Ev Bədii Tale oynayandır, bizlər oyuncaq – Mahirə Nağıqızının şeirləri

Tale oynayandır, bizlər oyuncaq – Mahirə Nağıqızının şeirləri

136

Dilimizvarlığımız.az AYB-nin üzvü, alim-şair Mahirə Nağıqızının şeirlərini təqdim edir.

Nağılın yolu

O vaxtlar sən bizə nağıl deyirdin,
Nə nağıl tükəndi, nə alma düşdü.
Halına yandığım Məlikməmmədin,
Dərdiyi almalar ağlıma düşdü.

Çırthaçırt yanırdı odun sobada,
Halsızdın, yenə də nağıl deyirdin.
İşlərin bir yana, üstəlik, bizi,
Sanki nağıllarla böyütməliydin…

Qara qoç, ağ qoçdu seçim yolları,
Biri işıq idi, o biri zülmət.
Nağılda kəsilər divin qolları,
Zümrüd qanadında gələr ədalət.

Öyrətmək yoluymuş bu, xeyir-şəri,
Hardan kəsəcəkdi onda huşumuz?
Böyüyəndən sonra biləcəyik ki,
Ağamla sənsənmiş zümrüd quşumuz.

Nə qa- səsləndiniz, nə qu- dediniz,
Nə də hiss elədik yük çəkibsiniz.
Bir dəfə görmədik dönsün üzünüz,
Əzab-əziyyəti tək çəkibsiniz.

Ay ana,o bağlar hardadır dedim,
Dinmədin, göstərdin çox uzaqları.
Sonra biləcəyik elmimiz imiş,
Çatmalı sehrli alma bağları.

O vaxtlar sən bizə nağıl deyirdin,
Nə nağıl tükəndi, nə alma düşdü.
Halına yandığım Məlikməmmədin,
Dərdiyi almalar ağlıma düşdü.

Onun daş nağılı

Atamnan yanaşı daş qaldırardı,
Deyərdi bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı.

Bir dəfə taledən gileylənmədi,
Tapdı ocağında, bizdə varlığı.
Yoxluğa sınmadı, yoxa enmədi,
Onu qorxutmadı daş ağırlığı.

Xəbərim olmayıb süd əmməyimdən,
Bəlkə döşləri də daşıymış onun.
Əlini başıma çəkdiyi gündən,
Duydum əllərinin daş olduğunu.

O, daş əllərinnən durub o başdan,
Çöllərdə yavanlıq nə tapsa dərdi.
Bəlkə əllərinin daş olmağından
Utandı, özünə sığal vermədi.

Çörək bişirərdi, paltar yuyardı,
Corab toxuyardı o daş əlinnən.
Elə bil nə yatar, nə uyuyardı,
Beləcə yol gəldi gəlinniyinnən.

Qonşu qonşusunun varına deyil,
Halal peşəsinə küsənər- dedi.
Yalandı, haramdı düşmən, onu bil,
Yalana, harama uymaz ər- dedi.

Dərdini deyəndə qımqımasıynan,
Gözündən bir dəfə yaş asılmadı.
Daşıdı daşları ağırlığıynan,
Amma ürəyindən daş asılmadı.

Atamnan yanaşı daş qaldırardı,
Bilirdi o daşlar ocaq daşıdı.
Bir dəfə yoruldum, bezdim- demədi,
Anam sinəsində ocaq daşıdı.
22.10.17

Anam üçün Gün

Qadınlar Günüdür, çaşıb qalmışam,
Neyniyim bilmirəm, danış, söylə, din.
Tək qərar verməyə alışmamışam,
Mənə nə etməyi sən öyrədərdin.

Bir də xatırladım ötən illəri,
Yığılardıq hamı sənin başına.
İndi necə gəlim, qızılgülləri
Səpimmi, düzümmü sinədaşına.

Birinci dəfə mən çıxmaz yadımdan
O bayram günündə verdiyim çiçək.
Dəstə bağlamışdım qızlar adından,
Sanırdım sözü də onlar deyəcək.

Ucadan dedim ki, Günün mübarək!
Çöhrən bir andaca allandı, yandı.
Özünə sıxanda köksümü bərk-bərk.
Duydum doğmalığı, ruhum oyandı.

Analar içində başdın, xasıydın,
Sözün də, işin də yerli-yerində
Təkcə bizim deyil, el anasıydın,
O adı yaşatdın əməllərində,

İlləri illərə beləcə qatdıq,
Nə cür qayğısızdıq, necə şad idik.
İndi də bilmirəm nə cürə çatdıq.
Bu yerə belə tez çatan deyildik…

Daşlaşdın gözümün önündə hər gün,
Sinirə-sinirə övlad dağını.
Nə yaxşı görmədin qızları küskün,
Oğlunun uşaqtək ağlamağını.

Bilirsən, belədə söz tapammıram,
Cavabım da yoxdur çoxuna mənim.
Gəl yenə təmkinlə sən aram-aram,
Başa sal girib də yuxuma mənim.
05.03.2024

Borcumu

Keçən ömrün hər anını sanıram,
Çətin verəm, ana, sənə borcumu.
Borclu qalmaq kösöyündə yanıram,
Anlayıb da gündən-günə borcumu.

Dil açanda ilkin sözüm sən oldun,
Ayaq açdım, üz tutduğum yön oldun.
Sevincimdə, kədərimdə tən oldun,
Bunlar vurdu biri minə borcumu.

Bircə dəfə baş qoymağım dizinə,
Dəyərmiş bu Yer üzünün özünə.
Qulaq verib söhbətinə-sözünə,
Xatırladım dönə-dönə borcumu.

Bu dünyanın nə dövləti, nə malı,
Kömək etməz dəyişməyə əhvalı.
Bir söz deyim dədə-baba misalı,
Qoruyacam, bil, dəfinə borcumu.

Bu nə düzən, zamanada nə qayda,
Ömür gəlir keçir hayda-harayda.
Şair oldum, alim oldum, nə fayda,
Verəmmədim sənə yenə borcumu.

Anlayaqmı, ya dünyada çaş qalaq,
Keçib gəldin yollarında daş-qalaq.
Bilirəm ki, eyləyəcək daşqalaq,
Dönsün görüm ləlöyünə borcumu.

Sevib məni oxşamaqdan doymadın,
Göydə oldu, əlin yerə qoymadın.
Bircə dəfə Mahirəyə qıymadın,
Götür apar, bas sinənə borcumu.
03.03. 2024

Gizlədim

Qapını döyməyə qolum qalxmadı,
Adını istədim çəkəm ki, çaşdım.
Sənə deyiləsi ürək sözümü,
Divara danışdım, daşa danışdım.

İllər yük yeriydi, yük dolabıydı,
Sənsiz bilmədim ki, hara düşəm mən.
Dərdləri sən mənə vermişdin deyə,
Doğma balam kimi bəsləmişəm mən.

Gözümün yaşını görmədi bir kəs,
Səninçün axırdı deyə gizlədim.
Qəlbimə tökülən o nuru bilsən,
Mən necə oxşadım, nə əzizlədim!

Bilmədim bu qədər niyə doğmasan,
Gözümün nurusan, qəlbimin başı.
Oğlumsan, qızımsan, anam-bacımsan,
Qarın qardaşısan, köynək qardaşı?

Kəbəni dolandım, Məkkəni gəzdim.
Haqqın işığında özümü görəm.
Mən belə bilməzdim, belə bilməzdim,
Allahım, dərdinlə bəxtəvərəm mən.

Açıq qapılar da döyülər, quzum

Gəl gedək- söylədin, söylədin gedək,
Gedək, nə deyirəm, havam bəllidir.
Xəyal dünyamızın ünvanı gerçək,
Ünvanda tikdiyim yuvam bəllidir.

Özün açmadınmı könlünü mənə,
Özün demədinmi qəlbin mənimki…
İncimə, bir dənəm, ruhum, incimə,
O mənim olana nəyi deyim ki…

Burda əl uzatmaq bəs eləməzmi,
Uzat, götürərsən qismət payını…
Gedək- söyləyirsən, gedib nə tapaq,
Nələrnən isidək qəlb sarayını…

Alın yazısıdır tutar qolundan,
Getmə əlhavası, yıxılma ancaq.
Taledən qaçmağı kim bacardı ki,
Tale oynayandır, bizlər oyuncaq.

Hər sual verənə cavabmı gəlir,
Hüşyar ol, özün tap- yüzü birində.
Bilməzsən kim tikər bəxt libasını,
Arşını birində, bezi birində.

Hər açıq qapıya tərəf yüyürmə,
Nə vaxt örtüləsək kim bilir, quzum…
Hər qapı böyründə cəftə, siyirtmə…
Açıq qapılar da döyülür, quzum.

Gəl gedək- söylədin, söylədin gedək,
Gedək, nə deyirəm, havam bəllidir.
Xəyal dünyamızın ünvanı gerçək,
Ünvanda tikdiyim yuvam bəllidir.

Sənsənmiş…

Göy üzü bombozdu, buludunda da
Elə bil atəş var, üzü qarsıdır.
Hüdudsuz göylərə baxan deməz ki,
O haray qapısı, ün qapısıdır.

Elə bil gül-çiçək bitirən deyil,
Bağrını basıbdı yara torpağın.
Nehrlər yatırmaz susuzluğunu
Bu cadar torpağın, qara torpağın.

Meh əsən yerlərdə küləklər gəzir,
Gəzir qurbanını alsın cənginə.
Ov edən tələsir, qurban tələsir,
Ovuymuş, ovçuymuş dünya, sən demə…

Sənsənmiş göylərə gözəllik verən,
Sənsənmiş süsləyən ay işığını.
Sənin gözlərinlə görürmüşəm mən,
Gecənin, gündüzün yaraşığını…

Sənsiz bilirsənmi nədi bu dünya,
Necə mənasızdı, yaddı, bir dənəm.
Nəfəsin dəymirsə üzümə mənim
Həyat işgəncədi, ömür cəhənnəm.

Sən tikən ev

Elə bil dünəndi gördüyüm səni,
Dünənmiş… dayandı, durdu nəfəsim.
Danışıb- dinmirəm adam yanında,
Yenə dünənkitək titrəyər səsim.

Yenə dünənkitək əllərim əsər,
Addım ataramsa dolaşar qıçım.
Səni görmək üçün ürəyim gedər,
Səndən qaçmaq üçün haraya qaçım…

İllər necə gəldi, nə cür adladı,
Bilmirəm, gördüyüm ağ saçım ancaq…
Təsəlli- könlümdə qurduğun evdi,
Ondan başqaları oyun- oyuncaq…

Qışın sazağında üşümədim ki,
O evin sobası yandı dilbədil.
Yayın istisində sən tikən evdən,
Buz kimi soyuqluq gəldi elə bil.

Tək sənin evində məsud oluram,
O daş- divarınnan ruhum dincələr.
Sən tikən eviydi, artırmasında,
Sənin ulduzunu gəzdim gecələr.

Nə yaxşı qəlbimdə o evi qurdun,
Əlacı o imiş bütün dərdlərin.
Özün də bilmirsən o vaxtdan bəri,
Çəkdim keşiyini sən tikən evin…

Elə bil dünəndi gördüyüm səni,
Dünənmiş… dayandı, durdu ürəyim.
Danışıb- dinmirəm adam yanında,
Yenə dünənkitək titrəyər səsim.

Tural Adışirinin təqdimatında