Ev Araşdırma Qədim türk yazılı abidələrinin izləri Azərbaycan dili şivələrində

Qədim türk yazılı abidələrinin izləri Azərbaycan dili şivələrində

498

QƏDİM TÜRK YAZILI ABİDƏLƏRİNİN İZLƏRİ AZƏRBAYCAN DİLİ ŞİVƏLƏRİNDƏ

Qədim türk əlifbası ilə yazılmış Orxon-Yenisey daşüstü kitabələri ümumtürk yazılı abidələridir. Dünya üzərində VIII əsrə aid olan bu abidələrin türklərə mənsub olduğunun bilinməsi ilə tarixin bir çox qaranlıq səhifələrinə işıq salınmışdır. Bügünədək qədim türk yazılı abidələrinin mətnləri bir çox müəlliflər (Vilhelm Tomsen, Vasiliy Radlov, Serqey Malov, Hüseyin Namık Orkun, Əlisa Şükürlü, Əbülfəz Rəcəbli ve b.) tərəfindən çap edilərək oxunmuş və müxtəlıif aspektlərdən tədqiq olunmuşdur.

Müasir türk dillərinin lüğət tərkibinin çox hissəsini qədim türk leksik qatı təşkil edir. Qədim türk yazılı abidələrinin leksikası özünü müasir türk dillərində müxtəlif formalarda göstərir. Bir qrup sözlər olduğu kimi (otuz, oğul və s.), bir qrup fonetik simasını dəyişib ifadə elədiyi mənanı saxlamaqla (ığaç –ağac, meşə; inqek-inək və s.), bir qrup formasını saxlayaraq mənasını dəyişməklə (ağır, aş və s.), bir qrup müstəqil şəkildə işləkliyini itirərək başqa sözlərin tərkibində (ögey, dünən və s.) daşlaşmışdır. Abidələrin dilində işlənən müəyyən qrup sözlər də vardır ki, türk dillərində ədəbi dil səviyyəsində işləkliyini itirərək şivələrdə istifadə olunmaqdadır.

Məqalədə tədqiqata cəlb olunan sözlər (azıx, ağırlamax, adax, arı, əbəçi, eşix’, eyməmməx’, kəndi, kiriş, görk, küz, sülənməx’, tuş, səmiz, yoğurt, davarcığ, qağan, kuzə və b.) hazırda Azərbaycan ədəbi dilində işləkliyini itirərək ancaq canlı arxiv rolunu oynayan şivələrdə qorunub saxlanılmışdır. Məqalədə həm qədim türk yazılı abidələri (Kül Tigin, Bilgə Kağan, Tonyukuk ve b.), həm də Azərbaycan dili şivələrindən nümunələr verilmiş və yeri gəldikcə Kaşğarinin lüğətinə, şifahi xalq ədəbiyyatı nümunələrinə (Dədə Qorqud kitabı, Oğuznamə) və klassiklərin dilinə (Nəsimi) müraciət olunaraq müqayisələr aparılmışdır.

Hər bir dildəki bütün sözlərin məcmusu onun lüğət tərkibini, yəni leksikasını təşkil edir. Leksika dilin fərqli təsirlər və səbəblər üzündən ən çox dəyişikliyə uğrayan sahəsidir. Türk dilləri ailəsinə daxil olan 30-a yaxın dildəki sözlərin əsas özəyini qədim türk leksik qatı təşkil edir. Bu dillərdə istifadə olunan qədim türk leksikası Orxon, Yenisey, Talas və digər abidələrin dili ilə yaxından səsləşir. Fərhad Zeynalov göstərmişdir ki, Orxon-Yenisey və Talas abidələrinin əsasını təşkil edən sözlərin mühüm hissəsi ayrı-ayrı türk sistemli dillərdə bu günə qədər müəyyən fonetik fərqlərlə mühafizə olunmuşdur. Müəllif şərti olartaq qədim türk leksikasını üç qrupda birləşdirmişdir: ad bildirən sözlər, əlamət və keyfiyyət bildirən sözlər və hərəkət bildirən sözlər (Zeynalov, 2008: 39).

XX yüzillikdə bir çox müəlliflər tərəfindən (Sürəyya Talıbxanbəyli, Rüstəm Rüstəmov, xaricdə Fuad Köprülü, Ahmet Bican Ercilasun, Cavad Heyət ve b.) Azərbaycan dili dialektlərinin təsnifi aparılmışdır. Ən çox özünü doğruldan və yayılan təsnif “Azərbaycan dialektologiyasının əsasları” əsərinin müəllifi akademik Məmmədağa Şirəliyevin təsnifi olmuşdur. O, Azərbaycan dili dialektlərini coğrafi prinsipə əsaslanaraq dörd qrupda birləşdirmişdir (Şirəliyev, 2008: 19). Müasir tələblərə cavab verən son təsnifin müəllifi Elbrus Əzizov Azərbaycan dilinin şivələrini üç böyük ləhcədə birləşdirərək onları da şivələr qrupuna ayırmışdır. Müəllifin bölgüsünə görə şimal-şərq ləhcəsinə Bakı-Şamaxı, Quba-Xaçmaz, Dərbənd, qərb ləhcəsinə Qarabağ, Qazax-Borçalı, Ayrım, cənub ləhcəsinə Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Naxçıvan şivələr qrupları daxildir (Əzizov, 2003: 289).

Ədəbi dil ümumxalq dilinin cilalanmış formasıdır, şivələr isə onu qidalandıran, yaradan xammaldır. Şivələr dilin lap qədimlərə gedən kökləri, bir çox mübahisəli və qaranlıq məsələlərə işıq salıb aydınlıq gətirən canlı arxivdir. Türk xalqlarının ədəbi dillərində bir çox təsirlərdən (başqa dillərdən daxil olan alınma sözlər və s.) və səbəblərdən (dilin daxili imkanları hesabına yeni sözlərin yaradılması və s.) dolayı müəyyən dəyişikliklər olmuşdur. Qədim türk yazılı abidələrinin dilində rast gəldiyimiz elə sözlər vardır ki, onlar artıq ədəbi dildə öz işləkliyini itirmişdir, ancaq şivələrdə konservləşərək qorunub saxlanılmışdır. Məqalədə türk dilləri ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin şivələrində geniş şəkildə istifadə olunan qədim türk leksikası araşdırılararaq nümunələrlə verilmişdir:

Ağa-böyük qardaş, ata; aka, aka ini-böyük kiçik qardaşlar (Xudiyev, 2015: 458). Məs.: Oglı akanın bilmez erti (Kt.ş.ID 22) “Oğlu babasını bilmez idi” (Orkun, 1994: 38-39).

Azərbaycan dilinin şivələrində bu söz həmin mənada işlədilməkdədir. Həmin vahid Təbriz şivəsində ağababa “baba”, ağacan “nənə”, Quba şivəsində ağabacı “böyük bacı”, Basarkeçər şivəsində ağabajı “böyük qardaşın arvadına müraciətlə deyilən söz”, Zəngibasar şivəsində ağamirzə “böyük qayın” sözlərinin tərkib hissələrində müşahidə olunur. Məs.: Mə:m ağababam hamıdan böyüx’iydi (Təbriz); Ağabajım öydə yoxdu, odune:dif (Basarkeçər) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 13).

Azuk– Kaşğarinin lüğətində azuk sözünün “azuqə”mənasında işlədildiyi göstərilmişdir. Müəllif nümunə olaraq bu sözün istifadə edildiyi bir məsəl də vermişdir: “sartnınq azukı arığ bolsa, yol üzrə yer = satıcının malı təzə olsa, ela yoldaca yeyer”. Bu soz dogruçul ve mötəbər olduğunu iddia edən, lakin sözünü isbat eda bilməyən adam haqqrnda deyilir (Kaşğari, 2006, I cild: 135). Qədim türk yazılı abidələrində azuk sözünün işlədildiyi bir çox nümunələrə rast gəlinir. Məs.: Bizin sü atı turuk azukı yok erti (Kt.c.ID 39) “Bizim ordunun atı fena, erzakı yok idi” (Orkun, 1994: 46).

Azərbaycan dilinin Qazax şivəsində “yol azuqəsi” mənasını ifadə edən azıx dialektizmi işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 31).

Ağırlamak-əzizləmək, saymaq, ehtiram və etibar göstərmək (Xudiyev, 2015: 458). Məs.: Bödkə özüm olurıp bunça ağır törüg tört buluŋdakı (bodunğa it)dim (Mog.2) “Özüm taxt (üzərində) oturub dörd tərəfi əhatə edən güclü dövlət yaratdım” və s. (Şükürlü, 1993: 260, 264).

Azərbaycan dilinin Cəbrayıl, Göygöl, Şəmkir şivələrində ağırramax “hörmətlə qəbul etmək (qonağı)” ifadəsi qeydə alınmışdır. Məs.: Məsələn, sən qonax gəleysiŋ, soŋra gedif deysiŋ kin, məni yaxşı ağırradılar (Göygöl) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 14). Azərbaycan ədəbi dilindən fərqli olaraq ağır sözü şivələrdə başqa mənaları ifadə eləmək üçün istifadə olunur. Ağırbaşlı, ağır adam “təmkinli, ciddi, ağırtəbiətli insan”lar haqda deyilir. Bu ifadəyə atalar sözlərində də rast gəlinir: Ağır otur, batman gəl və s.

Kaşğarinin lüğətində ağır “əziz, möhtərəm”, ağırlığ “əziz, hörmətli”, ağırlığ ər “hər kəs tərəfindən sayılan, əzizlənən adam”, ağırlandı “əzizləndi” sözləri verilmişdir (Kaşğari, 2006, I cild: 126, 202, 314). “Dədə Qorqud kitabı”nda bu sözün işlədilməsinə rast gəlinir. Məs.:  Qalın Oğuz bəglərin ağırladı və s. (Kitabi-Dədə Qorqud, 1988: 93). “Oğuznamə”nin dilində bu sözdən istifadə olunur: Ağırlayanı ağırlarlar;Qonağın əbləhi oldur ki, ev issini ağırlaya (Oğuznamə, 2006: 42, 137).

Adak-ayaq, adakın örü “ayaq üstdə”, adaklık “ayaqlı” (Xudiyev, 2015: 459). Məs.: Türk budun adak kamaştdı, yablak bo[ldaç]ı erti (Kt.şm.7) Türk kavminin ayağı burkuldu [=metaneti kalmadı]; korkak oluverdiler (Orkun, 1994:50); Türk bodun adak kamaştı, yablak boltaçı erti (Mog.30-31) “Türk xalqının ayağı gücdən düşdü, pis vəziyyətə qalmaq qorxusu ilə qarşılaşdı” və s. (Şükürlü, 1993: 260, 265).

Azərbaycan dilinin qərb şivələrində adax “uşağın ilk addımları”, Ağdam şivəsində adax-adax “addım-addım, yavaş-yavaş”, Mingəçevir şivəsində adax durmax “ayaq üstə durmaq, ilk addım atmaq” ifadələri işlədilir. Məs.: Ay irəhmətdiyin oğlu, birəz yeyin tərpənsənə,  adax-adax havağa gedif gələjəxsən və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 12).

Kaşğarinin lüğətində adhak “ayaq”, adaklık “üzüm bağlarında çardaq ayaqları düzəltmək üçün işlədilən ağac”, adhaklandı (adhaklanur-adhaklanmak) “ayağı oldu” sözü verilmişdir. Bu atalar sözündə də işlənmişdir: “alım keç kalsa adhaklanur=borc geciksə, ayaqlanar”, (borc sahibi borcunu istəmək üçün öz ayağı ilə gedər) (Kaşğari, 2006, I cild: 134, 205, 315).

Ağıl-ağıl, qoyun küzü. Oğuzca qoyun qığına da “ağıl” deyirlər. Bu iki məna bir-birinə yaxın olduğu üçün belə deyilir (Kaşğari, I cild, 2006: 141). Azərbaycan dilinin Balakən, Biləsuvar, Cəbrayıl, Zəngilan şivələrində bu vahid “yayda mal-qara saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yer”, Əli Bayramlı şivəsində isə “qışlaqda qoyunlar üçün qamışdan tikilmiş yer”mənasında istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 14).

Ağnamak (ağınmak, ağınamak)-yerə sürtünmək, yuvarlanmaq, yerdə qıvrılmaq  (Xudiyev, 2015: 458).

Azərbaycan dilinin Qazax, Zəngibasar şivələrində ağnamax “uçub tökülmək”, Meğri şivəsində ağnatmax “diyirlətmək” mənasında işlədilir. Məs.: Öy ağneyif tökülör (Qazax); Quzay yaməşdan uxarta daş ağnatmışam ki, üç utax tikar (Meğri) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 15).

Arımak-təmizləmək, təmiz olmaq, arınmak “təmizlənmək” (Xudiyev, 2015: 464). Məs.: Arığ obutı yig-tidi (Ton 37) “Təmiz xəcalət (məğlubiyyətdən) yaxşıdır” və s. (Şükürlü, 1993: 248, 252).

Azərbaycan dilinin şivələrində ari, arı “təmiz, saf”, arımmağ “təmizlənmək, bəzənmək, yuyunmaq” (İmişli), arıtdamağ, arıtdamax “təmizləmək” (Qazax, Şəki, Quba, Xaçmaz) sözləri istifadə olunur. Məs.: Aş pişirmağa dügi arıtdaduğ (Xaçmaz)və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 25-26).

Kaşğarinin lüğətində arrığ “çox təmiz, pak”, arığlık “təmizlik”, arındı “yuyundu” sözləri verilmişdir (Kaşğari, 2006, I cild: 199, 205, 246). “Dədə Qorqud kitabı”nda bu sözə rast gəlinir. Məs.: Axır-soŋı arı imandan ayırmasun! ; Qalın Oğuz bəgləri arı sudan abdəst aldılar və s. (Kitabi-Dədə Qorqud, 1988: 51, 66). “Oğuznamə”nin dilində bu sözdən istifadə olunur: Arğ arınar, ad arınmaz və s. (Oğuznamə, 2006: 35). Bu ifadəyə atalar sözlərində də rast gəlinir: Aydan arı, sudan duru və s.

Nəsiminin dilində arı “pak, təmiz, saf” sözü işlənmişdir. Məs.: Qanı bir incilü arı sədəf kim; Arı göftar, ey sənəm, gerçəklərin nitqindədir və s. (Məmmədova, 2004: 103).

Bulunmak-tapılmaq, əldə olunmaq, bulun “əsir, dustaq”, bulun kılmak “əsir tutmaq” (Xudiyev, 2015: 477-478).

Azərbaycan dilinin qərb şivələrində (Qazax, Borçalı, Başkeçid) bulun “kiçik ot tayası”, bulunnamax “kiçik ot tayası düzəltmək” mənalarında işlədilir. Məs.: Bir tapıldan üş dört bulun çıxer (Borçalı) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 66). Göründüyü kimi, bu vahidin səs cildi şivələrdə qorunub saxlanılsa da, semantikasında dəyişiklik olmuşdur.

“Oğuznamə”nin dilində bu söz hazırda Türkiyə türkçəsində olduğu kimi tapmaq mənasını ifadə edir: Iki butum sağ olsun, bulunmayan ər olsun (Oğuznamə, 2006: 42).

Çimsiz-qarışsız, çimləşmək “ağrımaq” (Xudiyev, 2015: 480). Azərbaycan dilinin şivələrində çim ifadəsi “tamam, tamamilə, dəfə, kərə”, çimçələşməx “ürpəşmək” (Ağbaba, Şərur), çimçəmməx (Şuşa, Ağsu, Kürdəmir) mənalarında istifadə olunur. Məs.: Ət çox yağlı olanda de’rix çim yağdı (Goranboy) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 102).

Çin-həqiqi, doğru, düzgün, çınlamak “həqiqəti üzə çıxarmaq, meydana çıxarmaq, təhlil, tədqiq etmək” (Xudiyev, 2015: 481).

Azərbaycan dilinin bir çox şivələrində çin “düz, doğru” mənasında işlədilir. Kəlbəcər şivəsində bu ifadə “qoyunun dizi ilə topuğu arasındakı sümük”, Cəlilabad, Yardımlı şivələrində “sıra, cərgə”, Bərdə, Cəbrayıl  şivələrində isə “xalça, gəbə üçün əyrilmiş ip” mənalarında istifadə olunur. Məs.: Nənəmin yuxusu çin oldu (Zərdab) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 102).

Kaşğarinin lüğətində çın “doğru, çin, səhih” sözü verilmişdir. Müəllif sözə aid nümunələr göstərmişdir: “çın sözlər=o, doğru deyir”, “çın aydınq=düz dedin” (Kaşğari, 2006, I cild: 350).

Çomak-batma, yox olma, gün batması, dalma, çommak, çomunmak “cummaq, baş vurmaq, dalmaq (suya)”, çomurmak “suda batırmaq”, çomurmış “çömçə, çanaq” (Xudiyev, 2015: 482).

Azərbaycan dilinin şivələrində ço:max,ço:umağ “pozulmaq, sapmaq” (Şəki, Dərbənd), çompuz “çoban çomağı” (Zaqatala), çomur “bulanıq” (Cəlilabad) sözləri geniş şəkildə istifadə olunur. Məs.: İş ço:masın, ço:du qutaldı, sora çətindi və s. (Şəki) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 105).

Əbçi-evçi, arvad, qadın (Xudiyev, 2015: 483). Məs.: Selene kodı yorıpan karagın kısalata ebin barkın anda bozdım (Bil.II D37) “Selengadan aşağıya doğru yürüyüp Karagın kısalta (?) evini, barkını orada bozdım” və s.(Orkun, 1994:66).

Azərbaycan dilinin şivələrində (Cəlilabad, Lerik, Yardımlı, İmişli, Sabirabad, Zəngilan) “mama, mamaça (uşaq tutan qadın)” mənasında ifadə edən əbəçi vahidi istifadə edilir. Məs.: –Əbəçi oley beysavad, doxdır olanda deyeylər mama (Cəlilabad) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 154).

Ekinti-ikinci (Xudiyev, 2015: 484). Məs.: Ekinti kuşlıgakda ediz birle sünüşdimiz (Kt.IŞ 5) “İkinci [olarak] Kuşlagakta Edizlerle harp ettik” (Orkun, 1994: 48-49).

Azərbaycan dilinin şivələrində “axşamüstü, günbatan vaxtı” mənasında ikindi (Borçalı, Xaçmaz, Quba), ikitdi (Lənkəran) sözləri işlədilir. Məs.: İkitdi vaxtıdı, dur gör heyvan gəle:y? (Lənkəran) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 232).

Kaşğarinin lüğətində ikinç “sayca ikinci olaraq gələn”, ikindi “ikinci, ikindi namaz vaxtı” sözləri verilmişdir (Kaşğari, 2006, I cild: 189, 196).

Elləmək-əl etmək, ellig “elli, eli olan”, eliglig “əli olan” (Xudiyev, 2015: 485).

Azərbaycan dilinin şivələrində bir çox mənaları ifadə edən əlləmə dialektizmi işlədilir. Xocavənd, Şuşa şivələrində bu vahid “bacarıqlı, zirək”, Zəngibasarda “nadinc” mənasında istifadə edilir. Digər şivələrdə (Goranboy, Borçalı, Gədəbəy, Qazax, Yevlax)  həmin vahidin əlləm:ax, əlləməyax formalarında istifadə edilməsinə də rast gəlinir. Məs.: Eləsi var əlləmə oluf düzəldir (Xocavənd); Alpaşanın oğlu yaman əlləməyaxdı (Borçalı) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 159). El arasında “bacarıqlı, cəld iş görən (adam)” haqqında danışılarkən əlli-ayaqlı, əldən iti ifadələri də işlədilir.

Azərbaycan dilinin Salyan, Kürdəmir, Cəlilabad, Göyçay şivələrində “el, hamı, hamısı, tamamilə, bütünlüklə” mənalarında ellig, elliy sözləri istifadə olunur. Məs.: Uşaxlar elliyi çayın qırağına yığılıblar (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 150-151).

Eymənmək-utanmaq, sıxılmaq (Xudiyev, 2015: 484). Azərbaycan dilinin Ağbaba, Borçalı, Cəbrayıl, Gədəbəy, Qazax, Mingəçevir, Oğuz, Tovuz şivələrində “qorxmaq, ehtiyat etmək” mənasında eyməmməx dialektizmi işlədilir. Məs.: Adam qarannıxda eyməner (Qazax) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 153).

Eşik-qapı (Xudiyev, 2015: 487). Azərbaycan dilinin Böyük Qarakilsə, Çənbərək, Naxçıvan, Oğuz, Tovuz, Zaqatala şivələrində eşix ‘  sözü “həyət” mənasında geniş şəkildə işlədilməkdədir. Məs.: Eşix də bir sö:üx var kı, gəl görəsən (Tovuz) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 151).

“Dədə Qorqud kitabı”nda bu söz eşik, eşig şəklində işlədilir. Məs.:  Eşikdəki inaqlar!; Babanıŋ ağ–ban eşigində qaravaşlar inək sağar görmədiŋmi? və s. (Kitabi-Dədə Qorqud, 1988: 63, 88). Bu sözə “Oğuznamə”də rast gəlinir: Ərənlərə eşik ara iş məlumdur; İş işləməyəyim deyirsən, eşikdə ol (Oğuznamə, 2006: 26, 37).

Kaşğarinin lüğətində eşük sözünün iki mənası verilmişdir: 1.üstdən geyilən, bürünülən hər şey; 2.xanlardan, bəylərdən biri öldüyü zaman qəbri üstünə sərilmək üzrə göndərilən ipək parçadır. Bu qumaş sonra parça-parça edilib yoxsullara paylanılır (Kaşğari, 2006, I cild: 140).Göründüyü kimi, bu sözü ümumxalq Azərbaycan dili üçün semantik arxaizm hesab eləmək olar (səs cildi qorunub saxlanılsa da mənasında dəyişiklik olmuşdur).

Nəsiminin dilində eşik “qapı önü, astana, həyət” sözündən istifadə olunmuşdur. Məs.: Eşigində bən onun bir gədayəm; Aşiqin yar eşigidir Kəbəvü bütxanəsi və s. (Məmmədova, 2004: 111).

Kendü-öz, özü (Xudiyev, 2015: 496). Məs.: …eline kendü yanıldıg, yablak kiğürtiğ (Kt.ş.ID 23) “…ülkene karşı kendin yanıldın, fena hareket ettin” (Orkun, 1994:40); Tokuz oguz budun kentü budunım erti (KTşm.4) “Dokuz Oğuz kavmi kendi kavmim idi” və s. (Orkun, 1994:48).

Azərbaycan dilinin şivələrində bu sözün başqa mənada (taxıl və ya un saxlamaq üçün taxtadan düzəldilmiş və ya çubuqdan hörülüb suvanmış qab) işlədilməsi ilə yanaşı, kəndi, kəndü  şəklində “öz” mənasını ifadə etməsinə (Basarkeçər, Şəki, Qazax, Dərbənd) də rast gəlinir. Məs.: Qalxuzda günümüzə u qədər buğda düşeydi ki, kəndülərimüzdə yər yux, əvü bir küncində tükeydüg (Dərbənd) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 249).

Şəki şivəsində kəndi sözü birləşmə tərkibində də işlənir. Məs.: kəndi başına, kəndi vəzifəm; Malları kəndi başına buraxanda həlvət ki, itər; Bu məm kəndi vəzifəmdi və s. (İslamov, 1968: 108). Kəndi əvəzliyi Qazax şivəsində müstəqil əvəzlik kimi deyil, özkəndinə, kəndibaşına, kəndi-kəndinə şəklində qorunub saxlanmışdır. Məs.:- Kəndi- kəndinə iş görər;- Özkəndinə sürüf gedif maşını və s. (Məmmədli, 2019: 210).

Kəndü əvəzliyinə “Oğuznamə”də rast gəlinir: Alçaq yerdə dəpəcik kəndüzini tağ sanur; Çoban ata bincək kəndüzini bəg sanur; Öksüz oğlan göbəgin kəndü kəsər (Oğuznamə, 2006: 35, 39).

Nəsiminin dilində qayıdış əvəzliyinin qədim forması olan kəndi qeydə alınmışdır. Məs.: Bu üç nəsnəyi qıl kəndunə adət; Kim ki, bu halə düşmədi, qoy vara kəndü halinə və s. Nəsiminin əsərlərində kəndi sözü ilə öz əvəzliyinin birləşməsindən ibarət olan kəndözü qayıdış əvəzliyinə də rast gəlinir. Məs.: Sən şumayi-laməkansan, kəndözündən bixəbər və s. (Məmmədova, 2004: 55).

Kiriş– yay hazırlamaq üçün işlədilən ip, ox kirişi (Xudiyev, 2015: 497).

Azərbaycan dilinin şivələrində kiriş vahidi bir çox mənalarda işlədilməkdədir. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 255). Qərb şivələrində geniş şəkildə istifadə olunan kiriş sözü “cəhrəni işlədən ip (Cəbrayıl, Tovuz)”, “qoyun bağırsağından hazırlanmış bağ (Gəncə)” mənalarını bildirir. Məs.: Kiriş olmasa cəhrə işdəməz (Tovuz) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 255).

Körk-obraz, təsvir, körk yaraş-gözəllik, körk menqiz-forma, obraz, önq körk-rəng, forma, obraz, önq körk-rəng, forma; körksüz-çirkin, kifir (Xudiyev, 2015: 499).

Azərbaycan dilinin şivələrində (Füzuli, Mingəçevir, Oğuz, Şəmkir) “nünunə” mənasını ifadə edən görk, Şəmkirdə “nümunə olmaq, ibrət olmaq” mənasında görk olmax, Ağdamda “görkəmli” mənasını bildirən görklü sözlərinin istifadə olunması qeydə alınmışdır. Məs.: Bu saŋa görk olsun, bir də belə iş görmə (Şəmkir) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 186).

Kaşğarinin lüğətində körk “gözəllik”, körklüg “gözəl və görkəmli olan” sözləri verilmişdir (Kaşğari, 2006, I cild: 360).“Dədə Qorqud kitabı”nda bu sözə rast gəlinir. Məs.: Qamən aqan görkli suyın qurumasın! və s. (Kitabi-Dədə Qorqud, 1988: 41). “Oğuznamə”nin dilində bu sözdən istifadə olunur: Könül kimi sevərsə, görklü oldur (Oğuznamə, 2006: 156).

Nəsiminin dilində görklü “gözəl, qəşəng” sözü istifadə olunmuşdur. Məs.: Görklü yüzün nurindən aləm münəvvər oldı və s. (Məmmədova, 2004: 113).

Küz-payız, küzlüg-payıza aid (sifət)  (Xudiyev, 2015: 500).

Azərbaycan dilinin şivələrində küz dialektizmi bir çox mənalarda (quzu saxlanılan üstüörtülü yer, əkin sahəsində kiçik arx və s.) işlədilir. Borçalı, İmişli, Qax, Ordubad şivələrində isə bu vahid qədim türk yazılı abidələrində olduğu kimi “payız” mənasını ifadə edir. Qazaxda “payız otlağı” mənasında küzdəx, Füzulidə “payızlıq” mənasında küzdüx, Bakı, Füzuli, Kürdəmir, Sabirabad şivələrində “payızda qırxılan yun” mənasında küzəm sözləri istifadə olunur. Məs.: Taxıl səfdiŋ küzdə sula, küzdə sulamadıŋ buzda sula (Borçalı) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 271).

“Dədə Qorqud kitabı”nda bu söz k<g səsəvəzlənməsi ilə istifadə edilir. Məs.: Bir yazın, bir güzin buğayla buğrayı savaşdırarlardı; Güz alması kibi al yaŋağın tutdı. yırtdı və s. (Kitabi-Dədə Qorqud, 1988: 36, 47).

Küzəç-qab, bardaq, çanaq (Xudiyev, 2015: 500).

Azərbaycan dilinin Qazax, Ordubad şivələrində “kiçik saxsı sənək” mənasında kuzə sözündən istifadə olunur. Məs.: Dünən bizim saxsı kuzə düşdü sındı (Qazax) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 271).

Kağan-xaqan, xalqlar xanı (Xudiyev, 2015: 501). Məs.: Tenriteğ tenride bolmış türk bilğe kagan bu ödke olurtım (Kt.IC1) “Göğe benzer gökte (mevcud) olmuş Türk Bilge hakan bu zamanda [iktidar mevkiine] oturdum” (Orkun, 1994: 22).

Azərbaycan dilinin Lənkəran, Meğri şivələrində “igid, qüvvətli” mənasını bildirən qağan vahidinin işlədilməsinə rast gəlinir. Məs.: Qardaş, o day qağandı, adam-madam saymır (Lənkəran) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 274).

Ozıtmak-ötüb keçmək, qabağa buraxmaq (Xudiyev, 2015: 520). Məs.: Beş balık anı üçün ozdı (Bil.II D28) “Beş balık anın için kurtuldu” və s.(Orkun, 1994:62).

Azərbaycan dilinin qərb şivələrində (Gəncə, Şəmkir və s.) “azdırmaq” mənasında azıtmax, Qax, Şəki şivələrində “itmək, yayınmaq” mənasında azışmax sözləri işlədilir. Məs.: Bizi azıtdı, özü gizdəndi (Şəmkir) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 32).

Kaşğarinin lüğətində ozıtğan “bu ər ol atın ozıtğan=bu adam həmişə atını irəli sürəndir”, azıttı “azdırdı, çaşdırdı”  ifadələri verilmişdir (Kaşğari, 2006, I cild: 209, 252).

Səmiz-kök, kökəlmiş heyvan (Kaşğari, I cild, 2006: 370). Məs.: Bilser semiz buka turuk buka teyin bilmez ermiş teyin ança sakındım (Ton.b.6) “Bilmek istese semiz buğa, zaif buğa diye bilemez imiş diyerek böylece düşündüm” və s. (Orkun, 1994:102).

Azərbaycan dilinin Dərbənd şivəsində bu vahid olduğu kimi işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 427). “Dədə Qorqud kitabı”nda bu sözə rast gəlinir. Məs.: Simüz qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanın qorqusından və s.

Süləmək-yürüşə çıxmaq, qoşun çəkmək, sülüg-qoşunlu, qoşunu olan (sifət). “qoşun” deməkdir. (Xudiyev, 2015: 538-539). Məs.: Önden kagangaru sü yorılım temiş (Ton.şm.29) “Doğu hakanına karşı asker yürütelim demiş” (Orkun, 1994:110); İlqerü Şantun yazıkateqi süledim (KTk 3) “İrəlidə Şantun çölünə kimi qoşun çəkdim” və s.(Vəliyeva, 2013: 53, 55)

Azərbaycan dilinin şivələrində “qapı-qapı gəzən, avaralanan, birtəhər baş saxlayan” mənalarını ifadə edən süləx (Qarakilsə, Ordubad), süləngəc (Cəlilabad, Masallı), süləngi (Cəbrayıl, Quba), sülənməx dialektizmləri istifadə olunur.Məs.: Çux süləngi uşağsan, elə bil hiç nə gürməmisən (Quba) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 449).

Tağar-torba, kisə (Xudiyev, 2015: 542). Azərbaycan dilinin Ordubad, Ağbaba və s. şivələrində “qoyun-keçi dərisindən hazırlanan kisə, dağarcıq, torba” mənasını ifadə edən davarcığ, davarçın dialektizmləri qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 120).(Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 478).

“Dədə Qorqud kitabı”nda bu sözün tağarcığ şəklində işlədilməsinə rast gəlinir. Məs.:  Çoban tağarcığı çıqardı və s. (Kitabi-Dədə Qorqud, 1988: 46).

Kaşğarinin lüğətində tağar  “içinə buğda və başqa şeylər qoyulan nəsnə, dağarcıq, kisə, çuval, xaral” sözü qeydə alınmışdır. Lüğətdə  tavvar “canlı, cansız mal”, tavvarlığ “tavvarlığ ər-malı olan adam” sözləri verilmişdir (Kaşğari, 2006, I cild: 409, 367, 474).“Oğuznamə”də bu sözə rast gəlinir. Məs.: Ər tavarı açıq gərək; Məlik,-dəgirmən, tavar,-qoyun, devlət, -oğul və s.

“Oğuznamə”dəki nümunələr göstərir ki, rus dilində geniş işlədilən товар “mal, əmtəə” ifadəsi həmin dildəki qədim türk leksik qatına məxsusdur. Buradakı nümunələrdə rus sözlərinə rast gəlinir. Samət Əlizadə göstərmişdir ki, “Oğuznamə”də qiymətli faktlardan biri oğuzların ruslarla qarşılıqlı mədəni, ictimai-iqtisadi əlaqələrinə işarə edən, yazı dilimizdə öz əksini tapan, ilk rus söz və ifadələrini yaşadan nümunədir: “Aqçacığın var ikən “dobra yunaq!” dedilər. Aqçacığın yedilər, “poydi z boğom!”  dedilər” (Oğuznamə, 2006: 18).

Azərbaycan dilinin qərb şivələrində bu söz fonetik dəyişikliyə uğrayaraq davar şəklində “xırdabuynuzlu heyvan, qoyun-keçi”mənasında işlədilir

Tezmək-qaçmaq (Xudiyev, 2015: 546). Azərbaycan dilinin qərb şivələrində “tez olmaq, tələsmək”  mənasında tezdəməx (Borçalı, Qazax), “sürətləndirmək” mənasında tezdətməx (Hamamlı) sözləri istifadə olunur. Məs.: Sən ərizəni yaz ver, tezdətməx‘  mənim boynuma (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 487).

Tüngecə. Məs.: Tün katdımız (Ton.B35) “Gece (yürüyüşe) devam ettik” ; Ol ok tün budunın  sayu ıtımız (Ton.C42) “Aynı gece milletin hepsine haber gönderdik” və s. (Orkun, 1994:112, 114).

Azərbaycan dilinin şivələrində tün sözü semantik arxaizm kimi “səkkiz litrlik neft qabı”(Qax), “hər iki tərəfində müxtəlif dükanlar olan üstüörtülü pasaj”(Gəncə) mənalarında istifadə olunur. Məs.: Başmaxçı Əli kişi tündə olur və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 513).

Tüş-yuxu, yuxu görmə, tüşəmək-yuxu görmək (Xudiyev, 2015: 561).

Azərbaycan dilinin şivələrində  bir çox mənalar ifadə etməsi ilə yanaşı, tuş sözü “yuxu, röya” (Borçalı, Gədəbəy, İmişli, Qazax, Tovuz) mənasında da istifadə olunur. Məs.: Tuşun düzdüyü yozmağındadı (Qazax) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 508). Zaqatala şivəsində bu vahid t>d səsəvəzlənməsi ilə işlədilir. Məs.: Axşam bir yaxşı düş gördüm və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 149).

Düş sözünə “Oğuznamə”də rast gəlinir: Düşdə dügür ağırdır; Düşi görəndə degil, yorandadır (Oğuznamə, 2006: 94, 97). “Dədə Qorqud kitabı”nda düş sözü işlədilir. Məs.: Bilürmisin, qarındaşım Qaragünə düşimdə nə göründi? və s. (Kitabi-Dədə Qorqud, 1988: 44).

Nəsiminin dilində duş “yuxu, röya” sözündən istifadə olunmuşdur. Məs.: Gər səni görsə idi duşda pəri; Bir əcaib söhbət oldu guşeyi-cənnətdə duş və s. (Məmmədova, 2004: 110).

Yoğurt-qatıq (Xudiyev, 2015: 577). Azərbaycan dilinin Dərbənd, Tabasaran şivələrində bu söz eyni mənada işlədilir. Məs.: Sütə çalası vuradig yoğurt olmağa (Dərbənd) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 550)

“Dədə Qorqud kitabı”nda bu söz istifadə olunur Məs.: Gəldiŋ ol kim soldıran soydır, sapadanca yerindən uru turar, əlin-yüzin yumadan toquz bazlamac ilən bir küvlək  yoğurd gəvəzlər…; (Kitabi-Dədə Qorqud, 1988: 33). “Oğuznamə”nin dilində bu sözə rast gəlinir.Məs.: Yoğurdın saqınan boranı yeməz və s. (Oğuznamə, 2006: 177).

Nəsiminin dilində yoğurt “qatıq” sözü işlədilir. Məs.: Bəy sizə yazdırdı bir köklük yoğurt və s. (Məmmədova, 2004: 126).

Məqalədə VIII əsrdə Orxon-Yenisey abidələrinin dilində işlənən və hazırda Azərbaycan ədəbi dilində işləkliyini itirməsinə baxmayaraq,  şivələrində qorunub saxlanılan sözlər tədqiqata cəlb edilmişdir. Hər hansı bir etnosun tarixi köklərinin nə qədər qədim dövrlərə getdiyini və məskunlaşdığı coğrafi arealı göstərən toponimik faktlarla (Qarapapaq (qədim türk tayfası)-Azərbaycanın Qazax ərazisində kənd adı, Afşar (qədim türk tayfası)-indiki Ermənistanın Vedibasar (Ararat) ərazisində kənd adı və s.) yanaşı, linqvistik faktlar da çox önəmlidir. Bəzən tarix saxtalaşdırıla bilər, yer adları dəyişdirilə bilər, ədəbi dilə belə müdaxilə oluna bilər, amma sadə xalqın gündəlik həyatında istifadə etdiyi sözlərə qarışıb təsir eləmək çox çətin bir prosesdir. Məhz onlar tarixin ən qədim və ən dərin qatlarına işıq salan çıraqlardır.

Sevinc Qəmbərli
Filologiya üzrə fəlsəfə doktoru