Ev Xəbərlər Milli QHT Forumunda milli-mənəvi dəyərlərin və dünyəvi təhsilin qorunması müzakirə olunub

Milli QHT Forumunda milli-mənəvi dəyərlərin və dünyəvi təhsilin qorunması müzakirə olunub

13

Dünən Azərbaycan Milli QHT Forumunda (AMQF) “Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi” mövzusunda geniş ictimai müzakirə keçirilib.

Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri, alimlər və ziyalılar iştirak edərək dövlət-din münasibətlərinin mütərəqqi Azərbaycan modelinin qorunması, dünyəvi təhsil prinsiplərinin təşviqi, milli-mənəvi irsin yad ideoloji təsirlərdən müdafiəsi və dezinformasiyaya qarşı mübarizə məsələlərini müzakirə ediblər.

Müzakirələr zamanı Azərbaycan Milli QHT Forumunun məktəblərdə geyim qaydaları ilə bağlı Bəyanatı səsləndirilib. Bəyanatda dini dəyərlərin qorunması adı altında Azərbaycana qarşı yönələn xarici müdaxilə cəhdləri, xüsusilə İrandan qaynaqlanan bu xarakterli təşəbbüslər pislənilib. Azərbaycanın maarifçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və tarixi irsinin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsindəki əhəmiyyəti vurğulanıb.

İştirakçılar xaricdən yönləndirilən ideoloji təsirlərə, dezinformasiya kampaniyalarına və ictimai rəyə təsir göstərməyə hesablanmış manipulyasiyalara qarşı vətəndaş cəmiyyətinin prinsipial mövqeyinin vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, bu istiqamətdə QHT-lər ictimai müstəvidə maarifləndirmə və mübarizə fəaliyyətlərini davam etdirməlidirlər.

Tədbirdə savadlı və dünyagörüşlü ananın, təhsilli qadının güclü ailənin, sağlam cəmiyyətin və dayanıqlı dövlətçiliyin formalaşmasında mühüm rol oynadığı qeyd olunub. QHT nümayəndələri bu sahədə dövlət siyasətinə dəstəklərini ifadə ediblər.

Məktəblərdə vahid geyim formasının tətbiqi və dünyəvi təhsil mühitinin qorunması da müzakirələrin əsas istiqamətlərindən olub. Bu tədbirlərin şagirdlər arasında bərabərlik və intizamın təşviqinə xidmət etdiyi vurğulanıb. Eyni zamanda, informasiya məkanında yayılan saxta xəbərlərə qarşı mübarizənin gücləndirilməsi, QHT-media əməkdaşlığının genişləndirilməsi və əhalinin media savadlılığının artırılması zəruri hesab edilib.

Müzakirələrin yekununda vətəndaş cəmiyyəti nümayəndələri milli-mənəvi irsin, dünyəvi təhsil ənənələrinin və dövlət-din münasibətlərinin mütərəqqi modelinin qorunmasında ictimai həmrəyliyin, vətəndaş məsuliyyətinin və ayıq-sayıqlığın mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Azərbaycan Milli QHT Forumu milli dəyərlərin qorunması, ictimai məsuliyyətin gücləndirilməsi və dezinformasiyaya qarşı mübarizə istiqamətində vətəndaş cəmiyyətinin fəal iştirakının vacibliyini bir daha diqqətə çatdırıb.