Ev Araşdırma MÜASİR AZƏRBAYCAN DİLİNİN ZƏNGİNLƏŞMƏSİNDƏ TƏRƏKƏMƏ FOLKLOR NÜMUNƏLƏRİNİN ROLU

MÜASİR AZƏRBAYCAN DİLİNİN ZƏNGİNLƏŞMƏSİNDƏ TƏRƏKƏMƏ FOLKLOR NÜMUNƏLƏRİNİN ROLU

1710

         Baxşiyeva Sevinc Soltanmecid qızı.1965-ci ildə anadan olmuşdur.1982-1986-cı illərdə ADPU-nun Filologiya fakültəsini bitirmişdir.Hazırda ADPU-nun Şamaxı filialında çalışır.

 

MÜASİR AZƏRBAYCAN DİLİNİN ZƏNGİNLƏŞMƏSİNDƏ TƏRƏKƏMƏ FOLKLOR NÜMUNƏLƏRİNİN ROLU  

 

Tarixdən bəllidir ki, keçmiş zamanlarda Azərbaycan əhalisinin böyük bir qismi ancaq heyvandarlıqla məşğul olmuşdur. Əsasən heyvandarlıqla məşğul olan “Azərbaycanın etnogenizində iştirak etmiş türkdilli tayfalar” tərəkəmələr hesab edilir. Əvvəllər Sır-Dəryanın  sağ sahilində yaşamış və ərəb istilasından sonra türkmən adlandırılmış oğuz türkmənləri XI əsrdən İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopatamiyaya yayılmışdır. Köçəri həyat sürən oğuzların bir hissəsi tərəkəmə ( ərəbcə “türk-mən” sözlərinin cəmi ) adlandırılmışdır. Azərbaycanda Kür-Araz ovalığı, Mil, Qarabağ, Muğan və Şirvan düzlərində yaşamışlar. Şirvan regionunda da bir çox tərəkəmə elatları olmuşdur. Hal-hazırda oturaq həyat tərzi keçirən Kolanı, Şamlı, Padar, Quşçu, Udulu, Şıxzərli, Təklə, Nabır və b tayfalar tərəkəmə ömrü yaşamışdır. Köçəri həyat yaşayan bu elatların Küdrü düzündə qışlağı, Şamaxının şimal ərazilərində isə yaylaqlar olmuşdur.

Şirvan regionundan toplanan folklor nümunələri tərəkəmələrin həyat tərzini özündə yaşadan, qoruyan bir çox örnəklər- and, qarğış, sınama, sayacı sözləri, ağı, bayatı, mərasim nəğmələri, əfsanə nümunələri, el şairlərinin yaradıcılığı, onların dilə münasibərini göstərir. Bu örnəklərin özünəməxsus spesifik cəhətləri ondadır ki, onlarda “tərəkəmə ağzı”, “tərəkəmə sadəliyi”, “ tərəkəmə yumoru” tərəkəmə sözü və tərəkəmə gözü ilə əks olunur.

Tərəkəmə el sənətkarlarının əsərlərindən aydın olur ki, onların dili özilhamını bir tərəfdən laləli-nərgizli, güllü-çiçəkli yamyaşıl yaylaqlardan, yovşanlı, çərən-qarağanlı, gəngizli, sirkanlı qışlaqların bənzərsiz təbiətindən alıbsa, digər tərəfdən də xallı-xalçallı alaçıqlarda qurulan məclis, mağar- bir sözlə, tərəkəmə dünyasından almışdır.

Həmin el şairlərinin şeirləri üzərində apardığımız müşahidələr göstərir ki, onların leksikasının əsasını ədəbi dilimizdən fərqlənməyən ümumişlək sözlər təşkil edir: ot, yer, qışlaq, qız, görüş, inək, maral, oba, üç, qış, ay, danışmaq, qarğa, qaz, quzğun, ördək, ət, quyruq, nənə, quzu, novruz və s.

Orucəli:

 

Başına döndüyüm, maral inəyim,

Aman inək, oba köçdü, dur gedək.

Əldən getdi, səbri-qərar, inəyim,

Aman inək, oba köçdü, dur gedək.

 

Ay Orucəli, mən bələdəm halına,

Üç ay qışı nə vermisən malına?

Çox danışma, gönü verrəm dalına

Salamat qal, mən gedəsi olmadım.

 

Nümunələrdən də göründüyü kimi materialın əsas leksik tərkibi ümumişlək sözlərdən ibarətdir.

 

Quzuçuyam, quzu məndə,

Yığıb tökərəm kəndə.

Al alagöz tat qızı,

Yaylığın qaldı məndə.

 

Yaylığın yanı buta,

Yudum, qurutdum suda,

Həsrətinlə bitən ömür,

Çətin səni unuda.(3-29)

 

Tərəkəmə  elatının folklor nümunələrində dialekt və şivə sözlərinə aid istənilən qədər sözlər vardır: güz, güzəm, güzdək, arxac, yazı, bitik, şişək, bozal, üçəm, qolay, puş, ovşar, kabac, gəlin və s.

 

Nənəmin qış quzusu,

Güzdə qalmış quzusu,

Gözün aydın yaz gəldi,

Qurtardı qış, quzusu.(5-25)

Saya arxacı,

Sanli saya arxacı,

Acan dadansa ağla,

Viran qoyar arxacı.

 

 

 

Güz- quzu salınan yer;

Güzəm- payızda qırxılan yun;

Güzdək- qoyunun saxlandığı yer;

Arxac- qoyunların toplandığı yer;

Yazı- çöl;

Şişək- dişi damazlıq qoyun;

Puş-puç;

Ovşar-dəvənin ovsarı;

Zağa- torpağın altında tövlə;

Qurut- süzmə qatıq;

Qaxac- qurudulmuş ət;

Yapıncı- üst geyimi;

Əncər- otun xırdası;

Qatıq aşı- dovğa;

Digə- müvəqqəti oturacaq yeri;

Dölləy- qoyunun balalama dövrü;

Tarçığ vaxtı- yazda otun göyərən vaxtı;

Mərə- yazda otun göyərən vaxtı;

Ağız südü- yenicə doğulmuş heyvanın südü və s.

 

Tərəkəmə elatlarının bənzərsiz həyat tərzi onların dil materiallarında da aydın görünür. Yaylağa-qışlağa köçmək, heyvan məhsulları ilə qış ruzusu dəyişmək, cidira çıxma, motal bağlamaq, tuluq çalxamaq, sağın. əmiş vaxtı süd dəyişmək, yaylım vaxtı tərəkəmə toyu, qoyun qırxımı, çul tikmək. Güzəm qırxımı, havar düzəltmək. At nallamaq, keçə toxumaq, örkən toxumaq, çığ hörmək və s. kimi məişət qayğılarının adlandırılmasında da tərəkəmələrin özünəməxsus söz və ifadələri işlənməşdir.

 

Küdrünün örüş yeri.

Ot yeri, örüş yeri,

Qəşlağın zağaları,

Qızların görüş yeri.(5-68)

Saya haray,

Soy haray, saya haray

Davara dvax düşdü,

Yetiş özün saya haray.

 

Əzizim dəniz olmaz,

Balıqsız dəniz olmaz.

Çubuğu bərk vurmasan,

Heç yunun təmiz olmaz.

Cəhrə, cəhrə, ay cəhrə

Yağımın bəndi cəhrə,

Sındıraydım tez səni,

Bir gəzəydim kəndi cəhrə.

 

 

 

Qoyunumun yunu ağ,

Qaymağı tabax-tabax.

Qoyma ki, çox ağlasın,

Balasını tez burax.

Yunu qoydum bucağda,

Əlçimlədin daraxda,

Şorun tabaxda qalıb,

Süd də daşır ocağda.(3-30)

 

 

Çoban qoyuna gedər,

Baxar boyuna gedər,

Çobanın toğlusu,

Dostun toyuna gedər.

 

“Tərəkəmədən qız almaq asan, qoyun almaq çətindir”,”Tərəkəmə yeddi oğula”yoxdu”, bir qıza “çoxdu” deyər, “ Tərəkəmə çomağın daşa yavaş, başa bərk vurar”, “Tərəkəmə nökərə bir, itə iki verər”, “Tərəkəmənin atasını döy, atını döymə”, “Tərəkəmə pendirində qurdu görməz”, “ Tərəkəmənin özünü öyməyi də var, söyməyi də” (2-29,31)

Tərəkəmə elatlarının sözü-söhbəti şəkərli, dili şirin, qapısı qonaq-qaralı. Onlar gələn qonağı gülər üzlə qarşılayar, dəm-dəsgahlı süfrə açar, tikəsini bölüşər, Tərəkəmə inam və sınaqları belə dil baxımından zəngin və maraqlı tədqiqat obyektidir. İllərin sınağından keçmiş nümunələr tərəkəmə məntiqini ortaya qoyur.

…Heyvan yatağa gələn vaxtı nahar eləməzlər. Deyirlər ki, onda evin ruzusu azalar.

…Dəvənin tükündən körpə uşağın üstünə yiksən göz dəyməz.

… Qoyunun dölü düşəndə tərəkəmə uzunu qırxmaz, yoxsa quzular ölər.

…Axşam evdən ağartı verməzlər.

… Gəlini toy evinə mal-qara gələn vaxtı gətirərlər, ayağı ruzulu olsun. (6-21,23)

Tərəkəmə həyatı yaşayan soydaşlarımızın dil xüsusiyyətlərinin araşdırılması müasir Azərbaycan ədəbi dilinin formalaşması və inkişafı tarixinin dəqiqləşdilirməsi yolunda bir addım olar. Çünki folklor nümunələri üzərində apardığımız müşahidələr göstərir ki, dil baxımından maraqlı tədqiqat obyekti olan bayatılar, atalar sözləri və s. tərəkəmə dünyagörüşünü özünəməxsus söz və ifadələrlə əks etdirir.

Nənəm əl quzusu,

Alnı təpəl quzusu,

Qış çıxdı, novruz gəldi,

Otla kökəl, quzusu. (5-25)

 

 

Ədəbiyyat siyahısı

  • Qəniyev .Şirvan folklor mühiti, Bakı 1997
  • Aşıqlar və el şairləri. Bakı 1993
  • “Tərəkəmə folkloru” F.Xəlilov, S.Abdullayev, M.Musayev. Bakı 2017
  • Qurbanov .Müasir Azərbaycan ədəbi dili, Bakı 2010
  • Şirvan folkor antologiyası, Bakı 1993
  • Xalqımızın deyimləri və duyumları , Bakı 1986