Ev Bədii Beşqoşa: Ehtiram İlhamın 55 yaşına..

Beşqoşa: Ehtiram İlhamın 55 yaşına..

90

Dünya bir evdir, ömür nərdivan. İnsan öz evinə pillə- pillə qalxır. Kimi tələsə- tələsə qalxır, kimisi asta- asta…Amma rahatlıqla qalxmır. Enir, yıxılır, dizlərinin gözü qanayır, ürəyinin başı göynəyir. Amma hər kəs əzəldən əbədə gedən yolun çəmini tapmağa çalışır. Ən hündür mərtəbəyə çatdıqda göy üzünün gözəlliyinə aldanır, quşa dönür, qanadları çıxır və uçub gedir.

Bəzən filankəs yarı yaşa çatdı, yarısını adladı, – deyirlər. Bizim yaşımızın neçə olduğunu, neçə il yaşayacağımızı da bilən bircə O dur. Elə olmasaydı gənc yaşında yaşından böyük fikirlər söyləyən şairlərimiz o qabaqgörənliyi necə duya, necə anlaya bilərdilər. Bəlkə şairlər elə dünyanın özüynən yaşıddı, dünya qədər qədimdi…

Bəlkə də bu qəribəliklər, anlaşılabilməməzlik, youşmamazlıq şairlərin alın yazısıdı. Onunçün bu dünyanın qəribəliklərini sezir, bu faniyə aldana bilmir.

Şairlik Allaha bir köynək yaxın olmaqdı. Allah da sevdiklərini dərdilə imtahan edir, kədərlə sınağa çəkir. Elə Ehtiram İlham kimi…

Alçaq könüllərdi ən uca yerim
Nə yurdum bəllidi,nə sərhədlərim.
…Yanından yol alıb gələn dərdləri
Gələr Ehtiramın yanına kimi…

Və yaxud:

Dərdləri it kimi düşüb dalımnan,
İstədi çıxarda məni halımnan.
Onu bacardım ki,..ölüm- zulumnan
Çulumu çıxardım sudan birtəhər.

Ehtiram özünü yazır, şeirlərinə başqa rəng qatmır. Ehtiramın şeirləri qar kimidi. Ağlığı gözünü qamaşdırır, soyuğu ruhunu göyüm-göyüm göynədir…Amma fərdi deyil, bəşəridi…hamının ağrısıdı…

Ehtiramın “Avtoportret” şeiri var. Çox sevdiyim şeirlərindəndi. Bu şeirin sözlə çəkilmiş fotoşəklidi, fəryadın pıçıltıya çevrilişidi…

Bu adam sevmədi özünü
Özgələrini sevdi amma.
Ömründə bir xoş gün görmədi,
Əzablı günlər gördü amma.

Başına uçuldu tikdiyi,
Fil çəkəmməyəndi çəkdiyi
Tumurcuqlamadı əkdiyi,
Gül- çiçək açdı amma.

Qaçmasa da bir yol sözündən
Qaçdılar hər yerdə özündən…
Qarışqa idi öz gözündə
Başqaları bir devdi amma.

Dözüb də hamının nazına,
“Hə” dedi hər şeyin azına
Can deyib oğluna,qızına,
Çörək yox,ürək verdi amma.

Bəlkə də heç baxtlıq deyilmiş,
Bu günlük sabahlıq deyilmiş,
Ölüb yaşamaqlıq deyilmiş,
Bəlkə yaşayıb öldü amma.

Bilmirəm niyə?! Onun şeirlərini oxuyanda dünyamdan oluram, çox kövrəlirəm, təsirlənirəm. Bu adam bu bapbalaca ömrünə, yumruq boyda ürəyinə bu boyda ağrını, dərdi necə sığışdırıb görən, İlahi?!

Dərdlərin ən ağırıdı mən bilən Ehtiramın fağır- fağır çəkdikləri…Tanrı səni nə boyda sevir, qardaş…Sən Tanrının nə xoşbəxt bəndəsisən səni bu boyda sevgiyə layiq bilib. Səni əzib- əzib ŞAİR eyləyib.

Nə qələt elədim
Gəlib görüb də,
Sürünə- sürünə ömür sürüb də.
Adı dünya olan bu şöğəribdə
Elə çox yaşadım,
Çox yaşadım ki…

Məni istəyənlər çoxdan yoxdular,
Bu nadanlar içrə nə azarım var?
Bəs deyirdilər ki,axtaran tapar-
Elə çox yaşadım,
Çox yaşadım ki…

Bir gün də görmədim təmtəraqları,
Duydum ürəyimdə hər qınaqları.
Sinəmdə gəzdirib çarpaq dağları,
Elə çox yaşadım,
Çox yaşadım ki…

Yaş elə alıbdı gözümü neynim,
Demədim bir ürək sözümü neynim,
Yaşada bilmədim özümü neynim,
Elə çox yaşadım,
Çox yaşadım ki…

Hamımız gəldi – gedərik. Bizdən sonra gələnlərə söz qalır, bir də iz…Dünya evi yaxşıdısa bəs niyə gedənlər gəlmir?

Ehtiramın şeirlərinin havası, havacatı adamı dünyadan qoparır, bu dünyanı gözündə alt- üst edir. Dərdə aşina, kədərə məftun olursan, Allahı tapırsan, Allaha tapınırsan, ölümə vurulursan və ŞEİR budur, ŞAİRLİK belə olur deyib əlini dizinə vurursan.

Ehtiram elə bu şəklində olduğu kimi baxır dünyaya. Çünki hal əhlidi. Hal əhli olanlarasa hər şey gün kimi aydındı…

Beşqoşan mübarək, Ehtiram bəy. Yolun açıq, yolçuluğun uzun olsun, DƏRDİŞ!

Gülnarə Cəmaləddin
AYB-nin Sumqayıt bölməsinin sədri