Ev Xəbərlər “Şuşa və Xivə: qardaşlaşmış şəhərlər, ortaq tarixi-mədəni irs” layihəsi həyata keçirilir

“Şuşa və Xivə: qardaşlaşmış şəhərlər, ortaq tarixi-mədəni irs” layihəsi həyata keçirilir

21

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən “Şuşa və Xivə: qardaşlaşmış şəhərlər, ortaq tarixi-mədəni irs” layihəsi icra olunur. Azərbaycan–Özbəkistan birgə qrant müsabiqəsində qalib olmuş layihənin məqsədi Azərbaycan və Özbəkistan arasında tarixi-mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, ortaq irsin təbliği, iki ölkənin ədəbi-mədəni ictimaiyyəti arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də Şuşa və Xivə şəhərlərinin zəngin tarixi-mədəni irsinin tanıdılmasıdır.
Layihə çərçivəsində həm Özbəkistanın və Azərbaycanın müxtəlif şəhərlərində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Daşkənd şəhərindən başalayacaq tədbirlər proqramının Azərbaycan mərhələsi çərçivəsində Füzuli şəhərində, Özbəkistanın böyük dövlət xadimi və alimi Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəbdə beynəlxalq forum keçiriləcək, Bakı, Şuşa, Xankəndi və digər şəhərlərdə müxtəlif tədbirlər və görüşlər keçiriləcək. Tədbirlərdə Azərbaycan və Özbəkistan nümayəndələri, ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, tədqiqatçılar və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir. Tədbirlər zamanı iki ölkə arasında tarixi-mədəni əlaqələr, ortaq mənəvi dəyərlər, ədəbi əməkdaşlıq və gələcək tərəfdaşlıq perspektivləri müzakirə olunacaq.

Layihənin mühüm istiqamətlərindən biri də Özbəkistandan Azərbaycana dəvət edilmiş nümayəndə heyətinin Şuşa şəhərinə və Qarabağın digər ərazilərinə səfərlərinin təşkildir. Bu, bölgənin tarixi-mədəni abidələrini, görməli yerlərini n təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində qonaqlara Azərbaycanın zəngin tarixi- mədəni irsi, Qarabağın azadlıqdan sonrakı inkişafı və aparılan bərpa-quruculuq işləri barədə məlumat veriləcək.
Proqramın Bakı mərhələsində isə Özbəkistan nümayəndə heyətinin müvafiq dövlət qurumları, ictimai təşkilatlar və mədəniyyət müəssisələri ilə görüşləri planlaşdırılır. Bu görüşlərin Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə, qarşılıqlı əlaqələrin institusional səviyyədə genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, “Şuşa və Xivə: qardaşlaşmış şəhərlər, ortaq tarixi-mədəni irs” layihəsi Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarixi köklərin, mədəni dəyərlərin və qardaşlıq münasibətlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Layihənin həyata keçirilməsi iki ölkənin vətəndaş cəmiyyəti institutları, ədəbi-mədəni dairələri və ictimaiyyət nümayəndələri arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.