Kədərli gəlinciklər
Hər yaz
qayıtdığın zaman
bənövşələri
boynubükük görürsən.
Əsla təəccüblənmə!…
Hər qış getdiyin zaman
mənim qəlbim qırıldı öncə.
Onlarınsa
bir-bir
yarpaqları töküldü sadəcə…
Yalnızlığa ağı
Keçdiyim dəhlizin içində
qərib bir ruhun yalnızlığı var.
Milyonların dünyasında
tək-tənhayam.
Yalnız bir adayam…
Heç vaxt olmadığı qədər
lal cümlələriylə
yalnızlıq yaramı saran
gözləri ilə qucaqlayan
bir dosta möhtacam.
Sərhədsiz bir şəfqətin
tərifi olmayan aclığı içində
şəhərdə və evdə,
Kainatda
gözəl Allahın
qəribə yalnızlığı içində
yaşayıram…
Susun, lütfən
Mən bu şeirin içindən
sürətlə çıxıb gedərəm.
Son misrasını şeirimin
tez bitirərəm.
Son sözünü
qələmimin qəlbinə gömərəm.
Yaranmamış şeirimi
qucaqlayaram,
göz yaşı tökərəm.
Heç kimin
Tərk edə bilməyəcəyi kimi
bu şəhərdən də
işıq sürətiylə qaçaram.
Siz çaşqınlıq içindəykən
sübh vaxtı
sabah duası üçün əllərimi
Göy üzünə açaram.
Başqa bir şəhərdə
sabahı salamlayaram.
Ağaclarla, çəmənlərlə danışıb,
quşlarla civildəşərəm.
Sübh çağında
Anamın qoxusunu axtararam
anaların yaşmağında.
Tərcüməçi: Rəsmiyyə Sabir