən?
 Qucaqlaşdılar.
-Dünən gəlmişəm, dayı. 
-Hə, ay oğul, indi hamı şəhərə qaçır. Dövran dəyişib, a bala. Torpaqların çoxu qansız gavurun əlindədir. Sahib ola bilmirik özümüzün olanlara. Məsəl var, deyərlər, qoyunu köpəyə tapşır, qurd boğmasın. İndi bir zamana gəlib ki, qoyunu qurda tapşırırlar.
-Dayı, nədi, indi qurd qoyun yemir day?
Kişi qımışdı, dişsiz damağı titrədi, bir uşaq sadəlövlüyü çökdü üzünə. 
-Oğul, indi qurd da ot yeyir, qurdda qurdluq  qalıb  ki? 
Vəli ürək dolusu güldü. Həsən kişinin baməzəliyini bilirdi. 
-Allah köməyimiz olsun, oğul. Düşmən torpağımıza yaman göz dikib. Budu ha irəliləyib-irəliləyib, gəlib durub qulağımızın dibində. Kənddə bir başıpapaqlı qalmayıb, boyu çıxan bir tikə çörək dalınca qaçır Urusetə. Heç kim özünü əziyyətə salmaq istəmir. Bəs, bu torpaqları kim əkib-becərəcək? Bəs, bu qız-gəlinin qeyrətini kim çəkəcək, ay oğul?! Mən bu yaşımda əlimə silah götürüb, döyüşə getmək istəyirəm.
Həsən kişi qəhərlənib, əsasını yanıqlı-yanıqlı yerə döyəclədi.“Əkilib-becərilməyən torpağın qədrini bilən olmayacaq, ay oğul, bilən olmayacaq!” Kişinin gözlərində gilələnən  yaş  yanaqlarından  sürüşüb, saqqalına  hopdu. 
Vəli çox mütəəssir olmuşdu. Həsən kişiylə keçmişdən-keçəcəkdən  danışdılar, bir  xeyli  dərdləşdilər… 
Qocadan ayrılanda oğlu Yusifi, bir parça çörək dalınca uzaq ellərə üz tutan qızı Təranəni düşündü, ürəyi sıxıldı. Fikirləşdi ki, ailə də vətəndir. Gərək gedib bir Yusifə də baş çəksin. Yusifin ona qarşı soyqluğunun günahını Qarateldə görürdü. Təranənin də yanına getmək lazımıydı. Qızlar çətin vəziyyətdə olduqlarını, pullarını oğurlatdıqlarını  ona  bildirərək, kömək  istəmişdilər. 

* * *
Qırmızı Körpüyə çatan sərnişinlər avtobusdan tökülüşdülər, Vəli də qoşuldu onlara. Pasportunu əlində elə sıxmışdı ki, eli bil, salıb itirəcəyindən ehtiyat edirdi. Gömrüyün qabağında bir basabas idi, gəl görəsən. Yükdaşıyanların hay-küyü ətrafı almışdı  başına – müştəri üstündə qırğınıydı. Yaşlı bir qadının ağır çantalarını götürən cavan oğlan hamını itələyə-itələyə basırıqda özünə yol açır, – “səhərdən heç nə yeməmişəm, siftəmdi”- deyə qışqırırdı. Vəlinin ona yazığı gəldi, çantanın bir ucundan tutdu ki, kömək eləsin. Oğlan kəskin hərəkətlə çantanı özünə tərəf çəkib, Vəlini itələdi. Yəqin onu özünə rəqib bilmişdi. Vəli özünü itirdi:- A bala, sənə kömək etmək istədim, – deyib kənara çəkildi. Ətrafdakılar yerbəyerdən dedilər ki, baş qoşma, xəstədir. Valideynləri ölüb, hamı yola verir onu. Oğlan başladı qabaqdakı yükdaşıyanı haylamağa: “A boyunu yerə soxum! Dədəm ölüb, ma yol ver.” 
Camaat gülüşdü, Vəlinin də pərtliyi keçdi. Axır ki, pasportunu möhürlədib, gömrükdən çıxdı. Gördükləri ona yuxu kimi gəlirdi: bir tərəfdə Qara dəniz, o biri tərəfdə sıldırım qayalar; göz işlədikcə uzanan yaşıl ormanlar… Buralar  Vəlinin  çox  xoşuna  gəlmişdi. 
Trabzonda avtobusdan düşən Vəlinin gözləri qızlarıaxtarırdı. Hələ gəlməmişdilər. Onları görməyəndə kefi pozuldu, yaxınlıqdakı boş bir skamyada oturdu. Sonra qalxıb, var-gəl eləməyə başladı, qorxdu ki, birdən gəlib onu görməzlər. Axır ki, qızlar göründülər. Onlarla qucaqlaşıb görüşdü, ağladı, darıxdığını dedi. Qızlar gülüşdü: “A kişi, ağlama, nə olub?” Onu sakitləşdirdilər. 
Təranə dedi:
– Dədə, bu yaxında kafe var, gedək, orda yemək ye.
-Bəs, eviniz  yoxdurmu?  Harda  qalırsınız?
Qızlar bir-birinin üzünə baxdı. Dədə, – qızı dilləndi,- biz qadınlar pansionatında qalırıq. Səni ora apara bilmərik. Kişiləri  ora  buraxmırlar. 
Sevda da onun sözünü təsdiqlədi. – Pulumuzu oğurladılar, yoxsa, səndən pul istəməzdik. Fabrikdə işləyirik. İnşallah, hər şey yoluna düşəcək. Vəli utandığından  nə qızının , nə də  Sevdanın  solğun və yorğun üzünə baxa bilmirdi. Sanki onların  dolanışıq  üçün  ta buralara  qədər gəlməsində  günahkar   özüydü. 
 Vəli tez əlini cibinə saldı, dollara çevirdiyi pulları çıxarıb, Təranəyə verdi:
-Hələ ölməmişəm.  Korluq  çəkməyin. 
Qızların gözləri işıqlandı. Yaxınlıqdakı kafelərin birində oturub qəlyanaltı elədilər, çay içdilər, ordan-burdan danışdılar. Sonra yaxınlıqdakı ucuz bir oteldə ona yer aldılar, Vəlini  öz  odasına  yerləşdirib  getdilər.
Axşam Vəli ha gözlədi, yanına gələn olmadı. Bir də səhərisi gəldilər ki, al, bu da sənin biletin, bu gün qayıt Bakıya. Vəli dilləndi ki, heç olmasa bir-iki gün sizinlə qalardım. Yaman pərt olmuşdu yazıq kişi. Təranənin, – “bu dəfə patrondan izn ala bilmədim, amma söz verirəm ki, gələn dəfə səni  doyunca gəzdirəcəm”, – sözləri sakitləşdirdi onu…
Türkiyəyə səyahətdən ona şişmiş ayaqlar, yol yorğunluğu və səbəbini  dərindən  dərk etmədiyi  və kimsəyə də aça bilməyəcəyi   acı  bir  duyğu qaldı. 

* * *
Vəlinin işə gəldiyini  eşidən Kamil qaraja girmək istəyirdi ki, kadrlar şöbəsinin müdiri Minayə ilə rastlaşdı. Bankdan pul götürmək üçün Vəliyə arayışın verilməsinəMinayə kömək eləmişdi, demişdi ki, day neyliyim, Kamilin kəndçisisən, xahiş edib məndən, sözündən çıxa bilmərəm. O vaxtdan Minayəni görməyən Kamil bu yaxşılığının əvəzində ona minnətdarlıq eləmək istəsə də, təəccübündən sözü ağzında qaldı. Saçını gündə bir rəngə salan, kosmetik dünyanın bütün rənglərini üz-gözünə yaxan Minayə möminə qadınlar kimi başını bağlamış, uzun ətək geyinmiş, öz aləmində dindar olmuşdu. Kamilin çaşdığını görüb, qımışdı:
– Noolub, adə, tanımadın yoxsa,  məni?
-Səni yanasan, qız, tanınmalın qalıb ki, tanıyam? Bu nə haldı, nə vaxtdan həcixanım olmusan? Boşanandan sonra  keçmisən  dindarlığa?
-Ha, ha, ha! – Minayənin qəhqəhəsi az qala divarı deşəcəkdi: – Adə, vaxtında məni bəyənmədin, indi də dolayırsan? Guya təzə ərə getdiyimdən xəbərin yoxdu? Birinci ərim alkaş idi, ikinci dindardı. Mən də onun yolunu tutmuşam. 
Kamil qımışdı:
-Ta denən indən belə sənin ətəyində namaz qılmaq olar  ki! Vallah  yamanca  şeysən!
– Şey nədi, adə? Öldürərəm səni valla, dilini dinc qoy, bildin?-bərkdən gülən Minayə qaş-gözünü süzdürüb, əndamını əsdirə-əsdirə öz  otağına  keçdi.
Kamil düşündü: “Ay gidi dünya, gör nə günlərə qaldıq? Dünən  bu  kim  idi, bu  gün kim  olmaq  istəyir?”
Minayə bir ara Kamili tovlayıb, ona getmək istəsə də, bundan bir şey çıxmadığını görüb, qaraja təzəcə işə düzələn  Zakirlə min oyundan çıxmağa başlamış, təcrübəsiz oğlanın  başını yeyib, ona  qoşulub  qaçmışdı…
Yük maşını sürən Zakir son vaxtlar hər axşam içdiyindən səhərlər işə gecikir, buna görə müdirdən tez-tez xəbərdarlıq alırdı. Müdirin sonuncu xəbərdarlığı da bir nəticə vermədi, işdən qovuldu bir gün. Sonra nələr olduğundan  xəbəri  olmadı  Kamilin… 
 O, avtobusun motoruna baxan Vəlini uzaqdan gördü, taksini düz onun yanında saxlayıb, bərkdən siqnal verdi. Vəli dik atılsa da, dədəsini görən uşaq kimi sevindi: 
-Ayə, Kamıl, səni xoş gördük ,- deyə ona tərəf yüyürdü. Əlinin mazutunu əskiyə bərk-bərk silib, onunla mehribancasına görüşdü. 
Birlikdə gözətçi Kazımınyanına gəldilər. Kamil çox vaxt onun yanında təzədəm çay içib, yorğunluğunu alır, sonra evə yollanırdı.
– Ə, Vəli, sən hələ burda qalırsan? – Kamil dilləndi. 
– Hə… Çox sağ ol, sənin hesabına bankdan pul götürdüm, qızlara verdim, gəldim. 
 – Ə, doğrudan, danış görək, Türkiyədə nə var, nə yox. Haraları gəzdin? Bəyəndinmi barı oraları? ”Arvadı”niyə gətirmədin? – Kamil sualı-suala calayıb, axırda gözətçiyə göz vurdu.
 -Eh, qızların vəziyyəti ağırdı. Yığdıqları pulu oğurlayıblar. Ev almaq üçün yığırmışlar. Mən də elə vağzalı gördüm, ordan da qayıtdım, vaxtları olmadı gəzdirməyə. Amma gözəl yerlərdi. Inşallah, gələn dəfə gəzəcəm. – Kövrəldi. – Yadıma saldın, darıxdım onlar  üçün.
Gözətçi  Kazım  dilləndi:

  •      Ay Kamil, bu bədbəxtin kirədə qalmağa gücü çatmır. Tanışdan-bilişdən birinin bağ evində bir sığınacaq olsa,  pis  olmazdı. Bir azdan soyuqlar düşəcək,Vəli day

 maşınlarda yata bilməyəcək. Müdiriyyət də burda qalmağa çox icazə verməz. Çətinliklə  bir neçə günlüyə razılıq ala bilmişik.
Kamil başını qaşıyıb, – yaxşı, bir şey fikirləşərəm, düzələr,- deyə fikrə getdi. Nə düşündüsə, qəfildən, –“Vəli, maşına  yaxşı  baxarsan” – deyib, qapıdan çıxdı.

* * *
 Səhər tezdən Kamil işə dostu Ramizlə gəldi. Ramiz ət kombinatı müdirinin şəxsi sürücüsü idi.Bu fərasətli, dilli-dilavər adamın xətrini hamı çox istəyirdi. Kimin nə xeyir işi olurdusa, ət məsələsi Ramizə baxırdı. Birdən Kamilin yadına  Kazımın  dünən  dediyi  söz  düşdü:
– Ayə, Ramiz, sənin müdirin bağa bir adam tapdımı?
-Yox. Güvəniləsi elə bir adam yoxdur.
– Biri var. 
– Sən canın kimdi?
Vəlini göstərdi.
– Sən öl, bundan yaxşısını tapa bilməzsiniz. Allahın fağır bəndəsidi. Özünün də banka borcu var. Qızının badına gedib. Kirayə pulunu verəmmir, qarajda yatır. 
Ramiz bir az duruxdu:
-Ə, sən canın, yamaq  adam deyil ki?
-Səndə də sözlər var e, valla, qatı açılmamış. Yamaq nə deməkdir?
-Uşaq vaxtı anamız, nənəmiz paltarımıza nətəri yamaq vururdu, bax, həmin sözdür. Əlimizdən heç nə gəlməsə də, yamaq vurmağımız var. Asfalt dağılır, yamaq vururuq, suvaq uçulur,yamaq vururuq. Elə adam da var ki, sənin canına yamaq olur, ha istəsən də, qopmaq bilmir.
Kamil axır ki, onu danışdırmaqdan  əl çəkdi:
-Ə, yox, valla, çox  fağır  adamdı, sırtıqlığı yoxdu. 
 -Yaxşı, deyərəm, müdir razı olsa, bu gün gələrsiniz. 
Kamil ona bir yağlı “sağ ol” deyib ayrıldı, amma Vəliyə bu barədə heç nə demədi. İş dağ olmamış söhbəti açmaq istəmədi, -“yazıqdı, ümid eləyər, sonra iş düzəlməz, pis olar”- deyə düşündü.
Vəli başqa bir ustanı da köməyə çağırıb, Kamilin maşınının motorunu düzəltmişdi, indi bir daşın üstündə oturub, siqaretini tüsdülədirdi. Günortadan keçmiş Ramizdən zəng gəldi ki, bəs, nə durmusunuz, geyinin-kecinin, gəlin. Kamil sevincək qaraja gəlib, Vəlini yanına çağırdı: “Vəli, sənə qalmağa bağ evi tapmışam. Gedək, ev sahibi səni görsün.”
Vəli sevindiyindən bilmədi  neynəsin.
-Ə, nə gözünü döyürsən? Təmiz bir paltar geyin, gedək… 
Yarım saat sonra artıq bibioğlunun müdirinin kabinetindəydilər. Müdir deyilən Kərimovun görünüşü vəzifəsinə yaraşırdı – iri cüssəli, hündür, zəhmli bir adamıydı. Mal-qara bazarındaymış kimi Vəlini başdan-ayağa, ayaqdan-başa bir neçə dəfə süzdü. Gələcək işçisinin ölçüsündən bir az böyük pencəkdəki arıq cüssəsi diqqətini çəksə də, adəti xilafına nəsə bir söz demədi. Ramizə dedi ki, gəl, bizi  bağa  apar.
Bağ evi rayon mərkəzinin kənarında, gözdən-qulaqdan uzaq bir yerdəydi. Sarı daş üzlük çəkilmiş, üstü qırmızı kirəmitli, üçmərtəbəli ev yamyaşıl qazon döşənmiş həyət-bacaya xüsusi yaraşıq verir, həyətin ortasındakı çarhovuzdan havaya sərinlik yayılırdı. Kərimov darvazanın böyründəki kiçik tikilini göstərib, – “sən burda qalacaqsan”, – dedi. Həyətin bir küncündə iri, qara köpək bayaqdan onları görüb, yerlə-göylə əlləşir, dişlərini şaqqıldadıb mırıldayır, zəncirini yerindən qoparmaq istəyirmiş kimi irəli-geri dartınırdı. Deyəsən, sahibinin yanınca gələn təzə adamları gözü almamışdı. Kərimov “Ramzes! Sakit ol”, – deyə ağ, toppuş əlləriylə itin başını tumarlayıb, təzə işçiyə ilk tapşırığını verdi:
-Sənin əsas işin Ramzesə vaxtlı-vaxtında yemək vermək olacaq. Hər gün onun yeməyini göndərəcəm. Ağaclara qulluq sənlik deyil. Bağın bağbanı var,o özü gəlib baxır. Qonşuluqda yaşayır. Bir də evdən göz-qulaq olacaqsan. Özüm də tez- tez gələcəm. Gəl şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq. Əgər nəsə o yan-bu yanlıq bir hərəkətin olsa, həmin gün işdən  azadsan. Anladınmı? 
 -Bəli, bəli! – deyə Vəli özü də fərqinə varmadan rəsmi danışıq ədasına keçdi. – Bəs, bəs… – yadına nəsə düşsə də, sözünün dalını gətirməyə  cürət  eləmədi.
Kərimov bu pencəyi özündən yekə, gözlərindən mütilik yağan kişinin verəcəyi sualı Ramzesin özünün belə qibtə edəcəyi cəldliklə göydəcə tutdu və cavabını anındaca verdi:
-Maaş-filan olmayacaq! Burda havayı qalacaqsan, bu da olacaq sənə maaş!  Oldumu?
-Bəli… bəli… – deyə başqa söz tapmayan Vəli özündən asılı olmadan yenə də rəsmi tərzdə dilləndi.
Kamilgil geri qayıtdılar, Vəli qaldı bağda. Onsuz da gətirəcək bir şeyi yox idi. Təzə iş yerində isə lazım olan hər şey varıydı.

* * *
Günlər keçirdi. Ramzesə gah kiloyla ət, gah mal dili, gah da yağlı qabırğalar gəlirdi. Axşamlar Kamil kəndçisini daha görmür, Vəli işini bitirər-bitirməz bağa gedirdi. Bağbanla da dostlaşmışdı. Bir axşam bağban onu evinə dəvət elədi. Təklikdən canı sıxılan Vəli dəvəti rədd eləməyib onlara getdi. Bağbanın evi iki sadə kiçik otaqdan ibarət idi. Biri altı, digəri səkkiz yaşlarında olan iki oğlan uşağı torpaq döşəməyə salınmış köhnə, rəngi solmuş kilimin üstündə taxta silahla dava-dava oynayırdılar. Ev kasıb olsa da, çox təmiz idi. Süfrəyə üstünə yumurta vurulmuş kartof qızartması gəldi. Bağbanın sağ əlinin şikəst olduğunu yalnız indi gördü Vəli. Kartof qızartması yeyən zaman hər gün Ramzesə göndərilən kilo-kilo ətlər, yağlı qabırğalar gözünün önündən keçdi, nədənsə xəcalət çəkdi. O gün-bu gün gələn ətin ən yaxşı yerindən kəsib, bağbana verməyə başladı. Bağbanı inandırdı ki, bu ət onlar üçün göndərilir. 
Amma bu xoşbəxtliyin ömrü vur-tut üç ay çəkdi. Hər həftəsonu bağa dincəlməyə gələn Kərimov itin arıqladığını, əvvəlki kimi bərkdən hürmədiyini görüb narahat oldu. Min fikrə düşsə də, ürəyinə damdı ki, hər nə kələkdisə, bu işdə Vəlinin barmağı var, amma çay gəlməmiş çırmanmayıb, işin axırını gözlədi. Bu minvalla daha on gün keçdi. Yox, yanılmamışdı, burda nəsə bir iş varıydı – Ramzes günü-gündən geri gedirdi.
Kərimov bir gün bağa baytarla gəldi. Baytar itin rəng-ruhuna baxıb, – “it aclıqdan bu hala düşüb”, – dedi və narazılıqla başını buladı. Kərimov Vəliyə elə tərs-tərs baxdı ki, yazığın qorxudan, həyəcandan rəngi kağız kimi ağardı, dili dolaşa-dolaşa özünü təmizə çıxarmaq istədi: 
-Vallah, siz nə göndərirsinizsə, onu da verirəm. 
Müdir onun avazımış sifətinə hirslə baxaraq, elə qışqırdı ki, daş hasarın qırağında sıralanmış sərv ağaclarına qonan quşlar hamısı birdən pırıltıyla havaya qalxdı.
-Nadürüst oğlu, nadürüst, olmaya itin payını özün yeyirsən?! Pədd ol burdan, gözüm bir də səni görməsin!!!
Vəli nəsə demək istəsə də, səsi çıxmadı, boğazı tıxandı, suyu süzülə-süzülə qaldığı otağa keçib, əşyalarını çantaya yığdı, pərt halda darvazadan çıxdı. Torpaq yolda maşın gözləməyə səbri çatmadı, elə payi-piyadaca şəhər deyib, düşdü yolun ağına… son dəfə dönüb bağbanın evinə boylandı, çox pis oldu, ürəyi sıxıldı, qəhərləndi.  
Vəlinin bağdan qovulması xəbərini iş yerində bilən olmadı. Vəli heç kimə bir kəlmə də demədi, yalnız Kamilə danışdı həqiqəti. Vəlinin danışarkən, gözlərinin dibindəki qara lağımı  ilk dəfə görən  Kamil də nədənsə,  bu dəfə xəbərçilik eləmədi, sirrini açmadı Vəlinin. 
Vəli yenə fikir eləyir, qalacaq bir yer arayıb-axtarırdı. Ümidi yenə də Kamilə idi. Nə qədər olmasa da, kəndçiydilər, axı. Ətini yesə də, sümüyünü atmazdı. Bir də Kamil onunla zarafatlaşsa da, ürəyi yuxaydı. Amma tərs kimi o da neçə günüydü ki, gözə dəymirdi. Deyirdilər, rayona yasa gedib. 
Axır ki, Kamil gəlib çıxdı. Vəli özünü tez onun yanına verib, salamlaşdı, nətərsən, necəsən elədi. Vəlinin kefsizliyi üzündən bilinirdi. Günahkar adamlar kimi boynunu burub durmuşdu. Onun  yazıq  görkəmi Kamili qıcıqlandırdı:
 – Ayə, indi sənnən neyniyək? Yenə  qalmağa  yer  ta-
paq?  Yenə bir  iş  çıxarasan? Hə?!
-Müvəqqəti yer, başına dönüm, qızlar gəlib, ev alacaqlar. 
– Yaxşı, balıq bilməsə də, xalıq biləcək, bir şey fikirləşərik, – deyə  Kamil  ayağa qalxdı.
 Bir gün Kamil gəldi ki, – ə, bəs, sənə kənddən bir arvad tapmışam. Sən öl, arvad, nə arvad! Qoça gələn yağlı qoyun kimidir! Malı, pulu da ki başından aşır. Dəstəynən ördəyi-qazı, sürüynən qoyunu. Bağ-bostanı tığ verir. Get bir ucundan tut, ye. İş yoldaşları doyunca gülüşdülər. Vəli daş atıb başını tutdu:
– Mənim ailəm var!
Axır ki, güc-bəla ona ucqar bağların birində sığınacaq tapdılar… 
Bir gün eşitdilər ki, Vəli işə gəlmir, gecə-gündüz oturub ağlayır. Sən demə, Təranə atasının iş yerinə zəng edib, hal-əhval tutub. Vəli soruşanda ki, nə vaxt gəlirsiz bura, Sevda necədir? Qızı qayıdıb ki, mən tezliklə gəlirəm, amma Seva qalası oldu, çünki bir nəfər var, onunla ailə qurmaq istəyir. Vəli bu xəbərdən çox sarsılmışdı.
Kamilin təklifi ilə sürücülərdən bir neçəsi yığışıb, onun qaldığı yerə getdilər. Heç bu qədərini gözləmirdilər. Kişi sızım-sızım sızıldayır, yana-yana ağlayırdı.
-Özümü öldürəcəm. 
 Kamil ona yaxınlaşıb danladı:
– Ə, sən dəlisən, nəsən? Qulaq asmadın mənə, o boyda pulu boş yerə yedirtdin ona! İndi al payını, çağır dayını! Bu ağıl ki, səndədi, nə olur, haqq olur sənə. İndi də deyirsən özümü öldürəcəm! Ay Allahın mağmın bəndəsi, o kef çəkir, sən niyə özünü öldürürsən? Adam borca görə özünümü öldürər?
-Pul gözümdə deyil. Siz hardan biləsiniz məhəbbət nədir? -deyibVəli qəfildən hönkürdü. 
Vəli özü də bilmədən Sevdaya aşiq olmuş, qız onda Bəturəli duyğuları oyatmışdı. Indi o, Sevdaya yox, itirdiyi hisslərinə, öz həyatına, taleyinə ağlayırdı. Elə bil, zalım balasının gözlərində ömrü boyu göllənmiş çayın qabağı açılmışdı – hönkürüb ağlayır, ağlayıb hönkürürdü. Hönkürdükcə əlləriylə üzünü örtən kişiyə hamı elə heyrətlə baxırdı ki, guya illərlə bir yerdə işlədikləri, zarafatlaşdıqları adamı birinci dəfəydi görürdülər. Kamilə elə gəldi ki o, həmkəndlisini indiyəcən yaxşı  tanımayıb….

 İKİNCİ HİSSƏ 

QİYMƏT 

Peşə məktəbinə tank girib!!!
Bu xəbər bir anda pəpə yeyəndən məmə deyənəcən hamını yığdı məktəbin həyətinə! Həyətdəki tankın lüləsi düz ikimərtəbəli məktəbə tuşlanmış, yan-yörədəki evlərdən gələn qışqırıq səsləri aləmi başına götürmüşdü. Üzünü-gözünü şülüm eləmiş bir qarı pəncərədən haray salmışdı:
– Ay qız, ermənilər!!! Ermənilər gəldi ey!!!
Yazıq tələbələr gördüklərindən təlaşa düşmüşdülər: yuxarı mərtəbədəkilər dəhlizə axışdı; aşağıdakılar arxa pəncərədən özlərini bayıra atdı; müəllimlər tələbələrin dalınca çıxdı. Birdən tankın lükü qalxdı və bir əsgər başını bayıra çıxardı. İkinci mərtəbədəki kabinetinin pəncərəsindən baxan peşə məktəbinin direktoru İsrafil müəllim əsgəri dərhal tanıdı. Bu Vəlinin oğlu, hamının “Yuska” çağırdığı Yusifiydi!
Günlərin bir günü heç kimə bir söz demədən könüllü orduya yazılan Yusif peşə məktəbinin son sinifində oxuyurdu. Məktəbdə traktorçuluq peşəsini öyrənən Yusif gedən kimi, ilk aylardan tankın texniki sirlərini də mənimsədi.  Bir neçə gün qabaq əsgər yoldaşlarından biri Yusifə, -“İsrafil müəllim sənə “iki” yazıb, qalmısan sinifdə.”-xəbərini çatdırmışdı. Ona da bu sözü Yusiflə eyni sinifdə oxuyan qardaşı demişdi. Hərbi təlimdən qayıdan Yusif də qiymətini yazdırmaq üçün eləməyib tənbəllik tankı sürmüşdü düz peşə məktəbinə!
Məktəbin həyətindəki uşaqlardan biri tez xəbərə qaçdı ki,Vəli əmi, nə durmusan, tez ol gəl, Yuska məktəbi dağıdır! Tankın lüləsini məktəbin qapısına tuşlayan Yusif bu vaxt var gücüylə qışqırıb, İsrafil müəllimi haylayırdı:
– Ayə, a müəllim, çıx bayıra, çıx deyirəm ?! Niyə belə eləmisən?! Mənim qiymətimi niyə vermirsən?!
İsrafil müəllim yayxanıb oturduğu qara, meşin kreslosundan əsəbi halda qalxmaq istəsə də, sinəsindən tutan qəfil sancı onu təkrar aşağı çökməyə məcbur elədi. Əlləri əsə-əsə döş cibindən nitroqliserin həbini  çıxarıb, dilinin altına qoydu: – “Bu başdan  xarabın bir ağsaqqalı, qarasaqqalı, böyüyü-kiçiyi yoxdumu?”- deyindi.
Bu vaxt özünü məktəbin həyətinə qaranəfəs yetirənVəli oğlunu tankın üstündə görüb, sevincindən qıyya çəkdi! Kişi təkrar-təkrar tankın üstünə, oğlunun yanına çıxmağa can atır, amma bacarmır, hər dəfəsində sürüşüb düşürdü aşağı:
– Ayə, a Yuska, bunu hardan öyrənmisən? Sən niyə bura gəlmisən?
Axırı Yusif özü düşdü aşağı və ata-bala neçə ilin həsrətlisi kimi qucaqlaşıb görüşdülər. Kövrəlmiş Vəlinin gözləri doldu, atasına baxıb Yusif də doluxsundu.
İsrafil müəllim polis çağırmaq istəsə də,Vəlini görüb, fikrindən daşındı, uşaqlardan birini onun yanına göndərdi ki, get, de, direktor sizi çağırır.
Bunu eşidən Yusif bərk coşdu:
– Mən gəlmirəm! Dədə, bax, deyirəm sənə, get o İsrafil müəllimə de ki,mənim qiymətimi yazsın, yoxsa, axırı pis qurtarar!
Vəli,- yaxşı, yaxşı, – deyə oğlunu birtəhər sakitləşdirəndən sonra tələsik özünü direktorun kabinetinə saldı, İsrafil müəllimi hirsli görüb, başladı dil-fel tökməyə:
-Məllim, qadan alım, uşaqdı, beyni qandı. Vətənin keşiyindəymiş.
-Ay Vəli, oğlun neçə aydı ki, səssiz-səmirsiz itib. Orduya yazıldığını sonra bildik.  İndi qoy getsin əsgərliyini çəksin. Qayıdıb gələr,  nəzərə alıb, qiymətini verərəm. Get, oğluna elə belə də de. Qoy, tankını da götürüb elə indicə getsin burdan! Bu dəqiqə hərbi komissarlıqdan, polis idarəsindən tökülüşüb gələcəklər.
Vəli ayaqları bir-birinə dolaşa-dolaşa özünü bayıra atıb, bu dəfə direktorun ismarışını oğluna çatdırdı. Yusif ağzı köpüklənə-köpüklənə qışqırdı:
-Dədə, mənim başımı aldadır o! Get ona de ki, qiymətimi almayınca heç yerə gedən deyiləm!
Yazıq Vəli qalmışdı məktəblə tankın arasında. Bir neçə dəfə get-gəldən sonra direktor axırı kreslosundan birtəhər durub, gəldi taybatay açılmıış pəncərənin qabağına, hər əlini pəncərənin bir tayına söykək verib, xırıltılı səslə bəyan elədi:
-Ay Yusif, sənə söz verirəm, qiymətini özüm yazacam, amma tankını da götür bu dəqiqə get burdan!
Yusif özündən razı halda tankı işə salıb, atasını da dırmaşdırıb komandir qülləsinə, məktəbin həyətindən çıxdı. Tank nərildəyə-nərildəyə rayonun arasıyla irəlilədikcə,Vəli komandir qülləsində şəstlə dayanıb, yoldan keçən, qapının ağzında duranları yuxarıdan aşağı süzür, “oğlumu görürsünüzmü!” – deyə ürəyində öyünürdü. Vəli komandir qülləsindən oğluna sanki komanda verirdi. Tankın səsindən eşidilsin deyə, qışqırırdı ki, ay oğul, nə zaman qayıdacan evə?! Bizə deyəydin də gedəndə. Ananla mən yaman axtardıq səni. Biləndə ki, sağ-salamatsan, ürəyimiz yerinə gəldi. Yusif də geri baxmadan ötkəm-ötkəm qışqırırdı ki, dədə, görmürsən, azğın ermənilər burnumuzun dibindədir?! Qarabağı zəbt ediblər! Özümə söz vermişəm, ta o yurdlar qaytarılanacan, düşməni yerində oturdanacan tankımdan düşməyəcəm! Düşmən ana-bacılarımızı, qız-gəlinlərimizi əsir götürüb, torpaqlarımıza yiyələnib! Mən evdə necə rahat otura bilərəm?
Vəli oğlunun hərbi geyiminə, gündən qaralmış boyun-boğazına, küləkdən dalğalanan qıvrım tellərinə, yaraşıqlı üzünə,gümrah, mərdanə baxışına iftixarla baxır, qürurdan ürəyi sinəsinə sığmır, nə deyəcəyini bilmirdi. İlahi, onun dəcəl, ərköyün Yusifi nə vaxt böyümüşdü? Bircə onu dedi ki, ananla görüşəcənmi? Atasını yolda düşürən Yusif, – anama de ki, məndən nigaran olmasın, düşməni tezliklə məhv edib qayıdacam -deyə qəzəbli baxışlarını üfüqlərə dikdi. Sonra həsrətli baxışlarla qarşı tərəfdəki dağları, düzənliyi gözüdolusu süzdü. Hərbi təlimlərin bitdiyini, burdan birbaşa cəbhə bölgəsinə getdiyini demədi. Baxışlarını aşağı salan Yusifin nəzərləri bir anlıq atasının havadan asılı alan qabarlı əllərində ilişib qaldı, kövrəldi, atasına əl yelləyib, tankı nərildədərək uzaqlaşdı. Vəli onda hələ bilmirdi ki, bu, adi gediş deyil. Və bilmirdi ki, olacaqlar olacaq, oğlunun gündən qaralmış üzü, pırpız saçları, kişiyana, ötkəm səsi, tankın gurultusu ağrılı bir xatirəyə çevrilib, yaddaşında ömürlük qalacaq…
Oğlunun arxasınca xeyli baxıb, gözləri yaşaran Vəlinin ürəyindən keçdi ki, bəlkə, o da getsin komissarlığa, könüllü orduya yazılsın,  xarab olan texnikanı təmir eləməkdə əsgərlərə kömək olsun…
Günlərin birində vəziyyəti qəfil ağırlaşan İsrafil müəllimi xəstəxanaya götürdülər. Bir neçə gün reanimasiyada canı ilə əlləşən kişinin ürəyi ikinci infarkta dözmədi, axşama doğru keçindi, Yusifə qiymətlə bağlı verdiyi sözü də özüylə apardı.

* * *
Nənəsinin yanında ərköyün, dəcəl böyümüşdü Yusif. Məktəbə çox az hallarda, həftədə bir- iki dəfə gəlirdi. Bir də gəlməyindən nə fayda? Gəlib aləmi qatırdı bir-birinə. Yazıq ingilis dili müəlliminə göz verib işıq vermir, dərs zamanı cürbəcür əcayib səslər çıxarır, ingilis sözlərinin qolunu-qabırğasını sındıra- sındıra höccələyirdi. Müəllim əlacsız qalıb, onu sinifdən çıxaranda da cibində gəzdirdiyi qaz ayağını pəncərəyə tutub, vətərini çəkir, qaz ayağı yay kimi yığılıb açılır, qəhqəhə səsi sinfi başına götürürdü. Müəllim hirslənir, nə baş verdiyini bilmək üçün pəncərəyə sarı baxır, Yusif tez aşağı əyilib, pəncərənin altında gizlənirdi ki, müəllim görməsin onu.
Yusif, bax,belə Yusifiydi!
Amma nə qədər ərköyün, dəcəl olsa da, ürəyi təmiz, dostcanlıydı Yusif. Heç kimin xətrinə dəyməz, nənəsinin ondan ötrü qoyduğu yeməkləri sinif yoldaşlarıyla bölüşərdi.
Qonşularında bir qız vardı, anası ona bir səndəl almışdı. Qız təzə səndəllərinə baxıb sevinirdi. Bir gün uşaqlar yaxınlıqdakı arxda çimməyə getmişdilər. Necə oldusa, qızın ayağındakı səndəlin bir tayını su apardı. Qız bərkdən hönkürərək ağlamağa, bundan bir kar aşmayanda dəli kimi özünü arxa vurub, səndəlini axtarmağa başladı. O biri uşaqlar da ona baxıb, səndəl axtarışına çıxsalar da, bir şey tapılmadığını görüb, yavaş-yavaş dağılışdılar evlərinə. Qız isə inad göstərir, evlərinə ayağıyalın qayıtmaq istəmir, səndəlini axtarırdı.
Uşaqlardan təkcə Yusif onu tək qoymadı, özünü vurdu arxa, o yana üzdü, bu yana üzdü, axır ki, xeyli aralıdan səndəli tapıb, verdi qıza. Sevindiyindən ağlayan qızın onu necə qucaqlamasını Yusif heç vaxt unutmadı. İlk dəfəydi ki, onu qız qucaqlayırdı, ilk dəfəydi ki, bədənini xoş həyəcan bürümüşdü.
Bir gün dərsin ortasında Yusif qapını açıb, sinfə girmək istəyəndə məktəbə təzə gələn riyaziyyat müəllimi soruşdu ki,a bala, sən kimsən, nə axtarırsan burda? Sinif bir-birinə dəydi, uşaqlar uğunub getdilər. Sinif nümayəndəsi tez ayağa qalxıb dilləndi:
-Müəllim, bu, Yusifdir, bizim sinifdə oxuyur.
Müəllim bu qıvrımsaç, üz-gözündən dəcəllik yağan oğlanı sinifə buraxmadı:
-Bir həftədir dərs başlayıb, sən hələ indi gəlib çıxırsan? Dərsə buraxılmırsan, get, sabah valideynini gətir. – dedi.
Yusif hirslə qapını çırpıb çıxdı. Müəllim sinif nümayəndəsinə dedi ki, xəbər elə, qoy onun valideyni sabah məktəbə gəlsin.
Səhərisi gün dərs yenicə başlamışdı. Qapının döyüldüyün eşidən müəllim, – gəlin,- dedi. Şalın biri başında, o biri belində, keçə çəkmələr ayaqlarında, iri, sarı kəhraba boyunbağı boğazında bəstəboylu, dolu bədənli, yaşlı bir qadın girdi içəri. Sinfə pıqqapıq düşdü. Sinif nümayəndəsi tez ayağa qalxıb məlumat verdi:
– Müəllim, bu, Yusifin nənəsidi.
Arvadı başdan-ayağa  süzən  müəllim  dilləndi:
-Bağışla, ay nənə, sənə əziyyət verdim, xoş gəlmisən. Nəvən Yusif niyə dərsə gəlmir, dərs oxumur, tüfeyli həyat keçirir?.
Arvad birdən dilləndi:
– Məllim, niyə heylə deyirsən? Yazıq balam gecələr yuxu üzünə həsrətdir. İkimizin də başımız haqqı, nə vaxt baxıram, kitab əlindən düşmür. Amma nolsun, məllimlərin gözü götürmür nəvəmi, gələn-gələn gözümçıxdıya salır. Pulu verirəm, elə tez sayır ki! Oxumursa, belə hesabı harda öyrənib? Hər səhər yedirib-içirdib, geyindirib-kecindirib, öz əlimlə dərsə yola salıram.
Riyaziyyat müəllimi sakit tərzdə dilləndi:
-Məncə, Yusif səni aldadır, ay nənə. Amma belə getsə, o həyatda heç bir sənət sahibi ola bilməyəcək.
Arvad qəfildən özündən çıxdı:
-Bıy, ay bala, niyə olmur ki? Olanların harası ondan artıqdır? Yəni o qədər ölü oldu, sənin kimi bir məllim də olmuyajax?
Uşaqlar qəşş elədilər, qıpqırmızı qızaran müəllim deməyə söz tapmadı. Arvad yanlarını yırğalaya-yırğalaya geri çevrilib, sərt hərəkətlə sinifdən çıxdı.
Səkkizinci sinfi güc-bəla bitirən Yusifi və onun kimi bir neçə nadinc şagirdi texniki peşə məktəbinə göndərdilər. Dəcəllərdən yaxasını qurtaran orta məktəb axır ki, rahat nəfəs aldı…
Qarabağda məskunlaşdırılan ermənilər yerli əhaliyə vəhşilik dövrü adətlərini yada salan ağlasığmaz işgəncələr verib, divan tutmuşdular. Minlərlə adam itkin düşmüş, qətlə yetirilmiş, evlər dağıdılmış, bütöv rayonlar xarabazarlığa çevrimişdi.
Bu torpaqların əsl sahibləri  öz dədə -baba yurdlarından didərgin salınmışdı. Bütün bunlardan dişlərində şirə qalan bu mənfur qonşuların yeni hücumları Yusifin də səbr kasasını daşırmış, ürəyində vətən sevgisini alovlandırmışdı.
Artıq Qarabağda qanlı döyüşlər başlamışdı. Geriyə yol yox idi, yağı düşmən bu dəfə ana yurddan təmizlənməliydi…İgid oğullar nərə çəkib, cəngə girmiş -dilər.

* * *
Şüşələrinə qara pərdə çəkilmiş maşın yavaş-yavaş Qaratelin yaşadığı  evə yaxınlaşırdı. Vəli  hadisəni dünəndən  bilirdi. Onu  hərbi  Komissarlığa  çağırıb, oğlunun
şəhid olduğunu bildirmişdilər. Eşitdiyi xəbərdən bəti-bənizi avazıyıb, özünü itirən kişi çox sarsılmış, birtəhər özünü ələ alıb, Kamilin yanına tələsmiş, başını onun çiyninə qoyub hönkürmüşdü. Eşitdiyi xəbərdən Kamilin də əhvalı pozulmuş, Vəliyə təsəlli verməyə söz tapmamışdı. Kənd uşaqlarıyla birgə yol kənarında böyürtkən satan qıvrımsaç, mehriban baxışlı Yusifin xəyalı bir anlığa gözləri önündən gəlib keçmişdi. Ürəyini boşaldıb, toxtayan Vəli Kamildən xahiş etmişdi ki, Yusifin nənəsi Zəhranı səhər tezdən gedib gətirsin.
Hərbi komissar başda olmaqla komissarlığın işçiləri, rayonun nüfuzlu adamları, Yusifin uşaqlıq dostları, sinif yoldaşları, oxuduğu orta məktəb və peşə məktəbinin müəllimləri, bir sözlə, tanıyan, tanımayan, eşidən-bilən  uşaqlı-böyüklü maşının dalınca axışırdılar. Yusifin şəhid olmasından üç nəfərin xəbəri yoxuydu – nənəsi Zəhra, anası Qaratel və bacısı Təranənin…
Maşın qapıya çatıb ağır-ağır dayandı. Səsə-küyə darvazaya çıxan Qaratel dördgöz olmuş, çaşbaş qalmışdı. Onun böyüyüb hədəqəsindən çıxmış gözləri intizar qarışıq, həyəcan dolu bir suala dönmüşdü: “Nə baş verib?! Nolub, axı?!!” Əsgərlərin çiynində maşından endirilən, üçrəngli bayrağa bürünmüş tabutu və Vəlinin yaşla dolu gözlərini görəndə ana hər şeyi bir andaca anladı! Anlamasıyla da ürəkləri dağlayan bir fəryad yayından ox kimi çıxdı:
-Yusiiif!!!
Kişili-qadınlı qonşular özündən gedib yerə yıxılan ananı bir təhər qaldırıb, üstünə nimdaş palaz sərilmiş taxta uzatdılar. Pakizə və bir neçə qonşu arvad üzünə su vurub, onu özünə gətirdilər. Huşu özünə gələn ana dərhal tabuta doğru can atdı. Arvadlar onun səndələdiyini görüb, hər iki tərəfdən qoluna girdilər. Şəhid anası tabuta sarılıb, tabutu başdan ayağa, ayaqdan başa duz kimi yaladı. Və qəfil başını qaldırıb
-Caaan bala! Anan ölsüüün!!! – deyə dəli bir fəryad qopardı. Bayaqdan susan qadınlar bunu gözləyirmiş kimi səs-səsə ağlaşdılar və elə ağladılar ki, səsləri qəsəbənin bəlkə də ən uzaq evlərinəcən gedib çatdı.
Qaratelin gözü bir elə adamın içində dərddən daha da büzüşmüş, sir-sifəti daha da qaralmış, göz yaşları üzündəki qırışlarda göllənmiş  Vəlini  aldı:
-Vəli, hanı Yusif?! Hanı mənim balam?! Ver mənim balamı! Ver Yusifimi!
Elə bu vaxt təlaşla darvazadan içəri girən, bir ortalığa qoyulan tabutu, bir də yanıqlı-yanıqlı ağlayan Qarateli görüb, nə baş verdiyini anlayan Zəhra arvad qiyyə çəkərək, özünü tabutun üstünə atdı, başından kələğayısını açıb, tabutun üstünə  sərdi:
-Can, ay Yusif, şəhid balam!!!”- deyib alnını tabuta söykədi: – Toyunu görmədiyim balam vay! Boyunu doyunca sevmədiyim şəhidim laylay! Gözümdən uzaq düşən igidim haray!…

Balam, balam, ay balam,
Aslan ürəkli balam,
Kaş bu nənən öləydi,
Deməyəydi, vay balam.

Bu vaxt Qaratel gözlənilmədən tabutun üstündəki bayrağı öpdü və başını qaldırıb bayaqdan fəryad qoparan o deyilmiş kimi sakit, hüznlü səslə dedi:
– Ağlama, ana! Yusifi sən vətən üçün böyütdün! Haqqını halal elə! Yusif ölməyib, şəhid olub! – dedi və bu sözlər bütün eşidənlərin damarlarında axan qanı dondurdu sanki!
Pakizə, – Allah, erməninin evini yıxsın! Balalarımızı əlimizdən alan erməninin! – deyə ağlar səslə hönkürdü. Şəhidin cənazəsi üstündə çıxış eləmək istəyən hərbi komissarlığın sədri nə edəcəyini bilməyib susurdu. O gözləməyin mənasız olduğunu görüb, axır ki, sözə başladı. Yusifin Qarabağda igidliklə döyüşməsindən, düşmənin neçə-neçə tankı, topu, canlı qüvvəsini məhv etməsindən, mühasirədə olan dostlarını xilas edərkən, qəhrəmancasına şəhid olmasından danışan komissarın səsi həyətdəkilərin başı üsündə şimşək kimi çaxdı:
-Şəhidlərimizin qanı yerdə qalmayacaq! Tezliklə Qarabağı düşmən tapdağından azad edəcəyik! Buna öz varlığım kimi inanıram! Siz də inanın! Bunu bizdən şəhidlərimizin ruhu tələb edir! Canını Vətən yolunda qurban verən şəhidlərimizin  xatirəsi qəlbimizdə  əbədi  yaşayacaq!!!
Azacıq yavaşıyan ağlaşma səsləri bu sözlərə bəndiymiş kimi yenidən zilə çıxdı. Səslər içində cana üşütmə salan “Yusif! Yusif! Ay bala, hardasan?” harayı ayrıca səslənir, həyəti başına götürmüş hay-küydən qoparaq göylərə millənirdi. Bu, Qaratelin səsiydi. Hərdən xırıltılı bir kişi hönkürtüsü də qarışırdı şəhid anasının fəryadına. Hönkürən Vəliydi!
Kişilər tabutu çiyinlərinə alıb, ağır-ağır yeridilər. Ağlamaqdan, dərddən Vəli yumaq kimi olmuşdu.Uğursuz həyatı, acı günləri, yaddaşından ildırım sürətilə gəlib keçirdi. “Oğul, sənə layiq ata ola bilmədim! Məni bağışla!” – deyə için-için sızıldayır, yanıb-yaxılırdı. O, yaşadığı  yoxsul həyatına, kasıbçılığına görə şəhid oğlunun cənazəsi önündə utanır, 
xəcalət çəkirdi. Yusif sanki qılınc kimi kəskin baxışlarıyla hardansa ona baxırdı.
Deyib-gülən, heç nədən qorxmayan, gördüyü hər şeylə maraqlanan  inadkar oğlunun həyatını göz önünə gətirirdi Vəli. Amma balacalığını yada sala bilmədi. Necə yada salaydı? Axı, körpəlikdən nənəsi saxlamışdı onu. Qəfildən hönkür-hönkür, yana-yana ağlamağa başladı. Bayaqdan ağlayıb kirimiş kişinin belə qəfil hönkürtüsünə hamı dönüb ona baxdı.
Tabuta sarılmış bayrağı açıb, Vəliyə verdilər. Birdən elə bil ki, möcüzə baş verdi. Oğlunun ətrini aldı ata! Bayraqdan Yusifin ətri gəlirdi! Üçrəngli bayraq oğlunun üstünə qan çilənmiş göylü, yaşıllı köynəyi idi, sanki! Bayrağı göz yaşları içində öpüb sinəsinə sıxdı!
Başını dik tutmuş şəhid atasının qəhərdən boğula-boğula az qala pıçıltıyla dediyi sözləri hamı eşitdi:
-Vətən sağ olsun!

 Manevr.az