Ev Publisistika Yeri görünən dost haqqında düşüncələrim – Qəzənfər PAŞAYEV

Yeri görünən dost haqqında düşüncələrim – Qəzənfər PAŞAYEV

1300

Təkcə ölkəmizdə deyil, bütün Şərq aləmində tanınan, ehtiram göstərilən əvəzsiz şəxsiyyət haqqında yazmaq, onu yad etmək asan deyil. Kim bilmir ki, Vasim müəllim İlahiyyat və Şərqşünaslıq elmlərinin kamil bilicisi idi. Şərq və Qərb dillərini – ərəb, fars, rus, ingilis və s. dilləri mükəmməl bilirdi. Bir çox elm sahələrindən xəbərdar idi. Keçən əsrin 50-80-ci illərində çox savadlı, hərtərəfli biliyə sahib olan insanlara canlı ensiklopediya deyirdilər. Vasim müəllim sözün həqiqi mənasında canlı ensiklopediya idi. O, nədən danışır-danışsın, dinləyəni heyran edir, savad dairəsi insanı heyrətə gətirirdi.

Şərqşünas və ilahiyyatçı alim Səudiyyə Ərəbistanı, Misir, Suriya, İraq kimi Şərq ölkələrinin fəxri, Milli Elmlər Akademiyamızın həqiqi üzvü idi. Bakı Dövlət Universitetinin barmaqla sayılacaq sütunlarından biri idi. Dünyasını dəyişənə qədər təhsil və elm məbədi BDU-nun Şərqşünaslıq fakültəsində kafedra müdiri, İlahiyyat fakültəsində dekan işləyirdi.

Vasim müəllim bənzərsiz şəxsiyyət idi. Dəfələrlə onun evinin qabağında Bakı kəndlərindən gələn neçə-neçə maşının düzüldüyünü görmüşdüm. Toya dəvət edən kim, kəndlərində hüzür düşdüyünü xəbər verən kim. Hər yerə də vaxt tapıb baş çəkirdi. Bakı kəndlərində hamı ona “müəllim” deyə müraciət edirdi. Dəfələrlə Vasim müəllim məclisə daxil olanda “Müəllim gəldi” – deyərək insanların ayağa qalxdığının şahidi olmuşdum.

Qırx ildən artıq dostluq etdiyim, əxlaqına, mədəniyyətinə, elminə, dünyagörüşünə, sadəliyinə, təvazökarlığına, Şərq xalqlarının poeziyasını, musiqimizi, Şərq və Qərb xalqlarının dillərini mükəmməl bilməyinə, insanlarla bənzərsiz ünsiyyət qabiliyyətinə, bəlağətli nitqinə heyran olduğum, kəlamından nur yağan böyük insan haqqında keçmişdə danışmaq ağırdır. Nə edəsən ki, həyatın qarşısıalınmaz keşməkeşləri vardır:

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

Nə ömrə acıyır, nə yaşa dünya.

Xalqın bütün təbəqələri ona eyni dərəcədə hörmət və ehtiram göstərirdi.

Vasim müəllim iddialı adam deyildi, mənəviyyat aşiqi idi. Maddi sərvətlər onu düşündürmürdü. Ailəsinin sadə həyat tərzi çoxlarına nümunə ola bilər. Bir dəfə Vasim müəllimlə həyat yoldaşı Qumru xanımı evimizə iftar süfrəsinə dəvət etmişdik. Mən onların ailəsinin sadə həyat tərzinin çoxlarına nümunə ola bilməsindən danışanda Qumru xanımın üzünə işıq gəldi: “Bizim böyüdüyümüz ailələr belə olublar”. Fəxrlə: “Biz də beləyik” – dedi. Odur ki, Vasim müəllimin “İslam, təfəkkür və təkamül”, “Haqqın dərgahında” kimi misilsiz televiziya verilişlərində insanları paklığa, saflığa, imana, inama çağırması ilahidən gələn səda kimi təbii qəbul olunurdu.

Vasim müəllim ölkəmizdə din azadlığı bərqərar olmağa başlayanda qadağa xofunu xalqın qəlbindən götürməyi bacaran, xalqa əsl həqiqəti bəyan edən ziyalılarımızdan idi. Və o, bunu təkcə radio və televiziyada heyranedici çıxışları və mütəmadi apardığı verilişləri ilə deyil, möhtəşəm bir işlə, akademik Ziya Bünyadovla birlikdə “Qurani-Kərim”i Azərbaycan dilinə tərcüməsi ilə etdi. Vasim müəllim fitri natiqlik istedadı, bəlağətli nitqi, məntiqi və xoş rəftarı ilə insanların dünyagörüşünə, qəlbinə hərəkət və rəftarına təsir edə bilən ilahi gücə malik ziyalımız idi.

İlahiyyat və Şərqşünaslıq elmlərinin qovşağında kamilləşən Vasim Məmmədəliyev möcüzə bir şəxsiyyət idi. Yaxşı yadımdadır, 1994-cü ilin sentyabr ayında Füzulinin 500 illik yubiley tədbirlərində iştirak etmək üçün böyük bir nümayəndə heyəti tərkibində İraqa getmişdik. İraqda xüsusi nüfuza malik Şeyx Qəzali bizi qonaq çağırmışdı. Möcüzələr göstərirdilər. Qaynar sacı ocaqdan götürüb dişində gəzdirən kim, şişi orduna soxan kim və s. Sonda Şeyx həzrətləri bizi zalda çay dəsgahına dəvət etdi. Söhbət məzhəblərdən düşmüşdü. Vasim müəllim bir saata yaxın məzhəblərdən danışdı. Şeyx həzrətləri sonda dəvətini qəbul etdiyimizə və Vasim müəllimlə şəxsən tanış olmaq imkanına görə Yaradana və bizə təşəkkür etdi və dedi: “Oğlum, sən Allahın seçilmiş bəndələrindənsən. Sənin haqqında eşitmişdim. “Qurani-Kərim”i öz doğma dilinə tərcümə etdiyindən də xəbərdar idim. Allah səni qorusun!”

Həmin söhbətə şahidlik edən rəhmətlik Yaşar Qarayev, Zəlimxan Yaqub, eləcə də İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, İmamverdi Həmidov, Teymur Kərimli, Ayaz Vəfalı, Asif Rüstəmli və mən necə qürur hissi keçirdiyimizi indi sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Vasim müəllimi fərqləndirən bir məsələdən də söz açmaq istəyirəm. Adətən, elmi, təfəkkürü, fitri istedadı ilə seçilən böyük şəxsiyyətlərlə uzun müddət oturub-duranda, təmasda olanda çox vaxt onlar adiləşirlər. Lakin Vasim müəllimlə yaxın olduqca qəribə bir mənzərənin şahidi olurduq. O, gündən-günə qəlbimizdə və gözümüzdə ucalır, əzəmətli dağa dönürdü. Sanki ilahi möcüzə ilə üzləşirdik. Kim bilir, bəlkə də bu onun dahiliyinə dəlalət edirdi. Axı dahilərin qiymətini zamanında vermək çətin olur.

Ərəblərdə deyim var: iki adam iki şeydən usanmaz; varlı pul yığmaqdan, alim öyrənməkdən. Müdrik Şərqin bu müdrik kəlamı Şərqşünaslıq və ilahiyyat elmləri sahəsində zirvələr fəth edən unudulmaz insan, əsl dost Vasim müəllimin sanki boyuna biçilmişdi.

Ardıcıl olaraq biliklərə, elmə, hikmətə yiyələnməsi, fitri istedadı, qeyri-adi yaddaş və təfəkkürü onu kamillik məqamına çatdırmış, şəriət, təriqət, mərifət, həqiqət adlanan və kamil insanı şərtləndirən hədləri fəth etmişdi. Biz onunla eyni gündə – avqust ayının 27-də anadan olmuşuq. Bir neçə gün sonra hər ikimizin ad günüdü. Ad günümüz ərəfəsində dostumu yada salmağı, ruhunu şad etməyi özümə borc bildim.